İnsanları tovlayan şəhər
Bizi izləyin

Tabloid.az

İnsanları tovlayan şəhər

Dünyanın əyləncə mərkəzinin heyranedici və sarsıdıcı gözəlliyi bir anın içində uçub gedən yuxunu xatırladır

İnsanların zəif nöqtələrini hesabına yaşayan şəhər

Las-Veqas - dünyanın əyləncə mərkəzinin heyranedici və sarsıdıcı gözəlliyi bir anın içində uçub gedən yuxunu xatırladır. Deyilənlərə görə, dünya əyləncəsinin paytaxtında, qumar oyunlarının mərkəzində darıxmaq günahdır. Amma ABŞ-da yaşı 21-ə çatmayanların qumar oyunları oynaması qanunla qadağandır.

Məşhur Las-Veqas haqqında yəqin ki, əksəriyyətin məlumatı var. Burada çox populyar filmlər «Kazino», «Şouqölz», «Həbsxana təyyarəsi», «Las-Veqasda qorxu və nifrət», «Bir dəfə Las-Veqasda», «Harli Davidson və kovboy Malboro», «Ouşenin 11 dostu», «Ouşenin13 dostu» və.s lentə alınıb. Ancaq Veqasda olanda başa düşürsən ki, ilkin təəssüratların çox, lap çox rəngsiz, anlaşılmaz, qarışıq imiş. Bu şəhərin heyranedici və sarsıdıcı gözəlliyi bir anın içində uçub gedən yuxunu xatırladır. Tədricən müxtəlif istiqamətlərdən «The Strip» (Zolaq) adını alan Frimont küçəsinə və bulvara doğru gedən müxtəlif dillərdə danışan insanlarla və neon lampaları ilə qarşılaşdıqca özünü də bu müxtəlifliyin içərisində, onun bir parçası hiss edirsən. Las-Veqas şəhəri insanların zəif nöqtələrinin hesabına yaşayır. Hər bir oteldəki pul və tütün qoxusu gələn zallarda xüsusi ab-hava hökm sürür. Varlanmaq arzusunda olan kontingent o qədər böyükdür ki… Başı qırxıq oğlanlardan tutmuş saçında bir qara tük qalmayan yaşlılara qədər.

Las-Veqasda insan vaxt anlayışını itir. Ona görə ki, səhər və gündüz burada sakitlik olur. Gecələr isə şəhər sanki simasını dəyişir, cəlbedici işıqlarını geyinir, insanları tovlayır, tilsimləyir, ovlayır və öz ağuşuna dəvət edir.

“The Strip”-in hər iki tərəfində əsas otellər yerləşir. Otellərdəki oyun zalları və kazino, bütün mağazalar, barlar, restoranlar, gecə klubları və konsert salonları bütün sutkanı açıqdırlar. Bu fakt təkcə həmin küçənin deyil, həm də Las-Veqas-ın ən yaxşı məziyyətidir. “The Strip”-dəki hər bir otel mini şəhərdir. Ona görə də oteldə gəzinti özü-özlüyündə əyləncədir. Sanki nağıllar şəhərinə düşürsən.

Bu küçədə dünyanın 20 ən böyük otelindən 17-si yerləşir. Onların bəzədilməsində dünyanın hər yerindən gələn mütəxəssislər iştirak ediblər.

Veqasda ABŞ-da ən hündür qüllə “Stratosphere Tower” var. O eyni adlı oteldə inşa edilib. Oradan şəhərə açılan mənzərəni sözlə ifadə etmək çətindir. Sanki ayaqlarının altında müxtəlif rəngli bahalı daş-qaşlar işıq saçır.

Otellər sarayları xatırladır

Veqasın görməli yerlərindən biri də Xəzinələr Adası (Treasure Islands) otelidir. Bu otelə ayaq basan kimi insan reallıq hissini itirir. Orada hər şey o qədər parlaq və canlıdır ki… Otelin qarşısındakı kiçik göldə hər yarım saatdan bir pulsuz şou göstərilir. Şouda pirat gəmisinin ingilislərdə savaşı tamaşa şəklində göstərilir….

Yaxınlıqdakı «Mirage» oteli cəngəlliyi imitasiya edir. Volyerdə ağ şirlər və başqa heyvanlar gəzişir, böyük akvariumda balıqlar üzürlər… Əsas atraksion küçəyə çıxışda yerləşir. Süni vulkan yarım saatdan bir püskürür və onu dinamik musiqi müşayət edir.

Daha sonra klassik tərzdə inşa edilmiş üç əla otel “Saesars Ralace”, “Bellagio”, “Monte Carlo” yerləşir. Parlaqlıq, rahatlıq, stil və zəriflik görmək istəyənlər bu otelləri seçirlər. Onların içərisində böyük ticarət mərkəzləri, mağazalar, dünyanın tanınmış brendlərinin “Prada”-dan tutmuş “Chanel”-ə qədər butikləri, dünya konsert zalları, gözəl restoran və kazinolar fəaliyyət göstərir. “Saesars Ralace” kitablardan təsvir edilən qədim roma saraylarını xatırladır. “Bellagio” otelinin təsviri incəsənət qalareyasında isə dünyanın tanınmış rəssamlarının əsərləri görmək mümkündür. Hər yarım saatdan bir otelin qarşısındakı fəvvarələrdə klassik musiqi sədaları altında şou başlayır. Bu şou parlaq çalarları ilə insanların yaddaşında iz buraxmaya bilməz. Beləsini başqa heç yerdə görmək olmaz.

“MGM Grand” mini şəhərdir. Burada istirahət və əyləncə üçün bütün mümkün imkanlar yaradılıb. Otelin özünün konsert meydançaları, çoxsaylı restoranları, hətta süni çayı ilə yanaşı bağçası var. Çay körpü və şəlalə ilə bəzədilib.

“Excalibur” otelinin arxitekturası və interyeri orta əsrlər saraylarının stilindədir. İnsan özünü kral Arturun dövründə hiss edir. Cinslər əyində narahat olmağa başlayır. Adamın ürəyindən o dövrün geyimlərini, donlarını geyinmək keçir.

Paris otelininin qarşısında Fransadakı Eyfel qülləsinin kiçik bacısı inşa edilib. Onunla yanaşı isə Venesiya motivləri əsasında bəzədilən digər otel yerləşir.

Veqasda daha bir otel kiçik şəhər adını alıb. Bu Nyu-Yorkdur. O Manxetendəki göydələnlərə bənzəyir. Yaxınlıqda Azadlıq Heykəlinin sürəti var, Bruklin körpüsü də bu oteli bəzəyir.

Bir sözlə məşhur bir ifadəni dəyişmək qərarına gəlirəm. «Parisi görmək və ölmək». Paris sözünü cəsarətlə Las-Veqasla əvəzləmək olar.

Əyləndirməyin mexanizmi

Hər il Las-Veqasa çoxsaylı turist gəlir. Son məlumatlara görə, ötən il turistlərin sayı 40 milyona çatıb. İnanmaq çətindir ki, bu şəhər turisitlərin gəlmə sayına görə indi Paris və Nyu-Yorkla yarışa bilər. Bir neçə on il əvvəl isə buralar Amerikanın qərbindəki Nevada ştatındakı səhralıqdan ibarət idi. Veqasın yaranma tarixi savaş elementləri ilə zəngin olan detektivləri xatırladır. Bu yeri, qumsallıqlar içərisindəki oazisi Los-Ancelosdan gələn ticarət karvanı yolu azarkən tapıb. Ona görə də simvolik olaraq deyirlər ki, şəhərin adı ispancadan tərcümədə «çaylaqda çəmənlik» deməkdir.

1931-ci ildə Nevada ştatında qumar oyunları leqallaşdırıldı və bu da Veqas-ın gələcək taleyini həll etdi. Əvvəllər uduşun müqabilində spirtli içkilər və ya bahalı siqarlar verilirdi. Qumar oyunlarından əldə edilən ilk pullara isə yeni məktəblər tikməyə qərar verdilər. Şəhərin qurulmasında mafiyanın rolu barədə məlumatlar olsa da, bu artıq ayrıca mövzudur.

Bu şəhərdə kazino və oyun avtomatlarından başqa çoxsaylı muzeylər və ekskursiya üçün maraqlı məkanlar vardır. Amma əlbəttə ki, mədəni ekskursiyaya tarixi kazinodan məsələn, «Four Quinn’s» başlamaq məsləhətdir. Onun astanasına daxil olanda XIX əsr Yeni Orleanına düşürsən. Yeri gəlmişkən, Veqasda ilk kazino «El Rancho» hesab edilir. O dövrümüzə qədər saxlanılıb. Ümumiyyətlə, Las-Veqasın özünü muzey adlandırmaq olar. Çünki muzeylərdən birindəki daş parçası soyuq müharibənin Berlin divarlarının simvoludur. Digərində 1934-cü ildə öldürülən məşhur qanqsterlər Bonni və Klaydın avtomobilinə vurulan güllələr var. Dünyanın əyləncə mərkəzinə getsəniz ,mütləq Mum Muzeyinə baş çəkin. Orada ABŞ-ın keçmiş prezidenti Bill Klintonu, müğənni Maykl Ceksonu və aktyor Al Paçinonun mum heykəllərini görə bilərsiniz. Elvis Preslinin pərəstişkarları ilə muzeydə onun xatirə əşyalarını da seyr edə bilərlər.

Veqasda ailə əyləncələri ilə yanaşı uşaqlar üçün atraksionları da var. Hoqqabazlar muzeyində böyüklər və kiçiklər də əylənə bilərlər. Bir sözlə, bu şəhərdə əyləncə turistləri qarabaqara izləyir.

Təbii ki, «Günahlar şəhərində» elə əyləncə növləri vardır ki, ailə mahiyyətindən çox kənara çıxır. Məsələn, hovuz kənarı mərasimlər. Adətən belə mərasimlərdə iştirak edənlərin əynində minimum az geyim olur, məclisdə isə maksimum çox içki verilir. Belə mərasimə getməyə risk etsəniz və orada «Pleyboy» jurnalında gördüyünüz əsrarəngiz sarışını və ya əzələli yaraşıqlı kişiləri görsəniz təəccübünüzü büruzə verməməyə çalışın.

Veqas həm də birinci klass şouların keçirildiyi məkandır. Dünyada tanınmış kompaniyalar təqdimat və reklam kampaniyanın tanıtımı üçün buranı seçirlər. Bu şəhərin səhnəsində Elvis Presli, Frenk Sinatr, Madonna, Elton Con, Selin Dion və başqaları çıxıblar. Veqasın meydançalarında dünyanın ən yaxşı quruluşçu-rejissorları, ssenaristləri, prodüsserləri, dekoratorları, xoreqraf və dizaynerləri çalışırlar. Burada həmçinin brodvey myüzklləri də çox məşhurdur. Parlaq erotik şoular həm geniş kütlələr üçün, həm də ayrıca qadın və kişi auditoriyaları üçün nəzərdə tutulur.

Veqasda Fransadan daha çox enerji işlədilir

Və əlbəttə ki, Las-Veqasdakı restoran və kafelər haqqında ayrıca danışmaq lazımdır. Burada istənilən şəxsin ağız dadına və büdcəsinə uyğun restoran tapmaq olar. Burada dünyanın ən bahalı “Picasso” restoranı və ən ucuz “Renoir” qəlyanaltı məkanı fəaliyyət göstərir. Həmçinin pizaxanalar, suşi-barlar, çin bufetləri də tapmaq olar. Veqasda dünya mətbəxlərinin Amerika, Fransa, İtaliya, Yunanıstan, Meksika, Yaponiya, Hindistan, Havay və.s dadına baxmaq olar. Ürəyinizə yatanı seçin.

Burada gediləcək yerlərdən biri də Huver bənddidir. O ABŞ-ın 31-ci prezidenti Huver Damın şərəfinə belə adlandırılıb.

Yeri gəlmişkən, Las Veqasda Fransa sənayesinin istifadə etdiyi elektrik enerjisindən çox enerji işlədilir.

Xüsusi olaraq vurğulanır ki, Las-Veqasın cənub-şərqində 48 km uzaqlıqda yerləşən Huver bəndinin inşaasında bir nəfər də olsun məhbus iştirak etməyib. Bu tikili 1935-ci ildə istifadəyə verilib. Bəndin hündürlüyü demək olar ki, 222 metrdir, uzunluğu 380 metr, eni isə 200 metrdir. Tikili ar-deko stilində inşa edilib. Onun yuxarısı kiçik bürclərlə bəzədilib. Onların birində Arizona vaxtı, digərində Sakitoekan (Nevada) vaxtı göstərilir.

Hər il Las-Veqasda milyardarla dollar xərclənilir. Elə bu qədər də kimsə qazanır. Bu pulların əyləncədə yenidən əridilməsi və azart hissinin mahiyyətini təşkil etdiyi parlaq və gözqamaşdırıcı mexanizmdir. Heç olmasa bir neçə gün bu mexanizmin vinti olmaq unudulmaz macəradır…

Oxumağa davam et
Reklam
Reklam

Gündəm