“Türkiyə gözəli olanda belə, bu qədər gözəl deyildim”
Bizi izləyin

Tabloid.az

“Türkiyə gözəli olanda belə, bu qədər gözəl deyildim”

Son günlər öz gözəlliyi ilə gündəmə gələn Hülya Avşar pəhriz və idmanla nə az, nə çox düz 11 kilo arıqlayaraq hamını təəccübləndirməyi bacardı. İllərdir gündəmdən düşməyən, mavi gözləri, səmimi gülüşü ilə hamını heyran edən Hülya elə bil qocalmamağa and i

Son günlər gözəlliyi ilə gündəmə gələn Hülya Avşar pəhriz və idmanla nə az, nə çox düz 11 kilo arıqlayaraq hamını təəccübləndirməyi bacardı. İllərdir gündəmdən düşməyən Hülya mavi gözləri, səmimi gülüşü ilə hamını heyran edir. Sanki o, qocalmamağa and içib. Gənc qızları belə kölgədə qoyan bədən quruluşu və cazibədarlığı ilə diqqət çəkən Avşar qızı uzun illərdən sonra yenidən jurnalların üz qabığını bəzəməyə başlayıb.

Yeni mövsümdə məşhur prodüser Acun İlıcalının kanalı olan “TV8”-də aparıcılıq etməyə hazırlaşan ulduzun ən son verdiyi müsahibəni “Şirin söhbət” layihəsi çərçivəsində sizə təqdim edirik:

- Arıqlamaq necə hissdir?

- 55 kiloyam, boyum isə 1.63 santimetrdir. Heç vaxt özümü bu qədər bəyənməmişdim. Türkiyə gözəli olanda belə bu qədər gözəl deyildim. İnsan kök olanda qoca görünür. Mən qocalanda da geyindiyi hər libası özünə yaraşdıran, şıq, cazibədar qadın olmaq istəyirəm. Hədəfim budur.

- Necə arıqladın?

- Şeyda Coşkunun mənim üçün tərtib etdiyi pəhrizə əməl etdim. Qısa müddətdə - 1 ay yarıma 11 kilo arıqladım. Çoxlu su içirəm. Günorta mütləq ət yeyirəm. Rasionumu balanslaşdırmaq üçün gün ərzində mütləq 2-3 ədəd badam yeyirəm. Axşamlar isə menyumda meyvəli yulaf olur.

- Yeni mövsümdə aparıcılıq edəcəksən. Verilişin formatı necədir?

- Səhərlər efirə gedən şouları sevmirəm, elə bir veriliş olmayacaq. Mənim proqramım xəbər saatlarında və ya 18:00 - 19:30 arasında efirə gedəcək. Daha öncəki “Hülya Şou”ya oxşar formatda olacaq.

- Acun İlicalı ilə çox yaxınsan. Bizə dostluğunuzdan danışa bilərsən?

- Bir-birimizə yük olmuruq. Heç vaxt bir-birimizə borclu hiss etmirik. Ola bilər ki, illərcə görüşməyək və ya danışmayaq, ancaq haradasa qarşılaşsaq, heç nə olmamış kimi söhbətə qaldığımız yerdən davam edəcəyik. Belə bir dostluğumuz var. Bir-birimizdən öyrənirik, birlikdə əylənirik. Onun heç eqosu yoxdur, bu da məni çox xoşbəxt edir. Elə bir dostum olduğu üçün xoşbəxtəm.

- İllərlə aparıcılıq etdin, amma birdən-birə münsif üzvi olmağa qərar verdin. Verilişi başqaları ilə paylaşmaq çətin olmadı ki?

- Başqaları ilə yox, sevdiyim insanlarla paylaşmışam. Mən bütün işlərimə eyni məsuliyyətlə yanaşıram. Tok-şouları sevirəm. Sual vermək, söhbətləşmək ən xoşum gələn məşğuliyyətlərdi. Ancaq yarışma proqramları da əyləncəlidir.

- Başqalarının fikri sənin üçün nə dərəcədə əhəmiyyətlidir?

- İnsanların nə düşündüyü vecimə deyil. Kim nə deyir, özü bilər. Elə fikirləri ağlıma belə gətirmirəm, çox rahatam.

- İllərdir ekrandasan, indi bir-birindən gözəl gənclər yetişir. Onların sənin yerini tutacağından qorxmursan?

- Özünü tanıyan, getdiyi və gedəcəyi yolu bilən, hədəfləri olan insan belə hallarda qorxmaz. İnsanların qəbul etməli olduqları bəzi ulduzlar var. Bu həm məndən böyüklər, həm də yeni gələnlər üçün keçərlidir.

Bəyənsə də, bəyənməsə də qəbul eləməli olduqları 1-2 ad var Türkiyədə. Onlardan biri də mənəm. Mən heç vaxt yarışmamışam, bu işə yeni addım atanlarla da yarışmaram. Əminəm ki, onlar da mənimlə yarışmağa cəsarət etməyəcəklər. Yaşıma uyğun yaşamağa çalışıram, amma həyatın reallıqlarını da qəbul edirəm.

- İllər sənə nə öyrətdi?

- İllər keçdikcə həyatdakı ən gözəl duyğunun daxildəki hüzur olduğunu öyrəndim. Özü ilə xoşbəxt olan insan üçün heç nə çətin deyil. Təlaşlı deyiləm, səbirliyəm. Dua etmək kifayətdir. Əgər ürəyin təmizdirsə, istədiyin hər şeyi bir gün əldə edəcəksən. Çox rahatam, yaxşı həyatım var. Bəzən oturub həyatımı film kimi izləyirəm, səhvlərimi, düzlərimi görmək, ölçüb-biçmək istəyirəm. Artıq Hülya Avşarı kənardan izləyib dəyərləndirə biləcək səviyyəyə gəlmişəm.

- Deməli indi həyatının ən yaxşı dövründəsən?

- Hə, düzdür. Həyatın dadını çıxarıram. Mən Allahın şanslı qullarından biriyəm. Çünki vəzifələrimi vaxtında icra etmişəm, yaxşı karyera, pul və övlad sahibi olmuşam. Vaxtında evlənmişəm, boşanmışam, ana olmuşam. Bundan sonra iki vəzifəm var əylənmək və istirahət etmək. Çox qəribə xasiyyətim var. Ən kiçik bir problemlə üzləşəndə belə özümü dünyanın ən bədbəxt insanı hiss edirəm. Amma hazırda həm iş həyatım, həm gözəlliyim qaydasındadır. Ona görə də çox xoşbəxtəm.

- Səni ən çox nə yorur?

- Məni ancaq insanlar yorur. Enerjimi oğurlayan bütün insanları həyatımdan çıxardım. Bəziləri ilə əlaqəm elə öz-özünə bitdi. Bəzi dostlarıma isə birbaşa zəng edib “daha səninlə danışmaq, görüşmək istəmirəm”, dedim.

- Enerji toplamaq üçün nə edirsən?

- Bunun üçün ən yaxşı üsulum yalnız qalmaqdır. Sevdiyim insanlarla, qızımla yemək yemək, qəhvə içmək, gün ərzində gördüyüm işləri fikirləşib rahatlaşmaq, evdə şam yandırmaq və divar sobasının kənarında oturmaq... Bunlar məni ən xoşbəxt edən və mənə həyat enerjisi verən gözəlliklərdir. Bir də Hülya Avşarı çöldə qoyub, evdə öz dünyası olan adi bir qadın olmaq xoşuma gəlir.

- Dərdini ilk öncə kiminlə paylaşırsan?

- Bacımla çox yaxınıq. Helin həyatımdakı ən önəmli insanlardan biridir. Yaşı kiçik olsa da, ondan məsləhətlər alıram. Çünki o məsələyə hərtərəfli yanaşa bilir. Detallar gözündən qaçırmır. Problemim olanda ilk öncə Helinə zəng edirəm, onunla danışıram. Leyla da elədi. Yəni dərdimi paylaşdığım insanlar bacılarımdır. İşlədiyim insanlarla da dərdləşirəm. Məsələn, köməkçim Sərxanla çox söhbətləşirik.

- Nə qədər vaxtdır həyatında eşq yoxdur...

- İki ildir ki, yalnızam. Münasibət qurmaq istədiyim insanlar olsalar da, sonra geri addım atıram. Nəyinsə əksik olduğunu hiss edirəm. Həm də həyat tərzimi dəyişdirmək, nəyəsə yenidən başlamaq çətin gəlir. Rahatlığımı itirməyə dəyəcək bir kişi tapa bilmirəm. Bəlkə də istədiyim kimi insanla heç qarşılaşa bilməyəcəyəm. Həm də bir az qorxuram, insanlara güvənə bilmirəm.

- Bəs yalnızlıq çətin deyil?

- İstəyirəm ki, kimsə olsun. Amma hüzurumu da itirmək istəmirəm. Görək də bəlkə elə birisi qarşıma çıxacaq ki, yalnızlığı qovacağam.

- Necə sevgilisən?

- Çox pis. Çox səhv edirəm. Gözüm o adamdan başqa heç nə görmür. Xoşbəxt hiss edirəmsə, sevgilim üçün hər şeyi edərəm. Amma qarşılığında elədiyimi qiymətləndirməli və məni sevdiyini hiss etdirməlidir.

Ancaq çox əmək sərf edəndən sonra başlayıram sıxılmağa. Bax belə bir problemim var. Məncə münasibətin uzunmüddətli olması üçün qarşındakı insanı olduğu kimi qəbul etməlisən. Heç kim üçün dəyişmək olmaz. Eyni zamanda, kimisə dəyişməyə çalışmaq da yanlışdır.

- Kişinin hansı hərəkəti münasibətə son qoymağına səbəb ola bilər?

- Mənim üçün hörmət çox vacibdir. Hörmətsizlik eləsə, əlaqəmiz bitər. Bir də hər eşitdiyinə inanan, dedi-qodularla cuşa gələn kişi gözümdən düşər. Kişinin öz fikirləri olmalıdır və o öz düşüncələrini müdafiə edə bilməlidir.

- Qızın Zəhra da artıq böyüyüb. Onun gələcəyi ilə bağlı hansı xəyalların var?

-Hər ana kimi mən də qızımın yaxşı təhsil almasını, halal süd əmmiş bir oğlanla ailə qurmasını və həyat yoldaşı ilə ömrü boyu xoşbəxt olmasını istəyirəm. Yaxşı ana, yaxşı həyat yoldaşı olmasını arzulayıram. Çoxlu uşağı olacağını xəyal edirəm. Mən bir övladla kifayətləndim, istəyirəm onun çoxlu övladları olsun. Dünyanın ən zəngin insanı üçün belə ən dəyərli nemət hüzurdur. Ona görə də Zəhranın hüzur dolu həyat yaşamasını diləyirəm.

- Səni tez-tez Zəhra ilə idman edərkən görürük...

- İdman edirik, əylənirik, gülürük. Hər addımına qarışmıram amma bəzi mövzularda təzyiq göstərirəm. Uşaqlar bu təzyiqi xoşlamasalar da zaman keçdikcə onların yaxşılığı üçün belə etdiyimizi anlayırlar. Yatmazdan əvvəl Zəhra ilə yarım saat yataqda uzanıb söhbət edirik. O zaman hər ikimiz də çox xoşbəxt oluruq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm