“Belə insanları görəndə qocalmaqdan qorxmursan” - Fotolar
Bizi izləyin

Tabloid.az

“Belə insanları görəndə qocalmaqdan qorxmursan” - Fotolar

"Öz seçimimlə ailə quracağam" - Fotolar

Bu gün teleaparıcı İlkin Həsəninin 31 yaşı tamam olur. Ad günü münasibətilə İlkin Həsənini kollektivimiz adından təbrik edir və bununla əlaqədar aparıcının vaxtilə saytımıza verdiyi maraqlı müsahibəni yenidən təqdim edirik.

İlkin Həsənini sevənlər o qədər çoxdur ki, onun uzun təqdimata və tərifə qətiyyən ehtiyacı yoxdur. Çünki efirdə olduğu illər ərzində özünü aparması, incə yumoru sayəsində insanların etibarını qazana bilib. İnsanların sevimlisinə çevrilməyin ən qısa yollarından biri isə onların etibarını və etimadını qazanmaqdan keçir. “Kokteyl” layihəsinin bu həftəki qonağı da elə İlkin Həsəni oldu.

- Yayı necə keçirdiniz? Ümumiyyətlə, yay mövsümü ovqatınıza necə təsir elədi?

- Yay əhvalıma çox gözəl təsir elədi, çünki payızdan fərqli olaraq pozitiv fəsildir. Ən azından bu fəsildə qışda adət etdiyimiz qara və boz rənglərdən qurtulub daha əlvan rənglərə yönəlirik. Hər yerdə istirahət, əyləncə, Günəş, dəniz, tıxacsız yollar və.s...

- Futbolla aranız necədir? 2014 futbol üzrə dünya çempionatında hansı ölkəyə azarkeşlik edirdiniz?

- Futbola heç vaxt marağım olmayıb. Elə indi də yoxdur. Bu ilki dünya çempionatına da baxmırdım. “Facebook”dakı dostlarım sağ olsun, oyunun hər saniyəsini şərh edib status bölüşürdülər.

- 10-20 ildən sonra Azərbaycan futbolunu necə təsəvvür edirsiniz?

- Vallah onu ekstrasenslər daha yaxşı bilər. Amma təxmini proqnozum belədir, yadınızdadır “Eurovision” mahnı müsabiqəsinə xarici kanallardan baxanda nə düşünürdük? Görəsən, nə vaxtsa biz də bu müsabiqədə iştirak edə biləcəyik? Bəli, vaxt gəldi, biz gedib çıxdıq ora, bir müddət sonra qalib olduq, hətta o yarışmanı Bakıda təşkil elədik. Futbolumuzun da gələcəyinin elə olacağını və yaxın illərdə güclü bir sıçrayış baş verəcəyini düşünürəm. Bir neçə il sonra dünya çempionatında bizim bayrağımız da dalğalanacaq!

- Uşaqlıqda etdiyiniz ilk uğurlu zarafatı xatırlayırsınız?

- Uşaqlıq hara, uğurlu zarafat hara? Yox, xatırlamıram. Yəqin uğursuzları daha çox olub ona görə, yadıma düşmür. (gülürük)

- İzləyicilər, ümumiyyətlə, sizi tanıyan hər kəs sizdən gülməli və maraqlı cavablar gözləyir. Bu, sizi bezdirmir ki?

- Suallar yerində veriləndə təbii ki, cavablar da maraqlı alınır, yumorlu olur. Amma hərdən o qədər yersiz sual verilir ki, cavab vermək belə istəmirsən.

- Məsələn?

- Bir dəfə işıqforda bir ağsaqqal saxlayıb pəncərədən boylanıb mənə gülümsəyərək qışqırır ki, “Bu maşını maa neçəyə verərsən?”. Bu suala nə deyim mən?

- Efirdə tamaşaçını əyləndirmək və onun zövqünü oxşamağa məcbursunuz. Yəni, bu birbaşa işinizdir. Bəs həyatda rola girmək məcburiyyətində qalırsınız?

- Çox nadir olsa da, məcbur oluram. Problem olanda gərgin anlarda özümü hadisələrə pozitiv tərəfdən baxmağa məcbur edirəm. Özümü “Hər şey çox gözəldir, hər şey əladır” kimi aparmışam, bilmirəm, buna da rola girmək demək olar, yox? Əsas odur ki, evdən çıxanda maska taxmıram, evdə necəyəmsə, işdə, hər yerdə eləyəm.

- Həqiqəti bildiyiniz halda yalanı dinləməyi sevirsiniz?

- Bəli, bu mənim həyat təcrübəmi artırmaqla yanaşı, qarşımdakı insanın aktyorluq bacarığını da öyrənməyə kömək edir. Yalanı yaxşı və məharətlə danışırsa, onu ehtiyat aktyor kimi nəzərimdə saxlayıram.

- Gözünüzün içinə baxa-baxa yalan danışan adamlara necə reaksiya verirsiniz?

- Kişi olsa, deyərəm ki, az basıb-bağla. Xanımlarda isə məsələ bir az qəlizləşir, xətrinə dəyməmək üçün sona qədər dinləyib öz bildiyimi edirəm.

- Doğrudanmı, qadının əsl xarakteri kişinin pulu olmayanda, kişinin əsl xarakteri isə pulu çox olanda üzə çıxır?

- Bu əl çirki ətrafımızda olanların bəzilərini o qədər dəyişir ki, adam varlanmağa da qorxur. Düşünürəm ki, qadın sevirsə, dəyər verirsə, kişinin pulu oldu-olmadı pis xasiyyətlərini gizlətməyi bacarmalıdır, kişinin də pulu artdıqca başı dik olmalıdır.

- Heç kimi sevməmək insanı məğlubedilməz edən böyük bir vergidir, heç kimi sevməməklə ən qorxulu ağrıdan azad olursan. “Bizi ən çox sevdiyimiz insanlar məyus edir” prizmasından yanaşsaq, bu fikir doğrudurmu?

- Xeyr, bu, doğru fikir deyil. Bu deyimi sevgi travmaları alanlara daha çox aid etmək olar. Vaxtında düzgün seçim etsəydilər, “Bizi ən çox sevdiyimiz insanlar məyus edir” deməzdilər.

- Sizcə, bir kişinin neçə dəfə sevmək haqqı var?

- Bir kişi bir dəfə və möhkəm sevir, unudulmaz sevgi yaşayır. Həmin sevgi həyatı boyu onun yadında olur və vaxtaşırı yada salır. Əslində, sevmək insanın özündən asılıdır. Ürəyi neçə dəfə istəyirsə, o qədər sevə bilər. Kişinin xasiyyətindən də asılıdır. Elə kişi var ki, ömrü boyu ancaq bir qadını sevir.

- Bəs qadının?

- Burda da qadının xasiyyətindən asılır. Amma Azərbaycanda müəyyən standartlar var.

- Bu standartlar Azərbaycan qadınına neçə dəfə sevməyə icazə verir?

- Adətən bir və ya iki dəfə olur.

- İnsanın həyatında elə bir travmalı hadisə baş verər ki, həyatı tamamilə alt-üst ola bilər. Ondan sonra tamamilə başqa bir adama çevrilə və yeni xarakter ortaya çıxa bilər. Sizdə belə bir hadisə olub?

- Ona travma yox, həyata yeni baxış deyərdim. Həyatın elə bir dönəmi olub ki, ulduz xəstəliyinə doğru getmişəm. Amma sonradan yan-yörəmdə bu qədər adamın sevgisinin, şan-şöhrətin, məşhurluğun müvəqqəti olduğunu anladım. Bütün bunlar gələcəkdə olmaya da bilər. 2006-cı ildə əsgərlik vaxtı özümü yuxarıda sadaladıqlarımın olmamasına hazırlamışdım. Əsgər olduğum müddətdə bir il efirdən ayrıldım. Həmin il mənim yanımda ən yaxın insanlar var idi, hansı ki, bu gün onları ürəkdən həqiqi dost adlandıra bilərəm. Əsgərlikdə başım bir balaca divara dəyəndən sonra həyata baxışımda dəyişiklik oldu.

- Sevib ailə quranların, yoxsa valideyn məsləhəti ilə evlənənlərin bəxti gətirir?

- Bunu dəqiq demək olmaz. Statistika var: sevib ailə quranlar arasında da boşanmalar olur, hətta elə cütlüklər görmüşəm ki, onlarla bir yerdə oturanda sevgilərini hədsiz dərəcədə büruzə verdiyi üçün əsəbiləşirdim. Amma toylarından 2-3 ay sonra boşandıqlarını eşidəndə şok olmuşdum. Valideyn məsləhəti, təkidi ilə ailə quran insanların evlilik həyatının uğursuz bitdiyinin də şahidi olmuşam. Amma məncə, uğursuz ailələr daha çox valideynlərin təkidi əsasında qurulan ailələrdə müşahidə olunur.

- Sizin seçiminiz necə olacaq?

- Mən öz seçimimlə ailə quracağam.

- Valideynlərinin də müəyyən mənada fikirlərini nəzərə alacaqsınız?

- Təbii ki, valideynlərimin fikirləri önəm daşıyır. Onların fikirlərini nəzərə aldığımı bildikləri üçün mənim seçimimə əmindirlər. Dolayısı ilə bu barədə mənə təkid etmirlər.

- Toylarda çox iştirak etməli olursunuz. Maraqlıdır ki, Azərbaycan toylarında ən çox nədən narazı qalırsınız?

- Toyun necə keçəcəyini əvvəlcədən müəyyənləşdirmək mümkün olmadığı üçün sürpriz kimidir. Elə toy var ki, gedəndə ürəyin açılır, bizim toylarda bəzən bu qədər mədəni insanların olmasına təəccüb edirsən. Elə toy olur ki, ev yiyəsi utana-utana gəlib mahnını dəyişmək istədiyi üçün bizdən üzr istəyir. Hansı ki, həmin adamın övladının toyudur və pulu da o verir.

Bəzi toylarda isə sərxoş və ədəb-ərkan qaydalarından kənara çıxaraq mahnı sifariş edirlər. Bir də gənclər başa düşmür ki, bu, onların toyudur və toy onların istədiyi kimi keçməlidir. Çox vaxtı hər şeyi valideynlərin öhdəsinə buraxdıqları üçün toy muğam festivalına dönür. Musiqi seçimi çox zövqsüz olur, yaxud da toyda iştirak edənlərin 50 faizi gənclər olur, amma orda gənclərin ruhuna uyğun heç nə tapa bilmirsən. Ona görə də toy sıxıcı keçir.

- Bəzənib-düzənən kişilər sizdə qıcıq doğurur?

- Azərbaycan kişisi metroseksuallıq həddinə çatmamaq şərti ilə özünə baxmalıdır. Metroseksuallara da münasibətim normaldır. Sadəcə bu gün cəmiyyət onları qəbul edə bilmir. Metroseksual anlayışını Azərbaycanda indi-indi bilməyə başlayırlar. Tanımadığı, lap çox özünə baxan kişilərin oriyentasiyası haqqında səhv fikir də dilə gətirə, gey adlandıra bilərlər. Lakin bu, o demək deyil ki, kişi özünə baxmamalıdır. Manikür, pedikür nəzərdə tutmuram, ancaq kişinin də baxımlı olmağa haqqı var. Geyimi, saçı, ayaqqabısı, saqqalı, təmizliyi və səliqəsi, aksessuarları, saatı, qolbağı yerli-yerində olmalıdır.

- İlkin Həsəni qocalmaqdan qorxmur ki?

- 25 yaşına kimi yaşlanmaqdan qorxurdum. 25-dən sonra isə hər yaşın öz gözəlliyi olduğunu anlamağa başlayırsan. Bu yaxınlarda internetdə 45 yaşlı italyalı kişinin şəklini gördüm. Çox cavan qalmışdı, həm də xarizmatik görünürdü. Belə insanlar görəndə qocalmaqdan qorxmursan.

- Siz elə gənc qala biləcəksiniz?

- Ruhun gəncdirsə, qocalmayacaqsan. İnsanı qocaldan onun ruhudur.

- Sizcə, niyə məşhurların tənqidi kütləyə şirin gəlir? Məşhur bir adam nəyisə tənqid edirsə, kütlə də onu tənqid etməyə başlayır, belə deyək də hardasa ayağa qalxır.

- Bu, insan psixologiyasından qaynaqlanır. Məsələn, adi bir insan dadlı konfet yeyəndən sonra dostuna da onu məsləhət görür. Dostu isə ona əhəmiyyət verməyə bilər. Lakin səhəri gün o konfeti hər hansı məşhur biri reklam etsə, hətta pis olsa belə dərhal onun dadına baxacaq. Reklamlarda da məşhur simaları ona görə çəkirlər. Elə simalar var ki, onlar özünü artıq doğruldublar, ardınca böyük kütləni apara bilirlər. İnsanlar ona etibar edir. Belə məşhurlar sosial şəbəkələrdə, saytlarda suyunun, qazının gəlməməyindən şikayət etsə, camaat o dəqiqə reaksiya verəcək və onu dəstəkləyəcəklər.

- “Bozbaş Pictures”-də adətən adi insanları yumor hədəfinə çevirirsiniz. Belə deyək, gələcək planlarda məmurları və daha ciddi tənqidlər etmək nəzərdə tutulub? Yoxsa çəkinirsiniz?

- Biz konkret ad çəkmirik, heç vaxt da çəkməyəcəik. Əsas odur ki, ötürmək istədiyimiz mesajları verə bilirik. Bu mesajları dövlət məmuru da, nazir də, nazirlikdə işləyən bir işçi də özünə götürə bilər. Yəni, hamıya aid ola bilər. Müğənnilərin, şou sahəsində çalışanların adını çəkə bilərik, dövlət sahəsində çalışan insanların isə yox.

- Azərbaycan yumor tarixində iz qoya biləcəksiniz?

- Azərbaycan yumor tarixi onu göstərir ki, hər dövrün öz nəbzi, öz dövranı var. 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində bütün evlərdə Arif Quliyevin kasseti var idi, bu kassetləri bir-birimizə ötürürdük. Bu gün isə o kassetlərə baxıb gülə bilmərik. Çünki öz aktuallığını itiriblər, o dövrün gülüş və tənqid obyektləri indikindən tamamilə fərqlənir. Zaman keçəcək insanlar başqa hadisələrə baxıb güləcəklər. Biz də eləcə... Azərbaycan yumor tarixində nələrsə etdiyimizi deyə bilmərəm. Tamaşaçı bu gün bizə baxırsa, nə dərəcədə iz qoya bildiyimizi onlar özləri müəyyənləşdirəcəklər.

- Suallarım deyəsən, çox oldu. Hansı sizi tərlətdi?

- Üstündən xətt çəkdiyim sual.

P.S Müsahiblərə sualları əvvəlcədən göstərməyi sevməsəm də, İlkin Həsəni redaksiyamızda qonaq olanda stolun üstünə qoyduğum vərəqdəki suallara göz gəzdirib bir sualın üstündən xətt çəkdi və onu tərlətdiyini etiraf etdi. Oxucuları intizarda qoyamaq üçün deyə bilərəm ki, sualım sevgiyə aid idi.

Fotolar: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm