• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Səhnədə kədəri yox, sevinci oynayan aktrisanın faciəvi ölümü - Video

Səhnədə kədəri yox, sevinci oynayan aktrisanın faciəvi ölümü - Video

Azərbaycan teatr sənətinə ağır itki üz verib.

Tabloid.az xəbər verir ki, süd vəzi xərçəngi xəstəliyindən əziyyət çəkən Musiqili Teatrın aktrisası, əməkdar artist Xanım Qafarova bu gün vəfat edib.

Neçə illərdir xərçəngdən əziyyət çəkən aktrisa xəstəliyi ilə əlaqədar 2009, 2011 və 2013-cü illərdə əməliyyat keçirmişdi. O, İstanbulda yerləşən Fatih Universiteti Tibb Fakültəsinin xəstəxanasında müayinə olunaraq Sante Onkoloji Mərkəzində müalicə almışdı. Onun müalicəsi Heydər Əliyev Fondu tərəfindən həyata keçirilib.

Son günlər səhhəti yenidən ağırlaşan Xanım Qafarovanın müalicəsi İsraildə davam etdirilməli idi. Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva bununla bağlı göstəriş vermişdi. Ölkənin birinci xanımı həmçinin aktrisanın qızının təhsil xərclərini də öz üzərinə götürüb.

Hazırda Xanım Qafarovanın “Kubinka”dakı evinin qarşısında böyük izdiham yaşanır. Aktrisanı sevənlər onun ölüm xəbərindən sarsılaraq, qapısına toplaşıblar.

Qeyd edək ki, Xanım Abdulqafar qızı Qafarova 1967-ci ildə Bakıda anadan olub. O, teatr və musiqi sənəti ilə erkən yaşlarından maraqlanıb, uğurlu çıxışlar edərək I, II və III Ümumittifaq xalq yaradıcılığı festivallarının laureatı olub.

Bir müddət xalq artisti Lütfi Məmmədbəyovun xalq teatrında məşğul olub, bu zaman “Bahar suları” əsərində Turac, “Mənim nəğməkar bibim”də Nəğməkar bibi, “Kişilər”də Səmayə, “Aydın”da Gültəkin, “Oqtay Eloğlu”nda Firəngiz, “Yad qızı”nda Nazan, “Mavi Mazurka”da Böyük Bibi və başqa tamaşalarda əsas rolları oynayıb.

1987-ci ildə İncəsənət İnstitutunun Musiqili Komediya fakültəsinə daxil olub, hələ ikinci kursda oxuyarkən “Tənqid-Təbliğ” teatrında işləməyə başlayıb. Bu teatr Xanım Qafarovanın yaradıcılıq həyatında xüsusilə böyük əhəmiyyət kəsb edib, ona sənətin sirrlərini daha dərindən öyrədərək, gənc aktrisanı mürəkkəb xarakterli obrazları yaradıcısı kimi püxtələşdirib. Burada o, R. Əhmədzadənin “92 dəqiqə gülüş” tamaşasında Balaxanım, “Hələlik”də Nisəxanım, Qənirə və Qoca arvad rollarını, Vaqif Səmədoğlunun “Uca dağ başında” əsərində Şənbə xanım və süpürgəçi qadın rollarını çox uğurla ifa edib.

Bundan başqa, “Heç cür qana bilmirəm”, “Bir gün sizinlə”, “Bir başqa gecə” və s. şou-konsert proqramları ilə Bakının möhtəşəm sarayları ilə yanaşı Azərbaycanın əksər bölgələrində çıxışlar edib.

1996-cı ildə Xanım Qafarova Musiqili Komediya Teatrına dəvət alıb. Bu teatrda aktrisa “O olmasın bu olsun”da Gülnaz, “On min dollarlıq keyf”də Bağdagül, “Nəğməli könül”də Könül, “Hərənin öz ulduzu”nda Məleykə, “Səhnədə məhəbbət”də Röya, “Bankir adaxlı”da Məleykə, “Məhəbbət oyunun”da Qəmər, “Dəli dünya”da , “Talelər qovuşanda” əsərində Sona, “Aldın payını, çağır dayını” tamaşasında xəbərçi Xədicə, “Şeytanın yubileyi”ndə Xəyalə kimi yaddaqalan obrazlar yaradaraq, özünə minlərlə pərəstişkar qazanıb.

O, 1997-ci ildə “Teatr sahəsində Nəsibə Zeynalova adına mükafat”a layiq görülüb. 2000-ci ildə sənət sahəsindəki xeyriyyəçilik fəaliyyətinə görə gənclər təşkilatının fəxri diplomuna layiq görülüb. 2001-ci ilin yekunlarına görə XXI əsrin ilk uğurlu müsabiqəsinin 1-ci dərəcəli Diplomu ilə (İlin Aktrisası nominasiyası üzrə) təltif edilib.

Teatrın repertuarda olan bütün tamaşalarda baş və əsas rolların ifaçısı olan Xanım Qafarova 2003-cü ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.

Gözəl, güclü, məlahətli səsə malik olan Xanım Qafarova teatr fəaliyyəti ilə yanaşı müntəzəm olaraq böyük konsert salonlarında, cəbhə bölgələrində, dövlət tədbirlərində, televiziya verilişlərində və tamaşalarında çıxışlar edib. Paralel olaraq müğənnilik fəaliyyəti ilə də məşğul olub. Özünəməxsus repertuarında 60-a qədər orijinal mahnı ifa edən aktrisa-müğənninin iki albomu, üç klipi tamaşaçılara təqdim olunub.

9 may 2012-ci ildə və 30 aprel 2014-cü ildə Prezident Mükafatına layiq görülüb.

Aktrisa ölümündən bir neçə gün öncə mətbuata açıqlamasında bunları demişdi:

“Axı mən həyatı sevirəm. Daim həyatla mübarizə aparmışam. Görünür, indi gücüm də tükənib. Allah heç kəsə mənim günümü göstərməsin. Ölmək istəmirəm…”

Bir daha qeyd edək ki, Xanım Qafarova bu gün təxminən 15:45 radələrində vəfat edib…

Allah rəhmət eləsin!

Xəbər lenti

DAHA ÇOX XƏBƏR