Cahangir Novruzov 60 yaşını qeyd edir – Foto, Video
Bizi izləyin

Tabloid.az

Cahangir Novruzov 60 yaşını qeyd edir – Foto, Video

Bu gün xalq artisti, sevilən aktyor Cahangir Novruzovun doğum günüdür.

Bu gün xalq artisti, sevilən aktyor Cahangir Novruzovun doğum günüdür.

Tabloid.az xəbər verir ki, Novruzov Cahangir Mütəllib oğlu 1954-cü il iyulun 31-də Bakıda anadan olub.

Cahangir Novruzov 1971-ci ildə orta məktəbi bitirib.

Sonra Mirzəağa Əliyev adına incəsənət institutunun rejissorluq fakültəsinə daxil olub. SSRİ xalq artisti Mehdi Məmmədovun rəhbərlik etdiyi sinifdə təhsil alaraq 1976-cı ildə həmin institutu bitirib. Diplom işini Musiqili Komediya teatrının səhnəsində G.Xudayevin “Sevgilimin Anası” operettasını hazırlayaraq müdafiə edib.

Eyni ildə təyinat alaraq həmin teatrda çalışmağa başlayıb. 1976-1977-ci illərdə əsgəri xidmətdə olub. Xidməti bitirdikdən sonra yenə də Musiqili Komediya teatrına dönüb. 1979-cu ildə Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrına quruluşçu rejissor vəzifəsinə təyin edilib.

Bu teatrın səhnəsində həm də aktyor kimi bir çox rollar oynayıb. 1981-ci ildə isə SSRİ Mədəniyyət Nazirliyinin Mədəniyyət adamlarını təkmilləşdirmə İnstitutunun rəhbər işçilər fakültəsinə qəbul olunub. Eyni zamanda, Moskva Malaya Bronnaya teatrında RSFSR-in xalq artisti professor A. Efrosun rəhbərliyi altında staj keçməyə başlayıb.

İki il ərzində bir çox əsərlərin quruluşlarında A. Efrosa assistentlik edib. 1983-cü ildə Moskvadakı təhsilini bitirərək Şəki teatrına dönüb. 1984-cü ildə SSRİ xalq artisti professor G.Tovstonoqovun yaradıcı laboratoriyasına qəbul olunub. Hər il iki dəfə olmaq üzrə Sankt-Peterburqda 1988-ci ilə qədər çalışmalarda iştirak edib. 1985-ci ildə Şəki teatrına baş rejissor vəzifəsinə təyin olunub. Orada çalışdığı illər ərzində teatrı Kazan, Daşkənd, Səmərqənd, Moskva və Praqa şəhərlərinə qastrol səfərlərinə aparıb.

1986-cı ildə Çexoslovakiyada keçirilən “Çeşskaya Buduyovutsa” gənc teatrlar festivalında münsiflər heyətinin üzvü kimi iştirak edib. 1987-ci ildə Azərbaycan Mədəniyyət Nazirliyinin təşkil etdiyi Mirzə Fətəli Axundovun 175 illik yubileyinə həsr olunmuş teatr festivalında hazırladığı “Müsyö Jordan və Dərviş Məstəli Şah” əsəriylə birincilik mükafatını qazanıb.

1988-ci ildə Parisdə keçirilən “Bovinyi” teatr festivalında fəxri münsiflər heyətinin üzvü kimi iştirak edib. 1989-cu ildə Mədəniyyət Nazirliyi tərəfindən Musiqili Komediya teatrına baş rejissor vəzifəsinə təyin olunub.

1990-cı ildə teatrın əsaslı təmir və yeni inşaata başlaması səbəbi ilə Gənc Tamaşaçılar Teatrının rus bölməsinə baş rejissor olaraq təyin olunub. 1991-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının təşkil etdiyi I Mono tamaşalar festivalında Şekspirin “Hamlet” əsərinin motivləri əsasında hazırlanmış “Olum ya Ölüm” tamaşası ilə birincilik mükafatı qazanıb. 1995-ci ildə Türkiyə Cumhuriyyətinə universitetdə dərs demək üçün dəvət olunub. Hazırda Türkiyənin Adana şəhərində Çuxurova Universitetinin Dövlət Konservatoriyasının teatr bölməsində çalışmaqdadır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm