Arvadı öləndən sonra homoseksual olan şair
Bizi izləyin

Tabloid.az

Arvadı öləndən sonra homoseksual olan şair

Lui Araqonun qadını Elza Triolet NƏSRİN HƏSRİ layihəsində

Lui Araqonun qadını Elza Triolet NƏSRİN HƏSRİ layihəsində

Fransız şair Lui Araqon “Xoşbəxt sevgi yoxdur” deyərkən, bəlkə də, sevimli Elzası ilə yaşayacağı məhəbbət macərasının ağrılı sonundan xəbərsiz idi. Uşaqlıq illəri böyük bir yalan üzərində qurulmuş Araqon öz varlığını belə ifadə edirdi: “Bədənim mənim seçmədiyim iki yad insanın birləşməsindən yaranıb”.

Qeyri-qanuni nikahdan doğulan bir uşaq kimi uzun illər anasına “xala” deyən Araqonun həyatındakı bu mənəvi sarsıntılar onun üsyankar ruhda böyüməsində, bəlkə də, ən başlıca səbəblərdən biri idi.

Getdikcə həm ictimai-siyasi, həm də ədəbi fəaliyyəti ilə nüfuz qazanan bu şair haqqında tənqidçilər də yüksək fikirlər səsləndirməyə başlayırlar. Onun haqqında yazılar yazılır, hətta anarxist mövqeyinə görə təzyiqlərə də məruz qalır.

Qadınlarla yaşadığı münasibəti şeir olaraq əbədiləşdirən Luinin həyatında dönüş nöqtəsi aristokrat ingilis ailəsindən olan Nansi adlı şairə ilə yaşadığı münasibət olur. 1928-ci ildə İtaliyaya səyahət edən cütlük Nansinin italyan pianoçuya meyil salmasından sonra ayrılır. Bu ayrılıq Araqona böyük zərbə olur. Hətta o, özünü zəhərləyib intihara cəhd edir. Lakin oteldəki bir homoseksualın köməkliyi ilə sağ qalır. Bundan sonra Araqon öz şeirində “Sevginin üzünə tüpürək!” misralarını yazır.

Lakin elə həmin il də başqa bir şairə Elza Trioletlə tanış olan Araqonun həyat və yaradıcılığında yüksəliş dövrü başlayır. O, Elza ilə tanışlığın əhəmiyyətini ona yazdığı məktubda bu cümlələrlə ifadə edirdi: “Mən dənizin sahilində rəngli daş idim və sən əyilib məni yerdən götürdün”.

Onlar münasibətlərinin ilk illərində maddi çətinliklərlə üzləşirlər. Araqon Elzanın evdə öz əlləri ilə hazırladığı bəzək aksesuarlarını Parisin küçələrində satıb çörəkpulu qazanır. Bu üç illik çətinlikdən sonra Araqon və Elza “kommunist dünya” ideologiyası ilə tanış olurlar və onların həyatında iki qüvvə hakim olur: Utopiya və sevgi.

Araqonun Elzaya yazdığı şeirlər bütövlükdə “Elza Əfsanəsi” olaraq tanınır. O, xüsusən də “Elzanın gözləri” şeirində sevdiyi qadının gözlərinin gözəlliyini belə təsvir edirdi:

Gözlərin elə dərindir ki, su içməyə əyiləndə

Böyük Günəşi orada parlayan gördüm
Orda bütün ümidsizləri gözləyən ölüm
Elə dərindir ki, içində hər şeyi unutdum.

“Xoşbəxt sevgi yoxdur” anlayışı Araqonun demək olar ki, bütün əsərlərində nazik bir xətt kimi keçir. Hətta o, Elzaya yazdığı məktubda bunu belə ifadə edirdi: “Xoşbəxt sevgi yoxdur. Gündəlik qayğılar insanları heç vaxt xoşbəxt olmağa qoymayacaq. Təkcə ideal dünya sistemi qurulandan, xaos və dəhşətlər bitəndən, insanlar bir-birlərinə tam inanandan sonra bu dünyada sevgi yaşamaq olar”.

Şairin Elzaya həsr etdiyi şeirlərdən başqa bir irihəcmli əsəri də var. 1963-cü ildə nəşr olunan “Elzanın Məcnunu” adlı əsər tənqidçilərin təbiri ilə desək, “Leyli və Məcnun” əfsanəsinin XX əsr versiyasıdır. Lakin bu əsərdə Məcnunun dəlicəsinə sevdiyi qadın Leyli yox, Araqonun Elzasıdır. İslamdakı təsəvvüfü və sufi eşq anlayışını mənimsəyən Araqon bu əsərində öz varlığını Tanrıda deyil, sevdiyi qadının ruhunda, onun sevgisində görür. O, Elzaya olan hisslərinin sürreal və metafizik çalarlardan, poetik və əsrarəngiz ruhdan ibarət olduğunu iddia edir.

Əsərdə hadisələr 1489-1492-ci illərdə İspaniyanın Qranada vilayətində cərəyan edir. Bu tarix Xristofor Kolumbun Amerikanı kəşf etməsi ilə eyni vaxta düşür. Əsər şeir, fəlsəfə, tarix olmaqla üç mövzunu əhatə edir Baş qəhrəman Qeys (öz dili ilə desək, Məcnun) Qranada küçələrində Elzanın sevgisindən dəli-divanə olub mahnılar, şeirlər oxuyan bir gəncdir. Araqon Qeysin dili ilə qadını ucaldır, onu Tanrı kimi əlçatmaz bir möhtəşəmliyə çatdırır.

Araqon “Elzanın Məcnunu” əsərini sufilərin Tanrıya öz sevgilərini ifadə etdikləri dilə bənzər bir üslubda yazıb. O, bu əsərdə nəinki Elzanı, hətta daha da irəli gedərək Elzanın varlığında öz mövcudluğunu yaradıb. Əsərin sonunda Məcnunun dilindən XX əsrə aid olan mahnıları oxutduran şair, başdan sona qədər apardığı zamansızlıq parametrlərinə sadiq qalır və şeirlərində dediyi kimi yenə də Elzaya bu öz sevgisini belə etiraf edir:


Elza, sənə böyük bir sirr deyəcəm: Zaman sənsən!

Əsərdə Elzanı ilahiləşdirən Araqon onun öz həyatındakı rolunu belə izah edir:

Qadın kişinin gələcəyidir!

“Elzanın Məcnunu” əsəri Araqon-Elza sevgisini daha da məhşurlaşdırır. Artıq bir çox dərgilər onların məhəbbət macərasından yazmağa başlayır.

Getdikcə nüfuzları artan cütlüyün xoşbəxt günləri 1965-ci ildə sona çatır. Araqonun Elzası xəstələnir. Elzanın öləcəyini hiss etmək Araqon üçün böyük sarsıntı olur. O, “Otaqlar”, “Dayanmış zaman” adlı şeirlərində Elzanın hələ yaşadığı dövrlərdə yazsa da, birbaşa onsuz keçən günlərini təsvir edib. Başqa dillə desək, Araqon Elzanın ölümünü ondan əvvəl yaşamışdı:

Dan yeri söküləndə axtardım səni
və gün doğanda itirdim
Sən heç yerdə deyildin...
Sənsiz bu otaqlar da səhradır mənə
Tərk etdin məni yanımda ola-ola
Məni həm gözlərinlə tərk etdin
həm ürəyinlə, həm xəyallarınla...
Bitməmiş bir cümlə kimi getdin...

1970-ci ilin 16 iyununda Elza vəfat edir. Elzanın ölümündən sonra heç kimi Araqonun bu ağrıya dözə biləcəyinə inanmır. Nansidə olduğu kimi, onun yenə də intihar edəcəyi haqqında söz-söhbətlər dolaşır. Çünki hamı bilirdi ki, Elzasız bir Araqon mövcud deyil. Lakin o, qısa müddət sürən susqunluğu böyük yaradıcılıq dalğası ilə pozur. Dövrünün bir çox yazıçıları haqqında yazılar yazır, üstəlik, qələmini təkcə ədəbiyyatda deyil, musiqi və kino sahəsində sınayır. Elzanın ölümündən sonra Araqonu tanımaq olmur. Onun davranışları, geyim tərzi dəyişir, getdikcə, homoseksuallığa meyil edir. Ölməkdən və unudulmaqdan qorxan şair 1982-ci ilin dekabrında Elzanın olmadığı bu dünyanı tərk edir.

Elzanın təkcə Araqonun həyat yoldaşı kimi deyil, şair kimi də nüfuzu var idi. Hələ o vaxt bir çox mükafatlar alan Elza Trioletin əsərləri dünyanın bir çox dillərinə çevrilmişdi. Böyük rus şairi Mayakovski ilə aralarındakı dostluq münasibətləri Elzanın ədəbi çevrələrdə nüfuzunu daha da artırmışdı. (mənbələrdə onların arasında keçən qısa müddətli məhəbbət macərasından da bəhs edilir) Bütün uğurlara və parlaq yaradıcılığa baxmayaraq, hər kəs Elzanı “Araqonun Elzası” kimi xatırlayır.

1937.az
Oxumağa davam et
Reklam
Reklam

Gündəm