• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Qarpızla gözəlləşin

Qarpızla gözəlləşin

Yay mövsümünün ən dadlı və şirəli giləmeyvəsi qarpızdır. Bu meyvə artıq çəki ilə mübarizə aparmağa kömək edir. Qarpızın sidikqovucu xüsusiyyəti var. Artıq mayenin orqanizmdən xaric olması nəticəsində 1-2 kq çəkidən azad olmaq mümkündür. Qarpız aclıq hissini aradan götürür. Üstəlik, bu giləmeyvənin kalorisi də çox azdır. Belə ki, 100 qram qarpız cəmi 38 kkaldır.

Diyetoloqların fikrincə, gün ərzində 2.5 kq qarpız yemək olar. Böyrəyində daş olan insanlar qarpızdan daha çox istifadə etməlidirlər.

Lakin qarpız şirəsindən gün ərzində yalnız yarım stəkan içmək lazımdır. Çünki qarpızın sidikqovucu təsiri olduqca güclüdür.

Qarpız sadəcə bədənimizi yox, həm də üz dərimizi gözəlləşdirməyə qadirdir.

Kosmetologiyada qarpızdan və onun şirəsindən istifadə edilir. Qarpızın şirəsindən üz üçün möhtəşəm nəticə verən maska və losyonlar hazırlamaq olar. Belə maskalar quru, cansız, elastikliyini itirmiş dəriyə gözəl təsir edir, dərini nəmləndirir və canlandırır. Qarpızla hazırlanan bir neçə gözəllik maskasının reseptini təqdim edirik:

Nəmləndirici maska

Bu maskanı yağlı üz dərisinə sahib olanlar da edə bilər. Çünki qarpız sızanaqlı dərinin nəm balansını bərpa edir, iltihab əleyhinədir. Bunun üçün 1 çay qaşığı qarpız şirəsi ilə 1 çay qaşığı banan püresini qarışdırın. Daha sonra üz dərinizə çəkib 10-15 dəqiqə saxlayın, sonra isti su ilə yuyun. Bu maska bütün dəri tiplərinə uyğundur.

Quru dəri üçün qarpız maskası

1 çay qaşığı qarpızın üzərinə 1 yumurta sarısı əlavə edib qarışdırın. Daha sonra üzünüzə çəkib 20 dəqiqə gözləyin. Üzünüzü soyuq su ilə təmizləyin.

Maska quru və normal dəriyə uyğun gəlir.

Yağlı dəri üçün maska

2-3 yumurta ağına qarpız şirəsini əlavə edib qarışdırın. Maskanı üzə çəkmədən öncə üz və boyun dərisini qarpız şirəsi ilə silin. Bu maskanı üz dərinizə çəkib 15-20 dəqiqə saxlayın, sonra üzünüzü sərin su ilə yuyun.

Elastikliyini itirmiş dəri üçün maska

1 neçə dilim qarpızı əzin, üzünüzə çəkib 10-15 dəqiqə saxlayın. Dəriniz qurudursa, maskanı dəriyə çəkmədən öncə üzünüzü zeytun yağı ilə silin. Maskanı yuduqdan sonra qidalandırıcı krem çəkin. Qarpız dərini təmizləyir, quru və elastikliyini itirmiş dərini canlandırır.

Üz üçün canlandırıcı maska

Yarım stəkan süddə hazırlanmış sıyığa 1 yumurta sarısı, 2 çay qaşığı qarpız şirəsi, bal, bitki yağı və yarım çay qaşığı duz əlavə edib, qarışdırın. Daha sonra üzünüzə çəkib 20-30 dəqiqə saxlayın. Üzünüzü ilıq su ilə yuyun.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR