• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Samirə Mustafayeva sirrini açdı - SÖHBƏT

Samirə Mustafayeva sirrini açdı - SÖHBƏT

Samirə Mustafayeva 10 ildir ki, eyni telekanalda- ATV-də xəbər aparıcısı vəzifəsində çalışır. ATV-nin “Xəbərlər” redaksiyanın baş redaktoru Vaqif Aydınoğlu ilə ailəlidir, bir qızı var. Efir məkanında gözəlliyi, xəbəri maraqlı, fərqli, özünəməxsus formada təqdim etməyi ilə seçilir. Teleqraf.com-un “Azərbaycan telekanallarında ən gözəl xəbər aparıcısı kimdir?” sorğusunun qalibi məhz Samirə xanım olub. Qeyd edək ki, sorğumuzun ikincisi ANS-in aparıcısı Nigar Mahmudova, üçüncüsü Günel Bəhramqızı, sonuncusu isə Alidə Mustafayeva olub. Söhbətimizə körpünü sorğunun nəticələri ilə salırıq.

Fərqlilik, özəllik

“Çox təşəkkür edirəm, eşidib çox sevindim. İndi siz deyirsiniz, daha əvvəllər o biri saytların, təşkilatların keçirdikləri sorğular yadıma düşür. Zəng vurub deyirlər ki, siz qalib olmusunuz. Belə bir nəticəni əldə etmək nəinki aparıcı, hər bir sənətdə olan adam üçün çox böyük uğurdur. Səni əgər fərqləndirirlərsə, seçə bilirlərsə, gördüyün işə dəyər verirlərsə 10 il xəbərçilikdə olan biri kimi bunu özümə uğur hesab edirəm. Sadəcə bir cəhəti sevmirəm. Yaxın həmkarlarımla məni fərqləndirəndə elə sözlər yazırlar ki, görəndə pis oluram. Bunlar virtual aləmdə baş verənlərdir, amma gerçək həyatda tamaşaçılardan gördüyüm diqqət və sevgi mənim üçün sözlə ifadə edilməyəcək qədər əziz olur. Məsələn, maşınla işıqforda dayanan zaman ara küçələrdə gəzişən, oturan insanlar məni görəndə çox gözəl reaksiya verirlər. Kimi əl edir, salamlaşır, kimi yaxınlaşmaq istəyir. O an düşünürəm ki, bəlkə maşını kənara çəkim, görüşmək istəyənlər mənə yaxınlaşıb, sözlərini desinlər. Bu doğurdan da böyük sevgidir. Və şükür Allaha ki, bu var. Hər zaman da bu sevginin itməsindən, yoxa çıxmasından qorxmuşam. Məni gözəlliyimlə fərqləndirməyi qəbul etmirəm. Azərbaycanda ümumiyyətlə çirkin qadın yoxdur, bütün aparıcılarımızın da özünəməxsus gözəlliyi var. Sizi inandırıram, üzümdə o qədər qüsurlar var ki, bunu ancaq özüm bilirəm. Məni fərqləndirən gözəlliyim deyil, çünki gözəl aparıcılarımız çoxdur. Sadəcə mən həyatda necəyəmsə, efirdə də eləyəm, yəni səmimiyəm. Hər bir adam məni öz evindəki kimi qəbul edir. Onlar məni özlərinə bir-iki addım daha yaxın hiss edirlər”


Efir görünüşü

“Mən telekanala gələndə hər şey özfəaliyyət idi. Bizi efir üçün kimsə hazırlamırdı, Kim necə gəldi geyinir, necə gəldi makiyaj edirdi. 10 il efir üçün makiyajımı, saçımı özüm hazırlayıb, geyimimi seçirdim. İndi artıq vəziyyət dəyişilib. Mənim simamla reklam olunmaq istəyən kampaniyalar, salonlar, kollektivlər var. Bunun naminə özümü onlara etibar edirəm. Amma inanın, insanın özü qədər onun üzünü tanıyan ikinci bir adam ola bilməz. Əgər mən 10 ildir makiyaj edirəmsə, gözlərimin gözəl görünməyi üçün nəyi necə və hansı rəng, biçimdə istifadə etməyin yolunu bilirəm. Başqası isə mənim gözümü yox, başqa göz yaradır”.

Həmkarları- Alidə, Günel, Lalə

ATV kollektivi çox mehriban kollektivdir. Bizim televiziyada aparıcı rəqabəti yoxdur. O ki, qaldı mənim həmkarlarıma... Televiziyada aparıcılıq baxımından sadaladığınız aparıcılar arasında ən çox stajı olan aparıcı mənəm. Bayaq dediyim kimi hər bir aparıcının özünəməxsus özəlliyi var. Alidənin ciddi xəbər təqdim etməyi var. Ona rahat qulaq asıram, amma hərdən bir istəyirəm ki, bəzi xəbərləri təqdim edəndə üzü gülsün. Çünki adi halda gülmək ona o qədər gözəl yaraşır ki, fikrimcə, təqdim etdiyi bəzi xəbərlərdə gülümsəməyi yerinə düşərdi. Günel Bəhramqızı, Lalə Azərtaşın da tamam fərqli özəllikləri var idi. Toplum baxımından aparıcılar fərqlənə bilərlər. Məsələn, kiminin auditoriyası daha çoxdur, kiminin azdır və s.”

Nigar Mahmudova

“Mən xəbər verilişlərini Aytən Səfərovaya baxıb sevmişəm. Bunu dəfələrlə özünə və mətbuata demişəm. Aytənə bəziləri anidən baxsa deyə bilər ki, efir üçün uyğun deyil, kökdür. Amma bu ekrandır və bu ekrana baxan tamaşaçını onun qarşısında saxlamağı bacarmalıdır hər bir aparıcı. Aparıcıya mətbəxdə iş görərək, maşınını düzəldərək qulaq asmamalıdırlar. Aparıcıya baxanda maşını da, mətbəxdəki işlərini də kənara qoyub baxmalıdırlar. Aytən də o keyfiyyət, yəni tamaşaçını ona baxmağa vadar edən keyfiyyət, özəllik var idi. Aytən xəbəri yaşayırdı, tamaşaçını qarşısında hiss edirdi. Nigar Mahmudova efirə gələndə onun üstünlüyü gözəlliyi idi. Həqiqətən çox gözəl qızdır. ANS efirində xəbərlər proqramında birdən-birə belə bir gözəl qız görünür, sanki gün çıxdı. Bu böyük uğur idi. Və hətta mən deyərdim ki, o nəinki ANS-də ümumiyyətlə xəbər məkanında gözəlliyi ilə seçildi, sonra da haradasa xəbəri təqdim etməkdə özünü doğrultdu. ANS Azərbaycan teleməkanında xəbərçiliyin əsasını qoyan kanallardan biri olub. Bunu mütləq deməliyəm, ANS –də aparıcı tam olaraq peşədən-jurnalistikadan gəlib. Onlar üstünlüyü gözəlliyə verməyiblər, bu da xəbərçilikdə bir növdür və dünya təcrübəsində var. Sadəcə tamaşaçı buna hazır olmalı idi. Yəni tamaşaçı həmin aparıcıya qələmini tanıyaraq münasibət göstərməlidir. Amma bizdə bəzi tamaşaçılar diqqətli deyillər. Bilirsiz, dünyanın bir çox ölkələrində olmuşam və orda insanların əlindən qəzet düşmür. Bizdə tamaşaçı xəbərə biganə qalır, əsasən işi keçənlər izləyirlər”.

İstirahət bitir

“İstirahətim bitmək üzrədir, belə ki, sentyabrın 1-dən işə çıxacam. 10 gün Kəmər, Antalya, 3 gün İstanbulda oldum. Belə demək olarsa, pis istirahət etməmişəm. Ümumiyyətlə, dağda-daşda istirahət etməyi sevən adam deyiləm. Ona görə də 10 günlük Kəmər istirahəti mənim üçün ürəkaçan olmadı. Meqopolis istirahətinə üstünlük verirəm- şopinqlər etmək, tarixi yerləri gəzmək. Bir sözlə gəzim, gəlim evdə dincəlim.

Yeni mövsüm yeni imic və

“Əkizlər bürcüyəm, dəyişkən insanam. Eyniliyi sevmirəm. Gecə beynimə gələn ideyaları səhər reallaşdıra bilərəm. Mövsümə xəbərlə başlayacam. Amma sonra hər şey ola bilər. İmicimə gəlincə, artıq saçlarımın rəngini dəyişmişəm. Saç qoydum, çox keçməmiş çıxartdım. Camaat o qədər pul töküb saç qoyur ki, 4-5 ay onunla gəzsin. Mən o saçlara bir ay dözə bilmədim. Amma ola bilər yenə saç qoydurum. Dəyişkən xarakterimdən irəli gəlir bütün bunlar”.

Aktrisa kimi

İnanmazsınız, Orxan Fikrətoğlu nə vaxt mənimlə rastlaşırdısa, oturub söhbət edirdiksə, mənə deyir ki, səni mütləq kinoya çəkəcəm, sənin siman filmə çəkilməyə uyğundur, düşündürücüdür. Bir ildir bunları mənə o qədər deyib ki, artıq mən də deyirəm: “Mən aktrisa olmaq istəyirəm”

Bergüzar Korel

Televiziyaya ilk gəldiyim günlərdən bəri məni Bergüzar Korelə bənzədirlər. O vaxt Azərbaycanda “Min bir gecə” serialı nümayiş olunurdu, Bergüzar orda Şəhrizad rolunu oynayırdı. İnanın, indiyə kimi Şəhrizad adı ilə yaşayırdım, hamı mənə Şəhrizad deyə müraciət edirdi. Yaxşı ki, “Karadayı” serialı çıxdı, Şəhrizad arxa plana keçdi. Açığı deyim ki, mən şərq üslubunu sevməmişəm. Saçlarımı qısa kəsib, sarıya boyamağım Şəhrizad obrazından çıxmağın birinci yolu idi. Bu sirr idi, indi sizə açdım. O vaxt Şəhrizadı və o obrazı bəyəndiyimi deyirdim, amma saçımı 180 dərəcə dəyişib o obrazdan xilas olmaq istəyirdim. Mənə elə gəlirdi ki, o obraz Hindistanı andırır. Amma indi o qızı çox bəyənirəm. Bergüzarda təbiilik var: burun, dodaq özünündür, gözlərində artıq heç nə yoxdur, saçları təbiidir.

İndi bənzərliyimizi deyəndə xoşuma gəlir, amma əvvəl belə deyildi”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR