Kosmetika bazarında bomba effekti verən məhsul
Bizi izləyin

Tabloid.az

Kosmetika bazarında bomba effekti verən məhsul

Kosmetika bazarında bomba effekti verən məhsul

Hazırda dünyanın ən çox gəlirli sahələrindən biri də gözəllik sektorudur. Təsadüfi deyil ki, kosmetika şirkətləri gözəllik və dəriyə qulluq kremlərinin sayını günü-gündən artıraraq qadınların cavan və gənc görünmək arzusunu reallaşdırmağa can atırlar. Kosmetika sahəsində bomba təsiri yaradan BB kremləri də son zamanlar qadınlar arasında yaman dəbə minib. Bəs bu BB kremləri nədir? BB kremlərinin hər hansı zərərləri varmı? Makiyaj üçün düzgün BB kremlərini necə seçmək lazımdır?

Tabloid.az-ın “Moda inqilabları” layihəsi çərçivəsində BB kremləri haqqında hər şeyi biləcəksiniz.

BB-кremləri xanımların gözəllik ətaləti haqqında təsəvvürləri dəyişdirəcək yeni məxfi silahlardır. Bu kremləri adətən üzündə qüsurları olan xanımlar alsa da, BB kremlər üzə sadəcə estetik gözəllik verməklə kifayətlənmir. O, həmçinin dərinin sağlam qalmasına kömək edir. BB kremləri ilk dəfə Almaniyada bir dermatoloq tərəfindən məlhəm kimi hazırlanıb, lakin Asiyada, xüsusən də Şimali Koreyada daha çox yayılır. Sonralar bu kremin tərkibi daha da inkişaf etdirilərək kosmetika sahəsinə bomba kimi düşür. Hazırda isə dünyanın bütün ölkələrində ildırım sürəti ilə satılır.

BB kremlərinin Koreya başda olmaqla, Asiya ölkələrində geniş yayıldığına görə, onun koreyalılar tərəfindən yaradıldığı güman edilir. BB-kremləri sarsıdıcı məşhurluğu Asiyada qazandığına baxmayaraq, onlar ilk dəfə 1950-ci ildə Almaniyada istehsal olunub. Əla müdafiə keyfiyyətlərinə və dəridəki bütün nöqsanların və kosmetik manipulyasiyaların izlərini gizlədəcək örtüyü sayəsində bu məhsul alman dermatoloqları tərəfindən müxtəlif cərrahi müdaxilələrdən və lazer proseduralarından qalan çapıq və tikiş yerlərini gizlətmək üçün istifadə olunurdu.

BB abbreviaturu Blemish Balm kimi şərh olunur, bunun da hərfi mənası “qüsurları aradan qaldıran balzam” deməkdir. Asiya kosmetoloqları bu gözəl kosmetik vasitə ideyasını o qədər bəyənirlər ki, onlar kremin formulasını mükəmməlləşdirmək məqsədi ilə ona "anti-age" - yəni gec yaşlanma komponentlərini əlavə edirlər. Bu komponentlərin demək olar ki, hamısı təbiidir.

Nəticədə dünyada dəriyə daxili parıltı verən vasitə kimi tanınan bir məhsul alınır. Asiya kosmetoloqlarının bu uğuru Avropanın kosmetik firmalarını öz variantını istehsal etməyə məcbur edir. Beləliklə də, dar profil istifadəsi üçün nəzərdə tutulmuş məhsul dünyanın ən tələb olunan tonal əsaslı kreminə çevrilir.

Asiyalılar dərilərinı qorumaq üçün illərdir ki, bu kremlərdən istifadə edirlər və dərilərinin qüsursuz olmasını BB kremlərinə borcludurlar. BB kremləri həm nəmləndirici, həm də müalicəvi xüsusiyyətlərə malikdir. Bundan başqa, dərini qidalandırır. Üstəlik, gecə yatmazdan əvvəl təmizləməyi unutsanız da, dəriyə zərər vermir.

BB kremlərinin tərkibi nədən ibarətdir?

BB krem = qırışları örtən və azaldan + günəş qoruyucu, sızanaqları örtən + ləkələri gizlədən + təbii qapadıcı + güclü qidalandırıcı və nəmləndirici + parlaqlıq verici kimi mükəmməl xüsusiyyətlərə malikdir. Bu xüsusiyyətlərin hamısı bir yerdə toplandığı üçün ona "All in one” kremləri də deyilir. Yəni, hamısı bir yerdə.

BB kremlərin özəllikləri mənsub olduqları markalara görə dəyişsə də, onların faydalarını bu şəkildə sıralamaq olar:

Dərini 24 saat nəmləndirir.

Kremin tərkibində olan mineral çəkildiyi anda piqment ləkələrinin tonunu dəyişdirir. Dəridəki cizgiləri və incə qırışları gizlədir. Tərkibindəki C vitamini sayəsində dəriyə təravət və parlaqlıq bəxş edir. 15 faktorlu qoruyucu xüsusiyyəti ilə dərini günəşin mənfi zərərindən qoruyur.

Zərərləri nədir?

Günəş şüaları dərinin yaşlanmasını sürətləndirir. Lakin BB kremlərinin bu qədər faydasını görüb aldanmaq lazım deyil. Hər nə qədər faydalı və mükəmməl xüsusiyyətləri olsa da, nəticə etibarı ilə BB kremləri rəngli nəmləndiricidir. Bu baxımdan BB kremləri əsl nəmləndiricinin yerini verə bilməz. Yaşlanmanın qarşısını almaq üçün hədsiz isti günlərdə hər gün evdən çıxmazdan əvvəl günəş qoruyucu krem çəkməyi unutmayın.

BB-krem gəlinlər üçün daha aktualdır. Çünki toy qabağı xanımların üz dərilərinə qulluq etməyə vaxtı olmur, bu krem vasitəsi ilə isə onlar dəridəki bütün qüsurları bir neçə dəqiqə ərzində gizlədə bilərlər.

BB kremlərini necə seçməli?

Ən yaxşı BB krem - dəridə istədiyiniz effekti verəndir. Sizə uyğun olanı tapmaq üçün bir neçəsini sınaqdan keçirməli olacaqsınız. BB krem kremləri seçərkən təkcə dəridə sınaqdan keçirməyin, onun tərkibindəki komponentləri oxumaq üçün xüsusi vaxt ayırın. Tərkibində slikon maddəsinin olmamasına diqqət edin. Əgər slikon varsa, onu tez-tez istifadə etməyin, ya da makiyajı silməzdən əvvəl üzünüzü təmiz-təmiz yuyun.

BB kremlərini necə istifadə etməli?

BB kremlərini çəkməzdən əvvəl üz təmiz olmalıdır. Daha sonra üzü nəmləndirin və 10 dəqiqə gözləyin. Krem dəriyə hopduqdan sonra tonal əsaslı BB kremlərini yavaş-yavaş üzə çəkməyə başlayın. İstəsəniz üstündən kirşan da vura bilərsiniz. BB kremlər əllə, fırça ilə və ya süngərlə də üzə vurula bilər. Ancaq BB kremlərin əllə vurulması məsləhətdir. Çünki fırça və ya makyaj süngəri BB kremin onsuz da az olan qapadıcılıq xüsusiyyətini azalda bilər.

BB kremlərini üzdən necə təmizləməli?

BB kremlərini tərkibində hidrofilik yağı olan təmizləyicilərlə təmizləmək lazımdır. Su ilə yusanız, üzdə emusiya effekti verəcək. Digər vasitələr isə dəri məsamələrini təmizləmək xüsusiyyətinə malik olmadığı üçün orada çirk yığılacaq.

BB kremləri neçə növə bölünür?

BB-kremlərin rəng çalarlarının azlığına baxmayaraq, narahatçılığa heç bir səbəb yoxdur: bu kremlərin dərinin təbii rənginə uyğunlaşmaq kimi möcüzəvi xüsusiyyəti var. BB kremləri tonal kremlərdən fərqli olaraq rəng çeşidinin az olması ilə fərqlənir. BB kremlərini yağlı və normal dəri tipinə görə 2 yerə bölünür, rəng çeşidinə görə 2 ya 3 növdən ibarətdir. BB kremləri dəri rəngi ilə uyğunlaşaraq oksidləşmə xüsusiyyətinə malikdirlər.

Kosmetoloqlar ən yaxşı BB-kremlərini bu cür sıralayır:

Kosmetoloqlar "Garnier", "Yves Saint Laurent", "Lancome", "Estee Lauder", "Maybelline", "Dior", "Missha", "Clinique", "Rimmel", "Body Shop", "Physicians Formula", "Loreal" "Smashbox" kosmetika şirkətlərinin buraxdığı BB kremlərini daha çox tövsiyə edirlər.

BB kremləri ilə tonal kremlər arasında hansı fərqlər var?

BB kremlər tonal kremlər kimi dəridə qalın qat yaratmır, üzdə ağırlıq hiss edilməsinə səbəb olmur. Çünki tərkibindəki nəmləndirici ilə dəriyə rahatca uyğunlaşır və hopur. BB kremlər dəridəki qara nöqtələri, qırmızı ləkələri və ya günəş şüasından yaranan ləkələri, eləcə də rəng fərqləri kimi gözəlliyinizə kölgə salan problemləri aradan qaldırır. Qalıcı xüsusiyyətə malik olduğu üçün makiyajı gün ərzində bir neçə dəfə təzələməyə və yeniləməyə ehtiyac qalmır. Hətta gecə makiyajı təmizləmədən yatmaq belə mümkündür.

BB kremlər adətən tonal kremlərə alternativ olaraq istifadə edilir. Lakin tonal kremlərdə olan örtücülük(qapadıcılıq) bu kremlərdə yoxdur. Əgər üzünüzdə qüsurlar kifayət qədər azdırsa və ya heç yoxdursa, onda tonal krem kimi ağır bir vasitənin yerinə BB krem istifadə etməyiniz məsləhət görülür. Xüsusən də gündəlik istifadə üçün BB kremlər daha uyğundur.

Eyni zamanda bir rəngli nəmləndiricilər kateqoriyası da var ki, onları da BB kremlərə aid etmək mümkündür.

CC kremləri nədir?

BB kremlərin bu qədər populyarlıq əldə etməsindən sonra kosmetika bazarında CC kremlər peyda olur. Ancaq onu deyim ki, CC kremlər BB kremlər qədər populyar ola bilmir. CC kremin adı “Color correcting”-dən gəlir. Adından göründüyü kimi CC kremlər dəridəki rəng fərqini düzləşdirməyi vəd edirlər. Koreyada CC kremlərin alıcıları daha çoxdur.

CC kremlər də BB kremlər kimi dərini nəmləndirir. Yəni, tərkib baxımdan oxşardırlar. Ancaq CC kremlərin qapadıcılıq qabiliyyəti BB kremlərdəkindən daha çoxdur. Əgər dəriniz sızanaqlara meyllidirsə, yaxud solğun, qızarmış, ya da üzünüzdə tünd ləkələr varsa, CC kremlərinə üstünlük verməlisiniz. Dolayısı ilə CC kremləri problemli və yağlı dərilər üçün nəzərdə tutulub. Bu krem təkcə dərini nəmləndirmir, eyni zamanda, ləkələri qapayır. Rəng bərabərsizliyi olan dərilərin Günəşə həssaslığı çox olduğu üçün CC kremlər özündə daha yüksək SPF ehtiva edir. CC kremlər dəriyə parlaqlıq verir. CC kremləri tonal kremlərin altına baza (primer) olaraq da, tək başına da istifadə edə bilərsiniz. Ən yaxşı CC kremlər "Clinique" və "Chanel" markalarının CC kremləri hesab olunur.

BB və CC kremlər demək olar ki, eyni məqsədi və funksiyanı yerinə yetirirlər. Kosmetoloqlar iddia edir ki, CC kremləri əslində, sadəcə bazar və satış məqsədi ilə çıxarılan bir məhsuldur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm