• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Ülvi Qılınc: “Özünü açıb buraxanda bilmirdin ki, səni çəkirlər?!”

Ülvi Qılınc: “Özünü açıb buraxanda bilmirdin ki, səni çəkirlər?!”

Çoxdandır efirlərdə görünməyən opera müğənnisi Ülvi Qılınc qonağımızdır.

İfaçı Tabloid.az-a müsahibəsində yay istirahətindən, yaradıcılıq planlarından və şou-biznesdən danışdı. Buyurub, oxuya bilərsiniz!

-Ülvi, əvvəllər şou-biznes nümayəndələrinə qarşı münasibətdə daha radikal idiniz. Niyə indi müğənnilərə mülayim davranırsınız?

-Çünki müğənnilər tənqidi təhqir kimi başa düşürlər. Mən heç kimi təhqir etməmişəm. Məni təhqir edənlərin cavabını vermişəm. Kimsə dalaşanda, əlbəttə ki, əks tərəf ona “can” deyə cavab vermir. Mən özümə qarşı daha tələbkaram. Yəni özümə tənqidi yanaşıram. Mən evdən çıxanda güzgüyə baxıb çıxıram. Onlar haqqında nə isə danışanda özlərini böyük şəxsiyyət sayırlar. Mən sözün düzünü deyəndə, hamı bunu aqressiya ilə qarşılayır. Hamı mənə deyir ki, sən efirə çıxıb qalmaqal yaradırsan. Qalmaqal ucuz reklam deməkdir. Mən o müğənnilərdən deyiləm ki, çıxım efirdə qalmaqal salım, toylarımın sayı artsın. Efirdə heç vaxt ağzıma gələni danışmamışam, həmişə düzünü demişəm. İndiyə qədər hansı müğənni haqqında nə demişəmsə, hamısı həqiqətdir. Mən qalmaqaldan nə əldə edirəm? Buna görə mənə pul verirlər, yoxsa toylarım artır?

-Belə çıxır ki, sizin keçmişinizdə yanlışınız olmayıb?

-Mənim keçmişimdə utanmalı heç nə yoxdur. Nəsə bir cinayət törətməmişəm, ya da pis iş görməmişəm. Bəziləri kimi “kino” çıxarmamışam. İfadəmə görə üzr istəyirəm, özünü açıb buraxanda, bilmirdin ki, səni çəkirlər? İstəsən həmin görüntünü çəkəni və İneternetdə yayanı məhkəməyə verib, tutdura bilərsən.

- İddia edirsiniz ki, sizin elə görüntüləriniz yoxdur?

-Yoxdur. Mən qonorar müqabilində çəkilərəm. Xaricdəki kimi… Təbii ki, bütün bunlar zarafatdır (Gülür).

-Siz kimləri nəzərdə tutursunuz? Bu yaxınlarda xalq artisti Ağadadaş Ağayevin videosu yayılmışdı...

-Ad çəkmək istəmirəm. Bütün bunlar mənim üçün maraqlı deyil. Axır zamanlar susmaq qərarına gəlmişəm.

-Yeri gəlmişkən, toy qonorarınız nə qədərdir?

-Mən özümə qiymət qoymaqla sənətimi aşağılamış hesab edirəm. Mən toy danışmıram.

-Hər halda, özünüzü ucuz tutmazsınız...

-Əlbəttə, özümü ucuz tutmuram. Bahalı müğənnimiz Bilal Əliyevdir...

-Ülvi Qılıncın ifasını kimlər dinləyir?

-Açığı, mən insanları kateqoriyaya – nə varlıya, nə kasıba bölmək istəmirəm. Hamı mənim üçün eynidir. Ülvini sevənlər səmimi insanlardır. Mən burada bir rol, efirdə başqa rol oynamıram. Sadəcə, elə müğənnilərə yazığım gəlir. Üzümdə maska gəzdirən insan deyiləm. Efirdən kənarda da buyam, zarafatım da var, gülməyim də. Amma sözümü deyəndə heç kimdən çəkinmirəm. Yeganə qorxum yalnız Allahdandır.

-Ülvi, nə zaman evlənəcəksiniz?

-Mən ailə qurmağa çox ciddi yanaşıram. Ailə qurmaq müqəddəsdir. Bu gün evlənib, sabah boşanmağın əleyhinəyəm. İnsan bir dəfə evlənməlidir. Nə vaxt qismət olarsa, onda evlənərəm. İndidən proqnoz verə bilmərəm. Ailə qurmaq məsələsində insan, türkün sözü, titiz olmalıdır.

-Hazırda Ramazan ayıdır. Oruc tutursunuz?

-Xeyr səhhətimdə problemlər var. Mədəm məni çox incidir. Ona görə də oruc tutmuram.

-Bəzi dini ekspertlər iddia edirlər ki, müğənnilik İslama ziddir. Siz bu fikirlə razısınız?

-Xeyr. Heç kim deməsin ki, mahnı oxumaq günahdır. Azan “Bayatı-Şiraz”, “Çahargah” üstə oxunur. “Yasin” surəsini avazla oxuyurlar. Ruhu dincəldən musiqidir.

-Bəs yay istirahəti ilə bağlı nə kimi planlarınız var?

-Hələ ki, Azərbaycanda dincəlirəm. Güman ki, Gürcüstana gedəcəyəm. Oranı görmək çoxdankı arzumdur. Tiflisdə, Batumidə dincəlməyi planlaşdırıram. Daha sonra isə yenidən yaradıcılıq işlərimə davam edəcəyəm.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR