“O, qızın günahsız və bakirə olduğunu bildirir” – Fotolar
Bizi izləyin

Tabloid.az

“O, qızın günahsız və bakirə olduğunu bildirir” – Fotolar

“O, qızın təmiz, günahsız və bakirə olduğunu bildirir” – Fotolar

Gəlinlik bütün qadınların uşaqlıqdan geyinməyi arzuladığı paltardır. Ona görə yox ki, onda ərə gedirlər, ona görə ki, mərasimin əhəmiyyəti sanki bu paltarın xüsusi olmasını tələb edir. Gəlinlik donunun rəngi, üslubu mərasimin əhəmiyyətindən, həmçinin toy iştirakçılarının dinindən və mədəniyyətindən asılı ola bilər. Şərq mədəniyyətində gəlinlər şans və məhəbbət simvolu olan qırmızı gəlinlikləri seçərdilər. Bu ənənə hələ də bir çox şərq ölkələrində davam edir. Qərb mədəniyyətində isə gəlinlər çox vaxt XIX əsrdə kraliça Viktoriya sayəsində məşhur olan ağ gəlinliklərə üstünlük verirlər.

Toyun əsas rəmzi olan gəlinlik donunun tarixi haqqında qısa məlumat vermək qeyri-mümkündür. Ümumiyyətlə, hər hansı bir geyimin, yaxud kosmetikanın yaranma tarixini dəqiqliklə söyləmək mümkün deyil. Tabloid.az-ın “Moda inqilabları” layihəsi çərçivəsində bu həftə min illik tarixi olan gəlinliyin necə yaranması və modaya daxil olması haqqında əsas məlumatları oxuculara çatdıracağam.

Əsrlər bir-birini əvəz etsə, dəb işıq sürəti ilə dəyişsə də, gəlinliyin rəngi illərdir ki, dəyişmir. Buna baxmyaraq, ilk gəlinliklər başqa rənglərdə olub. Gəlinlər toyu günü gözəl görünmək üçün daha hansı rənglərdə paltarlar geyinməyiblər ki?

Gəlinlik paltarının tarixi qədim Misirə qədər gedib çıxır. Təxminən 4 min il əvvəl, qədim Misirdə gəlinlər əyinlərinə qat-qatlı ağ rəngdə kətan parçadan tikilən paltarlar geyinirdilər. Qədim Yunanıstanda da ağ rəng “şadyanalığı” təmsil etdiyi üçün gəlinlər toy mərasimi üçün ağ paltarlar tikdirirdilər. Qədim Misir və Yunanıstandan fərqli olaraq, qədim Romada toya hazırlaşan gənc qızlar gəlinliklərini sarı rəngdə seçərdilər. Bunun səbəbi gəlinləri subay qızlardan fərqləndirən sarı rəngli duvaqdan istifadə etməsi idi. Çünki sarı rəng Günəşi və xoşbəxtliyi simvolizə edirdi. Sonradan təkcə üz örtüyü ilə deyil, həm də toy günündə də sarı rəngli paltarlar geyinməyə başlayırlar.

Orta əsrlərdə gəlinliklərin parçası öz əhəmiyyətinə görə rəngini arxada qoyur. Gəlinliyin rəngindən çox parçasının keyfiyyətli və dəbdəbəli olmasına diqqət göstərilirdi. Varlı və zadəgan qadınların geyindikləri toy paltarlarının parçası onların hansı təbəqəyə məxsus olduğunu ilk baxışdan nümayiş etdirmək üçün özəlliklə seçilirdi.
XVI əsrdə gəlinlər toylarında ən yaxşı paltarlarını geyinərdilər. Bu paltarlar müxtəlif rənglərdə olurdu. Həmin qadınlar toylarında geyindikləri paltarları gündəlik həyatlarında da istifadə edərdilər. Yalnız varlılar toyları üçün əlavə paltarlar tikdirərmişlər. Varlılar öz toylarında gümüşü və qırmızı rənglərdə olan paltarlardan istifadə edirdilər.

Bəs görəsən gəlinlik ilk olaraq kim tərəfindən düşünülüb və ilk dəfə kim geyinib?

Ağ gəlinlik dəbi XVII yüzillikdə yenidən yayılır. Bu illərdə kral ailəsi gəlinlərinin gümüşü rəngdə gəlinlik geyinməsi adət idi. İlk dəfə olaraq ağ gəlinliyi 1499-cu ildə İngiltərədə Anne adlı qadın geyinib. Lakin hazırda daha çox istifadə edilən gəlinliklərin əsası XIX əsrin ikinci yarısında, yəni 1854-cü ildə kraliça Viktoriyanın geyindiyi toy paltarı ilə bağlıdır. Kraliçanın geyindiyi gəlinlik rənginə görə fərqlənirdi. Əgər o vaxta qədər kral ailəsində toy günü gümüşü rəngli gəlinlik ənənəsi vardısa, kraliça Viktoriya ağ rəngli və 5 metrdən çox “quyruğu” olan gəlinliyi ilə yeni ənənənin başlanğıcını qoyur. 1854-cü ildə Kraliça Viktoriya ağ gəlinlik geyinməkdə israr edir. Yalnız bundan sonra ingilis və fransız yazıçıları ağ rəngin məsumluq rəmzi olduğu barədə yazaraq ağ gəlinliyi təbliğ etməyə başlayırlar. Evlənərkən ağ rəng geyinmək gənc qızların bakirəliyinin cəmiyyətə elan etməsinin bir vasitəsinə çevrilir. 1849-cu ildə ABŞ-da qadın jurnallarının birində “Ağ rəng, məsumluq rəmzidir. O qızın təmiz, günahsız və bakirə olduğunu bildirir, hansı ki, gəlin onu öz qanuni həyat yoldaşına bəxş etməli idi” yazılmışdı.

Ağ gəlinliklərin ilk məkanları saraylar olsa da, daha sonralar aşağı təbəqənin qadınları tərəfindən mənimsənilir və müxtəlif tərzdə istifadə edilməyə başlanır. Beləliklə, ağ gəlinliklər İngiltərə saraylarından Osmanlı saraylarına qədər yayılır və getdikcə bütün dünyanın qəbul etdiyi ənənə halını alır.

I Dünya müharibəsindən sonra gəlin buketləri dəbə minir. Bu buketlər müharibələrdən cana doymuş xanımların sülh və əmin-amanlıq carçısı idi. 30-cu illərdə həddindən artıq dəbdəbəli gəlinliklər aktual olur. Bu gəlinliklərin əsas özəlliyi beli sıxan korsetlər idi. 50-ci illərdə "Dior" moda evi sayəsində qabarıq yubkalar, yerə qədər uzanan quyruqlu gəlinliklər yenidən dəbdə olur. 60-cı illərdə isə minimalizm öz sözünü deyir. Fərqlənməyi sevən xanımlara qısa ətəkli gəlinliklər təklif olunur. 80-cı illərdə düz, sadə, uzun və romantik gəlinliklər geri qayıdır. Ehtişamlı fatalar isə şlayapa ilə əvəz olunur. Bu gün qızlar toy günü istənilən uzunluqda və fasonda olan gəlinliyi özünə rəva bilər. Lakin onun təsəvvüründəki gəlinlik paltarı əynində ideal görünməlidir.

Hər il dəyişən dəb trendləri məsumluğun və saflığın simvolu olan gəlinlik paltarlarına yenilik qatarkən, duvaq, çiçək, tül, şifon, kəmər və ipək parçalar bütün dövrlərdə gəlinliyin əvəzolunmaz atributları hesab olunur.

Sürətlə inkişaf edən dəb və dəblə ayaqlaşmaq arzusu gəlinliklərə də sirayət edib. Artıq hər il paltar dəbi olduğu kimi, hər ilin gəlinilk dəbi də dəyişir. Mütəxəssislər gəlinilk seçimi zamanı çox diqqətli olmağı tövsiyə edirlər. Bu tövsiyələrin nəzərə alınmaması isə qadının ən xoşbəxt gününü bərbad etmək üçün yetərlidir. Onların fikrincə, gəlinlik seçməzdən əvvəl bədən quruluşunu yaxşı tanımaq lazımdır.

  • Gəlinlik seçərkən bədən quruluşunuz, xarakteriniz, toyun keçirildiyi məkanı diqqətə alaraq uyğun tərz təyin etməlisiniz.
  • Gəlinlik seçimində bəylə yan-yana dayandığınız zaman boy fərqini və xarici görünüşünüzün uyğunlaşmasını da nəzərə alınmalıdır.
  • Gəlinlik seçimində mövsüm də rol oynayır. Yaz fəslinin gəlinlik paltarları nazik materialdan tikilir. Yay mövsümünün gəlinlik libasları isə nazik və yüngül parçalardan tikilir. Payız mövsümünün gəlinlik paltarları daha romantik effekt bağışlanmalıdır. Qış mövsümün gəlinlik libaslarında isə qalın materiallara üstünlük verilir.
  • Gəlinliyi kataloqdan seçmək ağıllı fikir deyil, mütləq əyninizdə də sınamalısınız.
  • Zərif və uzun boylu gəlinlər qat-qat volanlı ətəklər və iki parçalı gəlinliklər seçə bilərlər.
  • Orta və qısa boylu gəlinlər qabarıq olmayan, yüngül quyruqlu ətək modellərini seçə bilər.
  • Kök gəlin namizədləri qətiyyən beldə qabarıq dayanan gəlinlik donu seçməməlidir. Ətəyin modeli A formasında olmalıdır. Boyu gödək və nisbətən kök xanımların qabarıq kəsimlərdən istifadə etməməsi də məsləhət görülür.
  • Həcmli və böyük sinəli olan gəlinlər açıq, sinə dekolteli gəlinliklərdən uzaq dursalar, yaxşıdır. Aksessuarlar minimum olmalıdır. Gəlinliyi yığıcı büstqalterlə geyinmək lazımdır.
  • Kiçik sinəli gəlinlər sinədə yüngül qabarıq aksessuarlar olan gəlinlik modellərinə müraciət edə bilər. Sinə hissəsini kiçik göstərən gəlinliklərdən və sinənin kiçik olduğunu vurğulayan dərin dekoltelərdən uzaq durmaq lazımdır.
  • Aksessuar seçimində bədən quruluşu nəzərə alınmalıdır. Kök gəlinlər də çiçək seçə bilər, arıq gəlinlər də. Sadəcə gəlinin xarakteri ilə aksessuarların harmoniyasına fikir vermək lazımdır.
  • Son trend gəlinlik seçən gəlin namizədləri aksessuar kimi gəlin paltarlarında quş tükü, kəpənək, dəyişik dizaynda olan broşlardan və öz tərzlərinə uyğun nəsə seçə bilərlər.
  • Ən əsası isə gəlin namizəd seçdiyi gəlinliyə kişiyə vurulduqları kimi aşiq olmalıdır.
  • Nostalgiya hissi doğuran gəlinlikləri almaz və mirvari zinət əşyaları ilə tamamlaya bilərsiniz. Əgər gəlin saçına tac qoyacaqsa, o zaman digər zinət əşyalarının seçimində, xüsusilə, diqqətli olmaq tələb olunur. Bu zaman diqqəti cəlb edəcək kolye, sırğadan uzaq durmaq lazım gəlir.

Gəlinliklə bağlı bəzi inanclarda vardır. Bu inanclara görə, gəlin öz gəlinliyini özü tikməli, bəy toydan əvvəl gəlini gəlinliklə görməməliymiş və gəlinin toydan əvvəl gəlinliyi geyinməsi uğursuzluq gətirərmiş.

Ümumiyyətlə, daha dərindən axtarışlar aparsaq, tarixdə bir çox gəlinlik növlərinin yaradıldığını və istifadə edildiyini görərik. Aşağıdakı fotolardakı gəlinlik modellərini nəzərdən keçirək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm