Elza: “Sonradan biləcəklər ki, məni dəlicəsinə sevirmişlər”
Bizi izləyin

Tabloid.az

Elza: “Sonradan biləcəklər ki, məni dəlicəsinə sevirmişlər”

Elza Seyidcahan: “Qismət xoşbəxt insandır ki, Elza haqqında yazıb”

Əməkdar artist Elza Seyidcahan yenidən diqqət mərkəzindədir. Bəstəkarlıq və müğənniliklə yanaşı, son günlər şeir yazmaq həvəsinə düşən Elza xanım Tabloid.az saytına müsahibəsində yeni yazdığı şeirindən, həmçinin reallaşdıracağı layihələrindən söz açıb:

- “Gəlinim” adlı yeni mahnı yazmışam. Sözləri Cığatel İsaqızına, musiqisi isə mənə aiddir. Bundan başqa, estrada ulduzları ilə birgə yeni və olduqca maraqlı layihə üzərində işləyirik. Belə ki, onlar mənim bəstələrimi oxuyacaqlar. Yaxın zamanlarda yeni layihə tamaşaçılara təqdim olunacaq.

- Qeyri-adi konsertlər silsiləniz yenə davam edəcək?

- “Təyyarə-uçuş” adlı konsertim olacaq. Konsertim təyyarədə olacaq. Yaradıcılıq işlərim çoxdur. Ona görə də, bilinmir ki, hansı işimi ilk görəcəyəm. Yeri gəlmişkən, “Aşiqlər bağçası” filmə çəkilmişəm. Hazırda film montaj edilir. Deməyim odur ki, heç boş dayanmıram, yazıb-yaradıram. Dövlət tədbirlərində də hər zaman aktiv iştirak edirəm.

- Bu qədər işlərin fonunda hələ vaxt tapıb şeir də yazırsınız...

- Bəli. Mən şeir yazmağa uşaqlıqdan başlamışam. Amma sonra elə alındı ki, istedadımı musiqiyə yönəldib, daha çox musiqi dərsləri ilə maraqlandım. Bəzən insan öz aləminə qapılır. Ətrafına baxır, hadisələri görür. İstər-istəməz, o hadisələri cümlələrə düzüb, şeir yazır... Mənim şeir yazmağım çox böyük müzakirələrə səbəb olub.

Yeri gəlmişkən, “Pantomima” teatrının rejissoru Bəxtiyar Xanızadə şeirlərimdən ibarət “O, sənsən” adlı mono-tamaşa hazırlayacaq. Yaxın zamanlarda tamaşanın məşqlərinə başlamalıyıq. Onu da qeyd edim ki, Bəxtiyar Xanızadə sevdiyim rejissordur. Əslində, Bəxtiyar müəllimi konservatoriyada oxuduğum illərdən tanıyıram. Onun səhnələşdirdiyi “Uçuş” tamaşasının musiqisini bəstələmişdim. “Pantomima” teatrı mənə doğmadır. Uzun illər “YUĞ” teatrında da çalışmışam. Azərbaycan televiziya tamaşalarına musiqilər bəstələmişəm. Həmçinin də İrəvan Teatrı ilə də işləmişəm.

- Elza xanım, bir az da sizin “Kokuyorum” şeirinizdən danışaq. İctimaiyyət arasında bu şeir heç də birmənalı qarşılanmadı... Hətta şair Qismət sizin bu şeirinizə nəzirə də yazıb.

- Oxumamşam.

- Bir hissəni diqqətinizə çatdıra bilərik:

Salam.

Balam,

necəsən?

Gecə sən

zəng vurdun

rəng vurdun saçına.

Yaxşı elədin,

əcəb elədin,

tələb elədin -

dedin ki, gəl.

Gəlirəm,

kokum da gəlir,

həyəcanım

şokum da gəlir,

cərəyanım,

tokum da gəlir.

Nar kimi sıxıldım,

sokum da gəlir.

Sonra, sonra, yalnız sonra

sən gərək durub

paltarları dəst edəsən,

məni kokunla məst edəsən...

- Heç bir zaman özümə şair deməmişəm. Həmin şeirlər Elzanın öz dünyasıdır. Bizim gözəl şairlərimiz var. Hər zaman demişəm ki, şeir yazmaq həvəsi bəstəkarlığımdan doğub. Kokuyorum, kokluyuram, türk leksikonunda olan sözdür. Qoxlayırm deməkdir. Həmin şeirdə də sözlər danışdığım kimi qeyd edilib. Bir də görürsən ki, adam Türkiyədə olur. Onların ləhcəsini götürür. Şeirimi də şivə ilə yazmışamsa, bu, mənim şəxsi işimdir, iç dünyamdır.

Mən “Kokuyorum” şeirimi, yazımı, etirafımı, Azərbaycan Yazıçılar İttifaqına təqdim etməmişəm, deməmişəm ki, şairəm (Gülür). Şükür Allaha, bizim Ramiz Rövşənimiz, Rüstəm Behrudimiz, Vaqif Bayatlı Odərimiz var. Mən şeiri çox sevirəm, duyumum da çox gözəldir. Yunus Əmrə, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Nizami Gəncəvi, Əliağa Vahid, Bəxtiyar Vahabzadə, Məmməd Araz kimi şairlərin sözlərinə musiqilər bəstələmişəm. Yaxşısı budur ki, məni müzakirə edən şairlər şeir yazsınlar.

- Ümumiyyətlə, Qismətin yaradıcılığı ilə tanışsınız?

- Xeyir! Onu bəlkə də üzdən tanıyıram. Amma yaradıcılığına bələd deyiləm. Nə zaman özümə şair desəm, o zaman məni müzakirəyə qoyarlar. Şairlərin çörəyini əllərindən almayacağam, qorxmasınlar (Gülür). Neyləyim ki, şeirim çıxan kimi müzakirələrə səbəb olur. Musiqilərim də həmçinin... Amma sonra da məni təkrarlayırlar.

Elzanın yazdığı şeirlər, onun daxili dünyasıdır. Şükür Allaha ki, Elza hər zaman nə etdiyini yaxşı bilir. Yazdıqlarım da beşindən geridirsə, onundan irəlidir. Şeirlərimdə ətrafımda olan insanların yaşantıları, iç dünyaları əks olunub. Mən bir hadisəni görən kimi qələmə almışam. Bu da müzakirəyə səbəb olub. Şairlər var ki, çox arzulayırlar ki, onların şeirləri müzakirəyə səbəb olsun. Bəstəkarlar, rəssamlar, ümumiyyətlə, sənət adamları əsərlərinin müzakirə olunmasını istəyirlər. Onu da deyim ki, hər zaman şairlərə mövzu vermişəm ki, haqqımda nəzirələr yazsınlar. Cabir Novruzun “Sizə güvəndiyim” dağlar şeirinə mahnı yazıb, ifa etmişəm. Ona nəzirə yazıblar. Ümumiyyətlə, mənim mahnılarıma çox nəzirələr yazılıb. Çox sevinirəm ki, şeirlərimə, daxili dünyama nəzirələr yazılır. Qismət müəllimə təşəkkürümü bildirirəm, onu alqışlayıram. Onu ilhamlandırmışam, cuşa gətirmişəmsə, bu mənim qələbəmdir.

- Sizin daxili dünyanızda nələr var? Nələr gizlənib?

- Daxili dünya deyəndə tək, insanın öz yaşantısı deyil. Daxili dünya odur ki, ətrafda olan insanların həyatında olanlardan əsər yaradırıq, təqdim edirik. Bunu etmək böyük istedad tələb edir. Adam var ki, nə qədər yaşayır, dünyanı gəzir, amma insanlara nəsə bir şey verə bilmir. Paylaşa bilmir, yaxud da qazana bilmir.

- Öz ifanızda olan şeirlərinizi dinləmisiniz?

- O şeir deyil, danışıq deməkdir. Yeri gəlmişkən, deyim ki, mən şeirlərimi öz ifamda heç vaxt bəyənməmişəm. Bu dəqiqə böyük sənətkarlarımız, qiraət ustalarımız, aktrisalarımız gözləyirlər ki, yeni şeir yazım, onlar da oxusunlar. Hətta layihə kimi lentə almaq istəyənlər də var. Söhbət korifey sənətkarlarımızdan gedir.

- Bir müddət öncə saytımıza müsahibənizdə demişdiniz ki, Ledi Qaqa sizin ifanızı, səhnə geyimlərinizi təkrarlayır, özünü sizə oxşadır. Maraqlıdır, indi sizin bu şairliyinizə baxıb, kimlər şeir yazacaq?

- Vallah bimirəm. Hər zaman irəli gedirəm heç bir zaman geriyə baxmıram. Onu sizlər görəcəksiniz. Səmimiyyətimə inanın, mən şeiri demişəm. Daha sonra sosial şəbəkələrdə deyilənlərə, yazılan şərhlərə baxmıram. Mənim buna heç vaxtım da yoxdur. Ancaq işimi görürəm, yalnız irəli... Müzakirələr, şərhlər onu edənlərin özünə qalır. Bəzən mənə belə şərhləri “İnstagram”a göndərirlər, baxıram, gülümsəyib, keçirəm. Demək ki, yaddaşlardayam ki, mənə vaxt ayırırlar.

- Bəlkə onlar sizin paxıllığınızı çəkirlər?

- Onlara elə gəlir ki, mənim paxıllığımı çəkirlər. Əslində isə şeirlərimi sevirlər. Məsələn, mənə maraqlı olmayan insan haqqında danışmaram. Xasiyyətim belədir. Xoşuma gəlməyən insanlardan danışıb, üzümü qırışdırıb, büzüşdürmək istəmirəm. Onlar hələ anlamırlar. Onlar sonradan biləcəklər ki, məni dəlicəsinə sevənlərdir. Deyəcəklər ki, necə xoşbəxt insanlarıq ki, Elza Seyidcahanı müzakirə etmişik. Bizə də qismət olsun. Qismət xoşbəxt insandır ki, Elza Seyidcahan haqqında yazıb. O, artıq bu həyatda xoşbəxtlik qazanıb. Onu buna qədər 10 nəfər tanıyırdısa, 10 min nəfər də bundan sonra tanıyacaq. Çünki Elza Seyidcahana toxundu...

- “Tək”, “O sənsən”, “Kokuyorum”dan sonra sırada hansı şeiriniz var?

- “O sənsən” şeirimi jurnalistlər “Yatağım səni istəyir” başlığı ilə təqdim edib. Onlar bununla reytinq qazanırlar. Karın könlündəkidir bu... Əslində mənim şeirimin adı “O sənsən”dir. Sonra “Tək” şeirimin adını isə “Səni verdi, onu verdi” yazıblar. Bu şeir Allaha aiddir. Allah verdi. Səni verdi, onu verdi...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm