Doğuş: “Müharibə olarsa, mən də vuruşmaq istəyirəm...”- Özəl, Fotolar
Bizi izləyin

Tabloid.az

Doğuş: “Müharibə olarsa, mən də vuruşmaq istəyirəm...”- Özəl, Fotolar

“Qardaşlarım şəhid olduğu halda konsert verə bilməzdim”

Türkiyənin tanınmış müğənnisi Doğuş bu gün Bakıda verəcəyi konsertini təxirə salıb. Sənətçi Azərbaycan-Ermənistan sərhədində əsgərlərimizin şəhid olmasından dolayı “Panoramic” restoranında səhnəyə çıxmaqdan imtina edib. Biz du duyarlılığı, addımına görə Doğuşla görüşmək, ondan müsahibə almaq qərarına gəldik.

Fürsətdən istifadə edib,türkiyəli sənətçiyə bizi maraqlandıran digər sualları da verdik.

- Bakıda verəcəyiniz konserti təxirə salmağınız çox təqdirəlayiq haldır. Duyarlılığınız üçün təşəkkür edirik.

- Nə demək, borcumuzdur! Acı günlər yaşayırıq. Belə bir faciənin qarşısında çıxıb mahnı oxumağım mənə çox tərs bir şey kimi görünür. Bilet alıb konsertimə gəlmək istəyənlərin hər birindən üzr istəyirəm, ümid edirəm onlar məni bağışlayarlar. Çünki Azərbaycanda əsgərlər şəhid olduğu halda mən konsert verə bilmərəm. Hətta bir əsgərimiz şəhid olsaydı belə konsert verməyəcəkdim. “Panoramic” restoranın sahibi Elnur bəy də mənimlə eyni fikirdədir. Bu mövzuda çox həssasdır. İş adamlarının belə bir duruma çox həssaslıqla yanaşması məni çox təsirləndirdi. Elnur bəyə bu addımından dolayı təşəkkür edirəm. İnşallah, əgər Allah nəsib edərsə, bu xoşagəlməz olaylar, yasımız bitərsə, konsert verəcəyik. Çünki konsertin biletlərini alanları şikayətçi etmək istəməzdik. İrəliləyən dönəmlərdə buradakı sevənlərimlə təkrar bir araya gələcəyəm.

- Konsertin hansı tarixə salındığı bəllidir?

- Bu acı günlərdə konsert verəcəyimiz tarixi düşünəcək halda deyilik. Nə mən, nə də Elnur bəy bu haqda düşünə bilmirik. Mənim qardaşım ölüb. Orada mənim qardaşlarım şəhid olduğu halda mən necə konsert vermək haqqında düşünə bilərəm ki?! İnşallah, Qarabağda konsert vermək istəyirəm. O torpaqları geri aldıqdan sonra orada ilk oxuyanlardan da biri mən olacağam. Buna söz verirəm. Bu xoş deyil, müharibənin əleyhinəyəm. Amma müharibə olarsa, mən də qatılmaq, vuruşmaq istəyirəm. Mən Azərbaycanı və xalqını çox sevirəm.

- Maraqlıdır, bura gələndə gəzmək imkanınız olur?

- Artıq üçüncü dəfədir ki, Azərbaycana gəlirəm. Şəhər gündən-günə böyüyüb inkişaf edir. Fransanın Parisi, Azərbaycanın Bakısı. Mənə görə Bakı hətta Parisdən daha gözəldir. Çünki Bakıda hər keçən gün yenilənmə işləri aparılır, şəhər sanki böyür. Bu işdə əməyi olan hər kəsə təşəkkür edirəm. Açığı, çox gəzmirəm. Amma maşınla gedəndə, içəridən baxıram. İçərişəhərdə olmuşam. Çox gözəl bir yerdir. Heyran qaldım. Qız qalasını çox bəyəndim. Orada xeyli oturub, dostlarla söhbət də etdik.

- Azəbaycan milli mətbəxi ilə güman ki, tanışsınız. Hansı yeməklərimiz ağız dadınıza uyğundur?

- Normalda çox zaman pəhrizdə oluram. Açığı, çox yağlı yeməklər yeyə bilmirəm. Özümə diqqət etməyim lazımdır. Çünki artıq 40 yaşım var.

- Maşallah, yaşınızdan çox cavan və yaraşıqlı görünürsünüz.

-Təşəkkür edirəm, o sizin gözəlliyinizdir. Gözəl baxmanızdır. Kiçik dolmalarınız var ha, ətli, onları çox sevirəm. Yarpaq dolması.

- Sizin sənətçiniz Çelik (Sözümüzü kəsir).

-Arçelikmi? (Gülür).

- Çelik neçə il öncə Bakıda restoran açmışdı. Amma müəyyən səbəblərdən dolayı fəaliyyətinə son qoydu. Bəs siz necə, Azərbaycanda hansısa bir iş, biznes qurmaq istəyirsiniz?

- Layihəm var. Hətta bir deyil, bir-neçə layihə olacaq. Bu haqda çox danışmayım, nəzərə gəlməkdən qorxuram. Onu da deyim ki, görəcəyim iş bir tək sözlə olmayacaq. Yəni ki, mən həmin işləri mütləq reallaşdıracağam. Biz iki ayrı dövlət olsaq da, bir millətik. Erməninin etdikləri məni narahat edirsə, demək ki, damarlarımızda eyni qan axır. Bir torpağın övladlarıyıq. Bura da mənim vətənimdir.Ona görə də Azərbaycanın hər hansı bir şəhərində iş quracağam. Hər kəsə yararlı, faydalı bir iş qurmağı düşünürəm.

- Bu haqda azacıq da olsa məlumat verərdiniz...

-Yox, danışa bilmərəm. Çünki ideyamın kimsə tərəfindən oğurlanmasını istəmirəm. Çelik-filan təkrar Bakıya gələr, işimi əlimdən alar (Gülür). Doğuşun quracağı işi mən edim deyər, olmaz.

- Azərbaycanda kifayət qədər olmusunuz. Güman ki, sənətçilərimizi də tanıyırsınız. Kimləri dinləyirsiniz?

- Mənim belə bir problemim var, azərbaycanlıların adını tam deyə bilmirəm. Bacarmıram. Allah məni qəhr etməsin (Gülür). Mənim üçün sizin ən böyük starınız, gözəl səsi olan Alim Qasımovdur. Onun ifası mənim ürəyimi, içimi titrədir. Onu saatlarla yorulmadan, bezmədən dinləyə bilərəm. Digər qalanlara isə uğurlar arzu edirəm. Düşünürəm ki, onların da dinləyiciləri sevənləri var. Hər kəs səy göstərib, çörək pulu qazanır.

Düzdür, sizin dəyərli sənətçiləriniz çoxdur. Azərbaycanın çox qiymətli sənətçiləri var. Onlar dünyada adla tanınırlar. Açığı, bizdə dünyada tanınan müğənni yoxdur. Biz də dünyanın bir çox yerlərində konsertlər veririk. Rusiya, Fransa, Almaniya, Azərbaycan, Danimarka, Avstriya, Avstraliyaya... Adlarını sadaladığım ölkələrdə konsert verən sənətçilərimiz var. Amma böyük mükafatlar ala bilən sənətçilərimiz yoxdur. Əfsuslar olsun ki, bu belədir. Amma belə sənətçilər Azərbaycandan çıxır.

- Axı sizin dünya şöhrətli müğənniniz Tarkan var.

- Mən Tarkanı çox istəyirəm, yaxşı insandır. Hətta məncə, çox bacarıqlı müğənnidir. Kənan Doğlunu sevirəm. Bu günlərdə evləndi. Allah onu xoşbəxt etsin. Çox gözəl ürəyi var. Xətrini çox istədiyim dostumdur. Mənim üçün qiymətli bir adamdır. Sərdar Ortaçı, Mustafa Sandalı sevirəm. Çelik də yaxşı adamdır. Bax bura gəlib, iş qurub. İnşallah, təkrar gələr, yenə iş qurar. Düzü, Türkiyədə çox da yaxına buraxdığım sənət adamı yoxdur.

- Həmkarlarınızla aranızda qalmaqallar olub?

-Mənə atmaca atanda cavab vermirəm. Amma keçmişdə Tarkanla aramızda kiçik söhbətimiz olmuşdu. Amma sonra barışdıq, öpüşdük. Bizim gördüyümüz iş biznesdir. Düşünürəm ki, kiməsə də pis gəlməməlidir. Bəzən sənətçinin işində durğunluq baş verənda qalmaqala əl atılır. Bunu dünyanın demək olar ki, əksər sənətçiləri edir. Castin Biberdən tutumuş, digərlərinə kimi. Çünki bizim gördüyümüz iş biznesdir. Şoumenlik böyük işdir. Ona görə də hər hansı bir sənət dostumun gördüyü işə pis baxmıram, normal yanaşıram. Amma ürəyi təmiz, niyyəti gözəl olsun. İnsanlara vicdanla yanaşsın. Kimsə haqqında pis düşünməsin, pislik arzulamasın. Yoxsa kiminsə özəl həyatında nəsə oldu, bunu və ya onu etdi, mənim heç marağımda deyil. Çünki biz sıradan adamlar deyilik, etdiklərimiz kimin üçünsə örnək ola bilər. Deməyim odur ki, bizim etdiklərimizi örnək almaq lazım deyil.

- Azərbaycan dilini, ləhcəmizi sevdiniz?

-Çox sevirəm, hədsiz. Amma bəzən anlamaqda çətinlik çəkirəm. Qarşımdakı insandan təkrar nə dediyini soruşuram (Gülür).

- Azərbaycan dilində hansı söz xoşunuza gəlir?

-“Bəli” sözü (gülür).

- Adətən, sizlər bizim, “yaxşı”, “ay balam” sözündən xoşunuz gəlir.

- Mən “Bəli” sözünə ilişmişəm (gülür).

- Türkiyəyə gedəndə orada Azərbaycan dilində danışırsınız heç?

- Səni aparıram (gülür). Bura ilk gəldiyim vaxtlarda “səni aparıram”ı öyrənmişdim. Təkrar-təkrar işlədirdim.

- Azərbaycanda dilimizlə bağlı başınıza hər hansı gülməli hadisə gəlib?

- Açığı, olmayıb, çünki həyatı çox izolyasiya olunmuş yaşayıram. Evimdə, normal şərtlərdə yaşayıram. Bakıda da qapalı qutu kimiyəm. Burada barları, diskotekalları gəzən deyiləm. Hətta Türkiyədə verilişlərə belə çıxmıram. Sənət dostlarım hətta buna görə məndən inciyirlər də. Ola bilsin ki, bu il özümü efirlərdə göstərəcəyəm. Uzun bir fasilədən sonra albomum və filmim təqdim olunacaq.

- Filmlə bağlı azacıq məlumat verərdiniz?

-Filmimiz komediya, sevgi və dramdır. Hər kəsin sevə biləcəyi, zövqlə izləyəcəyi bir film olacaq. Baş rolda oynayacağam. Dostlarım da digər obrazları canlandıracaq. Həyatı əks etdirəcək bir filmdir. Azacıq da mənim həyatımdan parçalar olacaq. Düşünürəm ki, filmim böyük səs-küy yaradacaq.

- Siz Azərbaycanda xeyriyyə tədbirlərində qatıldınız...

-Bəli, bu mənim içimdən gəlir. Dünyanın bir çox yerlərində xeyriyyə konsertləri verirəm. Gördüyüm xeyriyyə işlərini gözə soxmağı sevən insan deyiləm. Amma əfsuslar olsun, elə bir zamanda yaşayırıq ki, gördüyün xeyriyyə işini göstərməlisən, digərləri də bundan örnək götürsün. Sağ əlin verdiyini sol görməməlidir. Amma elədiklərini göstər ki, digərlərinə yaxşı örnək olasan. Gördüyü yüz yaxşı işin heç olmasa, iyirmisini göstərmək lazımdır. Hamısını deyil...

- Müsahibələrinizdə hər zaman deyirsiniz ki, azərbaycanlı qızla evlənəcəksiniz. Bizim qızların hansı özəlliyi diqqətinizi çəkir?

- Azərbaycanlı qızları çox bəyənirəm. Zatən azərbaycanlı qızla evlənəcəyimi hər zaman deyirəm. Mənim üçün evlənəcəyim qızın ürəyi gözəl olsun. Gözləri mənim üçün çox önəmlidir. Çünki insanların çoxu saxta baxmağı öyrənib. Amma mən onu həmin an başa düşürəm. Bu da həyat təcrübəmlə əlaqəlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm