• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Arzu Bağırova: “Deyəcəkdilər ki, Hacıbaba xanım saxlayır”

Arzu Bağırova: “Deyəcəkdilər ki, Hacıbaba xanım saxlayır”

Mərhum aktyor, Xalq artisti Hacıbaba Bağırovun həyat yoldaşı Arzu Bağırova ilə müsahibə

– Həyat yoldaşınızla aranızda 38 yaş fərqi var idi. Bunu da təbii olaraq hər kəs birmənalı qəbul etmədi. Sizcə, atdığınız addım riskli deyildi?

– Ailə quranda bilirdim ki, Hacı tanınmış adamdır. Tanınmış olmasaydı, kimsə nə tənqid edəcək, nə də biləcəkdi bizim münasibəti. Bu gün Azərbaycan kişilərinin çoxu cavan qadınlarla gəzir. Heç kim onlardan danışmır, heç kim onlardan yazmır. Hacı ilə ilk olaraq kəbinə getdim, sonra müstəqil dövlətin qaydası ilə nikah bağladıq. Ən çox da dedi-qoduya görə nikah bağladıq ki, deməsinlər, Hacı cavan bir xanım saxlayır. Bizdə axı dəbdədir bu söz. İlk görüşümüzdən sonra biz bir-birimizi sevdik. Həyat insana bir dəfə verilir, necə istəyiriksə, elə də yaşayırıq. Artıq səkkiz ildir, Hacı həyatda yoxdur. Kimə maraqlıdır ki, Arzu nə edir, necə yaşayır, uşağı necə böyüyür?

– Yəni haqqınızda yayılan dedi-qodulara hazır idiniz…

– O vaxt bir televiziyamız var idi. “Səhər görüşləri”ndə Nəsibə Zeynalova, Siyavuş Aslan, Hacıbaba Bağırov çıxış edirdilər. Elə həvəslə gözləyirdim ki, Hacını görməyi. Hər kəs kimi mən də onun pərəstişkarı olmuşam. Amma heç vaxt ağlıma gəlməzdi ki, biz ailə qura bilərik, yaxud da, mən onun həyat yoldaşı ola bilərəm. Çünki yaş fərqimiz də çox idi. Amma həyat bizi qovuşdurdu. Heç kim mənə maraqlı deyildi. Peşmanlıq hissim də yoxdur .

– “Aktyordur, imkanına görə ona ərə gedib” deyənlər az deyildi. Bu cür iradlara münasibətiniz?

– İnanırsınız, evliliyimizi rəsmiləşdirən zaman Hacı teatrda qalırdı, heç evi də yox idi. Bir quru canı, bir də fəxri adları var idi ki, onlar da dövlətə məxsus idi, paylaşmaq olmurdu. Hamı bilir, Hacıbaba məndən öncəki evlilikdən sonra evsiz-eşiksiz qalmışdı. Heç qara günlük pulu da yox idi. Biz yeni həyata başlamaq ümidi ilə 31 dekabrda ailə qurduq. Çətin günlərimiz çox olub. Altı ay kirayədə qaldıq. Sonra bizə çox da böyük olmayan ikiotaqlı ev verildi. Heç balkonu da yox idi, Hacı siqareti mətbəxdə çəkirdi. Növbəti ev isə bizə qızımız iki yaşında olanda verilib.

– 67 yaşlı bir insanda cavan bir xanımı nə çəkdi ki, o, bu izdivaca razı oldu?

– Bilirsiniz, mən gənc idim, özümə görə də gözəl xanım idim. Məhz Hacının xasiyyəti, evcanlılığı, ağır təbiətli olması məni çəkdi. Mən kişilərə şitliyi yaraşdırmıram. O, əsl mənə uyğun biri idi. Xasiyyəti, davranışı, mədəniyyəti. Mən ondan çox razı idim. İşə necə can yandırırdısa, inanın ki, ailəsinə də elə can yandırırdı. Bir qadın başqa nə arzulayar ki.

– Aktyorun doğum tarixi haqqında məlumatlar nə dərəcədə doğrudur?

– Hacının ruhu cavan idi. Özünü gənc hiss edirdi. Deyirdi: “Arzu, vallah, elə bilirəm, sən mənimlə yaşıdsan. Yəqin, mənim yaşımı düz yazmayıblar. Eh, Sona xanım (anası) bir gün deyir, güllər açanda, bir gün deyir solanda, bir gün deyir qar yağanda… Heç özü də bilmir məni nə vaxt doğub”. Arxivi araşdırdı. Demə, onun təvəllüd tarixi 1932-ci ilin 12 iyunu yox, 9 iyulu imiş. Vaxtından ay yarım qabaq dünyaya gələn Şölə ilə atasının arasında illəri nəzərə almasaq, altı saat fərq var. Sadəcə, sənəd işlərinə görə dəyişdirmədi. Çünki, bu qədər fəxri adları, uğurları, demək olar bütün sənədləşmə imzası o rəqəmlə olub. Dedi ki, ceyran (belə müraciət edərdi), bir aya görə dəyməz. Amma onun 9 iyulda doğulduğunu təsdiqləyən arxiv sənədlər var.

Bir söz işlətdiniz – “ceyran”. Həyat yoldaşınız sizə elə müraciət edirdi. Bilmirəm təsadüf idi ya zərurət, amma Şirbala da Nazlı üçün o ifadəni tez-tez işlədirdi.

– Doğrudur, onun leksikonunda bu söz var idi. İndi necə “ürəyim”, “canım” deyirlər, o da “ceyran” deyirdi mənə. Həm də bu söz o dövrdə bir az dəbdə idi desək, doğru olar. (gülür)

– Sizdən əvvəlki həyatı sizi nə vaxtsa narahat edib? Çünki Hacıbaba Bağırov həm iş, həm də həyat baxımından kifayət qədər təcrübəli biri idi.

– Rəhmətlik Gülşən Qurbanovanın verilişində bir dəfə Hacı dedi ki, “Arzudan əvvəlkilər fındıq idi”. (Əlindəki fındığı göstərib – “lap yerinə düşdü” – dedi) Məndən öncə yaşananlar maraqlı deyildi. O, çox sadiq biri idi. Sadiq olmaya da bilməzdi, bəlkə də, mən yaşda ona kimsə də baxmazdı. Hacının hər zaman ətrafında gözəl xanımlar olub, təbii ki, bu əvvəllər olub, mənim yanımda dişi milçək də uça bilməzdi yanından (gülür). O, hər zaman deyirdi ki, mən həyatı, sevgini Arzuda tapmışam. Mən Arzunu tanıyandan sonra bildim ki, kişi belə xoşbəxt yaşayarmış. O özü həmişə gözəl ailəsi – yoldaşı, övladı və qaynanası olduğunu etiraf edirdi. Bunu ona deməyi mən məcbur etməmişdim. O, həyatından hər zaman razı olub.

– Ananızın bu məsələyə münasibəti necə idi? Razı salmaq çətin olmadı ki?

– Anam mənim əsl rəfiqəmdir. Düzdür, deyirdi ki, cəmiyyət nə deyəcək, yaş fərqiniz çoxdur. Amma bilirdi ki, sevirəm. Ona görə də razı oldu. Bilirsiniz, dünyanın əksər ölkələrində bu hal normal qəbul edilir. Yaşlı kişi aktyorların çoxunun sevgilisi və ya həyat yoldaşı cavan xanımlardır. Bizdə bu məsələyə pis baxılsa da, belə hallar ölkəmizdə də kifayət qədərdir. Sadəcə, məşhurlar hər zaman göz önündə olurlar deyə, diqqət çəkirlər. Tanımayan olsa, heç əhəmiyyət verən də olmayacaq. Yəqin ki, ya qızıdır ya da nəvəsi, deyəcəklər.

– Sizə qarşı hər hansı iradı və ya qadağası olubmu?

– Mən hər zaman onu dinləmişəm. Onun sözündən çıxmırdım. Bircə, “evdən tək çıxma” deyirdi, buna da əməl edirdim. Çünki sevirdi deyə, elə deyirdi. Bizim heç zaman problemimiz olmayıb. Nəinki acı söz demək, heç onun səsini ucaltdığını belə eşitmədim. Onun çox sakit təbiəti vardı. Mülayim, mehriban idi. Bir kişi kimi evdə məsuliyyətini anlayırdı. Evin bazarlığından tutmuş, sağlamlığımıza qədər qayğımıza qalırdı. İnanıram ki, hər kəs mənim kim sevilən qadın olmaq istəyərdi. Altı il yarım birgə həyat yaşadıq. Mən Hacıdan bir dəfə də olsun narazı olmadım.

– Arzu xanım, Hacıbaba müəllim o vaxt bir teatr yaratmışdı – “Tənqid-təbliğ” teatrı. Necə oldu o teatrın aqibəti?

– Teatr fəaliyyətini çoxdan dayandırıb. Yəqin ki, bilirsiniz, teatrları işlətmək çox çətindir. Mənim maddi imkanın da yol vermir ki, hansısa teatrı ayaqda saxlamaq gücündə olum. Hansı birini toplayım o teatr qrupuna? Bu çox çətindir. Amma kaş ki... Davam edərdi...

– Peşəkar aktyorun həyat yoldaşı və teatr işçisi olaraq bu gün teatr və kino aktyorları sizi nə dərəcədə qane edir?

– Haqsızlıq etmək istəmirəm. Teatrlarımızda hər bir teatrın üslubuna görə peşəkar gənc aktyorlarımız kifayət qədər var. Hacı da hər zaman gənclərə yol verirdi. Özü gənclik illərində o qədər əziyyət çəkmişdi ki, istəmirdi gənclər problemlərlə üzləşsinlər. Doğrudur, nə kimsə Hacıbaba ola bilməyəcək, nə də müğənni kimi Rəşid Behbudov, onlar artıq öz möhürlərini qoyublar. İstedad varsa, gec-tez üzə çıxacaq. Kimisi dram aktyoru, kimisi də musiqili teatr aktyoru kimi. Əgər bugünkü gənc nəsildə aktyorlara şübhə varsa, mən bununla qəti razı deyiləm. Hacının bir sözü vardı: “Dəniz lazımsız boşluqları vurub sahilə çıxaracaq, istedad heç vaxt batmır. Nə qədər gizlin saxlanılsa da, özünü mütləq göstərəcək”.

– Gəlin bir az da sizə bəstələnən mahnılara barədə danışaq…

– Mənimlə bağlı doqquz mahnı var. Vahid Əziz, İsmayıl Dadaşov, Mətanət Dadaşova, İmruzə Mustafayeva, Xanım İsmayılqızı mənə mahnılar bəstələyib. Hətta aralarında Şölə üçün bəstə də var. “İllərdir yol gələn Arzumun Şöləsisən” ifadəsi məşhurdur. O məni heç yerdə tək buraxmırdı. Studiyaya da birlikdə gedirdik.

– Hər il adi günlərdən fərqli olaraq doğum günü və anım günləri gələndə nə hiss edirsiniz, boşluq ya …?

– Hər il Hacının həm doğum gününü qeyd edirəm, həm də anım gününü. Qızımla, anamla tez-tez qəbrini ziyarətə gedirik. Bu, mənim borcumdur. Özümdə qəribə bir sakitlik, rahatlıq tapıram ora gedəndə. Problemim olanda belə heykəlinin qarşısında durub onunla danışır, sanki xeyir-dua alıram.

Nə qədər ki, canımda can var bunu da edəcəm. Onun ölüm xəbərini eşidəndə özümü uçurumun kənarında hiss edirdim. O, dünyasını dəyişəndə yanımda o qədər adam olsa da, özümü tənha sayırdım. Onsuz elə bil, səhrada qalmışdım. Çox çətin idi. Bir qadının həyatda tək qalması çox ağırdır. İnanın ki, Hacının vaxtında bir zənginə həll olunan işləri indi üç-dörd günə edə bilirəm. Adi bur nümunə deyim: biri var ki, ustayla kişi çiyninin arxasından danışasan, biri də var ki, özün danışasan. Bunları dərk edən insanlar bilir ki, fərq olduqca böyükdür. Amma Hacının ölümündən sonra mən çox sifətləri tanıdım. Saxta gülüşləri, yalançı simaları gördüm. Onun gəlişi mənim üçün məktəb idi, gedişi daha böyük dərs oldu. Düz deyirmişlər, həyat səhnədir. Çoxunun həyatda artist olduğunu gördüm. Və bu gün belələri mənim çevrəmdə yoxdur deyə, çox xoşbəxtəm.

– Hacıbaba Bağırov – bu ad və soyad səslənəndə ilk təəssüratınız nə olur?

– Fəxr edirəm ki, elə bir şəxsiyyətlə ailə qurmuşam. Milyonların sevgisini qazanmış bir insanın həyat yoldaşı olmaq fəxrdir. Övladım da fəxr edəcək. Bu gün Şöləni görəndə kimsə demir ki, Arzunun qızıdır, deyirlər ki, Hacıbabanın qızıdır, onun yadigarıdır. Hər kim mənim yerimdə olsa, bu hissləri keçirərdi. Bəlkə, Hacını görməsəydim, bu cür sevgi ilə rastlaşmayacaqdım.

Foto: Elnur Muxtar

kult.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR