“Deyirlər ki, Röyanın kişi varıantısan” - Fotolar
Bizi izləyin

Tabloid.az

“Deyirlər ki, Röyanın kişi varıantısan” - Fotolar

Samin Dəniz: “Həyat yoldaşım müğənni olmağımı istəmir”

Gənc müğənni, ATV telekanalında yayımlanan “Azərbaycanın səsi” verilişinin iştirakçısı Samin Dəniz qonağımızdır. Tabloid.az saytının suallarını cavablandıran ifaçı gələcəkdə sevilən müğənni olacağına əmindir.

- Yaradıcılığa, müğənniliyə necə başlamısınız?

- Müğənnilik incəsənətin bir qoludur. Hələ uşaqlıqdan məndə bu istedad var idi. Ümumiyyətlə, hər zaman incəsənətə meyilli insan olmuşam. Uşaqlıqdan rəsm çəkmişəm, şeir söyləmişəm, mahnı da oxumuşam. Sadəcə olaraq, valideynlərim mənim müğənni olmağımı istəməyiblər. Amma içimdəki səs mənə hər zaman tanınacağımı, populyarlaşacağımı deyir. Daxili enerjim bunu mənə hər zaman diktə edib. Yəni bu arzu, istək birdən-birə yaranmayıb. Gözümü açandan məndə bu sevgi var. İstər sinif yoldaşlarım, istərsə də məni tanıyanlar, əsgərlikdə səsimi dinləyənlər deyirdilər ki, nə gözəl səsin var. Oxuyanda insanların xoşuna gəlir, düşündüm ki, niyə də müğənnilik sənətini seçməyim?!

- Və...

- Və günlərin birində qərara aldım ki, “Azərbaycanın səsi” layihəsinə qatılım. Düzü, seçim turlarından keçəcəyimə o qədər də əmin deyildim. Amma keçdim. Yarışmada 3 həftə iştirak etdim. Üçüncü həftədən kənarlaşdırıldım. Canlı efirin həyəcanı, münsiflər, tamaşaçılar... Məhz buna görə tam özümü göstərə bilmədim.

- Bildiyimə görə, sizin xalq artistləri Brilliant Dadaşova, Zülfiyyə Xanbabayeva ilə dostluq münasibətləriniz var...

- Bəli, Hətta Brilliant xanımla biz çox yaxın dostuq. Zülfiyyə Xanbabayeva uşaqlıqdan mənim kumirimdir. Bu sənətə gəlməyimdə Zülfiyyə Xanbabayevanın rolu olub. O mənada ki, bu xanımın ifasından, səsindən ilham almışam. Çünki uşaqlıqdan Zülfiyyə Xanbabayevanı çox dinləmişəm. Çox xoşbəxtəm ki, Zülfiyyə xanımla da dostam. Hətta onun qızının şərəfinə öz qızımın adını Dəniz qoymuşam.

- Adlarını çəkdiyiniz sənətkarlar yaradıcılığınıza dəstək verirlər?

- Zülfiyyə Xanbabayeva yarışma boyu mənə dəfələrlə zəng edib. Hansı mahnı oxumağımla maraqlanıb. Çox sağ olsun, mənə böyük mənəvi dəstək olub. Yəni mənəvi olaraq, Zülfiyyə xanımın dəstəyini hiss etdim.

- Onlar sizin səsinizi, ifanızı bəyənirlər?

- Əlbəttə. Hətta sizə deyim ki, ilk dəfə ATV telekanalının canlı efirində Zülfiyyə Xanbabayevanın ad günüdə onunla birgə duet oxudum. O, səsimi çox bəyəndi. Belə deyək, bu mənim ilk debütüm idi. Mən çox xoşbəxt idim ki, ilk dəfə xalq artisti ilə canlı efirdə oxudum.

- Yarışmadan danışaq. Adətən, belə yarışmalarda iştirakçılar arasında intriqalar, konfliktlər olur. Bu kimi hallar sizdə də oldu? Rəqiblərinizlə nə kimi problemlər yaşandı?

- Qalmaqallar olmadı. Əslində, problemimiz mahnı seçimində idi. Düzdür, Elnarə Xəlilova bizə köməklik edirdi, dəstək göstərirdi. Yarışma boyu mən onun tələbəsi idim. O, çox maraqlanırdı. Hətta biz “WhatsApp”-la yazışırdıq. Ona yazırdım ki, filan mahnını və ya paltarı seçmişəm. Hər dəqiqə söhbət edirdik ki, necə edək ki, çıxışım uğurlu olsun. Mən Elnarə xanıma dedim ki, efirə ilk çıxışımda ağ paltarda, ağ linzalarda çıxım. O, mənə dedi ki, yox, birinci çıxışdan insanları qorxutmaq olmaz axı. Ağ libasda səhnəyə çıxdım ki, çıxışım yaddaqalan olsun.

- Adətən, əksər müğənnilərimiz bu sənətdə olmaqdan şikayət edirlər. Müğənnilik sənətini dəstəkləmirlər.

- Doğrudur, bu belədir.

- Siz bütün bunları gözə alaraq sənətə gəlirsiniz?

- Mən uşaqlıqdan bu sənətə can atmışam. Hər zaman şou-bizneslə maraqlanmışam. Bilirəm, bunun çirkabı da var, yaxşısı, pisi də... Qismət elə gətirdi ki, mən bu layihədə iştirak etdim. Bu aləmə daha yaxından bələd oldum. Hətta bir neçə sənətçimizlə də tanış oldum. Mənə sənətçilərimiz tərəfindən dəstək göstərildi. Hazırda Elza Seyidcahan mənə çox böyük dəstəkdir. O, indi də, yarışma boyu da mənim yanımda idi. Hətta mən yarışmadan çıxanda dedi ki, onu çıxarmayın, çünki Samin səhnəyə çox yaraşır. Üstəlik, istedadlı gəncdir. Sizə bir söz deyim, hazırda sənətimlə bağlı ən böyük mənəvi dəstəyi ondan görürəm.

- Brilliant Dadaşova, Zülfiyyə Xanbabayeva və Elza Seyidcahan. Onlardan hansı ilə duet oxumaq istəyərdiniz?

- Yaşayarıq, görərik. Əslində, hər üçü ilə duet oxumaq mənim üçün böyük şərəf olar. Artıq Elza xanımla bir layihə fikirləşirik. Mahnı dənizlə bağlı olacaq. Elza xanım vəd verib ki, bir şeirə musiqi bəstələyəcək. Onu duet şəklində ifa edəcəyik. Həmin mahnı dənizə həsr olunub. Hazırda ətraf mühit ekoloji baxımdan təmiz deyil. İstəyirəm ki, bu mahnımla insanların fikrini dənizimizin təmiz saxlanmasına yönəldim. Mahnım insanları düşündürsün.

- Xanımınız sizin müğənni olmağınıza necə yanaşır? Etiraz edir, yoxsa sizi dəstəkləyir?

- Həm etirazı edir, həm də ki dəstəkləyir. Düzdür, əvvəllər müğənni olmağıma razı deyildi. Çox qısqancdır. Artıq son zamanlar müğənni olmağımla barışıb. Dəstək də olur, amma hərdən... Sağ olsun (Gülür). Əslində, o, məni müğənni kimi görmür. Biz ailə həyatı quranda mən bank sektorunda işləyirdim. Amma mən özümü heç vaxt bank işçisi kimi görməmişəm. Indi isə müğənni kimi fəaliyyət göstərirəm. Təbii ki, ona indi bunu qəbul etmək çətindir. Birdən-birə dəyişdim, səhnə adamı oldum. Fotosessiyalar, çəkilişlər, səhnə... Ona bütün bunlar bir az qəribə gəlir. Amma məncə, bu da keçəcək.

- Məşhurlaşmaq, tanınmaq necə hissdir?

-Deməzdim ki, elə də populyaram. Məqsədim populyarlıqdan vacib, insanların sevgisini qazanmaqdır. Çünki bir çox populyar sənətçilərimiz var ki, insanlar tərəfindən sevilmirlər. Populyarlıq qazanmaq hazırda çox asandır. Amma sevilmək daha çətindir. İstəyərdim ki, insanlar tərəfindən sevilim, bəyənilim. Artıq seviləndən sonra insan populyar olmağa başlayır. Belə deyim, populyarlıq indi çox asandır və dəbdədir. Müddəti də çox azdır. Dahi korifeylərimizin adlarını çəksəm, onları sevməyən çox az adam tapılar. Çünki onlar vaxtında seviliblər. İnsanların sevgisini qazanmağa çalışmaq lazımdır. Və mən düşünürəm ki, bu elə də asan iş deyil.

- Sizə səsinizin Röyanın tembri ilə oxşar olduğunu deyiblər?

-(Gülür) Əslində, mən əsgərlikdə uşaqlar üçün oxuyanda dostlarım mənə zarafatla deyirdilər ki, Röyanın kişi variantı gəldi. Düzdür, bu söz mənə qəribə gəlirdi. Mənə çox adam deyirdi ki, səsin Röyanın ifasına çox bənzəyir.

- Necə düşünürsünüz, sosial şəbəkələrin müğənnin populyarlaşmasında hər hansı bir rolu var?

- Çox böyük rolu var. İndi hamı gününün çoxunu sosial şəbəkədə keçirir. Bunu aludəçilik, xəstəlik adlandırım, bilmirəm. “Facebook”-da, “İnstagram”da dostlarımla, yaxınlarımla danışırıq, hal-əhval tuturuq, müzakirələr aparırıq. Amma populyarlaşmaq üçün sosial şəbəkə bir vasitədir. Axı, insanlar 24 saat ərzində televizora baxmırlar. Onlar vaxtlarını daha çox internetə keçirilər. Artıq çoxdandır ki, televiziya internetə belə deyək, yenilib. Mən hətta düşünmüşəm ki , yeni mahnım hazır olan kimi onu televiziya vasitəsilə deyil, internetdə təqdim edim. Bunun daha bir yaxşı məqamı odur ki, internetdə bu kimi işlər rahat başa gəlir. Amma televiziyada xeyli miqdarda pul xərcləməli olursan.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm