“Vogue” jurnalının nüfuzlu baş redaktorları – Fotolar
Bizi izləyin

Tabloid.az

“Vogue” jurnalının nüfuzlu baş redaktorları – Fotolar

“Vogue” jurnalının nüfuzlu baş redaktorları – Fotolar

"Modanın İncili" adlanan "Vogue" jurnalı artıq neçə illərdir ki, dəbi sevən insanlara mayak rolunu oynayır, modanı diktə edir, milyonlarla qadına stil ipucları verir. "Vogue" qədim ingilis dilindən tərcümədə "dəb" mənasını verir, lakin indi yalnız "to be on vogue" (dəbdə olmaq), "to come into vogue" (dəbə daxil olmaq) söz birləşmələri formasında işlənir. Jurnalın məqsədi XIX əsrdən bu günə kimi dəbin yenilikləri barədə oxucuları məlumat verməkdir.

Jurnalın 100 illik yubileyinə həsr olunan xüsusi buraxılış

Jurnalın 100 illik yubileyinə həsr olunan xüsusi buraxılış

"Vogue" jurnalının əsası 1892-ci ildə jurnalist Artur Bolduin Turnyur və incəsənət mütəxəssisi Harri Makvikar tərəfindən qoyulub. İllustrasiyalarla zəngin jurnalın ilk buraxılışı cəmi 16 səhifədən ibarət olub. Bir neçə il sonra nəşrin rəhbəri Artur dünyasını dəyişib, dostu Harrinin də jurnala marağı itib.

İlk "Vogue" jurnalı

Bağlanmaq ərəfəsində olan dərgini sahibkar Konde Montroz Nast himayəsinə götürür və jurnalistika təhsili olmayan, ancaq jurnal yaranan gündən orada işləyən Edna Çeyzi "Vogue"-un rəhbəri təyin edir. Məhz zadəgan mühitin insanı olan Çeyz jurnalı "yüksək dairələr üçün" olan nəşrdən "modanın İncili"-nə çevirib. "Dövrümüzün standartlarını mən - Sent-Luisdən olan oğlan və Nyu-Cersili qız Edna Çeyz qoymuşuq. Biz Amerikaya stilin nə olduğunu göstərmişik" - Konde Nast bu sözləri əbəs yerə deməyib. O, mükəmməl sahibkarlıq bacarıqları ilə qısa zaman ərzində jurnala reklam cəlb edib, reklamçıların oxucuların "kəmiyyətinə" deyil, "keyfiyyətinə" üstünlük verdiyini çox tez başa düşüb. Onların dövründə jurnalda paltarlar nümayiş olunur, onları satın almaq təklif edilir, hansı tədbirlərə geyinməyin mümkünlüyü yazılırdı.

Konde Nast

Konde Nast

1909-cu ildə sahibkar "Conde Nast" nəşriyyatını yaradaraq, burada "Vogue", "Vanity Fair" və "Glamour" jurnallarının nəşrinə başlayır. Anxaq Birinci dünya müharibəsi ərəfəsində "Vogue"-un Amerikadan Avropaya daşınmasında problemlər yaranır. Buna görə də, Konde Nast Böyük Britaniyada jurnalın bir versiyasını buraxmağı qərar alır. Müharibədən sonra - 1920-ci ildə isə dərginin fransız versiyası işıq üzü görür, amma Avropa nəşrlərindən heç biri uğur qazana bilmir.

"Vogue" 20-ci illərdə

"Vogue" 30-cu illərdə

"Vogue" tarixinin dönüş nöqtələrindən biri 1960-cı illərdə baş verir: jurnal istiqamətini dəyişərək işgüzar xanımların da marağını cəlb etməyi hədəfləyən yazılar dərc edir. Bu illərdə jurnal moda sənayesinin ən nüfuzlu nəşrinə çevrilir.

"Vogue" 60-cı illərdə

1988-ci ildə Anna Vinturun "Vogue"-un Amerika nəşrinin baş redaktoru seçilməsi ilə jurnalın oxucu kütləsi daha da genişlənməyə başlayır. Vintur modanın təkcə varlı, lyuks həyat yaşayanlara deyil, dəblə maraqlanan hər kəsə aid olduğunu göstərib. Hazırda jurnalın auditoriyası modanı sevən 25-45 yaş arası qadınlar hesab olunur. Hər ay dünyada təxminən 16 milyon insan "Vogue" oxuyur.

"Vogue" 90-cı illərdə

23 ölkədə yayımlanmasına baxmayaraq "Vogue"un ən nüfuzlu nəşrləri Amerika, Böyük Britaniya, Fransa və İtaliyadır. "Böyük dördlük" digər nəşrlərdən fərqli olaraq, hər say üçün eksklüziv materiallar hazırlayır. Digər nəşrlərə də bu materialları təkrarən istifadə etmək haqqı verilir. Hazırda jurnalda dizaynerlər, modellər, aktrisalar və moda dünyasının digər uğurlu simalarının eksklüziv müsahibələrini, kosmetika və parfümeriya sahəsindəki yenilikləri, növbəti mövsümün trendləri, həmçinin səyahətlər, gözəllik və sağlamlıq barədə yazılar oxumaq olar.

