“Soruşurlar ki, toyda oxuyanda şpaqat açırsan?” – Fotolar
Bizi izləyin

Tabloid.az

“Soruşurlar ki, toyda oxuyanda şpaqat açırsan?” – Fotolar

Könül Şıxəliyev: “Məndə də Cennifer Lopezdəki kimi alınar...”

Müsahibimiz qısa zamanda populyarlıq qazanan müğənni Könül Şıxəliyevadır. Könülü hamı “şpaqat açan müğənni” kimi tanıyır. O, isə bundan narahat deyil, əksinə. O, Tabloid.az-a müsahibəsində fotokamera qarşısında şpaqat açmağının onun xeyrinə olduğunu, bununla populyarlıq qazandığını bildirib:

- Bəzən məndən soruşurlar ki, toyda oxuyarkən şpaqat açırsan? Mən də deyirəm ki, hə, açıram...

- Doğrudan, belə olub?

- (Gülür) Əlbəttə ki, yox. Məgər mənim başımda çatmır ki?! Məni toyda oxuduğum zaman şpaqat açan təsəvvür edin (Gülürük). Bilirəm ki, bu sualı adətən, məni qıcıqlandırmaq üçün verirlər.

- Hansı sual sizi özünüzdən çıxarır?

- Əslində, heç bir sual məni özümdən çıxara bilməz. Sadəcə, sevmirəm ki, kimsə mənimlə tikanlı danışsın. Çox səbirli insanam. Qoç bürcündən olsam da, çox sakit insanam. Yəni ki, hər bir situasiyanın sonrasını fikirləşirəm.

- Könül, niyə indi hamı müğənni olmaq istəyir?

- Yəqin müğənni yoxdur, ona görə (Gülür).

- Özünüzü müğənni hesab edirsiniz?

- Düşünürəm ki, ifama görə dəyişik bir müğənniyəm.

- Öz ifanıza qulaq asanda sizdə hansi fikir formalaşır?

- Fikirləşirəm ki, mənim ifamın dinləyicisi ola bilər. Yəni bərbad deyil, normal oxuyuram.

- Özünüzə çox qulaq asırsınız?

- Qulaq asmaq deməzdim. Məşq edirəm, yəni mahnımı qoyub, canlı oxuyuram.

- Adətən, sənətə yeni gələn müğənnilərlə müsahibə edəndə deyirlər ki, 3-5 yaşından oxuyurlar. Musiqiyə böyük həvəsləri olub-filan... Bəs siz?

- Düzü, yaddaşım zəifdir. Uşaqlıq illərimdən elə də çox şey yadımda qalmayıb. Amma xatırlayıram ki, istəyirdim uzun hörüklərim olsun. Bunun üçün də, başıma “kolqotka” taxırdım (Gülür).

- Yerli şou-biznesdə kimləri özünüzə kumir sayırsınız?

- Heç kimi. Amma ifasını dinlədiyim müğənnilər var.

- Könülün, musiqidən başqa nəyə marağı var?

- Hər şeyə. Mən hər şeyi bacarıram.

- Məsələn?

- Evdarlıqdan tutmuş, gözəllik salonundakı işlərə qədər, hər şeyi super bacarıram. Çoxları mənə qibtə edir ki, necə olur, qulpundan yapışdığın hər işi görə bilirsən.

- Mətbəxlə aranız necədir?

- Əla! Bütün yeməkləri bişirə bilirəm. Salatlardan tutmuş, dolmaya, aşa kimi hamısını bişirirəm. Hətta çoxları inanmır ki, mənim kimi baxımlı xanım, bəzəkli-düzəkli qız belə dadlı yeməklər bişirə bilər.

- Əlinizin duzu var?

- Var. Bir dəfə sizi qonaq çağıraram, gələrsiniz. Dadlı yeməklər bişirərəm, dadına baxarsınız.

- Sağlıq olsun. Dediniz ki, dadlı yeməklər bişirirsiniz. Mətbəxdə çox olursunuz?

- Bəli. Yeməklərimi bişirirəm, sonra da televizora baxa-baxa yeyirik.

- İştahlısınız?

- Hə, yeməyi çox sevirəm.

- Bəs özünüzü necə formada saxlayırsınız?

- Mən formada deyiləm. 10 kiloqram arıqlamaq istəyirəm.

- Gündəmə şpaqat açmaqla gəldiniz. Yaddaşlarda “şpaqat açan” müğənni kimi qaldınız. İdmanla xüsusi olaraq, məşğulsunuz?

- Uşaqlıqda bədii gimnastika ilə məşğul olmuşam. İndi isə qaçıram, idman zallarında məşq edirəm. Mən saytlardan birinə müsahibə verirdim. Uşaqlar arasında səmimi münasibət yarandı. Şpaqat açdım, fotoqraf çəkdi. Gözləmirdim ki, həmin şəkilləri yayımlayarlar. Əslində, peşmançılğını çəkmirəm. Bunu zarafatla deyirəm, antireklam, özü bir reklamdır (Gülür). Həmin şəkillərim insanlara maraqlı gəldi.

- Sevgiliniz var?

- Hə, əlbəttə. Düzdür, hələ ailə qurmaq haqqında düşünmürük. Çünki ailə qurmaq asandır. Onu sürdürmək çətindir. Toya nə var ki, 5 min manat verib, evlənirsən. Amma sonra çox problemlər çıxır.

- Sevgilinizin şpaqat açarkən çəkdirdiyiniz şəkillərə münasibəti necə oldu?

- Problem olmadı. Sevgilim məni olduğum kimi qəbul edir. Xoşu gəlməyənə isə qapı açıqdır, gedə bilər. Bir az qohum-əqrabadan söz-söhbətlər eşitdim. O qohumlardan ki, həyatı boyu heç üzlərini görməmişəm....

- Belə bir deyim var: qadınlar qadınlara görə geyinirlər... Bu fikirlə razısınız?

- Yox. Mənim ürəyim nə istəyir, onu da geyinirəm. Yəni heç kimi düşünmürəm. Həmin geyimdə özümü rahat, şıq hiss edirəmsə, geyirinəm.

- Soyunmaqla aranız necədir?

- Hamı evinə gedəndən sonra soyunur. Burda nə var ki (Gülür)?!

- Son klipinizdə çimərlikdə bikinidə idiniz. Hesab edirsiniz ki, həmin klipiniz açıq-saçıqdır?

- Normaldır, dənizdə “şuba” ilə çimməyəcəyəm ki?! Bədən formalarım imkan vermədi. Yoxsa daha gözəl çimərlik geyimlərində çıxa bilərdim. Bədənimin bəzi yerlərində qüsurlar var.

- Cennifer Lopezin müğənni İggi Azaliya ilə duet oxuduğu “Booty” klipini görmüsünüz?

- Baxmışam, çox bəyəndim.

- Elə bir klip çəkdirərsiniz?

- 100 faiz çəkdirəcəm. Mən bir az arıqlamalıyam, ondan sonra eynən belə klip çəkdirəcəyəm. Pəhriz saxlayacam və idmana başlayacağam. Kamera adamı olduğundan şişman göstərir.

- Öz bədən quruluşunuzdan narazısınız?

- Artıq çəkimi atsam, Cennifer Lopez kimi məndə də alınar. Evdə geyinirəm, paltarlara baxıram, bir az artıq çəki var. Çox yox, 5 kiloqram. Şəkillərimi çəkirəm, “İnstagram”da paylaşıram. Bəyənilir də.

- Bir müddət öncə sponsor axtarışına çıxmışdınız. Yaradıcılığınızla bağlı... O məsələ nə yerdə qaldı?

- Sponsor sözünün adı bir az bədnamdır. Yazıq sponsorlar... Elə insan ola bilər ki, bir az pulu çoxdur. Deyir ki, sənətin, səsin xoşuma gəlir. Pulum bir az artıqdır. Al, özünə klip çəkdir. Biz belə deyirdik, olmadı. İnşallah, belə sponsor tapılar (Gülür).

- Yeni klipiniz sizə neçəyə başa gəldi?

- Bu sirr olsa yaxşıdır. Qiymət açıqlamaq istəmirəm.

- Aylıq gəliriniz nə qədərdir, xərciniz borcunuzu ödəyir?

- Yaxşıdır. Hələ sponsorum yoxdur. Amma özüm toylara gedirəm, dolanıram.

- Toylarda sizdən canlı ifa istəyirlər?

- Canlı oxuyuram.

- Səsiniz neçə oktavadır?

- (Gülür) Çox deyil. Bunu bilirəm.

- Musiqi təhsiliniz var?

- Yox, vokal təhsilim var. Nailə Mirməmmədlidən vokal dərsi almışam. Muğam dərsləri də almaq istəyirəm. Samir Cəfərov müəllimim olacaq. Artıq danışmışıq. Müğənni muğamı da bilməlidir.

- Sonra muğam oxuyacaqsınız?

- O da olacaq.

- Qadınlar özlərinə qarşı çox əliaçıqdırlar. Bahalı geyimlər, kosmetik vasitələr, akssesuarlar... Siz pulu daha çox nələrə xərcləyirsiniz?

- Çox xərcləyirəm. Yeməyə az pul xərcləməyə çalışıram. Çünki soyuducu dolu olanda açıb yeyirsən (Gülür). Evdəkilərlə, anamla və bacımla 5 manatın söhbətini edə bilərəm. Amma gedib, adi bir qolbağa və ya ayaqqabıya çox pul xərcləyərəm. Bədxərcəm. Son qəpiyimi belə paltara, bəzək-düzəyə xərcləyənəm.

- Yəni pul xərcləyəndə əlləriniz əsmir?

- Qətiyyən.

- Ən bahalı dodaq boyanızın qiyməti nə qədərdir?

- 100 manat. Kosmetika elə bir vasitədir ki, dəri ilə təmasda olur. Kosmetika bahalı və təmiz olmalıdır ki, dəri də gözəl olsun. Hamısının bahalısı, yaxşısı olmalıdır.

- Müsahibələrinizdən birində demişdiniz ki, sinəm çox balacadır, silikona ehtiyac var. Silikon qoydurdunuz?

- Əvvəllər elə düşünürdüm. Yaş ötdükcə, insan canının qədrini bilir. Bu kimi əməliyyatlar ziyandır. Sinəmi böyütsəm, düşünürəm ki, başqa xəstəliklər yarana bilər.

- Deməli, o fikrinizdən daşındınız?

- Daşınmaq deyəndə ki, insan gündə 100 fikrə düşür. Amma ölçürsən-biçirsən, axırda “nə xeyirdirsə onu etmək lazımdır” qənaətinə gəlirsən.

- Ümumiyyətlə, estetik əməliyyata münasibətiniz necədir?

- Pis. Bəzi kosmetoloji vasitələrdən, botoks, üzdartdırma filandan istifadə etmirəm. Hər yaşın öz gözəlliyi var. Gözəllik əməliyyata qalsa, gedib, bıçaq altına uzanıb, JLO da ola bilərəm, Rihanna da... Sonra 5 il gözəl görünə bilərəm. Amma 5 il sonra əməliyyatın fəsadları özünü göstərəcək. Heç vaxt əməliyyat etdirmərəm.

- Sosial şəbəkələrdə aktivsiniz. İnternet asılılığından əziyyət çəkmirsiniz?

- Yox. Əslində, gündəlik həyatda nə edirsən, şəklini çəkib paylaşmağı xoşlamasam da, görürəm ki, lazımdır. Görürəm ki, kimsə harasa gedir, paylaşır. Düzdür, bu bir az yekəxanalıq çıxır. Amma görürəm ki, müəyyən mənada bu kimi şeylər lazımdır. Onun xətrinə mən də olduğum məkanlarda şəkillər çəkib, paylaşıram. Bu dəqiqə elə şeylərə daha çox qiymət verirlər.

Fotoqraf Elnur Muxtar

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm