• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Həbs qalmaqalı olan yarışmada yeni skandal

Həbs qalmaqalı olan yarışmada yeni skandal

Sentyabrın 14-də Bakıda reallaşacaq dünyanın ilk və ən nüfuzlu gözəllik yarışması “Miss Globe International”ın 89-cu finalı ilə bağlı bəzi məqamlar hələ də sual altındadır.

Tabloid.az xəbər verir ki, bir neçə ay öncə yarışmanın ilk və əsas təşkilatçısı olan “Merac Holdinq”in prezidenti Səbuhi Əliyev həbs edilib. S.Əliyevə qarşı rüşvət və dələduzluq maddələri ilə ittiham irəli sürülüb. Mayin 24-də onun barəsində Binəqədi rayon məhkəməsinin qərarı ilə 2 aylıq həbs qətimkan tədbiri seçildi. Həmin ərəfədə S.Əliyevin həbsi maksimum dərəcədə KİV-dən gizli saxlanıldı. Çünki bu hadisə “Miss Globe İnternational” beynəlxalq gözəllik yarışmasının nüfuzuna xələl gətirərdi. Üstəlik, yarışmanın təxirə düşmə ehtimalının artmasına səbəb ola bilərdi.

S.Əliyevin həbsindən dərhal sonra yarışmanın təşkilati işləri Zamiq Yunisovun rəhbərlik etdiyi “Z-Company” şirkətinə verildi. Görünən odur ki, əsl həngamə də elə bundan sonra başladı. Sözügedən şirkətə həvalə olunduqdan sonra keçirilməsi bu il avqustun 23-ə planlaşdırılan yarışmanın tarixi sentyabrın 14-ə ertələndi. Yeni təşkilatçılar təxirə salınmanın səbəbini həmin tarixin Füzuli və Cəbrayılın işğalı gününə təsadüf etməsi ilə əlaqələndirdilər.

Artıq yarışmaya bir neçə gün qalıb. Və... Ətrafında xoşagəlməz söz-söhbətlər dolaşan yarışmanın milli seçimlərinin qalibi Banu Şücai şəxsi “Facebook” profilində naməlum şəkildə yarışmadan uzaqlaşdırılması ilə bağlı status yazır. Qızın sözlərinə görə, onu yarışmadan “Z-Company” şirkətinin rəhbəri Zamiq Yunisov uzaqlaşdırmaq istəyir. Hətta onlar müsabiqə günü səhnəyə çıxacaq başqa bir qız da tapıblar. O qızın kimliyi isə sirr olaraq, saxlanılır:

“Mən “Miss Global Azərbaycan” adına 25.05.2014-cü il tarixində layiq görülmüşəm və “Miss Global International” gözəllik müsabiqəsinin sahibi olan Rasim Aydın tərəfindən sertifikat ilə təltif olunmuşam. Bu sertifikat “Miss Global Azərbaycan” titulunun tək sahibinin mən Banu Şücai olduğumun ən əsas sübutudur”.

Məsələ ilə bağlı Banu Şücayinin anası Anita Cəfərova Tabloid.az-a danışır:

“Banu birincilik qazanıb. Bu adı ondan ala bilməzlər. Çünki ona birincilik sertifikatını Rasim Aydın özü təqdim edib. Belə deyək, bu adam “Miss Global International” gözəllik müsabiqəsinin sahibidir. “Z-Company” şirkətinin rəhbəri Zamiq Yunisov bizi yanına çağırdı. Qızıma bildirdi ki, səni layihədən xaric edirəm. Mən də ondan səbəbini soruşdum. Dedi ki, özümü əvvəldən sığorta etmək istəyirəm. Çünki Banu müsabiqənin daha öncə təşkilati işləri ilə məşğul olan “Merac Production” şirkəti və Nigar Məmmədova tərəfindən seçilib. Onun dediyinə görə, bu halda “Merac Production”-un müəllif hüquqları pozulmuş olur. Mən ehtiyat edirəm ki, sabah müsabiqədən sonra “Merac Production” mənə qarşı məhkəmə iddiası irəli sürsün. Zamiq daha sonra mənə dedi ki, “Merac Production”dan məktub gətirin ki, onlar həqiqətən də Banunun yarışmada iştirakına razıdırlar”.

A.Cəfərova deyir ki, “Merac Production” şirkətinin rəhbəri həbs olunanda məsələ ilə maraqlanmağa lüzum görməyib:

“Çünki Banunun təşkilatçılarla heç bir bağlığı yoxdur. Mən də Zamiq Yunisova dedim ki, təşkilatçı dəyişə bilər. Amma Banunu münsiflər heyəti seçib. Onun milli seçim turunun birinciliyindən uzaqlaşdırılması doğru deyil. Əlavə etdim ki, Səbuhi Əliyev tutulub. Mən sizə məktubu haradan gətirəcəyəm? Uzun sözün qısası, iki dəfə “Merac Production” şirkətinə getdim. Orada mənə dedilər ki, xanım, axı biz kimik ki, Banunun həmin yarışmada iştirakına mane olaq? Biz sadəcə, təşkilati işlərə cavabdehik. Bizim buna səlahiyyətimiz, haqqımız yoxdur. Mən də təkrar Zamiq Yunisovla görüşdüm. Olanları söyləyəndən sonra belə, o, dediyindən dönmədi. Mənə “məktub olmasa, sizinlə işləməyəcəyəm”- dedi. Yenə də bu adama sübut etməyə çalışdım ki, siz düz danışmırsınız. Amma heç nə alınmadı...”

A.Cəfərova qızının 3 ay müddətində yarışmaya sərf etdiyi vaxta heyfi gəldiyini dilə gətirib:

“Mən o adama dedim ki, neçə aydır ki, qızım layihədə çalışır. Onun əsəbi, mənim pulum gedib. Düzdür, onlar da pul xərcləyirdilər. Mətbuat konfransına, Banunun saçına, makiyajına pullar xərclənib. Sözüm ondadır ki, “Z-Company” şirkəti 1,5 aydır ki, layihənin başındadır. Qızımı uzaqlaşdırmaqları ilə bağlı bir neçə gündür məlumat veriblər... Yunisdən soruşdum ki, niyə mənə vaxtında demədin, çözüm yolu tapım? Sualıma cavab vermədi. Əvəzində “Bilirsiniz, mənim sizinlə danışmağa vaxtım yoxdur. Sizə öz sözümü dedim, sağ olun”- dedi”.

A.Cəfərova deyir ki, layihənin sahibi Rasim Aydının Banu Şücai ilə heç bir problemi yoxdur:

“Əksinə, Rasim Aydın mənə dedi ki, Banuya qarşı heç bir iradım yoxdur. Yaranan problem sırf təşkilatçıların işidir. Yəni Banunun yarışmada iştirak etməyinə məhz təşkilatçı mane olur. O, deyir ki, mən təşkilatçılarla işləyirəm. Mən Azərbaycanda heç nə edə bilmərəm... Onun sözündən belə çıxır ki, problemi iki şirkət öz arasında həll etməlidir”.

Banunun anası təslim olmayacağını deyir. Məsələ ilə bağlı lazımi addımlar atacağını, lazımi instansiyalara müraciət edəcəyini söyləyir:

“Hələ ki, bu haqda danışmaq istəmirəm. Yalnız onu deyə bilərəm ki, Banu yarışmadan 3 halda - fiziki formasını itirərərsə, yəni kökəldiyi, səhhətində ciddi problem yarandığı və əxlaqsızlıq etdiyi halda uzaqlaşdırıla bilər. Qızım kökəlməyib, əvvəlki çəkisindədir. Əxlaqına gəlincə, Banu, qızım olduğu üçün demirəm, onun əxlaqını hər kəs bilir. Bir daha təkrar edirəm ki, Banunu bu yarışmadan bir tək Rasim Aydın uzaqlaşdıra bilər. Çünki Banunu o, və 9 nəfər münsif üzvü seçib. Zamiq Yunisov sadəcə, təşkilati işlərlə məşğuldur”.

Yeni seçilən qız haqında danışan A.Cəfərova onun gizli saxlanmasının qeyri-qanuni olduğunu vurğulayıb:

“Banunun yerinə başqa bir qızı seçiblər və onun kimliyini gizlədirlər. “Z-Company” şirkətinin icraçı direktoru Pərviz Əzimzadə mənə bildirdi ki, biz artıq qızı seçmişik. Əlavə etdi ki, o qızın adını sirr saxlayırıq. Mən də “bilməzdim ki, bu yarışma deyil, məxfi əməliyyatdır” – deyə söylədim. İkincisi, onların ixtiyarı yoxdur ki, həmin qızın adını məxfi saxlasınlar. Çünki həmin adam bu layihədə 9 milyonluq Azərbaycanı təmsil edəcək. Qısası, bunlar qeyri-qanuni olaraq, heç bir əsassız Banunu yarışmadan xaric ediblər. Yerinə isə başqa bir qız seçiblər. Onun kimliyini gizlətməyə isə ixtiyarları yoxdur. Çünki bu yarışma kastinq əsasında keçirilib, qızlar seçilib. Həmin qızın münsiflər tərəfindən təqdim edilən sertifikatı olmalıdır ki, belə möhtəşəm müsabiqədə Azərbaycanı təmsil edə bilsin. Əks halda, bu saxtakarlıqdır. Bunlar yerindən duranı, gətirib yarışmanın birincisi kimi təqdim edə bilməzlər. Həmin qızın adının gizli saxlanmasında məqsəd isə əhalidən Banunun müsabiqədən xaric edilməsini gizlətməkdir. İstəyirlər ki, finalda gətirib, həmin qızı səhnəyə çıxarsınlar. Banu bu yarışmada pul və ya tapşırıqla birincilik qazanmayıb”.

Qeyd edək ki, sözügedən müsabiqə sentyabrın 14-də “Baku Crystal Hall” da keçiriləcək. Yarışmada 120 ölkənin gözəli iştirak edəcək.

Mövzunu davam etdirəcəyik.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR