Flora Kərimova həyat yaşantısından, peşmanlığından danışdı - Fotolar
Bizi izləyin

Tabloid.az

Flora Kərimova həyat yaşantısından, peşmanlığından danışdı - Fotolar

Bu gün Azərbaycanın xalq artisti, sevilən sənətkar Flora Kərimovanın doğum günüdür. Sənətkarımızın 73 yaşı tamam olur. Flora xanım bu doğum gününü də qeyd etmir.

Bu gün Azərbaycanın xalq artisti, sevilən sənətkar Flora Kərimovanın doğum günüdür. Sənətkarımızın 73 yaşı tamam olur. Flora xanım bu doğum gününü də qeyd etmir.

Tabloid.az saytına müsahibə verən xalq artisti bu günü hər zaman olduğu kimi Ağdam rayonunun işğalından dolayı keçirmədiyini deyir:

-Səhərdən telefonum susmur. Hamı zəng edib, təbrik edir. Mənim üçün 23 iyul təqvimdə yoxdur. Ağdamın işğalından dolayı doğum günümü qeyd etmirəm. Bu, artıq uzun illərdir ki, belədir. Belə bir gündə yaş günümü qeyd etmək mənə yaraşmaz. İnsanların mənə sevgisini görürəm, çox sevinirəm. Diqqətinizə görə hamınıza təşəkkürümü bildirirəm. İyulun 22-də nəvəm anadan olub. O, burada olanda mən də doğum günümü ya onunla bir, ya da iyulun 24-də qeyd edirdim.

-73 yaşınızı qeyd edirsiniz...

-Bəli. Artıq 73 yaşım var mənim. Ahıl yaşımdayam...

-Geriyə dönüb baxanda nələri görürsünüz?

-Həyatımın acılı-şirinli günlərini... Bu ömrü yaşadığıma görə peşman deyiləm. Şükür Allaha, mənə oğul, qız toyunu görmək qismət edib. Həyatımda çətin anlarımla yanaşı, xoşbəxt günlərim də olub. Xalqım heç bir zaman məni yıxılmağa, sınmağa, əzilməyə qoymayıb. İtkilərim olub. Bu itkilərdən sonra yetim, kimsəsiz qalmışam. Ancaq böyük mənada mənim arxam olub. O da mənim, millətim, xalqım olub. Xalqım qoymayıb ki, mənim xətrimə dəysinlər. Hər zaman müdafiə ediblər. Mənə qarşı düşmən hərəkəti dəf ediblər. Ancaq millətimə arxalanmışam.

-Peşmanlıq olub?

-Olmayıb. Seçim olsaydı, bəlkə də nəyisə dəyişə bilərdim. Ancaq məni təqib, haqsızlıq olan illərə gəlincə, düşünürəm ki, bununla həyat sınağı keçmişəm. Yaşananları dəyişmək olmur. Əlimdən nə gələrdi? Hər zaman deyirəm ki, həyatımın bəzi anlarını, yaşantılarımı redaktə edərdim. Nəsə düzəliş etmək istəyərdim. Əvvəldən yazılan qismətdə nəyi dəyişmək olar ki?! Heç nəyi! Tanrıma çox səcdə edirəm ki, məni heç vaxt nüfuzdan düşməyə qoymadı. Mənə belə mənəviyyat verdi. Mənəviyyatıma görə Tanrıma borcluyam. Millətimə borcluyam ki, bu mənəviyyatı görüb, mənə qiymət verdi. Onların mənə olan sevgisinə borcluyam. Hər şey Tanrıdan və millətimin mənə olan sevgisindən asılıdır.

Flora Kərimova qızını klipinə çəkdi (klip)

-Bu doğum gününüzdə özünüzə nə arzu edirsiniz?

-Allah övladlarıma cansağlığı versin. Millətimə, xalqıma qıymasın. Bir də sizlərin münasibəti. Bizi düzgün başa düşməyiniz vacibdir. Vay o gündən ki, gözdən düşüm. Allah o günü mənə qismət eləməsin.

-Flora Kərimovanın indiyədək kimsəyə bəlli olmayan cəhətləri hansılardır?

-Yumor hiss olan bir insanam. Ümumiyyətlə, yumor hissi mənə atamdan keçib. Mən kobud zarafatın əleyhinəyəm və cavanlara da məsləhət görmürəm. Çünki dost dediyin insandan umacağın olur, - paklıq, təmizlik, xəfiflik, ürəyə dəyməmək, səni başa düşüb, səni qorumaq, sənin dünyanı qorumaq. Əgər birlikdəsinizsə, dünyalarınız da qovuşur. Və dünyalarınız barışırsa, deməli, xasiyyətləriniz də barışır. O dünyanı kobud bir zarafatla dağıtmaq asan olar, dağıdanda da onu bərpa etmək mümkün deyil. Həmişə xətrinizə dəyən köntöy söz sizi incidir, ağrıdır və xəyallardan oyadır. İndi görün, kobudluq dostluğa dəyərmi?!

-Doğum gününüzlə bağlı hər hansı bir arzunuz var?

-Bayaq mənə zəng edib, təbrik edirlər, deyirlər, gün o gün olsun, Xankəndindən səsin gəlsin... (Ağlayır...)

Qeyd edək ki, xalq artisti 1964-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu, 1971-ci ildə Azərbaycan Dövlət Tibb Universitetini və 1977-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib.

14 yaşından bədii özfəaliyyət kollektivlərində, Azərbaycan Dövlət Tibb İnstitutunun “Çinar” ansamblında, 1960-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasında çıxış edən F.Kərimova 1983-ci ildən Azərbaycan Teleradio Verilişləri Şirkətinin solistidir.

Azərbaycan Dövlət Opera və Balet Teatrında Leyli (“Leyli və Məcnun”, Ü.Hacıbəyli) partiyasında çıxış edib (1966), “Qanun naminə” (1968) bədii filmində çəkilib.

Klassik Avropa operası ( nümunə üçün “Qaynana” filmində “Dilbərin” ariyası, “Sular qızı” romansı ), milli opera janrı ( doqquz dəfə Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operasında Leyli ), xalq mahnıları, bəstəkar mahnılarının, klassik estrada ( Sovet Estradası ) janrlarının ustad ifaçısıdır. Azərbaycan klassik art-estrada janrının banisidir.

Bəstəkar Elza İbrahimova məxsusi olaraq Flora Kərimovanın səsi üçün “Afət” operasını bəstələyib. Dövlət Opera və Balet Teatrında “Leyli və Məcnun” operasında Leyli kimi çıxış edib.

“Qanun naminə” (1968) bədii filmində çəkilib. Əsrarəngiz səsi, bəşər tarixində yeganə dörd (4-cü) oktavanı aşan müğənnilərdəndir.

Flora Kərimovanın bir qızı və bir oğlu var.

Tabloid.az kollektivi də Flora xanımı doğum günü münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür arzulayır!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm