Modanın seksual ilahəsi - Fotolar
Bizi izləyin

Tabloid.az

Modanın seksual ilahəsi - Fotolar

"Və Tanrı Briciti yaratdı"

Sabah gəlmiş keçmiş ən məşhur stil ikonası Bricit Bardo 80 yaşını qeyd edəcək.

Bir vaxtlar atdığı hər addımla dünya gündəmini dəyişdirən dövrünün ən gözəl qadını Bricit 1934-cü ildə sentyabrın 28-də Parisdə dünyaya gəlib.

Ve Tanrı Brigitte'i Yarattı!

18 yaşında “Le Trou Normand - Crazy For Love” adlı filmdə rol alıb.

Daha sonra “Elle” jurnalına cəsarətli pozalar verən gözəlçə bütün dünyanın diqqətini çəkməyi bacarıb.

1956-cı ildə “Və Tanrı qadını yaratdı” adlı film onun şöhrət pilləkənlərini sürətlə qalxmasına səbəb olub. Bricitin aktrisalıq qabiliyyəti çox bəyənilib. Bundan sonra onunla bağlı xəbərləri “Və Tanrı Briciti yaratdı” başlığı ilə təqdim etməyə başlayıblar. Bricitə baxanda insanda ilk yarana təəssürat da bu olur: yəqin ki, bu xanıma qüsursuz gözəllik bəxş etmək Tanrının çox vaxtını alıb. İdeal bədən quruluşu, gözəl gözləri və baxışları, dağınıq saçları və ən əsası hər qadına nəsib olmayan zövqü illər keçsə də, onun ulduzununun sönməsinə imkan verməyən xüsusiyyətləridir.

47 filmdə rol alan Bricit axırıncı dəfə 1975-ci ildə “Il Sorriso del Grande Tentatore” adlı filmə çəkilib. 40 yaşında aktrisalığa vida edən və bundan sonra karyerasını davam etdirməyəcəyini açıqlayan Bricit bütün dünyanı şoka salmışdı.

Bricit Bardo düz 4 dəfə evlənib.

Axırıncı dəfə 1992-ci ildə Bernard d’Ormale ilə ailə həyatı quran aktrisa nəhayət xoşbəxtliyi tapıb.

Bir vaxtların ən gözəl, ən seksual və ən dəbli xanımı olan Bricitin stili hələ də bir çox dünya ulduzu tərəfindən təqlid edilir. Dünyaca məşhur modellər Bricit tərzində geyinib fotosessiyalar etdirir, seksual pozalar vermək üçün onun şəkillərinə baxıb ilham alırlar.

Bütün qadınların kumiri olan Bricitin gözəllik və stil sirlərini “Onların stili”ndə sizinlə bölüşəcəyəm.

Əvvəlcə onu qeyd edim ki, bu gözəl xanım dəb ilahəsi olmasını geyimlərindən çox, zərifliyinə borcludur. İncəlik və zəriflik ona balet dərsləri zamanı aşılanıb. Yaxşı ballerina olan Bricit gözəl bədən quruluşunu da balet rəqsinə borclu olub.

Hər geyindiyini özünə yaraşdıran aktrisa üçün rahatlıq şıqlıqdan daha ön planda olub. Özünü hansı geyimdə rahat hiss edibsə, qarderobuna onları daxil edib.

Dar kəsimli və kapri şalvarlar, mini donlar, trençkotlar onun qarderobunda çoxluq təşkil edib. Bej rəngli trençkotlardan vaz keçməyən aktrisanın ən sevdiyi paltarları çiçəkli, müxtəlif naxışlı geyimlər idi.

Xüsusilə çiçək naxışlı şalvarları və donları çox sevirdi.

O, bədənini tanıyırdı, ona görə də ən gözəl yerlərini ön plana çıxarmağa çalışırdı. Adətən belini vurğulayan büzməli donlar geyinir, qalın kəmərlər taxırdı.

STİL İkonu: Brigitte Bardot

Heç vaxt lüks geyimləri xoşlamayıb. Sadə, klassik geyimləri sevib. Balerina olması onun geyim tərzinə də öz təsirini göstərib. Rəqqasların qarderoblarından əksik olmayan qara rəngli lasinilər, dar şalvarlar, bədənə tam oturan paltarlar onun gündəlik geyimində üstünlük təşkil edib.

Moda tarixini başdan yazdı

Bricit moda dünyasına ilkləri gətirən qadın olub.

Hazırda milyonlarla qadının qarderobunda yer alan babet ayaqqabılar Bricitin kəşfidir.

O, balet rəqsləri zamanı geyindiyi ayaqqabılarını gündəlik həyatda da istifadə etmək istəyib. 1956-cı ildə məşhur ayaqqabı dizayneri Repettoya müraciət edən gözəl onun üçün xüsusi ayaqqabı hazırlamasını xahiş edib. Bu ayaqqabı rahat olmalı və balerinaların geyindiyi ayaqqabıya oxşamalı idi. Nəhayət babet ayaqqabı ərsəyə gəlir və Bricit demək olar ki, bu tip ayaqqabıları ayağından çıxarmır. Müsairlərindən Merlin Manro, Elizabet Teylor və digərləri hündürdaban ayaqqabılarla gəzməyi dəbə salmışdılar. Bricit isə qadınları bu əzabdan xilas edərək onlara azadlıq bəxş elədi. Artıq qadınlar sadəcə xüsusi dəvətlərə hündürdaban ayaqqabılarla gedirdilər. Bricit heç vaxt hündüdaban ayaqqabı geyinməyib, o ayaqyalın olmağı sevdiyini bildirib. Həqiqətən də diqqət etsək, görərik ki, o fotosessiyalarının çoxunda ayaqyalın olub.

STİL İkonu: Brigitte Bardot

Müasirlərindən fərqli olaraq aksessuar və zinət əşyalarından istifadə etməyi sevməyib.

Bricit təkcə gözəlliyi və geyim tərzi ilə diqqət çəkməyib. O, həm də qadınlara cəsarət verən, onların azad olması üçün yollarını işıqlandıran qadın kimi tarixə düşüb.

Bricitin modaya və qadınlara bəxş etdiyi yeniliklərdən biri də bikinidir. Ondan öncə qadınlar daha qapalı çimərlik geyimlərindən istifadə edirdilər.

O vaxtlar mühafizəkarlar qadınları təzyiq altında saxlayırdılar. Ancaq Bricit heç kimə əhəmiyyət vermir. O, bir daha “Modanın seksual ilahəsi” ləqəbinə layiq olduğunu sübut edir. Sen-Tropedə istirahət edən gözəlçə seksual bikinilərini geyinir. O, hətta paparassilərə yaxalanmaqdan çəkinmədən çılpaq günəşlənir. Tətil zamanı çəkilən fotolarına görə müzakirə obyektinə çevrilir.

Ancaq tənqidlərə məruz qalsa da, çimərlik dəbində çevriliş edən qadın kimi tarixə düşür. Tez bir zamanda bikinilər dəbə minir, bütün qadınlar bu çimərlik geyimindən istifadə edirlər.

Fransalı yazar Fransua Saqan Bricitdən bəhs edərkən bu sözləri deyir:

“O özündən utanmır. Ona görə də bu qədər seksualdır. Ona görə də qalmaqallara səbəb olur”.

Müasirlərindən fərqli olaraq aksessuar və zinət əşyalarından istifadə etməyi sevməyən Bricit makiyaj və saç tərzi ilə də qadınların marağına səbəb olub.

Dağınıq saçları ilə kişilərin ağlını başından alan ulduz, qadınların isə qısqanc nəzərlərinə tuş gəlməli olub. O, saç aksessuarlarını çox sevib. Saça taxılan qara lentlər, çiçəkli abadoklar vazkeçilməzləri arasında olub.

Ve Tanrı Brigitte’i Yarattı!

Öz saçı şabalıdı olsa da, aktrisalığa başladıqdan dərhal sonra saçlarını sarıya boyadıb. Saç ustasının məsləhəti ilə dağınıq saçlara üstünlük verir və bu saç kəsimindən vaz keçmir.

Uzun, dalğalı, dağınıq saçlar günümüzdə də məşhur ulduzların ən sevdikləri saç formasıdır.

Makiyajda isə vazkeçilməzi layner olub. O gözünün həm altına, həm də üstünə laynerlə qalın xəttlər çəkib. Kirpiklərinin uc hissəsindən layneri yuxarı qaldırıb gözlərinin daha böyük və mənalı görünməsinə nail olub.

Dodaqlarına boya çəkməyi sevməyib. Təbii gözəlliyə üstünlük verib. Təkcə xüsusi dəvətlərə gedərkən və fotosessiyalar zamanı bej rəngli dodaq boyası çəkib.

Ən sevdiyi aksessuar günəş eynəkləri və şapkalar olub. Kvadrat formalı qara rəngli eynəklər həqiqətən də ona çox yaraşırdı.

Böyük şapkaları çox bəyənilirdi.

STİL İkonu: Brigitte Bardot

Tərzi ilə 1960-cı illərə damğa vuran Bricit Bardo stili ilə medianın gündəmindən düşmək bilməyib.

O, hər fürsəttə ayaqlarının gözəlliyini nümayiş etdirib. Sinə və ayaq dekoltəli geyimləri çox sevib.

STİL İkonu: Brigitte Bardot

STİL İkonu: Brigitte Bardot

Bədəninin gözəlliyini kölgədə qoymaq istəmədiyi üçün göz qamaşdırıcı zinət əşyalarından imtina edib.

Bardonun sadə geyimlərlə bu qədər seksual görünməsi sizi təəccübləndirməsin. Axı, o cazibədarlığını bədən quruluşuna və baxışlarına borcludur. Ulduz bu möhtəşəm bədən quruluşunu 50 yaşına kimi qoruyub saxlamağı bacarıb.

Onu da vurğulamaq istəyirəm ki, onun kimi geyinmək və ideal bədən quruluşuna sahib olmaq hələ Bricit olmaq demək deyil. Necə deyərlər, onun ayaqqabısını geyinə bilərsiniz, ancaq onun yeriyişini yeriyə bilməzsiniz. Çünki o, geyimləri ilə davranışları arasında balansı həmişə qoruyub. Zəriflik çox önəmlidir, Bricit kimi zərif olmaqla yanaşı gərək dik duruşa, mükəmməl çiyinlərə və qıvraq, insanı valeh edən cazibəli yerişə sahib olasan.

Bricit moda aləmini bir-birinə vurmaqdan, dəb qanunlarını yenidən yazmaqdan heç vaxt çəkinməyib. O, ikinci dəfə ərə gedərkən, ağ gəlinlik geyinmək əvəzinə çəhrayı rəngli qısa donu ilə nikaha gəlib.

Bütün bunlar onun stil ikonası olmasında böyük rol oynayıb.

“Yaşayan əfsanə”lərdən sayılan Bricit Bardonun dəb ilahəsi olduğunu Fransanın məşhur “Lancel” brendinin atdığı addım bir daha sübut edib. “Lancel” firması Bricit Bardo stili ilə uyğunlaşan, onun adını daşıyan xüsusi çanta istehsal edib.

Ve Tanrı Brigitte'i Yarattı!

Bir çox Hollivud ulduzunun bəhrələnməyə çalışdığı Bricit Bardo təkcə zərif və gözəl geyinən qadın olmayıb. Bricitin gözəlliyi onun daxili gözəlliyinin, ruhunun təmizliyinin üzünə yansımasının təcəssümüdür. Gözəl aktrisa ömrü boyu heyvan haqlarını müdafiə edib, bir çox sosial fəaliyyətləri olub. Qadın azadlığının simvolu olan Bricit Bardoya uzun illər arzulayıram. Ey gözəl qadın, yaxşı ki, bu dünyaya gəlmisən.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm