• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Yemək yeməyən uşaqla necə rəftar etməli?

Yemək yeməyən uşaqla necə rəftar etməli?

Əksər uşaqlar xüsusilə yay aylarında iştahasız olurlar. Və əksər analar üçün də bu, böyük bir problemdir. Bəs iştahasız uşağa necə yanaşmaq lazımdır? Uşaq iştahasızdır yoxsa sadəcə kapriz edir? Bəlkə də sizin yedizdirməyə çalışdığınız qidanın miqdarı onun yaşına, boyuna və çəkisinə görə uyğun deyil. Doğru miqdarı sizə uşaq həkimi, diyetoloq deyə bilər.

Məsələn, yaşyarımlıq bir uşağın günorta yeməyində bir dənə kotlet, yarım kasa düyü və bir necə xörək qaşığı göy noxud yeməsi kifayətdir. Əgər ana uşağının bundan daha da çox yeməli olduğunu düşünürsə, deməli o, normal qidalanan uşağını “iştahasız uşaq” kimi qiymətləndirir. Halbuki, uşaq lazım olan miqdarda qida qəbul edir. Qidalanmanı da günbəgün deyil, həftəlik olaraq qiymətləndirmək lazımdır.

Əziz analar, unutmayın ki, uşaqlar onlar üçün ən sağlam qidalanma şəkli olan "az-az, tez-tez" yeməyə meyllidirlər. Bəzən də uşaqların yemək arasında çoxlu maye içmələri və ya şirniyyat yemələri də yemək zamanı iştahsız olmalarına gətirib çıxarır. Ancaq bu səbəb yoxdursa, uşaq həqiqətən yeməyə həvəssizdirsə, onda böyümə problemi, xroniki bağırsaq xəstəliyi kimi problemlər ola bilər.

İştahasızlığın tibbi problemlərə bağlı olması nadir hallarda olur. Çox iştahasız, incə quruluşlu bir uşağın ana və ya atası da uşaqkən oxşar yemə və böyümə nümunəsi göstərmiş ola bilər. Daimi iştahasızlığı olan, yemək yeməyən uşağa həm tələblərinə uyğun, həm də sevərək yediyi qidalardan hazırlanmış menyu tərtib edilməlidir. Uşağa seçmə imkanı verməyən, onun seçimlərini, duyğularını hesaba almayan bir qidalanma sistemi sağlam ola bilməz. Yeməyi müsbət və keyfli hala gətirmək, bir tərəfdən də öz sağlam qidalanma vərdişlərimizlə yaxşı nümunə olmaq lazımdır. Uşağın fərd olduğunu və bir az azad qərarvermə şansının da olmasının lazım olduğunu xatırlamaq sağlam uşaq qidalanmasının əhəmiyyətli şərtlərindəndir.

Bəzən analar uşaqlara yanlış vərdişlər aşılayırlar. Məsələn, televiziya qarşısında yemək və ya yeməyi yesin deyə uşağa şəkər vermək. Bunlar uşağın sağlam qidalanmasına təhlükə yaradır. Səbirlə və düzgün prinsiplərlə iştahasız uşağın qidalanmasını normaya salmaq olar. Bunun üçün mütləq uşaqlarla necə rəftar ediləcəyi ilə bağlı çoxlu kitablar oxumaq və uşaq həkimləri ilə məsləhətləşmək lazımdır.

Tabloid.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR