• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Natəvan Həbibi: “Fəxr edirəm ki, bunu heç kəs bilmir” - Fotolar

Natəvan Həbibi: “Fəxr edirəm ki, bunu heç kəs bilmir” - Fotolar

Yayın bu cırhacırında, hamın məzuniyyətdə olduğu bir vaxtda özümə maraqlı müsahib axtarırdım. Amma inanmırdım ki, payıza qədər ürəyim istədiyi biri ilə oturub doyunca söhbət etmək qismət olsun. Yayda çoxu xarici ölkələrdə, ya da rayonlarda istirahətdə olduğuna görə, onları müsahibəyə razı salmaq müşkül olur. Yol gedə-gedə bu fikirlərə dalmışdım ki, telefonuma “Facebook”-dan bildiriş gəldi. Bir neçə müddətdir cavabını gözlədiyim Natəvan Həbibi müsahibəyə razı olmuşdu. Ona verəcəyim suallarım hazır olduğuna və nələr haqqında danışmaq istədiyimi artıq müəyyənləşdirdiyim üçün səhər həvəslə müsahibəyə yollandıq. “Kokteyl” layihəsinin bu həftəki qonağı da elə Natəvan Həbibi oldu.

- Birinci istərdim, mayda baş tutan solo konsertiniz haqqında danışaq. Konsertdə insanların sevgisini hiss edə və onlara öz enerjinizi ötürə bildinizmi?

- Bu, böyük səhnədə baş tutan ilk solo konsertim idi. Zaldakı insanların hamısının mənə və mənim mahnılarıma görə gəldiyini bilmək ifadə olunmaz hisslərdir. İlk mahnıda içim tir-tir əsirdi, bir balaca şokda idim. Mahnını oxuya-oxuya bunu düşünürdüm: “Yəni, salondakı insanların hamısı mənə görə gəlib?” (səsi titrədi, - red.) Onların heç biri mənim oxumaq qabiliyyətimi yoxlamaq, fors-major halların baş verib-verməyəcəyini bilmək üçün gəlməmişdilər. Sırf məni sevdikləri və dəstək olmaq istədikləri üçün gəldiyini duyurdum. Konsert salonunda həqiqətən də müsbət və xoş aura var idi. Bu sevgini hiss etdiyim üçün öz enerjimi onlara da ötürə və tamaşaçıları yetəri qədər əyləndirə bildim. Uzun müddət topladığım emosiyaları həmin gün yaxşı mənada xərcləyə bildim.

- Artıq neçə ildir ki, musiqi ilə məşğul olan peşəkar bir ifaçısınız. Sizcə, ifaçıların toy müğənnisi olmaqdan çıxıb böyük səhnələrə çıxması üçün münbit mühit formalaşmayıb?

- Əslində bu çox çətin məsələdir və müğənninin özündən asılı deyil. Sovet vaxtında dövlət müğənniləri səfərlərə göndərdiyi üçün o dövrün sənətçiləri müəyyən mənada daha çox tanınırdı. Müğənni özü təkbaşına başqa ölkələrdə tanına bilməz, yüksək uğurlara nail ola bilməz, bunun üçün çoxlu pul tələb olunur. Şou-biznesi inkişaf edən ölkədə ilk addımlarını atmaq üçün müğənniyə minimum 1 milyon avro tələb olunur. Məncə, yaxın zamanda bunu görə bilməyəcəyik, bizim müğənnilərimiz bu qədər pul qazana bilmir ki, onu hansısa layihəyə yatırsın. Ümid ancaq irihəcmli layihələrdə iştirak etməyə, dünyada tanınan bəstəkarlar və musiqi şirkətləri ilə işləməyə qalır. Həm də oradakı şərtlərlə razılaşmaq məsələsi var. Maks Fadeyevin mənə çalışmaq üçün göndərdiyi müqavilənin şərtləri də çox qəliz idi.

- Nə mənada qəliz?

- Bu şərtləri açıqlamağa mənim hüquqi haqqım yoxdur. Bizdə heç bir müğənni bu şərtlərlə yaşamayıb. Burda qazandıqlarından sonra o qaydalara razılaşmaq bir növ riskdir. Azadlığın məhdudlaşdırılır, hətta ailəndən də keçməlisən, çox şeyləri itirə bilərsən. Mən ailə məsuliyyətini çiyinlərimdə daşıdığım, onlara görə yaşadığım üçün buna getməyə qorxdum. Səhnəyə görə, onları tək qoya bilmərəm.

- Türkmənistanda boya-başa çatsanız da, oraya neçə illərdən sonra səfər etdiniz. Niyə bu illər ərzində heç getməmişdiniz? Xoşagəlməz xatirələriniz var idi?

- Uşaqlığım Türkmənistanda keçib, orda mənim xatirələrim yatır. Necə ola bilər ki, xoşagəlməz olsun. Yola düşəndə yenidən həmin yerləri görə bilmək qismət olduğu üçün ürəyim tir-tir əsirdi. Çox sevə-sevə getdim. Sadəcə iş prosesi gərgin idi, həm də Türkmənistan qapalı ölkə olduğundan viza məsələləri çətin başa gəlir. Bu dəfə nazirlik xətti ilə getdiyimiz üçün çox asan oldu.

“Yaxın olan insanlar çox böyük-böyük səhvlər buraxırlar”

- Orada qohumlarınız var?

- Qohumlarımız çoxdur. Hazırda anam da orda dincəlir.

- Kənardan baxanda çox ciddi görünürsünüz. Bu qədər ciddi olmaq həyatınızı çətinləşdirmir ki?

- Mən obraz yaratmamışam, necə varamsa, elə də görünürəm. Bu xarakterimə görə bəziləri mənim ifritə, yaxud kobud olduğumu düşünə bilərlər. Sadəcə insanları özümə yaxın buraxmıram. Vaxtı ikən yaxın olan insanlar bundan sui-istifadə edib çox böyük-böyük səhvlər buraxırlar.

- Bəlkə günah sizdədir, siz yaxşı dost seçə bilməmisiniz?

- Yox, vəfalı insanlar az olsa da, yaxşı dostlarım var. Sənət dünyasında isə sadiqlik, inam problemi hökm sürür. Düşündüyümü hər dəfə üzə dediyi üçün bəzən belə hallarla qarşılaşıram. Bu cür hadisələrlə nə qədər tez rastlaşsam, bir o qədər sevindiricir.

- Niyə?

- Çünki həmin insanın əsl kimliyi daha tez üzə çıxır, onunla necə rəftar etməli olduğunu dəqiqləşdirirsən. Buna baxmayaraq, düşüncələrimi, həyata baxışımı heç vaxt dəyişməmişəm.

- Nankorluqla tez-tez qarşılamısınız?

- Çox.

- Nankor insanlara nə demək istərdiniz?

- Mən onları ciddi qəbul etmirəm. Onların zərbələri mənə böyük ağrı, yaxud əziyyət verə bilməz. Onlar ətraf idi, dostlar deyildi.

“İstər-istəməz gözümdən yaş axır”

- Əslində, nankor və riyakar insanları bağışlamaq üçün böyük ürəyə sahib olmalısan. Siz necə böyüklük edib onları bağışlaya bilirsiniz?

- Haqqımda kobud olduğumu desələr də, əslində mən ürəyi kövrək və həssas insanam. Televizorda vəziyyəti pis olan bir insan görəndə, yaxud yolda kasıb bir kişini, yoxsul uşaqları görəndə kövrəlib ağlaya bilərəm. Eyni zamanda, məni istəməyən bir insanın hansısa çətinliyini eşitsəm, evdə özümə yer tapa bilmirəm. Özümü onun yerinə qoyuram, istər-istəməz gözümdən yaş axır.

- Axırıncı dəfə nə vaxt ağlamısınız?

- Axırıncı dəfə dünən ağlamışam.

- Səbəb nə idi?

- Çox pis əsəbiləşmişdim.

- Sizi belə hallarda kim sakitləşdirir?

- Əzizlərim, yaxınlarım, Rolandla, Aysel sakitləşdirməyə çalışırlar.

- Natəvan Həbibinin ruhunun vitamini nədir?

- Musiqi və dadlı yemək. Ac olmaya bilərəm, o yeməyi yeməyə də bilərəm, amma gözlərim o gözəlliyi görəndə əhvalım dərhal düzəlir. Rəsm əsərlərinin necə yaranmasına aid videolara, yaxud komediya janrında maraqlı kinolara baxıram. Ümumiyyətlə, gözəllik aşiqiyəm. İnternetdə gözəl şəkillər axtarıram, saç düzümü, makiyaj dərslərinə baxıram, gözəl qadınların stillərini araşdırıram.

- Makiyaj etməyi öyrənə bilirsiniz?

- Çox yaxşı bacarıram.

“Kişi pulu qazanmağı və pulu xərcləməyi bilməlidir. Həmçinin sadiq və vəfalı olmalıdır”

- Bəs yaraşıqlı kişilərin fotoları sizi heç cəlb etmir?

- Yaraşıqlı kişi anlayışı mənə çatmır. Kişi xeylağı gözəl olmamalıdır. O, baxımlı, zövqlü, savadlı, ağıllı olmalıdır. Kişi pulu qazanmağı və pulu xərcləməyi bilməlidir. Həmçinin sadiq və vəfalı olmalıdır.

- Saydığınız xüsusiyyətlərin hamısı bir kişidə cəmlənə bilər? Ümumiyyətlə, belə bir kişi tipi var?

- Var, əlbəttə, var. Hələ yaxşı oğlanlar qalıb...

- Qadının ən böyük cavahiratı nədir?

- Məncə, ağlı. Nə qədər ağıllı olsan da, nə qədər savadlı olsan da, qarşı tərəfi özündən həmişə üstün tutmalısan. Hətta içində bunu hiss etməsən də, evdə ikinci dərəcəli olduğunu göstərməli, evdə kişinin sözünün keçdiyini, lider olduğunu qəbul etməlisən.

- Kişilər də axı hər zaman haqlı ola bilməz.

- Bax mən də elə bunu nəzərdə tuturdum. Yəni, münasibətləri elə qurmalısan ki, kişi səhvini özü başa düşməlidir. Kişinin səhvini üzünə vurmaq olmaz. Əks halda bezib gedəcək və münasibətlər bitəcək. Qadın kişini məsələyə başqa prizmadan baxmağa yönəltməlidir. Vəssalam.

“Sevgidən yaranan hisslərə biz necə şeytan əməli deyə bilərik? ”

- Qısqanclığa şeytan əməli deyə bilərik?

- Sevgidən yaranan hisslərə biz necə şeytan əməli deyə bilərik?

- Çünki münasibətlərin çoxu məhz qısqanclıq üzündən bitir.

- İnsanın müstəqilliyini əlindən alan, onu həyatını məhv edən, boğan qisqanclıqdan danışmıram. Bu cür qısqanclıq, eqoistlikdir, xəstəlikdir. Həmin insanlar özündən başqa kimisə sevmək qabiliyyətinə malik deyil. Sadəcə hər şeyin ona məxsus olmasını istəyir. Bu isə sevgi deyil.

“Pul olmayanda sevgi çox yaşamır”

- İnsanı pul, yoxsa sevgi daha çox xoşbəxt edir?

- Saf, təmiz və pulun əhəmiyyət kəsb etmədiyi sevgilər az olsa da, mövcuddur. Amma pulun hamını maraqlandırdığını dana bilmərik. Pulun olduğu sevgi daha uzunömürlü olur. Sevgi elə bir hissdir ki, insanlar həyatdan zövq almaq, birlikdə əylənmək istəyirlər, dünyanı səyahət etmək istəyirlər. Etiraf edək ki, pul olmayanda sevgi çox yaşamır.

- Uğrunda fədakarlıq etdiyiniz insanlardan qarşılığını ala bilirsiniz?

- Bəli. Bu suala yox desəm, onda mən düzgün yaşamamışam. Mənə görə, kimsə nədənsə keçmirsə, bu, o deməkdir ki, buna layiq olmamışam. Diqqət içində yaşayan insanam. Həm əzizlərim, həm yaxınlarım tərəfindən, həm dostlarım. Həm də musiqimi sevən insanlardan fədakarlıq görürəm.

- Həyatınızda dəyişmək istəyib də, amma dəyişə bilmədiyiniz nədir?

- Əhvalımın pis olduğu bir vaxtda danışsaydıq, bu suala başqa cür cavab verərdim. Bəlkə də müğənni olmaq istəmədiyimi deyərdim. Naşükür olmaq istəmirəm, yaşadığım həyatdan, başına gələnlərdən razıyam. Bu, düzgün deyil, çünki biz başımıza gələn hadisələrdən dərs alırıq, həyat təcrübəsi yığırıq, müdrikləşirik. Heç kimə də həyatdan naşükürlük etməyi məsləhət görmürəm.

- İnsanlar sizin haqqınızda nəyi yanlış bilir?

- Son zamanlar mənim milliyyətim haqqında yayılan məlumatlara inanan varsa, deməli, onu yanlış bilirlər.

- Niyə kənardan bəzi həmkarlarınızın sizin uğurlarınızı həzm etmədiyi kimi görünür?

- Bu, mənim problemim deyil. Sənətçiləri az-çox tanıyan insanlar bundan nəticə çıxarıb kimin haqlı, kimin haqsız olduğunu yaxşı bilir.

Digər fakt da var ki, bəzi insanlar məni özündənrazı, kobud kimi tanıyırlar. Onların mehriban zənn etdikləri insanları qat-qat yaxşı tanıdığım üçün daha mehriban və həssas olduğumu deyə bilərəm. Sadəcə insanları olduğu kimi qəbul edə bilmirlər. İnsanları həyatıma dərhal yaxın buraxsam, uçuruma gedərəm. Çünki sənin ən zəif damarını tutan kimi bundan istifadə edir, ayağının altını qazırlar.

- Dekoltenin həddini bilən xanım olduğunuz geyimlərinizdən hiss olunur. Niyə çox vaxt qapalı paltarlar geyinirsiniz? Bu qapalı olan daxili dünyanızdan qaynaqlanır?

- Əlbəttə. 7-8 il bundan qabaq özümə açıq geyinməyi icazə verirdimsə, indi diqqət edirəm. Böyümüşəm, 15-18 yaşlı qız kimi geyinə bilmərəm. Yaşıma uyğun addım atmağı xoşlayıram. Yaşını gizlədən, olduğundan qat-qat cavan görünmək istəyən, üzündəki qırışları tamamilə gizlədən qadınları anlamıram. Estetik əməliyyat etdirdiyini anlamaq olar, amma hərəkətlərini də nəzərə almalısan. Siman cavan olsa da, daxilən böyüməlisən, danışıq tərzin, özünü aparmağın yaşını büruzə verməlidir. Ən əsası da geyim tərzini yaşına görə, bədən quruluşuna görə, müəyyənləşdirməlisən. Təəssüflər olsun ki, xanımların çoxu biabırçılıqla cazibədarlığı səhv salır. Bədənin hər yerini eyni anda nümayiş etdirmək olmaz. Dekolte həddində olmalıdır.

İndi elə bir fikir formalaşıb ki, konsert verən müğənni səhnəyə mütləq “kupalnikdə” çıxmalıdır. Rihanna və Beyons dünya miqyaslı müğənni, həmçinin dini və adət-ənənələri başqa olduğuna görə, səhnədə istədiyi kostyumda çıxa bilərlər. Amma biz Azərbaycanda və müsəlman ölkəsində yaşayırıq. Kimsə səhnəyə açıq geyimdə çıxırsa, bu o demək deyil ki, hamı onun kimi etməlidir. Konsertdə mənim niyə qapalı geyinməyimlə bağlı suallar verəndə çox təəccübləndim. Özümü səhnədə o geyimdə təsəvvür edə bilmirəm, yad bir kişinin mənə başqa gözlə baxmasını xoşlamıram. İnsanlar mənə ancaq müğənni kimi baxmalıdır. Bu sözlərimi oxuyub köhnə şəkillərimi misallar gətirə bilərlər. İnsanlar başa düşmür ki, yaş artdıqca sənin əməllərin, hərəkətlərin də dəyişməlidir. Fikirlərin dəyişməsə, inkişafdan da söz gedə bilməz. Neçə il əvvəl qırmızı paltarda dəniz kənarında klip çəkdirməyim söz-söhbət yaratmışdı. Halbuki, çimərlikdə hamı kupalnikdə gəzir və həmin klipdə də kupalnik geyinməli idim. Amma mən o yaşda da, bu səhvə yol verməmişdim.

- Hazırda Allahdan nə arzu edirsiniz?

- Allahdan hər gün səbir, güc və günahlarımızın bağışlanmasını arzu edirəm. İnsanın səbri və gücü tükənəndə nə yaşaya bilir, nə sevə bilir, nə da işləyə bilir. Səbir olmalıdır ki, o gücü lazımlı yerə sərf edə biləsən. Bir də yaxınlarımı hər zaman yanımda olmasını arzu edirəm.

"O insandan ötrü ağlamağa dəyməz”

- Nəzərdən necə qorunursunuz?

- Çox tez nəzərə gəlirəm. Evə gələn kimi anam başımdan duz çevirir, üzərlik yandırır. Yenə də heç bir təsiri olmur. Çünki başım dəhşətli dərəcədə ağrıyır. Baş ağrısından xilas olmaq üçün mütləq dərman atmalıyam.

- Ayrılıq ağrısından xilas olmaq üçün nə etmək lazımdır?

- Ayrılmamaq. (gülürük – red.) Əgər ayrılandan sonra depressiyaya düşəcəksənsə, ən yaxşı variant ayrılmamaqdır. Yox, əgər səndən ayrılırlarsa, o insandan ötrü ağlamağa dəyməz. Əgər o, səni qoyub gedibsə, bu hərəkəti sənə dəyər vermədiyini göstərir. Əgər sizi ayırıblarsa, bu da Allahın yazdığı bir taledir. Deməli, o sənin qismətin deyilmiş. İnsan özü-özünə kömək etməlidir. Özünə qapanıb ağlamaqla heç nə düzəlmir. Nə qədər pis fikirlər düşünsə, o sənin həyatına təsir edəcək. Çünki sənin həyatın düşüncələrindən asılıdır. Hər pis hadisəyə müsbət tərəfdən baxmağı bacarmalısan.

- Kitablarla aranız necədir? Ümumiyyətlə, hansı mövzuda yazılan kitablar sizə daha maraqlı gəlir və nə üçün?

- Vaxtı ilə kitab çox oxumuşam. Amma adlarını sadalaya bilmərəm.

- Mən təxmin edim?

- Ən sevdiyim kitabı təxmin edə bilməzsiniz. Yaxşı, deyin.

“Mən iki ildir ki, “Quran” kitabını bitirib, yenidən təkrar oxuyuram”

- Nədənsə mənə belə gəlir ki, ya Tolstoy, ya da Dosteyevskidir.

- Yox. Onlar insan əli ilə yazılan psixoloji cəhətdən gözəl və analitik kitablardır. Hər şeyin sirri öyrənmək istəyirsənsə, “Quran”ı oxumalısan. Mən iki ildir ki, “Quran”ı bitirib, yenidən təkrar oxuyuram. Əgər doğurdanda özünü tapmaq istəyirsənsə və bütün sualların cavabını bilmək istəyirsənsə, o kitabı oxumalısan. “Quran”da hər şey yazılıb.

“Mən sevirəm, mən sevilirəm, hər şey əladır!”

- Natəvan Həbinin ürəyində boşluq var?

- Yox, istəsəm də ola bilməz. Mən sevirəm, mən sevilirəm, hər şey əladır! Qalan mövzular mənə aid olan məsələlərdir. Elə məqamlar var ki, onu çox az adam bilir və mən fəxr edirəm ki, şəxsi həyatımı mətbuatdan gizli saxlaya bilmişəm. Qismət olsa, nə vaxtsa açıqlayaram...

- Bir jurnalist sizi neçə saat sorğu suala tutmalıdır ki, əsl Natəvan Həbibi üzə çıxsın?

- Sən ilk dəqiqədən əsl Natəvan Həbibi ilə tanış ola bildin. Şəxsi həyatımla bağlı nələrisə açıqlamıramsa, bu o demək deyil ki, mən özümü gizlədirəm. Əsla! Sadəcə özümə məxsus olan məsələlər tamaşaçıya maraqlı olmamalıdır. Qalan məsələlərdə də mən heç vaxt tamaşaçıya rol oynamıram, başqa bir obraza bürünməmişəm, riyakarlıq etməmişəm. Hamı ilə olduğum kimi davranmışam...

Foto: Elçin Murad

Xəbər lenti

DAHA ÇOX XƏBƏR