70 yaşlı dəb ilahəsinin möhtəşəm stili - Fotolar
Bizi izləyin

Tabloid.az

70 yaşlı dəb ilahəsinin möhtəşəm stili - Fotolar

Bəzi qadınlar şərab kimidirlər, illər keçdikcə gözəllikləri və dəyərləri daha da artır. Bax belə qadınlardan biri də türkiyəli gözəl aktrisa Nəbahat Çəhrədir

Bəzi qadınlar şərab kimidirlər, illər keçdikcə gözəllikləri və dəyərləri daha da artır. Bax belə qadınlardan biri də türkiyəli gözəl aktrisa Nəbahat Çəhrədir. Azərbaycan tamaşaçıları onu “Aşkı məmnu”da canlandırdığı Firdevs obrazı ilə sevdilər. Daha sonra da “Möhtəşəm yüz il” serialı ilə karyerasının zirvəsinə çıxdı. Türkiyədə bu hər aktrisaya nəsib olan iş deyil. “Yeşilçam ulduzları” kimi tanınan aktyor və aktrisaların çoxu qocaldıqdan sonra unudulur. Ancaq Nəbahat Çəhrə tamamilə fərqlidir. Onun əvəzedilməz olmasında aktrisalıq qabilliyəti qədər gözəlliyi və zərifliyi də böyük rol oynayır. Heç kim ona 70 yaş verə bilməz. Bu qadına maksimum 50 yaş vermək olar. Amma onun sadəcə gənc qalması və gözəlliyi deyil, geyim stili, duruşu, davranışı, şıqlığı və zərifliyi də insanların diqqətini çəkir. Məncə bütün qadınlar Nəbahat Çəhrə kimi qocalmağı arzulayar, ancaq hamı bu arzusuna çata bilirmi? Əlbəttə, yox! Axı bu, elə də asan iş deyil. Gərək özünə diqqət edəsən, baxımlı olasan, sağlam qidalanasan. Bunların hamısını etsəniz belə, genetikanın da önəmli rolu olduğunu unutmayın. Deməli 70 yaşında Nəbahat kimi gözəl görünmək üçün həm də şanslı olmalısınız.

Söhbəti uzadıb qanınızı qaraltmaq istəmirəm. Ən yaxşısı gəlin Nəbahat Çəhrənin stil və zəriflik sirrlərini öyrənək. “Onların stili” layihəsində bu xanımı möhtəşəm göstərən hiylələrdən də bəhs edəcəyəm.

70 yaşlı stil ikonası

Hansı dəvətdə iştirak etsə, gecənin ən şıq qadını kimi diqqət çəkir. Çox vaxt gənc qızlar belə onun gözəlliyi və zərifliyi ilə barışmalı olur. Yaşına görə çox gözəl bədən fiqurası olan aktrisa hər geyimi özünə yaraşdıra bilir. Yenə də xüsusi gecələr üçün seçdiyi geyimlərə nəzər salsaq, görərik ki, o, öz stilindən uzaqlaşmır və kiçik detalları çıxmaq şərti ilə bir-birinə oxşayan libaslar geyinir. Əsas özünə yaraşanı tapmaqdır, tapdınsa ondan yapış. Gözəl aktrisa da elə bu fəlsəfə ilə yaşayır. Nəbahat Çəhrənin stili klassik tərzə daha yaxındır. Ancaq bəzən ekstravaqant geyimlər də geyinir. Əsasən qara, qırmızı, ağ və bej çalarlarda olan libaslara üstünlük verir. Geyimini sadə, eyni zamanda, da şıq görünən ayaqqabı və çantalarla tamamlayır.

İri boyunbağıları və üzükləri çox sevir. Bu da təsadüfi deyil. Belə bir deyim var ki, qadının yaşını boynu ələ verir, bir də əlləri. Həqiqətən də ilk öncə insanın əlləri və boynu qırışır. Üzümüzə qulluq etsək də, bu bölgələri yaddan çıxarırıq. Ancaq üzülməyin, 70 yaşlı Nəbahat Çəhrə boyundakı və əldəki qüsurları gizlətməyin üsulunu tapıb. Aktrisa iri boyunbağılarla sinəsindən və boynundan diqqəti yayındırır, üzük də əlllər üçün eyni funksiyanı yerinə yetirir. Yetər ki, siz gözəl görünməyə çalışın, gördüyünüz kimi hər şeyin çarəsi var.

Bədəninə tam oturan geyimləri sevən Nəbahat Çəhrə çox vaxt gənc stilistlərə müraciət edir. Bunun səbəbi əvvəlcədən də qeyd etdiyim kimi avanqard üslubu sevməsidir.

Kişilərlə yanaşı, qadınları da özünə heyran edən bu xanım əsl stil ikonası olmasına baxmayaraq, olduqca təvazökardır. Çünki heç vaxt dəb ilahəsi olduğunu qəbul etmir.

15 yaşında gözəllik kraliçası seçilib

15 yaşında gözəllik kraliçası seçilən Nəbahat bununla kifayətlənməyib. Öz üzərində işləyən aktrisa bir neçə il öncə “Elle Style Awards” gecəsində “Stil ikonası” mükafatına layiq görülüb. Nəbahat Çəhrə çox gözəl bilir ki, gözəlliyi itirmək olar, çünki illər gözəlliyi əlimizdən almağa qadirdir. Ancaq zərifliyi və zövqü heç kim bizdən ala bilməz. Hər bir insanın öz geyim tərzi olmalıdır, çünki insan bu dünyadan köçdükdən sonra belə onun stili müzakirə edilməyə, gələcək nəsillərə ilham verməyə davam edə bilər. Elə Nəbahatın da illər sonra stil ikonaları arasında adı çəkiləcək, aktrisa buna layiq olduğunu çoxdan sübut edib.

Serilları onun stilini təqib etmək üçün izləyirlər

Nəbahat Çəhrənin geyim stilindən bəhs edərkən onun serillardakı üslubuna toxunmadan keçmək olmaz. Çünki aktrisa seriallarda da öz geyimlərindən istifadə edib. Hətta çox vaxt aldığı qonorarın çoxunu geyimlərə xərcləməli olub. Nəbahat bunu müsahibələrindən birində bu sözlərə etiraf edir: “Serialların çoxunda öz geyimlərimi geyinmişəm. Yəni, çoxlu geyim almalı olmuşam. Astarı üzündən baha başa gəlir. "Haziran gecəsi”ndə 20 il əvvəl aldığım paltarlarımı geyinirdim”.

Nebahat Çehre

Belə çıxır ki, aktrisa ekrandakı möhtəşəm görüntüsünü heç də stilistlərə borclu deyil, aktrisa həmişə öz zövqünü əks etdirir.

Bunu nəzərə alaraq aktrisanın dəb ilahəsi kimi qəbul olunmasında ən böyük rol oynayan “Aşkı məmnu” serialındakı geyimlərindən bəhs etməyi uyğun görürəm.

Həmin serialda Firdevs xanım obrazını yaradan cazibədar ulduz daha çox “Etcetura”, “Elif Cığızoğlu”, “Azad Masur Gamze Saraçoğlu”, “Mehtap Elaidi”, “Özlem Süer”, “Özlem Ahıakın”, “Berna Canon”, “BCBG”, “Closh”, “Naked” və “Escada” markalarından etdiyi seçimlərlə göz qamaşdırırdı.

Onun stili o qədər diqqət çəkmişdi ki, serial ikinci plana keçmişdi. Hamı “Aşkı məmnu”nu trendləri öyrənmək və Firdevsin növbəti seriyada nə geyinəcəyini görmək üçün izləyirdi. Aktrisanın bir çox geyimi dəbə mindi, qadınlar mağazalarda Firdevsin koftasını, şalvarını və ya aksessuarlarını axtarmağa başladılar. Bunu fürsət bilən satıcılar isə “Firdevs çantası”, “Firdevs üzüyü” deyə etiketlər qoyaraq mallarını daha çox satmağa nail oldular.

nebahat çehre

Məşhur brendlərin Hafsa Sultandan ilham aldığı kolleksiyalar

Aktrisa çəkildiyi sonrakı serialda - “Möhtəşəm yüz il”də də ənənəni davam etdirdi. Serialda Aişə Hafsa Sultan obrazını canlandıran Nəbahat Çəhrə yenə qadınlara ilham verməyə davam etdi.

“Möhtəşəm yüz il” tarixi serial olduğu üçün obrazların geyimi günümüz üçün uyğun deyil. Ancaq aksessuarlar və zinət əşyaları üçün bunu deyə bilmərik. Elə buna görə də Aişə Hafsa Sultanın ləl-cəvahiratları bir anda bütün qadınların diqqətini çəkdi. Məşhur zinət əşyaları istehsalçıları tezliklə bunun fərqinə vardılar. Bir çox brend “Möhtəşəm üz il”in qadınlarından ilham alaraq möhtəşəm zinət əşyaları kolleksiyaları yaratdılar. Almaz, yaqut, zümrüd, sapfir kimi dəyərli daşlarla bəzədilən kolyelər, boyunbağılar, sırğa və üzüklər qiymətlərinin baha olmasına baxmayaraq pendir, çörək kimi satılmağa başladı.

Ancaq onu da vurğulayım ki, “Möhtəşəm yüz il” adı ilə tanınan zinət əşyaları hər qadına yaraşmır. Bunun üçün gərək Nəbahat Çəhrə kimi zərif olasan və onları doğru geyimlərlə kombin etməyi bacarasan.

"Bazardan da paltar alıram"

Bəziləri elə bilir ki, şıq görünmək üçün zəngin olmaq lazımdır. Ancaq bahalı brendlərdən geyinməyin insanı şıq və zərif göstərmədiyi artıq sirr deyil. Nəbahat Çəhrə də dəbli görünüşünü brendlərə borclu olmadığını bildirir. Aktrisa hətta bazarlardan alış-veriş etməkdən çəkinmədiyini vurğulayır:

“Bazardan paltar almağa utanmıram, özümü bahalı brendlərlə çərçivələrə salmamışam. Ucuz paltar alsam da, saxta malların əleyhinəyəm. Bahalı geyimlər də alıram. Ancaq ucuz markalara da müraciət edirəm. Əsas aldığım paltarların rahat olmasıdır”.

Gündəlik həyatda ən yaxşı köməkçisi eynəklərdir

Nəbahat Çəhrə gündəlik həyatda idman stilində geyinir. Bəzən də bol kəsimli şalvarlar, tulumlar və koftalarla rahatlığının qeydinə qalır. Gündəlik həyatda ən çox qara rəngə üstünlük verir. Ümumiyyətlə tünd rəngləri sevir. Məlumdur ki, tünd rənglər insanı olduğundan arıq göstərir. Görünür, aktrisa rəng seçimlərində əsasən bunu nəzərə alır.

İdman ayaqqabılarını çox sevir. Ancaq keta geyinmir. Gizli dabanı olan ayaqqabılara üstünlük verir. Makiyajsız gəzdiyi üçün böyük eynəklərini gözündən çıxarmır. Aktrisa nə qədər sadə geyinməyindən asılı olmayaraq, gündəlik həyatda da gözəl görünməyi bacarır.

Aktrisa küçə stili ilə bağlı bunları deyir: “İdman ayaqqabılarım olmasa, yaşaya bilmərəm. Gündəlik həyatda avanqard üsluba önəm verirəm, getdiyim hər yerdə fərqlənməliyəm. Təbii ki, məkan və saat da əhəmiyyət kəsb edir”.

Türkiyədə 1960-cı illərdə də stillə bağlı qadınlara sözün əsl mənasında dərs verən Nəbahat Çəhrə elə indi də gənc nəslə doğru geyinməyin qaydalarını göstərir. Təqdim etdiyim fotolarda o illərdəki Nəbahat Çəhrəyə nəzər sala bilərsiniz.

Saç rəngini dəyişdirməyi sevməyən aktrisa demək olar ki, həmişə qəhvə tonlarında olan saç rənglərinə müraciət edir. Bu rənglər onun dərisinə yaraşır və daha gənc görünməsinə səbəb olur.

Saçlarını çox vaxt toplayır. Toplayarkən kənarlardan bir neçə teli açıq saxlayır. Beləliklə, üzündəki qırışları da gizlətmiş olur. Saçlarını açıq qoyanda isə fenlə düzləşdirir. Nəbahat Çəhrə estetik əməliyyatlar və botoks etdirməyib, o, qırışların qadının gözəlliyə mane olmadığını sübut edir.

Makiyajda isə gözlərini ön plana çıxarmağı xoşlayır. Kölgəli göz makiyajına üstünlük verir. Daha çox qəhvəyi tonlarda göz kölgələrindən istifadə edir.

"Benjamin Button" kimi qadın

Türkiyənin məşhur komediya ustası Cem Yılmaz onu “Benjamin Button” adlandırır. Bu da təsadüfi deyil. 70 yaşlı Nəbahat gün keçdikcə gəncləşir, gözəlləşir. Bəs akrtisa bunu nəyə borcludur? Aktrisa gözəllik sirlərindən bəhs edərkən siqaret çəkmədiyini vurğulayır. Qırmızı əti sevmədiyini, daha çox balıq və toyuq əti yediyini deyən Nəbahat Çəhrə gün ərzində bir-iki dəfə meyvə və salat yediyini bildirir. Aktrisa gündə iki litrdən çox su içir. Saat 7-dən sonra heç nə yemir. Saçlarına və dərisinə qulluq edir, maskalar çəkir. Dəri tipinə uyğun kremlərdən istifadə etməyi unutmur.

Hamıya Nəbahat Çəhrə kimi qocalmağı arzu edirəm.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm