Mona Lizanı qaçırdılar – LUVR
Bizi izləyin

Tabloid.az

Mona Lizanı qaçırdılar – LUVR

1911-ci ilin 21 avqustu bazar ertəsinə təsadüf etdiyi üçün Luvr muzeyi bağlı idi. Muzeydə təmir gedirdi. Leanardo Da Vinçinin “Mona Liza”sının vitrini də təmir olunurdu…

1911-ci ilin 21 avqustu bazar ertəsinə təsadüf etdiyi üçün Luvr muzeyi bağlı idi. Muzeydə təmir gedirdi. Leanardo Da Vinçinin “Mona Liza”sının vitrini də təmir olunurdu…

O gün səhər bir çox muzey nəzarətçisi rəsmin həmişəki yerində olmadığını görmüşdü. Amma əsərin növbətçi fotoqraf tərəfindən studiyaya yerləşdirildiyini düşünmüşdülər…

Çərşənbə axşamı muzey işçiləri əsərin yerində olmadığını görəndə fotoqrafın studiyasını axtarmağa başlayırlar. Amma Mona Liza orda da tapılmır…

Dərhal polislə əlaqə yaradıb şah əsərin yoxa çıxması ilə bağlı məlumat verirlər. Polis işçiləri bütün muzeyi axtarmağa başlayırlar.

Luvr muzeyinin 49 hektarlıq ərazisindəki axtarışlar bir həftə davam edir. Detektivlərdən biri muzeyin ikinci mərtəbəsində “Mona Liza”nın çərçivələrini tapır.

Rəsmin kənarından çıxarılıb atılan bu çərçivə gizli bir otağa gedən pilləkənlərin yanında tapılmışdı. Bu, əsərin oğurlandığının sübutu idi.

Səhəri gün bütün qəzet manşetləri “Mona Liza oğurlanıb” başlığı ilə şəhəri lərzəyə salır. Polis oğurlanan əsərin tez bir zamanda tapılması üçün maraqlı bir yöntəmə əl atır. ”Mona Liza” əsərinin 6500 nüsxəsi əl elanları şəklində Paris küçələrinə paylanır. Vitrinlər, divarlar rəsm əsərinin surətləri ilə bəzədilir. Bununla da “küçə vətəndaşı”nın ilk tanıdığı sənət əsəri “Mona Liza” olur.

Hamı oğrunun ya muzey işçisi, ya da yaxınlıqda yaşayan sakinlərdən birinin olduğunu düşünməyə başlayır. Muzeydə çalışan və yaxın ərazidə yaşayan hər kəs dindirilir. Polis hətta Pablo Pikassonu da sorğu-suala çəkir. Lakin sorğu nəticəsində məlum olur ki, Pikasso doğrudan da, oğurluq barədə heç nə bilmir.

27 ay sonra tapılan əsər

Bir müddət sonra Vinçenzo Peruqi adlı bir italiyalı rəsm əsərini Florensiya şəhərində yerləşən Uffizi Qalereyasına 100.000 dollara satmağa çalışır. Rəsmi vətənpərvər bir italyan olduğu üçün oğurladığını iddia edir.

Məşhur italyan əsərinin Fransada saxlanılmasına dözə bilmədiyini deyən “vətənpərvər”i yalnız bir sual maraqlandırır: “Niyə “Mona Liza”nı İtaliyada yaradan Leanardo əsəri 4000 qızıla Fransanın kralı I Fransizə satıb?”

O, “Mona Liza”nı necə oğurlamışdı?

Vinçenzo bazar günü gecəni muzeydə keçirib otaqların birində gizlənmişdi. Bazar ertəsi muzey bağlananda, rəsmin olduğu otağa daxil olmuş, onu divardan çıxarmışdı.

Pilləkənlərə çatanda rəsmin çərçivələrini kəsib ora atmış və binadan çıxmağa müvəffəq olmuşdu. Vinçenzonun önünə çıxan ilk qapı bağlı olduqda o, ərinmədən qapının cəftəsini sökmüş və aradan çıxmışdı.

Maraqlısı budur ki, əsərin oğurlanmasından 10 ay əvvəl Luvr muzeyinin sənətkarları bəzi əsərlərin şüşə çərçivəyə salınmasına qərar verirlər. Peruqi də bu işin həyata keçirilməsi üçün seçilən dörd nəfərdən biri olur. Məlum hadisədən sonra polisin sorğuladığı şəxslər arasında Peruqi də olur, amma o, öz üzərinə heç bir diqqət cəlb etmədən aradan sovuşa bilir.

Hadisədən sonra renessans dövrünün yadigarı olan Mona Liza tarix boyu ən çox nüsxəsi çıxarılan rəsm əsəri oldu. Bu gün dünyanın hər yerində köynəklərdə, restoranların divarlarında, jurnalların üz qabığında hara baxsaq, orda rastımıza çıxır. Luvr muzeyində 6 min tablo olmasına baxmayaraq, muzeyə gələnlərin 95 faizi ilk olaraq Mona Lizanı görməyə gəlir.

1937.az
Oxumağa davam et
Reklam
Reklam

Gündəm