Buro 24/7 Azerbaijan "Vogue" jurnalının ən nüfuzlu 5 baş redaktorunu təqdim edir:

Anna Vintur - "Vogue" US
"Vogue" Amerikanın sayca 5-ci baş redaktoru Vintur işgüzarlığı, sərt xarakteri və əzmi ilə seçilir. Gəncliyində "Harper's Bazaar", "New York" jurnallarında işləyib, 4 ilə yaxın "Vogue" Böyük Britaniya nəşrinə rəhbərlik edib. Vinturun moda sənayesindəki yerini ifadə etməyə sözlər yetərsizdir. 2008-ci ildə Britaniya İmperiyası Ordeninə layiq görülüb. Dizaynerlər onsuz kolleksiya buraxmırlar, məşhur brendlər gənc dizaynerlər barədə ondan məsləhət alırlar. Yeri gəlmişkən, Con Qalyanonu "Dior" moda evinin kreativ direktoru edən də məhz Vintur olub. Jurnalda keçirdiyi 26 il ərzində bir çox inqilabi qərarlar verib.

Məsələn, 1988-ci Vintur üz qabığına 50 dollarlıq cırıq cins şalvar və 10 min dollar dəyərində, bahalı daşlarla bəzədilən "Christian Lacroix" imzalı top geyinmiş israilli modeli çıxarıb. Ona qədər heç kim buna cürət etməmişdi. "Əslində, modeli "Christian Lacroix"ə aid kutyur libasda çəkəcəkdik. Ancaq model qız çəkilişdən əvvəl tətilə gedib kökəlmişdi. Paltar onun əynində bərbad görünürdü. Bizim də ağlımıza bahalı bir geyimi adi cinslə uyğunlaşdırmaq ideyası gəldi" - deyə, Vintur hadisəni yada salır.

Aleksandra Şulman - "Vogue" UK
1992-ci ildən "Vogue" Britaniyaya rəhbərlik edən Şulmanın sayəsində jurnalın tirajı əvvəlcə 200 minə, sonra isə bir milyona çatıb. Vintur kimi Şulman da Britaniya İmperiyası Ordeninin sahibidir. 2009-cu ildə redaktor anoreksiyanı təbliğ edən moda evlərinə qarşı "müharibə" elan edib. Onlar arasında "Prada", "Versace", "Yves Saint Laurent" kimi brendlər var idi.

Şulmanın moda evlərinə yazdığı məktubda modellərə qarşı təzyiqdən, ağır iş rejimindən şikayət edilib: "Qızlar özlərinə qarşı böyük təzyiq hiss edirlər. Fotossesiyalara olduqca arıq modellər cəlb olunur. Dizaynerlər nümayişlərə kiçik ölçülü paltarlar gətirirlər. Modellərinsə çıxış yolları yoxdur: ya arıqlayıb o paltarı geyinməlidirlər, ya da "əlvida karyera!". Şulman prinsipial olaraq, bir müddət bu brendlərin paltarları ilə fotossesiyalar etdirməyib.

Emmanuel Alt - "Vogue" France
Karin Roytfeldin 10 illik baş redaktorluğundan sonra 2011-ci ildə post Emmanuel Alta həvalə edilib. Artıq üç ildir ki, jurnal daha az provokasiyaya meyilli və daha çox demokratik olub.

Roytfeldin rəhbərlik etdiyi dövrdə "Vogue" dəb jurnalından çox, art-installasiya kataloqunu xatırladırdı. Lakin hələ ki Alt işinin öhdəsindən yaxşı gəlir. Ən azından o, "Vogue" Fransa nəşri ilə "Balenciaga" moda evinin arasındakı anlaşılmazlığı aradan qaldıra bilib.

Franka Sozzani - "Vogue" Italia

64 yaşlı Sossiani baş redaktorluq fəaliyyətinə 1988-ci ildə başlayıb. Ölkəsində ən azı Vintur qədər nüfuzlu biri hesab olunur. İtalyan dəbinin mühüm ekspertlərindən sayılan Franka BMT-nin xoşməramlı səfiridir, 2012-ci ildə Fransanın Fəxri Legion Ordeninə layiq görülüb.

Həmkarı Şulman kimi o da modellərə olan təzyiqə və ağır iş rejiminə qarşıdır. Buna etiraz olaraq, 2011-ci ilin iyun buraxılışında üz qabığına dolu bədənli Taru Linn, Kendis Xaffin və Robin Loulini çıxarıb.

Kullavit Laosuksri - "Vogue" Thailand
"Vogue" Fransa nəşrinə 30 ilə yaxın rəhbərlik etmiş Mişel de Brünhoff və iki il əvvəl jurnalın Tayland versiyasını buraxmağa başlayan Kullavit Laosuksri istisna olmaqla, dərginin 120 illik tarixində həmişə baş redaktor postlarını qadınlar tutub.

46 yaşlı redaktor ilk buraxılış üçün xüsusi hazırlıqlar görüb; dizayner Filipp Treysiyə qızıl çad tacı (ölkənin ənənəvi aksessuarı) sifariş verib. İlk buraxılış köşklərə veriləndən bir neçə gün sonra tamamilə satılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm