Bütün kişilərin arzuladığı gözəllik Tanrısı - Fotolar
Bizi izləyin

Tabloid.az

Bütün kişilərin arzuladığı gözəllik Tanrısı - Fotolar

Bu gün İtaliyanın gözəllik tanrısının 50 yaşı tamam olması münasibəti ilə Tabloid.az Monika Belluçinin qapaqlı və sirli həyatı haqqında bəhs edəcəyəm.

Cazibəsi, gözəlliyi ona baxanların gözlərini ağrıdır. Klassik üz cizgiləri və mükəmməl bədən quruluşu ilə neçə illər bundan əvvəl istəmədən bütün kişiləri özünə aşiq edir. Onları bu qadına dəli kimi aşiq olduqlarına görə necə günahlandıra bilərəm? Axı elə özüm də ona heyranam və bu qadına baxanda qocalmaqdan qətiyyən qorxmuram. 50 yaşlı aktrisaya ötən illər, qırışlar qətiyyən təsir etmir. İndiyə qədər bu əfsanəvi qadınla rəqabət apara bilən gənc və gözəl bir pəri tapılmayıb. Hollivudun ən gözəl, ən cazibədar xanımı olduğu isə mübahisə olunmazdır. Bu gün İtaliyanın gözəllik tanrısının 50 yaşı tamam olması münasibəti ilə Monika Belluçinin qapaqlı və sirli həyatı haqqında bəhs edəcəyəm.

Monika Belluççi 1964-cü il sentyabrın 30-da İtaliyanın Umbriya əyalətinin kiçik Çita-di-Kastello şəhərində anadan olub. Monika ailənin ən arzulanan övladı olub, valideynləri onun doğulmasını səbirsizliklə gözləyib. Qorxulu diaqnoza baxmayaraq, Monika İtaliya xəstəxanaların birində vaxtından əvvəl dünyaya gəlir. Ailəsinin imkanları yüksək olmasa da, diqqət, qayğı və sevgi bütün boşluğu doldururdu. Atası kənd təsərrüfatı ilə məşğul olur, anası isə rəssam idi.

Monica Belluci: “Gözəllik qadın üçün 2 halda problemə çevrilir: gözəllik olmadıqda və gözəllikdən başqa bir şeyi olmadıqda. Sizə paxıllıq edənlərə də hirslənmək lazım deyil. Ən azından onlar başa düşür ki, siz daha yaxşısınız!”

Hələ məktəb illərində bu qızcığaz möhkəm xarakteri ilə öz həmyaşıdlarından xeyli fərqlənirdi. Bu xüsusiyyətlər onda olmasa idi, bəlkə də gözəlliyini layiq olduğu kimi qiymətləndirə bilməzdi. Məktəbdəki bütün qızlar ona nifrət edirdi, çünki oğlanların bütün diqqəti ancaq Monikanın üzərində cəmlənmişdi. Həmçinin zəhləsini tökmüş oğlan pərəstişkarları da onun həyatını ağırlaşdırırdı. Çoxları onun kimi arzulanan olmaq istəsə də, Monika belə deyildi. O, hüquqşünaslıq sahəsində yüksək səviyyəli mütəxəssis olmağı hər şeydən daha çox arzulayırdı. O, ətrafdakılara gözəl qadınların heç də başı boş olmadığını bütün gücü ilə sübut etməyə çalışırdı. Məsələn, yaxşı oxuyur, çoxlu mütaliə edir, xarici dillərlə öyrənirdi.

1986-cı ildə Monika öz arzusuna nail olaraq, Peruci Universitetinin hüquqşünaslıq fakültəsinin tələbəsi qadını qazanır. Lakin valideynlərinə artıq yük olmaq istəmədiyi üçün təhsil xərclərini öz boynuna götürür. Monika təhsil haqqını ödəmək üçün əvvəlcə ofisiant kimi işə düzəlir. Sonra isə gözəl görünüşü onun karına gəlir - o, dostlarının məsləhəti ilə model agentliyində işləməyə başlayır. Gözəl üz cizgilərinə malik olduğu üçün model agentliyində özünə iş tapmaqda çətinlik çəkmir.

“Dolce & Gabbana” şirkətinin ruhunu bütün qadınlardan yaxşı anlayır!

1987-ci ildə model kimi karyerasının ən yüksək zirvəsinə çatır. Onu Milanın ən nüfuzlu model agentliyi olan “Elit”ə dəvət edirlər. Bir neçə il model kimi fəaliyyət göstərdikdən sonra Monika dünyanın ən tanınmış brendi “Dolce & Gabbana” ilə müqavilə imzalayır, hansı ki, hələ də onun rəsmi və əsas ilahəsi hesab olunur. Bundan sonra Monika özünü bütünlüklə modellik karyerasına həsr edir, təhsilini isə atır. “Uzun illərdir ki, onlarla həm dostluq edir, həm də çalışıram. Məni 1989-cu ildə gənc italyan model kimi ilk dəfə onlar kəşf ediblər. İllər keçsə də bu cütlük hələ də məni reklam kampaniyalarında iştirak etməyə və markann siması olmağa dəvət edirlər. Bu heyranedicidir. “Dolce & Gabana”nın spesifikliyi də məhz bu müstəvidədir: gözəllik gənclik demək deyil”.

Məşhur modelyerlərlə iş birliyi tezliklə öz bəhrəsini verir - Monika Beluççi moda jurnallarının üz qabığında peyda olmağa başlayır. Lakin modellikdə qazandığı uğurlarla kifayətlənmir. Paralel olaraq kino həyatına atılır. 90-cı illərdə filmlərdə epizodik rollarda çəkilir. Lakin bu filmlərin heç biri ona böyük uğur gətirmir. Məşhur rejissor Frensis Koppolanın qardaşı 1992-ci ildə onu moda jurnallarından birində görür və Monikanı “Brem Stokerin Drakulası” filmində kiçik rola dəvət edir. Bu filmdən sonra onu bütün Avropa ölkələrində və Amerikada da tanıyırlar. Monika Beluççi İtaliya filmlərindən başqa, fransız istehsalı olan filmlərdə çəkilir. Bunların arasında “Mənzil”, “Doberman” və “Qurd qardaşlığı” filmlərini göstərmək olar. “Mənzil” filmi ona aktrisa kimi ilk uğuru gətirir. Monika bu filmdəki roluna görə Avropanın nüfuzlu “Sezar” mükafatına nominant kimi irəli sürülür. Həmin filmdə Monika gələcək həyat yoldaşı, məşhur aktyor Vensan Kassellə tərəf-müqabili olur. 1997-ci ildə çəkilən “Doberman” filmində Beluççi lal-kar qadın rolunu oynayır. Bu film onun həyatında ilk ciddi sınaq idi. Film ekranlara çıxandan sonra Fransanın bütün kişiləri onun həm gözəlliyinə, həm də aktrisalıq qabiliyyətinə sözün əsl mənasında valeh olurlar. Vensan Kassellə nikah isə onun əsl böyük kinoya yolunu açır. Dünyanın ən yaxşı rejissorları onu öz kinolarına dəvət edirlər. Monika isə kino işinə məsuliyyətlə yanaşırdı, həm də olduqca tələbkar idi. İstedadını bütün gözəlliyi ilə tamaşaçı qarşısında göstərə bilən rolları seçirdi. Məşhur model filmlərdə çəkilməyə davam edərək dünyada birinci dərəcəli aktrisa kimi şöhrət qazanır.

Malena filmindən sitat: “Dünyanın ən rəzil insanı fahişə deyil, fahişəyə möhtac olan kişidir...”

“Malena” filmi ona böyük şöhrət gətirir, dillərdən düşməyə qoymur. Bu filmdəki rolu onun bütün gözəlliyini çılpaqlığı ilə aşkara çıxarır. O, “Malena”da növbəti dəfə bütün kişilərin arzuladığı qadın obrazını canlandırır. Cazibədarlığı və aktrisalıq məharəti ilə bütün tənqidçilərin və tamaşaçıların qəlbini fəth edir. Film 14 dəfə müxtəlif mükafatlara layiq görülür.

2001-ci ildə Monika həyat yoldaşı ilə birlikdə “Qurd qardaşlığı” filminə çəkilir. Ümumiyyətlə, Monika Belluççi 50-dən çox filmə çəkilib. Həmçinin “Pirelli” təqvimi üçün 2 dəfə çəkilən azsaylı modellərdən biridir.

Rejissorlar üçün Monika filmlərin yaraşığı, aktyorlar üçün əvəzolunmaz tərəf müqabili, planetin bütün kişiləri üçün əlçatmaz ideal və ancaq bir nəfər - fransız aktyoru Vinsent Kassel üçün sevimli həyat yoldaşıdır.

Monikanı yüzlərlə kişi sevir, amma onun həyatında ancaq bir kişi olub. Çox cazibədar qadın olsa da, o heç zaman xarici görkəmindən kişilərin qəlbini oğurlamaq məqsədilə istifadə etməyib. Monika o qədər də yaraşıqlı olmayan aktyor Vinsent Kasseli seçir. Vinsent Monikanın sehrli gözəlliyinin ona necə təsir etdiyini hiss etdikdən sonra onun füsunkar cazibəsi qarşısında təslim olur.

“Vinsent hər zaman - həm həyatda, həm də çəkiliş meydançasında mənimlə razılaşır. O, son dərəcə istedadlı adamdır, onunla heç vaxt darıxmıram. Mənim xoşuma gəlir ki, o, qətiyyən acgöz insan deyil. Onun üçün pul yox, müstəqilliyi daha əsasdır. Kino dünyasında o, ən nadir keyfiyyətlərə sahib olan aktyordur”.

Qiyabi evlilik həyatı

1996-cı ildə film çəkilişlərində tanış olan cütlük 1999-cu ildə ailə qurur. Lakin aktrisa münasibətlərinin lap əvvəllərində öz aşiqinə zərbə vurub qəlbini yaralayır. Elan edir ki, birlikdə yaşamaq onun üçün narahatdır və qeyri-təbiidir. Vinsent isə götür-qoy eləmədən Monikanın hər sözü ilə razılaşır. Toydan sonra hamı münasibətlərinin nə ilə bitəcəyini maraqla gözləyirdi. Hərə öz evinə gedir, amma bu cür həyat tərzi onların münasibətlərinin inkişaf etməsinə, möhkəmlənməsinə mane olmur. Monika Londonda, Rimdə, Vinsent isə Parisdə öz evində yaşayırdı. Monika, müsahibələrinin birində bildirmişdi ki, “Tanışlığımızın ilk vaxtlarında mən ona bir şərt qoydum, o isə razılaşdı: hərənin öz həyatı var və başqalarının sərhədini pozmağa dəyməz”.

Aktyor həyat yoldaşı ilə vaxt keçirməyin yolunu tapır. Belə ki, öz əlaqələrindən istifadə edərək Monikanı kino sahəsinə cəlb edir. Təsadüfi deyil ki, Monika həyat yoldaşı ilə düz 9 filmdə birlikdə rol alıb. Onlar mübahisə etməyə macal tapmırdılar, əvəzində isə bir-biri üçün darıxırdılar. “Malena” filmindən sonra aktyor dünyada hər şeydən çox azadlıqsevər həyat yoldaşının onun qolları arasından uçub gedəcəyindən qorxurdu. Evliliyini möhkəmləndirmək üçün Kassel bu dəfə sevimli həyat yoldaşından övlad tələb edir. 2004-cü ildə cütlüyün Deva, 2010-cu ildə isə Leoni adlı qızları doğulur. Evlilikdən 3 il sonra onlar “Geri dönməzlik” (Irreversible) filmində tərəf müqabili olurlar.

Monikanın qoyduğu çətin şərtlər bu qeyri-adi qiyabi evlilik həyatının uzun müddət davam etməsinə mane olurdu. Cütlük 2013-cü ilin avqustunda boşanır. Lakin 14 illik həyat yoldaşı Vinsent Kassel ilə ayrılıq qərarı alan Monika Belluççi boşanma səbəbi olaraq, iş həyatının ağırlığını göstərir.

“Professional iş həyatı bizi bir-birimizdən uzaqlaşdırdı. Amma sevgimiz əbədi davam edəcək. O, həmişə uşaqlarımın nümunəvi atası və qəhrəmanı olub. Bundan sonra da bizə həmişə yaxın olacaq.

Çəkilişlər üzündən çox ayrı qaldıq. Uzaqlıq qarşısı alınmaz bir hala gəldi. Sevgimizin əbədi olacağı ilə bağlı şübhəmiz olmadığı üçün öz yolumuzla getməyi planlaşdırdıq. Vinsent Rioda qalacaq. Mənim isə film müqavilələrim Avropada davam edəcək”.

Türkiyə və Rusiya mediasında isə Monikanın azərbaycanlı milyarder Telman İsmayılova görə, ayrıldığı iddia edilirdi. Hətta ikinci qızının Telman İsmayılovdan olduğu ortaya atılmışdı. Telman İsmayılov bu xəbərə gülərək reaksiya vermiş və belə bir şeyin mümkün olmadığını söyləmişdi. Monika isə həyatında heç kimin olmadığını etiraf edir.

“Mən yetəri qədər həyat yaşamış bir qadınam. Buna baxmayaraq, şəxsi təcrübəmdən çıxış edərək nə isə demək çətindir, çünki bütün münasibətlər fərdidir. Bəzən sənə dəyər verməyən birinin dərdindən ölürsən. Bir sözlə, mələklər kimi şeytanlar da cəlbedicidir. Qadınlıq haqqında öyrəndiyim tək şey var ki, qadın bir kişini elə sevər ki, kişi özünü ən əlçatmaz insan kimi hiss edər və onu heç zaman tərk etməyəcəyini düşünər. Amma qadın, birdən birə elə çıxıb gedər ki, kişi özünü dünyanın ən axmaq insanı hesab edər və elə bilər ki, qadın onu heç sevməyib. Mənim üçün sevməyin yeganə üsulu azad olmaqdır. Sevgi o zaman yaşayır ki, aralıqda hörmət və azadlıq var. Başqasını yalnız bir əşya kimi istifadə etmək cəfəngiyyatdır. Heç kim bizə məxsus deyil - nə bizim ərlərimiz, nə də uşaqlarımız. Biz sadəcə sevdiklərimizlə nələrisə bölüşə bilərik və bununla belə, sevdiklərimizi dəyişməyə çalışmaq lazım da deyil! Əgər kimisə “dəyişməyə” nail olsanız, ona bəslədiyiniz sevgi gün gələcək tükənəcək... ”

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm