Hansı kişilər prostat vəzi xəstəliklərinə yaxalanır?
Bizi izləyin

Tabloid.az

Hansı kişilər prostat vəzi xəstəliklərinə yaxalanır?

Türkiyənin məşhur üroloqlarından professor Atəş Kadıoğlu 40-45 yaşdan sonra bütün kişilərin probleminə çevrilən prostat vəzinin xəstəliklərinin yaranma səbəblərindən və müalicəsindən danışıb

Ölkəmizdə kişilər arasında ən geniş yayılan xəstəliklər prostat vəzi ilə bağlıdır. Kişilər ən çox prostat vəzi xəstəliklərindən şikayət edirlər. Prostat vəzinin adenoması, yəni, prostat vəzinin xoşxassəli şişi ən çox rast gəlinən xəstəliklərdəndir. Yaşlı insanlarda prostatın böyüməsi müşahidə olunur. Bu, normal haldır. Ancaq ətraf mühitin mənfi təsiri və yanlış həyat tərzi prostat vəzinin böyüməsini daha pis xəstəliyə - xərçəngə çevirə bilir.

Türkiyənin məşhur üroloqlarından biri professor Atəş Kadıoğlu 40-45 yaşdan sonra bütün kişilərin probleminə çevrilən prostat vəzinin xəstəliklərinin yaranma səbəblərindən və müalicəsindən danışıb.

“Ailə dostu” layihəsi çərçivəsində Atəş Kadıoğlunun müsahibəsini təqdim edirik:

- Prostat vəzinin böyüməsi hansı səbəblərdən ortaya çıxır?

- Prostat vəzinin böyüməsi kişilik hormonlarının təsiri nəticəsində baş verir. Yetişkənlik dövründən öncə kişilik hormonunun ifrazı dayanan kişilərdə prostat vəzinin şişi müşahidə olunmur. Ancaq yaşlaşdıqca kişilik hormonu azalır və prostat böyüyür. Bu yaşlarda estrodiol/testosteron hormonlarının səviyyələrinin yüksəlməsi prostat vəzinin böyüməsinə səbəb olur.

Bu xəstəliyin baş vermə səbəbi dəqiqləşdirilməyib. Yəni səbəbi elmə tam məlum deyil. Ancaq araşdırmalar göstərir ki, yaş artdıqca kişilərdə artmağa başlayan qadınlıq hormonları prostat vəzinin böyüməsinə səbəb ola bilər. Bu həm də genetik xəstəlikdir. Yəni ailədə prostat böyüməsindən əziyyət çəkən olubsa, gələcəkdə də ailənin digər kişi fərdlərində üzə çıxma ehtimalı artır.

- Başqa hansı faktorlar bu xəstəliyin yaranmasına səbəb ola bilir?

- Bir çox faktor var. Əsasən irsiyyət faktoru önə çıxır. Həmçinin sidik kanalı, böyrəklər və sidik kisəsinin iltihabi xəstəlikləri, sidik-cinsiyyət üzvlərinin travmaları, oturaq iş və yaşayış tərzi, spirtli içkilərin qəbul edilməsi, tez-tez baş verən qəbizlik, qaydasız cinsi əlaqələr, immunitetin zəifləməsi əsas səbəblər arasında göstərilir.

- Bu xəstəliyi hansı əlamətlərdən tanımaq olar?

- Xəstəliyin əsas əlaməti sidik ifrazının çətinləşməsidir. İlkin mərhələdə, xüsusən gecə saatlarında xəstələr tezləşmiş və bir qədər çətinləşmiş sidik ifrazının olmasından sikayət edirlər. Oyanandan sonra isə xəstə sidik kisəsini dərhal boşalda bilmir və bir müddət müəyyən qədər güc verməli olur. Xəstəliyin ikinci mərhələsində isə sidik ifrazı pozğunluqları çoxalır. Sidik ifrazının tezliyi daha da artır, axşamlar xəstə sidik ifrazına bir neçə dəfə durmalı olur. Xəstədə sidik ifrazı zamanı, bu prosesdən əvvəl və sonra ağrılar olur. Bu ağrılar daha çox aralıq, qasıq, xayalıq nahiyəsində hiss olunur. Ereksiya və toxum xaricetmə pozğunluqları da baş qaldırır.

- Bu xəstəliyin vaxtında, tez aşkarlanması müalicənin effektini artıra bilər?

- Prostat vəzinin adenomasının diaqnozunun qoyulması çox asandır. Xəstəyə USM, qan və sidiyin ümumi müayinəsi, qan analizi təyin edilir. Bu analizlərdə PSA zülalının səviyyəsi xəstəliyin olub olmamasını müəyyən edir. Əgər PSA zülalının səviyyəsi yüksəkdirsə, həkim xəstədə prostat vəzinin adenoması, həmçinin prostat vəzinin xərçənginin olmasından şübhələnir.

Ona görə də 45 yaşı ötmüş bütün kişilər ildə iki dəfə profilaktik müayinələrdən keçməlidirlər.

Ancaq təəssüf ki, kişilər hətta kəskin ağrılar və sidik ifrazı pozğunluqları olduğu halda da həkimə müraciət etməkdən boyun qaçırırlar.

Ancaq prostat vəzində problem olduğunu düşünən kişilər unutmasınlar ki, bu xəstəlik vaxtında müalicə olunmadığı hallarda ağır fəsadlara səbəb olur.

- Məsələn, hansı fəsadlara səbəb ola bilər?

- Daha kəskin xəstəliklərə yaxalanma riski artır. Bunlar əsasən sidik kisəsi ilə bağlı olan problemlərdir.

Sidik ifrazının kəskin şəkildə dayananda, prostat vəzinin adenoması sidik kanalını tam şəkildə bağladığı üçün sidik ifrazı mümkün olmur. Bir digər kəskin fəsad sidik kisəsi və böyrəklərin iltihabi zədələnməsidir. Vaxtında müalicə olunmamaq xroniki böyrək çatışmazlığına gətirib çıxara bilər. Həmçinin sidik kisəsində daşların əmələ gəlməsi ilə nəticələnə bilər.

Vaxtında həkimə müraciət etməyən xəstələrdə prostat vəzinin genişlənmiş venoz damarlarından qan axması müşahidə oluna bilər ki, bu da ancaq təcili cərrahi əməliyyat olunmaqla aradan götürülə bilir.

Bir digər problem sidik kisəsi divarının əzələ qatının kəskin şəkildə nazikləşməsidir.

Bundan başqa, həzm sistemi və həmçinin cinsi funksiyaların pozğunluqları da müşahidə olunur.

- Bu xəstəliyin tam müalicəsi mümkündür?

- Prostat vəzinin adenomasının tam müalicəsi mümkündür. Xəstə müalicə məqsədi ilə həkimə nə qədər tez müraciət etsə, xəstəliyin müalicəsi daha yüngül və tez baş verər. Xəstəliyin dərmanlarla müalicəsi yalnız ilkin dövrlərdə effektiv olur. Xəstəliyin daha gecikmiş formalarında isə həkimlər yalnız cərrahi müdaxilədən istifadə edirlər. Məhz buna görə, sidik ifrazı pozğunluğunun ilkin olaraq baş verdiyi hallarda həkimə müraciət edilməsi çox böyük əhəmiyyətə malikdir.

- Prostat vəzinin şişinin xərçəngə çevrilmə riski nə qədərdir?

- Prostat vəzinin böyüməsi ilə prostat xərçəngi fərqli xəstəliklərdir.

Eyni xəstədə həm prostat adenoması, həm də xərçəng ola bilər. Ona görə də prostat vəzinin böyüməsi olan xəstələrdə xərçəng olması ehtimalı çoxdur. Yaş artdıqca prostat xərçənginə yaxalanma riski artır.

Bu xəstəliyə yaxalananların 85 faizi 65 yaşı keçən kişilərdir.

- Hansı vasitələrlər bu xəstəliyə yaxalanmaqdan qorunmaq mümkündür?

- Kök kişilərdə bu xəstəlik daha çox müşahidə edilir. Qırmızı ət, yağlı yeməklər, həddən artıq şirniyyat yemək prostat vəzinin xəstəliklərinə tutulmaq riskini artırır. Sağlam həyat tərzi, daha çox tərəvəz, meyvə, D vitamini ilə bol olan qidalar yemək və idmanla məşğul olmaq isə bu xəstəliyə yaxalanma riskini 33 faiz azalda bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm