Süleyman Ələsgərovun yubiley gecəsi keçirildi
Bizi izləyin

Tabloid.az

Süleyman Ələsgərovun yubiley gecəsi keçirildi

Süleyman Ələsgərovun yubiley gecəsi keçirildi

Fevralın 22-də Heydər Əliyev Sarayında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə görkəmli bəstəkar, tanınmış ictimai xadim, xalq artisti, Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı, professor Süleyman Ələsgərovun 90 illik yubiley gecəsi keçirilib.

Tədbirin iştirakçıları əvvəlcə sarayın foyesində görkəmli bəstəkarın həyat və fəaliyyətini əks etdirən fotosərgi ilə tanış olmuşlar.

Yubiley gecəsində Süleyman Ələsgərovun həyat və fəaliyyətindən geniş söhbət açılmış, boya-başa çatdığı gözəl Şuşanın mədəni mühitini, görkəmli bəstəkara həsr olunmuş ədəbi-musiqili kompozisiya və videosüjetlər nümayiş etdirilmişdir.

Bildirilmişdir ki, Süleyman Ələsgərovun dünyaya göz açdığı Şuşanın musiqi mühiti uşaqlıqdan onda sənətə maraq oyatmışdır. Şəhərdə musiqi texnikumu açılanda isə balaca Süleyman sevincindən yerə-göyə sığmırdı. O, həm musiqi, həm də pedaqoji texnikumlarda, daha sonra isə Azərbaycan Dövlət Konservatoriyasında təhsil almışdır.

Diqqətə çatdırılmışdır ki, Böyük Vətən müharibəsi illərində digər bəstəkarlar kimi, gənc Süleyman Ələsgərov da əsgərləri ruhlandırmaq üçün mahnılar bəstələmişdir. Onun məşhur “Gözlə məni” romansı ilk dəfə böyük müğənni Bülbülün ifasında səslənmişdir. Bu romansdan sonda dahi Üzeyir Hacıbəyli tələbəsi Süleyman Ələsgərovun yaradıcılığına xüsusi diqqət yetirmişdi.

Süleyman Ələsgərov müxtəlif vaxtlarda Bakı orta ixtisas musiqi məktəbinin müəllimi, direktoru, Azərbaycan SSR Kinematoqrafiya Komitəsinin nəzdində orkestrin, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblının bədii rəhbəri, Azərbaycan SSR Mədəniyyət Nazirliyinin incəsənət idarəsinin rəisi vəzifələrində çalışmış, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Süleyman Ələsgərov, həmçinin Azərbaycan Dövlət xalq çalğı alətləri orkestrinin dirijoru, Respublika Televiziya və Radio Komitəsinin bədii rəhbəri, Şıxəli Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrının (indiki Azərbaycan Dövlət Musiqili Teatrı) direktoru və baş dirijoru, Azərbaycan SSR Maarif Nazirliyinin musiqi estetik tərbiyəsi üzrə tədris metodiki şurasının rəhbəri və digər vəzifələrdə işləmiş, 1991-ci ildən ömrünün sonunadək konservatoriyanın Şuşa filialının rektoru olmuşdur.

Süleyman Ələsgərovun yaradıcılığı Azərbaycan professional musiqi tarixinin parlaq səhifələrindən biridir. Onun zəngin yaradıcılığı Azərbaycan professional musiqisinin demək olar ki, bütün janrlarını əhatə etmişdir.

Mərasimdə Azərbaycan Dövlət xalq çalğı alətləri orkestrinin müşaiəti ilə incəsənət ustalarının, eləcə də Azərbaycan Dövlət fortepiano triosunun ifasında bəstəkarın “Gözəl Şuşa”, “Gözlə məni” və digər əsərləri səsləndirilmişdir.

baku-art.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm