“Zövqsüz geyinən o qədər varlı qadın var ki...” - Fotolar
Bizi izləyin

Tabloid.az

“Zövqsüz geyinən o qədər varlı qadın var ki...” - Fotolar

“Zövqsüz geyinən o qədər varlı qadın var ki...” - Fotolar

Tabloid.az-ın “Kokteyl” layihəsinin bu həftəki qonağı gənc və cazibədar ifaçı Leyla Ramazanlı oldu. Leyla Ramazanlı gələcək həyatı, evlilik haqqında fikirlərini və modaya münasibətini bizimlə bölüşdü.

- Qadınlar bahalı hədiyyələri xoşlayırlar. Bunu sizə də aid etmək olar?

- Hədiyyə almağı sevirəm, amma mənim üçün onun maddi dəyəri əsas deyil. Yaxınlarının sənə göstərdiyi diqqəti, səni sevindirməsi özü böyük hədiyyə hesab olunur.

- Duyğularınızı gizlədə bilirsiniz, yoxsa göz yaşlarınızı saxlamaq üçün ətrafda olan hər kəs sizi sakitləşdirməklə məşğul olmalıdır?

- Duyğularımı ancaq yaxınlarımla paylaşa bilərəm. Çünki məni ancaq onlar yaxşı anlaya bilər. Bir də başqa insanlar sənin həssas yerini bilən kimi bundan sui-istifadə edirlər. Çox duyğusal olsam da, təmkinli insanam. Baş verən hadisələrə sərt reaksiya vermirəm. Hisslərimlə deyil, ağlımla qərar verirəm.

- Gənc yaşda bu qədər uğur əldə etmisiniz. Başqalarının həsəd aparacağı həyat yaşayırsınız demək olar?

- Bəlkə də demək olar. Çox qısa müddətdə az yaşım olmasına baxmayaraq, böyük uğurlar əldə eləmişəm. Bu mənim qismətimdir, çox xoşbəxtəm. Hər uğurum zəhmətimin bəhrəsidir. Alnı açıq, başımı dik tutaraq deyə bilərəm ki, bunları Allahın qismət etdiyi təmiz həyat sayəsində əldə etmişəm.

- Sizə cəsarətli xanım demək olar? Ümumiyyətlə, cəsarət sizin üçün nə ifadə edir?

- Əjdaha ili, qız bürcü olduğum üçün cəsarətli insanam. Əjdaha ili mənə güc-qüvvət verir, heç zaman heç kimin yanında gözü kölgəli olmamışam. Lazım olan məqamda lazım olan sözü deyib qarşımdakı insanın cavabını verə bilirəm. Ümumiyyətlə, öz sözünü deməyi bacaran insanlar çox güclü olurlar, onları sındırmaq mümkün deyil.

- Asan görünsə də, yaxşı və düzgün geyinmək çətin işdir. Stil sahibi olmaq üçün çoxlu pul lazımdırmı?

- Xeyr, bu fikirlə razı deyiləm. Stil sahibi olmaq üçün çoxlu pul tələb olunmur. O qədər varlı və zövqsüz geyinən qadınlara rast gələ bilərik ki... Zövq insanın daxilindən qaynaqlanır. Gözəl və qüsursuz görünmək üçün geyimləri zövqlə seçməli, bir-birinə düzgün uyğunlaşdırmalı və bədənə yaraşanı seçmək lazımdır.

- Onsuz yaşaya bilmədiyiniz kosmetik məhsulları nələrdir?

- Pomada və losyonsuz qala bilmirəm. Çantamda mütləq bir neçə rəng pomada olmalıdır. Dodaqlarıma boya çəkmədən evdən çıxmıram. Bir də uzaq səfərlərə gedən zaman losyonlarımı özümlə aparıram.

- Zəngin həyatı sevirsiniz, yoxsa bir müddətdən sonra zəngin insanların həyatının sıxıcı olduğunu düşünürsünüz?

- Hamıya rahat və hüzurlu həyat arzu edirəm. Bizim ailədə hər zaman isti münasibət və mehribanlıq olub. Pul insanları qısa müddət ərzində sevindirə bilər, amma xoşbəxt edə bilməz. Yaxınlarım hər zaman yanımda olsun, canları sağ olsun, bax bu, mənim bəsimdir.

- Həyatında heç kaş ki, kişi olsaydım, dediyin anlar olubmu?

- Yox, dünyaya xanım kimi gəldiyim üçün heç vaxt peşman olmamışam. Kişi olmaq istəməzdim. Azərbaycan xanımları çox zəhmətkeş və fədakar ana olurlar.

- Sizcə, qadını nə cazibədar göstərir?

- Ana olmaq.

- Saçınızın rəngini tez-tez dəyişirsiniz. Amma hər zaman gözəl görünür. Saçlarınızın sağlam və gur qalması üçün qulluq edirsiniz?

- Bir ara saçımı bir ara açıq sarı rəngə boyamışdım, amma peşman oldum. Çünki məni yaşımdan böyük göstərirdi. Indi şokolad tonlarına üstünlük verirəm. Rəng dəyişkənliyi etsəm də, qaynaqdan heç zaman istifadə etməmişəm, öz saçımdır. Rəngləyəndə qoruyucu kremlərdən istifadə etməyə, ümumiyyətlə, saçımı bacardığım qədər qorumağa çalışıram. Evdə təbii maskalar qoyuram. Qısa kəsdirməyi sevmirəm. Məncə, uzun saçlar qadına xüsusi gözəllik verir.

- Ailə qurmaq haqqında fikirləşirsiniz? Adətən analar qızları bu barədə tələsdirirlər. Sizin ananız ailə sahibi olmaq üçün sizə təzyiq göstərmir ki?

- Bu barədə anam heç vaxt təzyiq göstərmir. O, mənim bu dünyada yeganə dostum, sirdaşımdır. Ailə müqəddəs varlıqdır. Sırf ailə qurmaq xətrinə bu müqəddəsiliyi pozmaq olmaz. Allah nə vaxt qismət eləsə, inşallah o zaman ailə quracağam. Amma hələ ki tezdir.

- Ailə qurmaq və ana olmaq üçün özünü hazır hiss etməlisən, ya dəlicəsinə vurulmalısan?

- Ailə qurmaq üçün özünü ana olmağa hazır hiss etməlisən, məsuliyyətli və sevgi dolu olmalısan.

- Xəyalınızda canlandırdığın ideal kişi obrazı necədir?

- Çox mədəni, atam kimi bir ailə başçısı təsəvvür edirəm.

- Sizə sevgisini etiraf edən kişilər çoxdur?

- Hər bir normal qız kimi mənə də sevgisini elan edən insanlar olur. Eyni zamanda, sənətimi də bəyəndiklərini bildirirlər. Amma hələ istəmirəm, həyatımda sevdiyim insan yoxdur.

- Sevgisiz yaşamaq qadın üçün nə dərəcədə çətindir?

- Sevmədiyim üçün bu suala tam olaraq şərh verə bilməyəcəyəm.

- Sizcə, qadının ağlı gözəlliyini kölgədə qoymalıdır, ya əksinə gözəlliyi ağlını kölgədə qoymalıdır?

- Təbii ki, hər iki variantın olması daha müsbət haldır. Hər ikisi vəhdət təşkil etməlidir. Əks halda, yaxşı görünmür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm