“Qadının bikinidə şəkil çəkdirməsi onun əxlaqından şübhələnməyə əsas vermir”
Bizi izləyin

Tabloid.az

“Qadının bikinidə şəkil çəkdirməsi onun əxlaqından şübhələnməyə əsas vermir”

"Kişi və qadın bir-birini tanımaq üçün vətəndaş nikahında yaşamalıdır"

Tabloid.az-ın “Kokteyl” layihəsinin bu həftəki qonağı aparıcı və gənc akrisa Mələk Heydərova oldu. Qonağımla İçərişəhərdə kafelərin birində görüşdük. Mən ancaq bir qonaq planlaşdırsam da, gözənilməz bir qonağımız daha oldu. Əsas qonağımla yaradıcılığı haqqında danışmağa təzəcə başlamışdıq ki, balaca bir pişik qəfildən yanımıza soxulub şirinlik etməyə başladı. Müsahibə ərzində bacardığı qədər bizə yaxşı mənada “mane” olmağa çalışdı.

Gözləmədiyimiz balaca qonağımız susmağa üstünlük verdiyi üçün onun ancaq şəkillərdə başımıza nələr gətirdiyini görə bilərsiniz. Hətta elə bil xüsusi olaraq fotosessiya üçün hazırlanmışdı. Bilirəm ki, əsas qonağım ikinci plana düşür, amma pişiyin nələr etdiyi haqqında qısa da olsa, yazmaq istərdim.

Deməli, kafedə bizim oturduğumuz stullardan başqa digərlərinin heç birində döşəkcə yox idi. Pişiyin başımıza fırlanmasının səbəbi isə sən demə döşəkcə imiş. Mən bilmədən gəlib onun döşəkcəsini işğal eləmişdim. Pişik fırlandı-fırlandı gördü ki, durmuram, birdən tullandı qucağıma və oturdu. Amma yenə rahat dayanmadı. Çox hərəkətli pişik olduğu üçün həmsöhbətimlə danışmağa bir az mane olurdu. Ona görə durub başqa stulda oturmalı oldum. Pişik isə özü üçün döşəkcədə xumarlanıb yatdı.

Pişiyin macəraları burada bitmir. Bir az sonra stəkandan kokteyl içməyə də cəhd elədi, çox heyf ki, bu kadrı tuta bilmədik. Həm də stola boyu çatmadığı üçün istəyini sona qədər reallaşdıra bilmədi.

İndi isə keçək əsas qonağımıza...

- Aktrisalıq fəaliyyətiniz necə başlayıb? Ümumiyyətlə, bu işə maraq haradan yarandı?

- Ailəmizdə incəsənətlə məşğul olan olmayıb. Onların himayəsi altında böyümüşəm, universitet təhsilimə də valideynlərimin yönləndirməsi ilə başlamışam. Dəqiq fənləri daha yaxşı bildiyimə görə, İqtisadiyyat universitetinə əslində, onların tövsiyə ilə qəbul olmuşam.

3-cü kursda oxuyanda bir rəfiqəm məni özü ilə film çəkilişlərinə apardı. Bu sahə maraqlı gəldiyi üçün onunla getməyə razı oldum və kastinqdən keçdim. Çəkilişlərdə məşhur rejissor Ramiz Fətəliyev və Rafiq Əliyevlə tanış oldum. Onlar məni aktrisalıqla məşğul olmağa çox ürəkləndirdilər. Film layihəsi təsdiq olunmasa da, aktrisalıq fəaliyyətim onunla başlayıb. Ramiz və Rafiq müəllimin sözləri məndə böyük həvəs oyandırdı və təkan oldu.

- Bəs özünüzdə bu vaxta qədər aktrisalıq qabiliyyətini hiss etməmişdiniz?

- Marağım var idi, amma içimdə o qədər basılıb qalmışdı ki, onu nə və necə üzə çıxaracağımı bilmirdim. Kənardan dəstək verməsəydilər, bu işə başlamağa özümdə cəsarət tapa bilməzdim. Əsas da rəfiqəm Duyğu Dəvəli məni özü ilə çəkilişə aparmasaydı və dəstək olmasaydı, bəlkə də öhdəsindən gələ bilməzdim.

- Valideynləriniz etiraz etmədi?

- Yox, etiraz etmədilər. Çünki bunu ötəri həvəs kimi qəbul edirdilər. Sonra universiteti atmaq istədiyimi biləndə şoka düşmüşdülər. Buna baxmayaraq, etiraz etmədilər. Təhsil aldığım ixtisas mənə tamamilə yad peşə idi. Qərar verməkdə çətinlik çəkdiyimiz zaman son fikri ailəmin öhdəsinə buraxıram. Amma özüm gördüyüm işdən əmin olanda qərarımı özüm verirəm.

- Təhsilinizi incəsənətə qurban verməyə dəyər?

- Bu sualın cavabını hələ dəqiq bilmirəm. Təhsilimi atdığıma görə, peşman olub-olmadığımı qocalanda biləcəyəm.

- Azərbaycanda çəkilən serialların ssenarisi, səviyyəsi sizi gənc aktrisa kimi qane edirmi?

- Mən özüm Azərbaycan kinosu və serialları birlikdə inkişaf edirəm. Qüsurların aradan qaldırması və serialların tamaşaçıları tam qane etməsi üçün müəyyən vaxt lazımdır. Amma serialları yeni-yeni çəkməyə başladığımızı nəzərə alsaq, kifayət qədər qaneedici tərəfləri var. 2-3 il ərzində sürətlə inkişaf gedib.

20-30 il əvvəlki kimi yaxşı filmlər çəkilməsi üçün qızğın iş prosesi getməlidir. O dövrdə filmlər arda-arda çəkildiyi üçün aktyorlar, filmin bütün heyəti tez bir zamanda püxtələşirdi. Arada uzun fasilə olduğu üçün həmin keyfiyyəti indi görə bilmirik. Məhsul iş prosesində bişir, incəsənəti bitirən kadrlar filmə çəkilmirsə, təcrübəni harada öyrənə bilərlər?! Seriallar yeni çəkilməyə başlanır. 5 il sonra daha yaxşı göstəricilər olacaq. Uğuru birdən-birə əldə etmək olmaz. Təkcə aktyor deyil, səs rejissorundan, operatordan, ssenaristdən tutmuş hər kəs pillə-pillə öz işinin ustası olacaq. Ortaya yaxşı işlər çıxanda, yaxşı pullar da sərf olunacaq.

Amma yaxşı filmlərimiz də az deyil. Məsələn, “Nabat” festival filmi olsa da, çox mükəmməl idi. Yüz iş görülürsə, onların arasından ancaq bir neçəsi yaxşı ola bilər. Seriallarda da həmçinin. Uzun müddət serial sahəsində boşluq yarandığı üçün türk seriallardan bəhrələnmək, onlardan nümunə götürmək normaldır.

- Yaşlı nəsillər bu məsələyə çox pessimist yanaşır. Gənc nəsil aktyorlar isə daha ümidli danışır.

- Mən gənc nəsildə bu işə çox böyük həvəs görürəm. Borca-xərcə girib xaricdə aktyorluq təhsili alan gənclər tanıyıram. Cavan uşaqların filmlərinin Kann festivalında getdiyini görürəm. Gənc nəsildə kreativlik daha çoxdur, onlar stereotipləri qırıb Avropa ənənələrini gətirməyə çalışırlar.

- Dramatik, yoxsa komediya janrı sizə daha yaxındır?

- Çox gülərüz olduğum üçün məni komediyada daha çox görürlər.

- Bəs özünüz?

- Tapşırılan rolların hər birinin öhdəsindən gəlmək istəyərəm. Amma dram mənə yaxındır, onu daha yaxşı ifadə edə bilirəm.

- Dramatik rolları yaxşı oynamaq, kədəri və ağrını yaxşı ifadə edə bilmək üçün insan həyatında mütləq hansısa çətinliklə üzləşməlidir? Yoxsa sadəcə olaraq aktyorun və aktrisanın istedadından asılıdır.

- İstedadın olması şərtdir. Əgər sənin istedadın yoxdursa, hansı rol olursa-olsun obrazı lazımi səviyyədə göstərə bilməyəcəksən. Oynadığın rolların hamısını yaşamaq şərt deyil, heç mümkün də deyil. Aktrisanın da fərqi məhz bundadır.

Həmçinin insanın həyatda üzləşdiyi çətinliklər, dəhşətli hadisələr də aktyor, yaxud aktrisanın roluna bilavasitə təsir göstərir. Məsələn, övladını itirmiş bədbəxt qadını oynayıramsa, bu rola girmək və yaşada bilmək üçün mənə müəyyən vaxt lazımdır. Amma başına belə bir hadisə gəlmiş qadın, bu rolun öhdəsindən daha tez gəlir.

- Bu işdən əldə etdiyiniz gəlir sizi qane edir?

- Böyük pullar qazanmamışam. Qonorar azdır, çox azdır. Hətta pulsuz çəkildiyim reklamlar, rollar olub. Televiziya layihəsinə pulsuz çəkilmişəm, pul istəməmişəm. Bilmişəm ki, istəsəm də, verməyəcəklər. çünki maliyyə çox az olur. Pula o qədər ehtiyacım olmadığı üçün maddi məsələlərə görə, iş təkliflərindən imtina etməmişəm.

- Hər bir rolun öhdəsindən gəlmək istədiyinizi dediniz. Bəs açıq səhnələrə çəkilməyə razı olarsınız? Ümumiyyətlə, belə bir təklif gəlib?

- Açıq səhnələrin və rolların əleyhinə deyiləm. Hətta elə modellər olur ki, bəzi geyimləri geyinməkdən imtina edir. Bu cür hallara qarşıyam. Mən aktrisayamsa, istedadım imkan verirsə, hər bir rola çəkilə bilərəm çünki bu, mənim peşəmdir. Dediklərim dünya praktikasında keçərlidir. Bizdə isə mentalitet məsələləri olduğu üçün cəmiyyət açıq səhnələrin çəkilməsinə və normal qəbul olunmasına hələ hazır deyil.

Həm də seriallar son bir neçə ildə çəkilməyə, yeni-yeni aktuallaşdığı üçün efirdə açıq-saçıq səhnələr göstərmək düzgün olmazdı. İnsanlar bunu normal qarşılamayacaq.

- O səhnələrin çəkilməsinə ehtiyac var?

- Elə erotik və ehtiraslı səhnələri adi bir baxış, yaxud əl toxunuşu ilə göstərmək olar. Kinoda çəkilməsinə ehtiyac ola bilər, serialda isə məncə, yersiz görünür. Dünyanın heç bir ölkəsində seriallarda lap açıq səhnələrə yer verilmir. Hər hansı eşq-məhəbbəti göstərmək olar, amma yataq səhnəsi lazım deyil.

- Azərbaycanda normal qarşılanması üçün nə qədər vaxt lazımdır?

- Ən azı 10-15 il.

- Başqa bir ölkənin rejissoru yataq səhnəsində çəkilməyi təklif etsə, razı olarsınız?

- Azərbaycanda çəkilmərəm. Niyə? Çünki xarakterimə uyğun deyil, ətrafdan gələn o qədər fikirləri qəbul edə bilmərəm. Qınaqdan qorxuram. Xarici film təşkilatçılarından təklif gəlsə, indi yox, bir müddətdən sonra qəbul edərəm.

- Yaxşı nümunə olmaq istəyirsiniz?

- Yox, nümunə olmaq fikrim yoxdur. Öz həyat tərzim var, heç kim üçün yaşamıram. Ancaq azad həyat yaşayaraq nümunə ola bilərəm.

- Sizin üçün azad həyat nədir?

- İstədiyin kimi yaşamaq. Amma istədiyini etmək deyəndə, açıq səhnələrdə çəkilməyi nəzərdə tutmuram. Məsələn, istədiyin vaxt istədiyin yerə getmək, istədiyin geyimi geyinmək, sənə xoş olan geyimləri geyinmək, istədiyin işlə məşğul olmaq və. s nəzərdə tuturam. Valideynlərim mənə sərbəstlik və müstəqillik verdiyi üçün təhsilimi atıb, özümü tapdığım işlə məşğul ola bildim.

- Gələcək həyat yoldaşınız geyim tərzinizə qarışsa və nələrisə qadağan etsə, ona qarşı çıxacaqsınız?

- Mən elə bir həyat yoldaşı seçəcəyəm ki, o mənə bu cür qadağalar qoymasın. Müasir düşüncəli bir bəylə ailə qurmağı fikirləşirəm. Məni bu cür görüb bəyəndiyi halda, sabah nələrisə niyə qadağan etməlidir? Mən belə məntiqi başa düşə bilmirəm. Qadının və yaxud kişinin “Bu etmə, onu etmək olmaz” kimi ifadələr işlətməsi zəiflikdir. Güvən və sevgi varsa, belə söhbətlər olmamalıdır.

- Yəni, hər istədiyinizi geyinə bilərsiniz.

- İstədiyim hər şeyi geyinə bilərəm. Məndə geyimlə bağlı belə bir problem yoxdur.

- Çimərlik paltarında fotosessiyaya çəkilərsiniz?

- Özüm üçün çəkilərəm, mətbuata yaymaram. Amma nə zamansa ehtiyac duysam, niyə də olmasın? Burda nə var axı? İnsanı yaxşı və pis əməllərinə görə, mühakimə etmək lazımdır. Geyim isə bu məsələdə ciddi rol oyanır. Sən yaxşı insansansa, məsələ burda bitməlidir. Onun həyatını və geyimlərini müzakirə obyektinə çevirməməliyik. Yəni, bir qadının bikinidə şəkil çəkdirməsi onun əxlaqından və tərbiyəsindən şübhələnməyə əsas vermir. Mənim fikrimcə, əxlaq yaxşı olmaq deməkdir. Məsələn, pişiyin ayağının sındığını gördüyüm halda yanından fikir vermədən keçirəmsə, bu artıq insanlıqdan kənar bir davranışdır. Normal insan isə həmin pişiyi həkimə aparıb sağaldır, kömək etməyə çalışır. Yaxşılıq xeyirxah əməllərlə ölçülməlidir.

- Bir qadın niyə bədənini hamıya nümayiş etdirmək istəsin ki?

- Birinci növbədə gözəldirsə, ola bilsin ki, o gözəlliyi nümayiş etdirmək istəyir. İkinci növbədə, diqqət mərkəzində olmaq istəyə, yaxud gündəmdə olmaq üçün bu işə imza ata bilər. İstənilən qadın diqqət mərkəzində olmaq istəyir. Diqqətin azaldığını görəndə, açıq şəkillər çəkdirməyə həvəs göstərirlər. Hətta adi insan da evdə, qohumları arasında diqqət mərkəzində olmaq istəyir. Ona görə, modellərin, məşhurların bikinidə şəkillər çəkdirməsini normal hesab edirəm.

Ən maraqlısı isə bu cür şəkillər çəkdirən xarici ulduzların əxlaqının, tərbiyəsinin müzakirə olunmaması, ancaq yerli məşhurların qınaq obyektinə tuş gəlməsidir. Qəşənglik, gözəllik qalır bir kənarda, onun başqa tərəflərini müzakirə edirik. Halbuki, həmin insan bir çoxlarından daha yüksəkdə dayana bilər.

- Yeni verilişiniz hansı səpkidə olacaq?

- Qadınlarla istənilən problemlə bağlı açıq söhbət aparacağam. Verilişdə bütün qadınları maraqlandıran mövzulara yer veriləcək. Burada intim, evlilik, boşanma, övlad böyütmək də ola bilər. Haradasa maarifləndirici veriliş olacaq. Elçin Əlibəyli də öz verilişində eyni mövzuların müzakirəsini və davamını aparacaq. Sadəcə verilişdə ancaq kişilər olacaq.

- Qadın həm şəxsi həyatında, həm də karyerasında eyni zamanda uğurlu ola bilər?

- Çox güclü olmaq lazımdır. Yəni, mümkünsüz bir şey deyil. Təəssüf ki, elə bir zaman da gəlir ki, sən onların ikisi arasında seçim etməli olursan.

- Bir kişi sizin xoşunuza gəlmək üçün nə etməlidir?

- Kişi və ya qadın olmasının fərqi yoxdur. Mənim xoşuma gəlmək üçün birinci növbədə səmimi olmalıdır. Həyatda rola girən insanları sevmirəm.

Bir kişi mənim sevgimi qazanmaq istəyirsə, diqqət göstərməlidir. Diqqətsiz və qayğısız buraxmamalıdır. Özəl günlərdə diqqət göstərməlidir, yaxud əhvalımın olmadığını səsimdən anlamalı və kefimi açmağa çalışmalıdır. Birlikdə olduğumuz müddətdə hər zaman belə davam etməsi mümkün deyil. Amma tanışlığın ilk mərhələlərində kişi qadını ələ almaqdan ötrü onu diqqətdən kənarda qoymamalıdır.

- Vətəndaş nikahında yaşayan, evlilik sənədini adi bir kağız kimi qəbul edən və ona ehtiyac duymayan insanlara münasibətiniz necədir?

- Mən də ehtiyac duymuram. Amma bu o demək deyil ki, ömür boyu ehtiyac duymamaq lazımdır. Kağıza imza atmazdan əvvəl 1-2 il bəyəndiyin, seçdiyin insanı yaxından tanımaq, xasiyyətlərinizin uyğun gəldiyini bilmək üçün vətəndaş nikahında yaşamaq lazımdır. Bunu bütün ətrafdakıların da bilməsi vacib deyil.

Ümumiyyətlə, evlənəcəyin insanla da sabah başına nə gələcəyini bilmirsən. Əgər sizin qismətinizdə birlikdə olmaq yazılmayıbsa, nişanlandığın, evləndiyin adamla da ayrıla bilərsən. Bu ayrılıqların baş verməməsindən heç kim səni sığortalaya bilməz.

- Ən mənfi xüsusiyyətiniz hansıdır?

- Çox həssasam. Həssas olmağım işimdə mənə mane olur. Hər deyilən sözdən kövrəlib ağlaya bilərəm.

Fotolar: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm