Ən çox qonorar alan yazıçımız kimdir?
Bizi izləyin

Tabloid.az

Ən çox qonorar alan yazıçımız kimdir?

Dünyada yazıçıların əsas gəlir mənbəyi kitablarına görə aldıqları qonorardır. Ancaq Azərbaycanda qonorar sistemi, demək olar ki, işləmir. Sovet dövründə bu ənənə olsa da, sonradan, demək olar ki, aradan qalxdı.

Dünyada yazıçıların əsas gəlir mənbəyi kitablarına görə aldıqları qonorardır. Ancaq Azərbaycanda qonorar sistemi, demək olar ki, işləmir. Sovet dövründə bu ənənə olsa da, sonradan, demək olar ki, aradan qalxdı.

Maraqlıdır, yazıçılarımız ən çox qonorarı nə vaxt alıb? O pulu nəyə xərcləyiblər? 1937.az bu mövzuda sorğu keçirib. Nəticələri təqdim edirik:

Əkrəm Əylisli:

“Ən böyük qonorarımı 1969-cu ildə Moskvanın “İzvestiya” nəşriyyatında çap olunan kitabımdan almışam. Bu kitab 275 min tirajla çap olunmuşdu. Həmin ərəfədə Macarıstana getmişdim, orada qonorarımın hamısının başına daş saldım. Cavanlıq elədim, yaxşıca gəzdim. İndiki pulla 5-6 min eləyirdi. Qonorarın böyük hissəsini vergiyə çıxırdılar deyə, yazıçının özünə elə də çox pul qalmırdı.

Ən şirin qonorarımı isə “Kirpi” jurnalından almışam. Onda texnikumda oxuyurdum. Təxminən 18 yaşım olardı. İndinin pulu ilə 20-30 manat aldım. Bütün dostlarımı yığdım, kartof qızartdım, qarpız aldım, oturub yeyib-içdik”.

Seyran Səxavət:

“Ən şirin qonorarımı 50 il bundan əvvəl almışam. Orta məktəbdə oxuduğum vaxtlar Füzuli rayonunun “Qızıl Araz” qəzetində şeirlərim çıxırdı. Oradan iki manat pul almışdım. Onun sevinci, dadı heç vaxt damağımdan getmir. Ən çox qonorarımı isə “Daş evlər” romanıma görə veriblər. Təxminən 100 min tirajla çap olunmuşdu. İki ay ərzində satılıb qurtardı.

Lənkəran Dövlət Teatrında, Akademik Milli Dram Teatrında və Füzuli Dövlət Teatrında tamaşalarım gedirdi. Onlara görə də pul alırdım. Cavan vaxtlarım idi. Həmin pulları dostlara, yoldaşlara xərclədim. Necə gəlmişdisə, elə də getdi. Hansı ki, o pula ev, maşın almaq olardı. Sizə maraqlı bir şey də deyim. “Nekroloq” romanıma görə “Yusif Səmədoğlu” mükafatı almışdım. O vaxt bir milyondan artıq pul eləyirdi. Ancaq indiki pulla 200 dollar ancaq olardı. Yəni mən onda milyonçu olmuşdum. Mənim də vaxtlarım olub eee...”

Fikrət Qoca:

“Ən çox qonorarı sovet dövründə qazanmışam. Moskvada çıxan kitabıma görə vermişdilər. O vaxt həmin pula maşın almaq olardı. İndiki kimi onda da aldığım qonorarı uşaqlarıma, ailəmə xərcləmişdim.

İndiki dövrdə qonorar yoxdur. Ancaq dövlətin qayğısı var. Bu, qonorarı əvəz edir. Elə iki il bundan əvvəl səhhətim pisləşmişdi. Onda dövlət müalicəmə kömək etdi. Bununla yanaşı, ömürlük təqaüd ayrılıb. Bunun özü də böyük işdir.

Düşünmürəm ki, şair qonorar üçün yazır. Nə Nizami Gəncəvi, nə də Füzuli pul üçün yazmayıb. Biz əsəri ona görə yazırıq ki, onu ürəyimizdə saxlamaq mümkün deyil. Yəni özümüzü mənən təmin etmək üçün şeir yazırıq. Pul davası etmirik. Şeirlərimi oxuyurlarsa, sevinirəm, üstəlik, pul verəndə lap sevinirəm.

Şeirlərimə yazılan mahnılara görə pul ödənmir. Müəllif hüquqları tam işləmir. 1956-cı ildə “Kirpi” jurnalında şeirim çıxmışdı. O şeirin sonunda Fikrət Qocayev yazılmışdı. Orada adımın yazılmağı mənim üçün ən böyük qonorar idi. Oğrun-oğrun jurnalı açıb öz imzama baxırdım”.

Vahid Əziz:

“Müstəqillik dövründə qonorar vermirlər. Ancaq sovet dövründə almışam. Aldığım ən böyük məbləğ isə 1985-ci ildə “Əllərimin kölgəsi” kitabına görə olub. O da elə oldu ki, anam xətələndi, bu pulla onu Moskvada müalicə etdirdim. “525-ci qəzet”də bir şeirim çap olunmuşdu. Elə orada deyirəm ki, “maaş, təqaüd kimi xırda-xuruşlar gözəl qonorarın dadını vermir”.

Mən həyatda iki şeyin dadını bilmişəm. Bir universitetdə aldığım təqaüdün, bir də qonorarın. İndi isə yazıçıya pul vermirlər. Gərək Azərbaycan ədəbiyyatını inkişaf etdirmək üçün öz cibinin pulu ilə kitab çap etdirəsən. Kimin pulu çoxdursa, gedib kitab çıxarır. Kim ki əsl yazıçıdır, ancaq pulu yoxdur, onlar diqqətdən kənarda qalıb. Meydan boş olanda çaqqallar təpik atır. Ömrü boyu yaxşı əsər yazmış, qonorar almış adamlara bu cür münasibət göstərmək doğru deyil. Adamları birdən-birə quyunun dibinə salmaq olmaz”.

Əlisa Nicat:

“Əvvəllər 2000 və 2500 almışam. Bu pula Lənkəranda ev tikdirmişəm. Düzü, bu pul çatmadı, qohum-əqrəba da kömək etdi. Sonralar 1000 manata yaxın alırdım. Ancaq qonorar ilə yaşayırdım. Başqa qazanc yerim yox idi. İndi çox çətindir. Külliyyatım çap olunur, 100 abunəçim arasında və kitab mağazalarına paylayıram. Buna görə də ayda 300-400 manat gəlirim olur. Bundan başqa, 150 manat təqaüd alıram.

Adətən, ilk qonorar şirin olur. Çünki yazıçının cavan, kasıb vaxtları olur. 500 manat pul verəndə sevinir. O vaxtlar yaşlı yazıçılara çox qonorar verirdilər. Məsələn, Mirzə İbrahimov, Anar romana görə 7-8 min alırdı, biz isə 2 min.

Mənim ən şirin, lazımlı qonorarım 1991-1994-cü illərdə nəşr etdiyim “Turan” jurnalından qazanmışam. O jurnal, həqiqətən, yaxşı satılırdı və oradan qazandığım pul mənim köməyimə çatırdı. Bir də ki, bu yaxınlarda “Dünya filosofları” fəlsəfə antologiyasını nəşr etdirdim. 1000 nüsxəsinin hamısı satıldı. O, mənə çox kömək oldu. Maddi vəziyyətimi dirçəltdi”.

Zəlimxan Yaqub:

“Ziyarətin qəbul olunsun” kitabım 40 min tirajla çap olunmuşdu. Dəqiq məbləğ yadımda qalmasa da, bilirəm ki, ən böyük qonorarımı bu kitaba görə almışam. Pulu da ailəmə, uşaqlara, dostlara, şairlərə xərclədim.

Bir dəfə kənddə futbol oynayırdım. 16 yaşım var idi. Bir də gördüm, əmim gəlib dedi ki, sənə qonorar gəlib. Onda heç bilmirdim, qonorar nə deməkdir. Həmin gün sevincimin həddi-hüdudu yox idi”.

Rəşad Məcid:

“Sovet dövründə “Ulduz” jurnalında, “Gənclik” qəzetində çıxan şeirlərimə görə qonorar almışdım. Təxminən 40-42 manat civarında idi. Bizim nəsil elə də böyük pullar almadı. Bizdən əvvəlki nəsillərə əsərlərinə görə yaxşı pul verirdilər.

21 yaşımda aldığım cüzi qonorar mənim üçün çox əziz olub”.

Musa Yaqub:

“Azərbaycan” jurnalında mənim “Dəyirman” poemam çıxmışdı. Ən çox qonorarımı onda almışdım. Sovet pulu ilə 1500 manat idi. Mənim başqa yerdən qazancım olmurdu. Əsərlərimdən aldığım qonorar maaşı əvəz edirdi.

Ən şirin qonorarımı isə radioda gedən poemalarıma görə almışam. Ümumiyyətlə, əsərlərimə görə haradan pul almışamsa, o, mənim üçün şirin olub.

Sovet dönəmində qonorar bizi dolandırırdı. Ssenarilərdən, radiodan, televiziyadan yaxşı pul alırdıq. İndi isə ən ucuz əmək fəaliyyəti yazıçılıqdır. Özümüz yazırıq, özümüz kompüterdən çıxarırıq, sonra da lazımi yerlərə aparırıq. Axırda da kitablarımızı paylayırıq”.

Vaqif Nəsib:

“Ədəbiyyat sovet dövründə partiya işinin hərəkətverici qüvvəsi sayılırdı. Ona görə də qonorar olduqca yüksək idi. Kitablarımıza görə az qala iki maşının pulunu alırdıq. 1981-ci ildə “Uzundərə” kitabım 50 min tirajla çap olunmuşdu. Ordan yüksək qonorar almışdım. Onda elə bilirdik, həmişə belə olacaq. Ona görə pulu hara gəldi xərcləyirdik. Arada bir maşın da almışdım. Yazıçılar Birliyinin üzvləri növbəsiz maşın ala bilirdilər. Maşının qiyməti aldığım qonorardan aşağı idi.

“Gənclik” nəşriyyatında “Durna gölü” kitabımdan aldığım qonorar mənim üçün əziz oldu. Hər sətrə görə iki rubl alırdıq. Bu pul kasıb vaxtıma düşdü, bir çox problemlərimi həll etməyimə kömək etdi”.

Sabir Rüstəmxanlı

Ən böyük qonorarımı “Ömür kitabı”na görə almışam. Bu kitab üç dəfə təkrar nəşr olundu. 200 min tirajı var idi. Oradan aldığım pulla 5-6 maşın almaq olardı. Yəni təxminən 20-30 min manat eləyirdi. Həmin qonorar ilə maşın aldım və şəxsi ehtiyaclarımı ödədim. Birinci kitabdan və birinci sənədli filmdən aldığım pul mənim üçün xüsusi məna kəsb edirdi. Öz ruhunu, öz duyğunu yazırsan və bunun üçün zəhməthaqqı alırsan. Çox gözəl hissdir”.

Saday Budaqlı:

“Çat” kitabıma görə böyük məbləğdə qonorar almışdım. 3000 pul idi. Üstünə 1000 manat qoysaydın, maşın ala bilərdin. Bir də 90-cı illərdə Moskvada kitabım çap olunmuşdu. Onda da pulun ölən vaxtı idi. Səhər dururdun ki, pul təmiz dəyişib.

Kitablardan qazandıqlarımı dolanışığa xərcləmişəm. O qonorar ki işimin qulpundan yapışırdı, kömək edirdi, mənim üçün şirin olurdu.

İndi dolanışıq çətindir. Ona görə də kitaba görə, tərcüməyə görə aldığım pul mənə əzizdir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm