• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Bəkarətin rəmzi qırmızı, yoxsa saflıq simvolu ağ gəlinlik?

Bəkarətin rəmzi qırmızı, yoxsa saflıq simvolu ağ gəlinlik?

Gəlinlik bütün qadınların uşaqlıqdan geyinməyi arzuladığı paltardır. Ona görə yox ki, onda ərə gedirlər, ona görə ki, mərasimin əhəmiyyəti sanki bu paltarın xüsusi olmasını tələb edir. Gəlinlik donunun rəngi, üslubu mərasimin əhəmiyyətindən, həmçinin toy iştirakçılarının dinindən və mədəniyyətindən asılı ola bilər.

Zamanla inkişaf edən və dəyişilən paltarlar gəlinliyin yaranması üçün stimul olur. Belə ki, gəlinin toyda seçilməsi, digər xanımlardan ayırd edilməsi üçün gəlinlər daha fərqli geyinməyə başlayır. Şərq mədəniyyətində gəlinlər şans və məhəbbət simvolu olan qırmızı gəlinlikləri seçərdilər. Bu ənənə az da olsa, hələ də bir çox şərq ölkələrində davam edir. Qərb mədəniyyətində isə gəlinlər çox vaxt XIX əsrdə kraliça Viktoriya sayəsində məşhur olan ağ gəlinliklərə üstünlük verirlər.

Qırmızı gəlinlik - türk ruhunda toy geyimi

Türk adətlərinə görə, gəlin yalnız qırmızı geyinməli idi. Türk inancına görə, qırmızı rəng müqəddəslik, bəkarət, namus və baş ucalığı rəmzidir. Qədim türk torpaqları olan Azərbaycanda da gəlinlər dədə-babadan qırmızı rəngdə geyiniblər. Çox qədim dövrlərdən yaxın keçmişədək bütün gəlin geyimləri əsasən, al-qırmızı rəngdə olub. Bu geyimin üzərində sarı (Günəşin rəmzi olaraq), ağ (saflığın rəmzi olaraq) naxış çalarları olardı. Qırmızı rəng toy günü başmaqlarından tutmuş duvağına, xınasına qədər qırmızıya bürünən türk qızının gözəlliyini əks etməyə xidmət edirdi.

Azərbaycan toylarında gəlin paltarını oğlan evinin adamları hazırlayırdı. Daha dəqiq desək, toy gününə 1-2 ay qalmış oğlan anası, bacısı gəlini toya qədər bəzəməklə məşğul olurdu. Qızın toy günü başdan-ayağa qırmızı geyinməsi əsas adətlərdən biri sayılırdı.

Toy paltarı məxməri, ipək və ya zərxara parçalardan tikilirdi. Qolları yelpazə olan köynək yaxası dar və pullu olub belə qədər bütöv olurdu, bel hissəsindən 3 yerə- iki yandan və öndən yarıqlara ayrılan köynəyin ətəkləri də dəmir pullarla bəzədilirdi. Ətək isə olduqca geniş, üzəri əl işləməli, təbii naxışlarla zəngin olurdu.

Köynəyin ətəkləri uzun gəlin ətəyinin üzərindən aşağıya doğru uzanırdı, gəlinin belini qırmızı və enli qurşaq bəzəyirdi, qurşağın üzərində gəlin yeridikcə cingildəyən dəmir pullar düzülürdü. Qədimdə gəlinliyə "bəzənik" deyirdilər. Ayrı-ayrı bölgələrdə fərqli adlar deyənlər də vardı. Məsələn, Naxçıvanda gəlin paltarına "kəfrəm" deyirdilər.

Qırmızı qurşaq - müasir toylara miras qalan yeganə qədim adətdir

Əksər hallarda toylarda gəlinlərin belinə qırmızı bir qurşaq, lent bənd edilir. Bu lenti gəlinin belinə qardaş və ya yaxın bir oğlan qohumu bağlayır. Düzdür, dövrümüzdə qızların çoxu bu adəti köhnəlmiş hesab edir və qəti şəkildə toyunda belinə qırmızı bağlamağa izin vermir. Bunun anlamının nə olduğunu bəlkə də çoxları bilmir, sadəcə adət kimi əməl edirlər. Yaşlı nəslin nümayəndələri deyir ki, qırmızı belbağı gəlinin baş ucalığıdır. Belə ki, əgər ata, qardaş evdən çıxan qızın belinə qırmızı qurşaq bağlayırsa bu o deməkdir ki, biz qızımızın namusuna, bəkarətinə və tərbiyəsinə əminik. Belinə qırmızı qurşaq bağlanaq qız ata evindən alnı açıq, üzü ağ, qürurla çıxırmış. Atanın, qardaşın bağladığı qırmızı qurşağı gəlinin belindən yalnız gələcək həyat yoldaşı aça bilər.

Zamanla türk elləri istilaya məruz qaldıqca adətlər də kənar təsirə məruz qalıb. Bu mədəniyyətdə, geyimdə də özünü göstərib. Könül oxşayan qırmızı gəlinliklərin yerini saflıq və məsumluq rəmzi hesab olunan ağ gəlinliklər alır.

G.Xəlilova rəngarəng və çox şaxəli yaradıcılığı ilə yanaşı, milli geyimlərimizə yeni nəfəs verən, onları həssaslıqla qoruyan müəllifi kimi tanınır. Modelyer-dizayner, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın milli geyimlərin müasir dövrdə aktual olmasında və sevilməsində müstəsna rolu var. Hətta G.Xəlilova ölkədə bir günün milli geyimlərin günü elan olunmasını təklif etmişdi. Televiziya verilişlərində, mötəbər, önəmli tədbirlərdə tez-tez G.Xəlilovanın hazırladığı milli geyim nümunələrindən istifadə olunur. Bu möhtəşəm tədbirlərin uğurla başa çatması naminə o, səylə çalışıb. Həmçinin Gülnarə Xəlilovanın əl işləri olan milli geyimlər bu gün dövlət rəhbərlərinə hədiyyə olaraq göndərilir. Eyni zamanda, dünyanın bir çox ölkələrinin səfirliklərini və muzeylərini bəzəyir.

Azərbaycan modasının əvəzolunmaz isimlərindən biri olan Gülnarə Xəlilovadan milli gəlinliklərin yenidən dəbə minməsi ilə əlaqədar olaraq fikirlərini öyrəndik.

G.Xəlilova gəlinlik dəbinin mövsümlərdən asılı olaraq dəyişmədiyini bildirdi. “Hər bir qızın uşaqlıqdan bəri xəyallarında canlandırdığı və arzuladığı gəlinlik libası olur. Belə ki, öz toyu ərəfəsində hər bir qız özünü xəyalında canlandırdığı gəlinlik libasında görmək istəyir. Bu baxımdan gəlinlik libaslarını dəblə əlaqələndirmək bir qədər düzgün olmazdı.

Amma bu gün milli geyimlərin, o cümlədən milli elementlərlə işlənmiş gəlinliklərin dəbə yenidən qayıtması, istifadə həvəsi çox sevindirici və təqdirə layiq haldır. Çünki milli geyimlər xalqımızın mədəni tariximizin əvəzolunmaz hissəsidir. Bu geyim bizim qürurumuz, həm də şəxsiyyət vəsiqəmizdir. O, özündə qədim tarixlə yanaşı əsl mədəniyyətimizi əks etdirir. Bütün dünyaya bizi tanıdan amillərdən biridir. Dolayısı ilə gənc nəslə də örnək oluruq. Milli geyimlərin dəbə minməsi mədəni irsimizə sadiq qalmağa xidmət edir. Həmçinin milli-mənəvi irsimizi unutmamaq naminə atılan addım olardı.

Əvvəllər gəlinlərimiz daha çox qırmızı və çəhrayı gəlinliklərdən istifadə edərdi. Qırmızı rəngli gəlinliklər unudulmayıb, onlar bu gün xına gecələrində geniş şəkildə istifadə olunur. Toy günü isə qızlarımız əsasən ağ rəngli gəlinlik libaslarına müraciət edirlər. Bəzən milli gəlinlik libası lakin ağ rəngdə olmaq şərti ilə istəklər olur. Milli gəlinlik libasının ağ rəngdə təqdim olunmasına da normal baxıram. Əsas kəsimin, üstündəki naxışların, ümumi görünüşün, yaxalığının, qol kəsimlərinin milli geyimlərə uyğun olmasıdır. Sadəcə rənginin ağ olmasını tendensiya kimi nəzərə almaq olar. Bəyaz rəng artıq uzun illər istifadə olunduğu üçün yaddaşlarda məhz bu rəng də qalıb. Bəyazdan tamamilə imtina etmək mümkün deyil. Lakin açıq çəhrayı, qırmızının müxtəlif tonlarında, şaftalı çiçəyinin fərqli çalarlarında, bəyaza yaxın olan krem rənglərində milli ruhda gəlinlik libasları hazırlamaq olar. Tam olmasa da, milli geyimlərin müəyyən nüanslarını və elementlərinı nəzərə alıb istifadə etmək çox vacibdir, həm də gözəl olardı”.

Öyrəndik ki, modelyer 2006-cı ildən etibarən milli geyimlər üzərində işləyir, onları yeni formada təqdim edir. O, bu haqda belə deyir:

“Əslində, milli Azərbaycan geyimlərinin yenidən aktual olması elə-belə iş deyil. Buna elmi tərəfdən yanaşmaq lazımdır. Çünki dərinliyə varanda çox incəliklər, çox maraqlı məqamlar üzə çıxır. Mənim elmi işim də məhz Azərbaycan milli geyimlərinin müasir ənənələri və yeni formada təqdim olunması ilə bağlı idi. Bu mövzu ilə bağlı olaraq 2013-cü ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında dissertasiya müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşəm”.

Milli gəlinlik dəbinin yenidən aktual olması ilə bağlı gənc modelyer Zümrüd Mirzaliyevanın da fikirlərini öyrəndik.

Zümrüd xanım gəlinlik hazırlayarkən milli elementlərdən istifadə etmədiyini bildirdi. Bunu isə qızlarımızın milli gəlinlik sifariş etməməsi ilə əlaqələndirdi. “Belə sifariş olsa, böyük məmnuniyyətlə milli geyimlərimdəki müxtəlif elementlərdən istifadə edərək müasir milli gəlinlik libası hazırlayardım. Təəssüf ki, indi toylarda milli gəlinlik libaslarından istifadə olunmur. Amma xına gecələrində qırmızı rəngli milli geyimlər artıq çox dəbdədir. Qırmızı alov-atəş rəngidir, xanımlar bu rəngdə həqiqətən də çox cazibədar görünürlər. Məsələn, biz geyimin yadda qalmasını, yaxud daha tez diqqət cəlb etməsini istəyiriksə, onu hər zaman qırmızı rəngdə yaradırıq. Qırmızı rənglərin ən gözəli və atəşlisidir. Mən inanıram ki, bu tendensiya gələcəkdə gəlinlik libaslarında da özünü göstərəcək”.

Z.Mirzaliyeva bu yaxınlarda toyu olan və toyunda milli gəlinlik geyinən yazar Aysel Əlizadənin gəlinliyinə də münasibətini bildirdi. Bu ideyanın ümumilikdə çox maraqlı və gözəl olduğunu söylədi. “Bu ideya çox xoşuma gəldi. Öz toyunda milli üslubda gəlinlik geyinmək bir növ riskdir. Aysel Əlizadə bu riskə gedibsə, ona halal olsun, alqışlayıram. Bu ideya ənənə halını alsa, çox sevinərəm”.

Yerli şou-biznesin subay xanımları da milli geyim elementləri ilə hazırlanan gəlinlikləri bəyənirlər. Gənc olmasına baxmayaraq, maraqlı geyimləri ilə diqqətləri öz üzərinə çəkən müğənni Leyla Ramazanlı milli geyimləri bəyəndiyini qeyd edir:

“İndi bir çox qızlar qeyri-adi görünmək üçün nələrsə edirlər, amma bu, o qədər də uğurlu alınmır. Düşünürəm ki, qızlar milli geyimlərdə həm qeyri- adiliyi ilə seçilə bilər, həm də adət-ənənəmizə yaxın ola bilər. Son zamanlar elə qəribə gəlinliklər geyinirlər ki... Toya gedəndə, gəlini görüb şoka düşürsən. Düşünürəm ki, xanımlarımız geyimlərinə əl gəzdirsələr, millilik olsa daha yaxşı görünərlər”.

L.Ramazanlı hesab edir ki, gəlinliyin bahalı olmasından daha çox, zövqlə seçilməsi önəmlidir:

“Baxırsan ki, gəlinlik bahalıdır, amma çox açıq-saçıqdır. Ya da ki, zövqsüzdür. Mən ümumiyyətlə, açıq-saçıq gəlinliyi sevmirəm. Çünki ağ gəlinlik məsumluq, bakirəlik, təmizlik, paklıq rəmzi sayılır. Ona görə də gəlin, müasir olsa da, azacıq qapalı geyinsə yaxşıdır. Mən qolları açıq gəlinlik sevmirəm. Öz gəlinliyimi də qolları-gipürlü düşünürəm. Fikir vermisinizsə, geyimlərimdə də hər zaman gipürdən istifadə edirəm”.

“Azəri star” mahnı yarışmasının iştirakçılarından olan Fidan Süleymanlı hələ ki, ailə qurmağa tələsmir. Bununla belə o, milli geyimdə ailə quranlara münasibəti yaxşıdır:

“Düzünü deyim, özüm üçün hələ ki, gəlinlik arzulamıram. İndi daha çox yaradıcılıqla məşğulam. Milli geyimlərdə toy edən cütlüklərdən xoşum gəlir. Bunu dəstəkləyirəm. Amma milli geyimlərdə olan gəlinlikləri çox bəyənirəm. Ona görə də hələ ki, gəlinliyimdə milli ornamentlərin olub-olmayacağını bilmirəm”.

Tarzən və müğənni Humay Qədimova isə öz toy məclisinə milli üslubda tikilən gəlinlikdə girmək istəyir:

“Milli geyimdə gəlinlik geyinmək istəyərəm. Gərək ki, onda bəyi də milli geyindirək (Gülür). Milli geyimlərdə özümü həmişə yüksək əhval-ruhiyyədə hiss edirəm”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR