Bu gecədən etibarən sənsiz yaşamağa öyrəşməliyəm...
Bizi izləyin

Tabloid.az

Bu gecədən etibarən sənsiz yaşamağa öyrəşməliyəm...

Bu gecədən etibarən sənsiz yaşamağa öyrəşməliyəm...

Bu gecədən etibarən sənsiz yaşamağa öyrəşməliyəm...

Son aylar mənim üçün – italyan musiqisini sevən hər kəs üçün əsl bayram ayları oldu… Dekabr - Toto Kutunyo, Albano, Rikkardo Foli və digər ulduzların iştirak etdiyi “San Remo Ulduzları”-nın konserti, növbəti ay əfsanəvi bəstəkar Ennio Morrikonenin konserti… və fevral…

Heydər Əliyev Mərkəzində yüksək səviyyədə təşkil olunmuş növbəti konsert italiyalı lirik tenor Alessandro Safinanın konserti oldu.

Əlli yaşlı (buna inanmaq çətindir...) hündür, yaraşıqlı ifaçı səhnəyə çıxır və Viktor Babarıkinin dirijorluğu ilə Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti altında - “oxuduğum məhəbbət əbədiyyətın səhifələridir” kimi sözlərin yer aldığı möhtəşəm “Incanto” mahnısını ifa edir...

- Təəssüf ki, sizin gözəl dildə danışa bilmirəm – deyə Alessandro italyan aksentli ingiliscəsində söyləyir və beləliklə, sehrli musiqi gecəsi başlayır...


Konsert ərzində italiyalı ifaçı hər növbəti mahnısı barədə dinləyicilərə qısa məlumat verir, bununla bərabər, gülümsəməyi də unutmurdu və bu təbəssümü, gözəl səsi ilə konsert iştirakçılarının qəlbini fəth edirdi...

Zövqlü dinləyici öz növbəsində Safinanın hər ifasını alqışları ilə dəyərləndirirdi.

Alessandro Safinanın ifasında məşhur “La neva va”, “Besame mucho”, “Guarda che luna” (Bu gecədən etibarən sənsiz yaşamağa öyrəşməliyəm...) , “Il mondo”, “Venezia al tramonto” , “Al Di la” və digər parçaları dinləmək əsl zövq idi. Həmişəgənc italiyalı öz fərqli ifa tərzi ilə onlara yeni rəng, yeni ruh qatmışdı...

Tenorun məşhur “Luna” mahnısını isə tamaşaçılar izdihamlı alqışlarla qarşıladı... Safinanı məhz 1999-cu ildə işıq üzü görən “Insieme A Te” albomundakı “Luna” mahnısı bütün dünyada məşhur etmişdi...

Alessandro Safina, həmçinin, onun repertuarında ən çox sevdiyim "Canzone per te" mahnısını da ifa edir...

Konsert zamanı ifaçı iki dəfə tamaşaçıları orkestrlə baş-başa buraxır. Birinci dəfə oskestr məşhur “Libertango”nu, ikinci kəs isə dahi Ennio Morrikonenin əvəzedilməz “Chi Mai” parçasını ifa edir...

İki saatdan çox davam edən konsertin nə zaman başlayıb, nə zaman bitdiyini tamaşaçı hiss etmədi, tenor dinləyiciləri ifası ilə ovsunlamışdı...

Sevimli Alessandronu dinləyicilər bir neçə dəfə səhnəyə geri qaytarır. Tenor italyan musiqisevərinə yaxşı tanış olan “Volare” mahnısını və özünün ən məşhur “Luna” mahnısını yenidən ifa edir...

21 fevral tarixini italyan musiqi sevərləri hələ uzun müddət unutmayacaqlar... Tamaşaçılar həmin gecə sevginin, musiqi sevgisinin həzzini yaşadı... Bu möhtəşəm idi!

Təşəkkürlər, Alessandro...

Aytən Cavanşir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm