• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Azərbaycanlı müğənni Amerikadakı ərindən danışdı

Azərbaycanlı müğənni Amerikadakı ərindən danışdı

Əməkdar artist Səbinə İlyasova Azərbaycan-Ermənistan sərhəddində baş verən olaylardan dolayı çox narahatdır. Əsgərlərimizin şəhid olmasına çox üzülən sənətçi Tabloid.az saytına müsahibəsində bu vəziyyətdə istirahət haqqında düşünmədiyini deyir:

- Ürəyim açılmır. Azərbaycan-Ermənistan sərhəddində vəziyyət yaxşı deyil. Xəbərləri izləyirəm, çox narahatam. Qanım çox qaradır, baş verənlər mənə çox pis təsir edib. Bu dəqiqə kef edib, tətilə gedəcək halda deyiləm. Amma toylar elədir ki, getməyə məcbursan. Çünki çörəyimiz oradan çıxır. Toya gedib, oxumağım şənlənmək anlamına gəlmir. Sadəcə, toylara getməsəm, qazanmasam, dolana bilmərəm. Mən də evimə bir parça çörək almalıyam. Amma o əhval-ruhiyyədə deyiləm. Son neçə gündə neçə əsgərimiz şəhid oldu. İndi oxuyuram ki, yenə aləm qarışıb. Bir əsgərimiz daha ölüb, biri də yaralanıb... Hətta ermənilər də döyüşə hazırlaşır. Hər dəqiqə hər şey baş verə bilər. Bu dəqiqə ürəyimdən gəzmək, əylənmək keçmir.

- Niyə son illər efirlərdə görünmürsünüz?

- Verilişlərə dəvət alıram, amma verilişlər məni qane etmir. Mən Rəşid Behbudov məktəbi görmüşəm deyə, çalışıram efirlərdə sözümü sənətimlə deyim. Əfsuslar olsun ki, indi verilişlərin əksəriyyəti qalmaqal xarakteri daşıyır. Bu tip verilişlər xasiyyətimə uyğun gəlmir.

- Hazırda Amerikada yaşayan həyat yoldaşınızdan boşanmağınız doğrudur?

- Biz ayrılmamışıq. Sizə onun mənə yazdığı mesajları göstərə bilərəm. O, hələ də məni sevir. Yoldaşım Oqtay İsmayılov sadəcə, işi ilə bağlı Amerikadadır. O, övladımız üçün orada qalmağa məcburdur. Açığı desəm bura dönmək fikrində deyil. Onu da deyim ki, oğlum artıq təhsilini başa vurub. Bakıya qayıdıb, yanımdadır. Həyat yoldaşım Rəşid Behbudovun vaxtında Mahnı Teatrının bədii rəhbəri idi. Biz onunla teatrda tanış olub, ailə qurmuşduq. Mən solist idim, o, bizim musiqi rəhbərimiz. Rəşid Behbudov dünyasını dəyişdikdən sonra yoldaşım instrumental ansamblı yaratdı.

İki il xarici ölkələrə konsertlərə gedirdik. Ansambl dağılandan sonra o, Amerikaya getdi. Onu çox dəvət etdilər ki, toylara getsin. Toy musiqiçisi olmaq onun xarakterinə heç uyğun gəlmirdi.

O, 12 ildir Amerikadadır. Yoldaşım çox böyük fitri istedada malik insandır. Hərdən ürəyim yanır ki, nəyə görə o, Amerikada olmalıdır?! Burada olsaydı, qazanan Azərbaycan musiqisi olardı.

- Əvvəllər xalq mahnıları ifa edirdiniz. Qəflətən estradaya keçid etdiniz. Səbəb nə idi?

- 1983-cü ildə respublika üzrə muğam müsabiqəsində laureat olmuşam. Amma bir balaca muğamda uzaqlaşdığım üçün yenidən muğam dərsləri alacağam. Dördüncü kursda oxuyanda “Dan ulduzu” ansamblına keçdim. Orada da tərzimi dəyişdim. Düşünürdüm ki, muğamları sonra oxuyaram. Belə-belə toylar başlandı, başım qarışdı. Bir də hiss elədim ki, muğam oxumuram, geri qalmışam. Təbii ki, muğamlarımız yadımdadır. Amma gərək muğam ifa edəndə səhvə yol verməyəsən. Təkrar mütləq lazımdır. Ən böyük arzum, əlimə qaval alıb, muğamlarımızı mütəzəm şəkildə ifa etməkdir.

- Əlamətlərə inanırsız?

- Bilirsiniz, bu, özünə təlqindir. İnsan beyninə necə yazırsa, elə də olur. Mən ona inanıram ki, insan bir şeyi çox istəyəndə, düşünəndə və çox arzulayanda mütləq olur. Hətta deyirlər ki, insanın barmaqları antena kimidir. Əlimizi göyə açırıq, yuxarı ilə əlaqə yaradırıq. Ona görə də gərək insan heç vaxt pis şeylər düşünməsin. Necə olur ki, bəzən insan fikirləşir ki, filankəsi çoxdandır görmürəm. Həmin adam ya sənin qabağına çıxır, ya da zəng vurur. Mənə elə gəlir ki, hər şey insanın beyni ilə bağlıdır. Sadəcə, insanın beynini alimlər tam öyrənə bilməyib. Hansısa alman alimi insan beyninin 6-7 faizini öyrənə bilib. Mənə elə gəlir ki, axtardığımız bizim öz beynimizdədir. Nəyisə dəhşətli dərəcədə arzulayanda o olur. Düzdür, deyirlər, bütün bunlar Allahın işidir. Hamımız da ona inanırıq. Ətrafımız möcüzədir, demək, bunu yaradan var. Qarşımdan qara pişik keçdi, mənə pis olacaq. Bununla da insan beyninə nəyinsə pis olacağını yeridir. Mən belə şeylərə inanmıram.

- Yeri gəlmişkən, bəzi dini ekspertlər iddia edirlər ki, müğənnilik İslama ziddir. Siz bu fikirlə razısınız?

- Səsi bizə Allah verib. Niyə hamıya verməyib? Səsi seçmə insanlara verir. Türkiyədə müğənnilərə böyük dəyər verirlər. Deyirlər ki, siz Allahın çox istədiyi bəndəsiniz. Çünki sizə bu cür gözəl səs verib. Bir də görürsən, dini toylar olur. Onu musiqisiz edirlər. Günahdır, deyirlər. Niyə günahdır? O hissi də bizə Allah verib. Mən belə şeylərlə razı deyiləm. Ən hörmətli din İslamdır. Sadəcə, bəzi insanlar İslamı həddən artıq mövhumatlaşdırır. Bəzi savadsız dindarlar düzgün informasiya vermirlər deyə, yanlış fikirlər yaranır. Amma mən özüm çox oxuyuram, telekanallara baxıram. Öz dinimizə böyük hörmətim var. Mən Allaha inanıram, peyğəmbərimizə də həmçinin. Allah “Quran”ı peyğəmbərimizin vasitəsilə insanlara nazil edib. İnsanlar oxusunlar və necə olmaq lazım gəldiyini bilsinlər. Oğurluq etməsinlər, insanlara şər atmasınlar, oğurluqdan uzaq olsunlar və sairə. Həyatda düz yaşasınlar. Çünki Allah insanlara olar və olmaz hissini verib.

- Sizin adınız heç bir zaman qalmaqallarda hallanmır. Müğənnilər sizdən qorxurlar deyə, adınızı çəkmirlər?

- 35 ildir peşəkar səhnədəyəm. Mən həmişə öz yerimi bilmişəm. Ümumiyyətlə, bir masa arxasında əyləşdiyim insan xoşagəlməz söz deyə bilməz. Bütün bunlar insanın davranışından asılıdır. Hər zaman ağır təbiətli olmağı xoşlamışam. Şitliyi sevməmişəm. Hər zaman yerimi bilmişəm. Hörmət qazandığım üçün sevinirəm. Heç bir sənət adamı mənimlə şit zarafat edə bilməz.

Bəzən qadına sponsoru və ya dostu deyir ki, gəl, səni müğənni edim. Kompüterin köməkliyi ilə səsini düzəldirlər, çıxır efirə. Bir dəfə televizora çıxandan sonra adamın yanından elə formada keçir ki... Mənim elə adamlara yazığım gəlir. Amma təəssüflər olsun ki, bəzən beləsi ulduz olur. Amma sənətkar olmurlar... Onlar gündə efirdə nə qədər görünsələr də, hörmətləri yoxdur. Çünki sənətləri yoxdur. Sənəti olmayan adama hamı deyir ki, bu nədir, gündə televizordadır. Oxuya da bilmir. Telekanallar da özəldir, ödənişlidir. Necə olur, bu oxuya bilməyən efirə çıxır, amma oxuyan yox?! Hamıya da aydındır ki, belələri səhnəyə, efirə necə çıxır...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR