Fahriye Evcen: “Çoxlu uşaq istəyirəm” - Fotolar
Bizi izləyin

Tabloid.az

Fahriye Evcen: “Çoxlu uşaq istəyirəm” - Fotolar

Yaraşıqlı ulduzla eşq yaşayan aktrisadan maraqlı açıqlamalar

O, Türkiyənin ən gözəl və cazibədar aktrisalarından biri hesab olunur. Söhbət son günlər yaraşıqlı aktyor Burak Özçivitlə yaşadığı sevgi romanı ilə gündəmdən düşməyən Fahriyə Evcəndən gedir. Hazırda “Kanal D”də yayımlanan “Kurt Seyit və Şura İstanbul” adlı serialda istedadı və gözəlliyi ilə diqqət çəkən gözəl ulduz “Instyle” jurnalına müsahibə verib. “Şirin söhbət” layihəsi çərçivəsində Fahriyənin maraqlı açıqlamaları ilə yadda qalan həmin müsahibəsini təqdim edirik:

- Həyatından məmnunsan?

- Hər şey yaxşıdır. Günüm hərəkətli və maraqlı keçir. Bir il yarımdır ki, istirahət etmədən işləyirəm. Əslində yorulmalıyam, amma mən çox xoşbəxtəm. Bu yaşlarda insanın həyatında hər şey çox sürətlə dəyişir. İnsanın dünyagörüşü inkişaf edir, hadisələrə münasibətində fərqli nüanslar ortaya çıxır. Lakin mənim daxili dünyam həmişə eynidir. İki il əvvəl necə idimsə, indi də eləyəm, elə bir fərq hiss etmirəm. Əsas odur ki, özümü yaxşı hiss edirəm.

- 28 yaş sənin üçün nə ifadə edir?

- Kənardan fərqli görünə bilərəm. 28 yaşındayam və bu yaş qadının fikirlərinin oturuşduğu bir dönəmdir. Bu dövrdə ana və ata ilə münasibətlər dəyişilir, ailə münasibətləri istiləşir. Məsuliyyət hissimin artdığını hiss edirəm.

- 8 ildir ki, Türkiyədəsən, amma bir çox aktrisanın edə bilmədiklərini elədin. Bunu nə ilə əlaqələndirirsən?

- Düzdür, bir çox uğurlar əldə etmişəm. Məsələn, ən çox pul qoyulan seriallarda rol almışam. Həm də tərəf müqabillərim də yaxşı aktyorlar olublar. İndi də “Kurt Seyit və Şura İstanbul”dayam. Serialda hələ yeniyəm. Əslində hazırlıqları tamamlanmış, 13 seriyası yayımlanmış bir seriala daxil olduğum üçün rahatam. Çünki hamı bir-birinə alışıb, iş rejimi oturuşub, hamı nə edəcəyini bilir. Bu, mənim üçün ilk idi, daha öncə heç bir seriala sonradan daxil olmamışdım.

- Bizə serialda canlandırdığın obrazından danış...

- Münveri (Murka) canlandırıram. 20 yaşlarında gənc və aşiq olmuş bir qadındır. Həyatında hər şey qaydasında görünür. Ancaq izlədikcə tamaşaçı başa düşür ki, Münver heç də xoşbəxt deyil. Çünki anası çox təzyiq göstərir, onun hər addımına nəzarət edir.

Münver isə öz həyatını yaşamaq, duyğularını dilə gətirmək istəyir. Amma istədiklərini həyata keçirə bilmir. Xəyal qırıqlığına uğrayan, anasından 12 il ayrı qalmış gənc bir qızdır.

- Bəs, sənin ananla münasibətin necədir?

- Anamla dostuq.

- Deməli rol aldığın obrazın duyğuları sənə yaddır?

- Mənim anlamadığım, bilmədiyim bir duyğudur. Heç vaxt anamla aramda problem olmayıb. Ona görə də rejissorumuz Hilal Saraldan dəstək alıram. Həm də mənə bu rola hazırlaşacaq qədər vaxt verməmişdilər. Özümü obraza salmaq elə də asan olmadı. Tamaşaçının bəyənib bəyənməyəcəyi mənim üçün maraqlıdır, ona görə də çox həyəcanlanıram.

- Yenilikləri, yeni kəşfləri sevirsən?

- Bilmədikləri, araşdırdıqları, kəşf etdikləri insanı həyəcanlandırır. Bu, hamıda belədir.

- Sərhədlərin var?

- Ailəm çox açıq fikirlidir. Məni də elə yetişdiriblər. Ona görə ikinci təhsil almağa qərar verdim. 24 yaşımda idim və daha çox öyrənməli olduğumu düşündüm. İşimlə əlaqəsi olmayan bir sahəni, tarixi seçdim.

- Ailənlə Almaniyada yaşamısan, İstanbula alışmaqda çətinlik çəkdin?

- Oranın insanları, mədəniyyəti fərqlidir. Buraya gəldiyim ilk günlərdə özümü sudan çıxmış balıq kimi hiss elədim.

- Necə dincəlirsən, stressdən xilas olmaq üçün nə edirsən?

- Təbiəti çox sevirəm. Dənizi çox sevirəm, amma rahatlaşmaq istəyəndə bağça köməyimə gəlir. Meşədə gəzməyi xoşlayıram. Bir kitab, biraz idman və yaşıllığın bol olduğu meşə, bağça və ya bağ məni dincəldir.

- Hansı tərz musiqilər dinləyirsən?

- Bütün janrlarda musiqi dinləyirəm. Klassik musiqi də dinləyirəm, pop mahnılar da.

- Musiqili tamaşaları sevirsən?

- Çox sevirəm. Tez-tez gedib izləyirəm.

- Bu janrdakı tamaşalarda rol almaq istəyirsən?

- Arzumdur. Rəqs etməkdən və mahnı oxumaqdan zövq alıram.

- Səsinin gözəl olduğu deyilir. Hansı mahnıları oxumaqdan zövq alırsan?

- Caz ifa etməkdən xoşum gəlir. Səsimin ən çox bu musiqiyə uyğun gəldiyini düşünürəm. Türküləri də sevirəm.

- Serialda rol almaq yaxşıdır, yoxsa filmdə?

- Hər işə başlayanda çox həyəcanlanıram. Etiraf edim ki, kino mənim üçün daha dəyərlidir. Serialdan çox fərqlidir, film qalıcıdır, həmişə xatırlanır. Amma seriala nə qədər əmək sərf etsən də bir müddət sonra itib batır.

- Bu aralar həyatında böyük bir dəyişiklik var. “Eşq sənə oxşayar” (“Aşk Sana Benzer”) adlı filmdə rol aldın.

- Bu film 2015-ci ilin yanvarın 23-də tamaşaçılara təqdim olunacaq. Çəkilişlər 5 həftə davam elədi, iki həftə öncə bitirdik.

- Haralarda çəkdiniz filmi?

- Bodrumda çəkdik. Hava çox isti idi. Kadrların çoxu dənizdə çəkilib. Bəzən istəmədiyimiz hava şəraiti olurdu, külək işləməyə imkan vermirdi. Amma bütün çətinliklərin öhdəsindən gəldik. Burak tərəf müqabilimdi, onunla aramızdakı enerji çox yaxşıdır, ona görə çəkilişlər də əyləncəli keçdi.

- Filmin mövzusu nədir?

- Eşq hekayəsindən bəhs edir. Detallarını danışmaq istəmirəm.

- Ssenarini oxuyanda nə hiss etdin?

- Çox bəyəndim. Hekayə çox sadədir. Məncə hekayədə daha az detal olanda filmi izləmək daha zövqlü olur. Bu da elə bir filmdir. Çox səmimi hisslər əks olunur. Eşqin və həyatdakı kiçik xoşbəxtliklərin dəyərini anlamaq və xatırlamaq üçün izləmək lazımdır. Qəsəbədə yaşayan iki gənc arasındakı səmimi hisslər o qədər gözəl əks olunur ki, sözlərlə onu ifadə edə bilmərəm. Dəniz adlı qızı canlandırıram, o, özünü qədər xoşbəxt hiss edir ki, indiki həyatda bu, mümkün deyil.

- Bəs sən qəsəbədə yaşaya bilərsən?

- Desəm ki, şəhərdən uzaqlaşıb bir kənddə yaşamağı istəyərəm, yalan olar. Ancaq hər tətilimizi dənizdə, çimərlikdə keçirməkdənsə, heç olmasa iki ildən bir gedib təbiətin qoynunda keçirə bilərik. Bu günə kimi mən də bunu etməmişəm.

- Necə bir ailə arzulayırsan?

- Böyük ailəyə sahib olmaq arzumdur. Hər şey istədiyim kimi olmaya bilər, həyat qarşıma nə çıxaracaq, başıma nələr gələcək, onu bilmirəm. Mən böyük bir ailədə böyümüşəm. Evdə 6 nəfər olmuşuq, gələcəkdə öz ailəmin də belə qələbəlik olmasını istəyərəm. Çoxlu uşaq istəyirəm. Çünki qardaş, bacı insanın həyatında çox önəmli rol oynayır. İtaliyadada ailələr böyük olur. Bu tip ailələrdə ünsiyyət daha isti və səmimi olur. Heç vaxt tək qalmırsan, tutaq ki, qardaşına zəng edirsən. O, məşğuldursa, digərinə sözünü deyə bilirsən, həmişə dərdləşməyə adam tapırsan.

- Axırıncı dəfə haraya səyahət etmisən?

- Kanna getmişdim. İşimlə əlaqəli bir səyahət idi, çox əylənmişdim. Bundan sonra Fransaya getsəm, ilk növbədə Kanna üz tutacam. Çünki həm şəhərin səs-küyündən uzaq qala bilirsən, həm də biraz sosiallaşmaq istəyəndə ona uyğun məkanlar da tapmaq olur. Çox gözəl şəhərdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm