Aslan: “Müğənnilər meymunluq edirlər"
Bizi izləyin

Tabloid.az

Aslan: “Müğənnilər meymunluq edirlər"

“Müğənnilər meymunluq edirlər”

Qırğızıstanın əməkdar artisti, azərbaycanlı müğənni Aslan Hüseynov qalmaqallardan qaçır. İfaçı Tabloid.az-a açıqlamasında daha çox yaradıcılıqla məşğul olmağa üstünlük verdiyini deyib:

- Sənətə ilk gəldiyiniz günlərdə adınız qalmaqallarda daha çox hallanırdı, nəinki indi… Deyəsən, artıq dedi-qodu və qalmaqallara marağınız azalıb?

- Şou-biznesdə iki nəfər bir-biri ilə savaşanda böyük marağa səbəb olur. Amma iki sənət adamı duet oxuyanda, hansısa layihə üzərində işləyəndə heç kimə maraqlı olmur. Mən ilk dəfə qalmaqala düşəndə bilmirdim ki, həmin adamlar bununla özlərini reklam edirlər. Bəzən ən məşhur müğənnilərimizdən kimsə mənə zəng edir ki, çoxdandır efirdə görünmürük. Gəl, nəsə qalmaqal eləyək…

Hara gedirəm, məndən müğənnilərin evlənməyini, ayrılmağını soruşurlar. Axı sizin nəyinizə lazımdır ki, kim-kiminlə yaşayır?! Söhbət tamaşaçıdan gedir... Tamaşaçının zövqünü o qədər korlayıblar ki. Bəzi telekanallar müğənnilərin yemək yeyərkən görüntülərini çəkib efirə verirlər, onları ağzı-burnu əyri halda meymuna döndərirlər. Müğənnilər də artıq özləri meymunluq edir. Bu xalqı, milləti dolayıb, ucuz reklamlarla aldatmağa çalışırlar, adını da gündəm qoyurlar.

- Fəxri ad istəyirsiniz?

- Vallah, mənim fəxri ada ehtiyacım yoxdur. Əsas odur ki, xalqın artisti olasan. Müğənnilər var, deyir ki, mən Heydər Əliyev Sarayında 3 gün, digəri deyir ki, 5 gün konsert verdim. Hamı bilir ki, həmin müğənnilər insanları Saraya necə toplayırlar. Mən istəmirəm ki, kiminsə əli ilə konsertimin biletlərini zorla satdırım. 30-40 manat qıra-qıra camaatı yığım ora, 2 saat ərzində məni söysünlər. Ad çəkmək istəmirəm, elə müğənnilərin axır aqibətinin necə olduğunu görürsünüz. Özünə “mənəm-mənəm” deyən müğənnilər artıq sənətdə yoxdur. Pis çıxmasın, Polad Bülbüloğlu, Zeynəb Xanlarova, Nisə Qasımova, Flora Kərimova kimi sənətkarlar mənə sənəti olan müğənni deyirlərsə, başqalarının fikri maraqlı deyil. Biri var, xalq üçün oxuyasan, biri də var, kütlə üçün oxuyasan. Necə qəbul edirlərsə-etsinlər, mən kütlə üçün oxumuram. Toya gəlirsən, təqdim edirlər: filankəs-filankəsov, xalq artisti, amma alqış yoxdur. Elə müğənni var ki, toya 5 yüz manata gəlir. Ancaq elə oxuyur, fəqan eləyir, çox gözəl məclis aparır. Müğənni də var ki, 3 min manata toya gəlir. Yekə-yekə danışır, elə bil ki, buna yalvarıb-yapışıb toya gətiriblər.

- Nə zaman solo konsert verəcəksiniz?

- Müğənni əlçatmaz olanda onun konsertinə gedirlər. Mən və sənət dostlarım hər gün, ən azı üç restoranda şou-proqramda oxuyuruq. Məsələn, bir nəfər hansısa restorana gəlir. Soruşur ki, bu gün sizdə kimlər oxuyacaq? Deyirlər ki, məsəl üçün: Faiq Ağayev Röya, Aslan. Girir, yeyir-içir, üstəlik, müğənniylə məzələnir, oturur. O müğənninin konsertinə gedərlər? Ona görə də mən solo konsert vermirəm. İki gün konsert verərəm, onun-bunun əliylə milləti Saraya dolduraram. Mən elə istəmirəm, çıxım səhnəyə. Deyim ki, salam, mənim əzizlərim. Zaldakı da desin ki, qələt eləyirsən mənim əzizim olursan. Mən özümü meymun yerinə qoya bilmirəm. Sonra da çıxım efirdə deyim ki, konsert vermişəm. Hazırda nə Özbəkistanda, nə Qazaxıstanda, nə də Qırğızıstanda restoranlarda şou-proqramlar yoxdur. Amma bizdə hansı müğənnini itirsən, restoranlarda tapa bilərsən.

- Söhbətinizin əvvəlində telekanallardan şikayətçi oldunuz. Amma zaman-zaman sizi bəyənmədiyiniz həmin o maqazin proqramlarında görürük…

- Düzdür. Məni verilişə dəvət edəndə mövzu və qonaqlarla tanış olmasam, verilişə çıxmıram. Etiraf edim ki, maqazin proqramlarını izləyirəm, görüm mənə söz atan var, ya yox? Bilirsiniz, mən bağışlamağı bacarmıram. Sənətdə və yaşda səndən böyük olanı bağışlamaq olar. Amma tay-tuşum ünvanıma nəsə desin, mən də onu bağışlayım? Elə hal həyatı boyu olmayıb. Dəymə mənə, dəyməyim sənə. Məndən xoşun gəlmir, baxma, ifama qulaq asma.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm