Fransız moda evinə belə getsəniz, çantanız tikə-tikə olacaq - Fotolar
Bizi izləyin

Tabloid.az

Fransız moda evinə belə getsəniz, çantanız tikə-tikə olacaq - Fotolar

Fransız moda evinə belə getsəniz, çantanız tikə-tikə olacaq - Fotolar

Mövzuya başlamazdan əvvvəl Tabloid.az-ın yazılarını, xüsusən də dəb bölməsini izləyən bütün oxucuları salamlayıram. Hamıya gözəl həftə sonu keçirməyi, ən əsası hər zaman dəblə və zövqlə geyinməyi arzu edirəm. Bir qadının gözəl görünməsi üçün isə onun sadəcə olaraq gözəl bir çantaya ehtiyacı var. Siz ən yaxşı gözəllik salonunda saçınıza forma verə bilərsiniz, ən bahalı kostyum geyinə bilərsiniz, amma yaxşı çantanız yoxdursa, sizin imiciniz natamam görünəcək. Özünə diqqət yetirən xanım üçün yaxşı çanta "must have" (qarderobda mütləq yer almalı olan əşya) bir şeydir. İşdə, konsertə gedəndə, bazarlıq edəndə, şəhəri gəzəndə - çanta həmişə öz sahibinin zövqü barədə məlumat verir. Çantalar o qədər vacib rol oynayır ki, hətta Britaniyada 4 oktyabr Çanta günü (National Handbag Day) kimi qeyd olunur. Amsterdam və Tokioda isə hətta çanta muzeyi də var.

Bu yazımda siz ən yaraşıqlı, eleqant, zövqlü çanta modeli ilə yaxından tanış olacaqsınız. Hansı ki, bu model o qədər valehdicidir ki, səhəri gün sizin onu almağa tələsdiyinizdən və qolunuzdakı yeni çanta ilə küçədə daha inamla addımlayacağınıza heç bir şübhə etmirəm.

“Moda inqilabları” layihəsi çərçivəsində bu həftə məşhur bir çantanın tarixi haqqında danışacağam. Bütün qadınlar çantanın geyimdə və qarderobda necə vacib rol oynadığını yaxşı bilir. Lakin söhbət məşhur "Chanel2.55" sırıqlı çantasından düşəndə hamımız həyəcanlanırıq.

Madmuazel Koko Şanel qadınlara bijuteriyanı necə daşımaq lazım olduğu göstərdi, qaralmış dərini dəbə saldı, bütün qadınların qarderobunun şah əsəri olan qısa, qara donu icad etdi, həmçinin bütün dövrlərdə aktual olan dəbin qanunlarını yaratdı. Bu dahi qadın haqqında nə qədər danışsaq, yenə də azdır!

Qabriella Şanel çox işgüzar və enerjili qadın idi. Onun hər günü və hər saatı məşğul idi. Yəqin buna görədir ki, hər bir qadına xas olan unutqanlıq ondan da yan keçmirdi. Şanel ridikülün çox da rahat olmadığı bir vaxtda onu əlində daşımaqdan yorulur və dəfələrlə itirirdi. Çanta itirmək isə hər bir qadın üçün böyük itki idi. Sevimli çantanı itirmək özündən bir parça itirmək demək idi.

“Mən ridikülü əlimdə daşımaqdan yorulmuşam, üstəlik, onları həmişə itirirəm!”

Bir gün Madmuazel Şanel ridikülü tez-tez itirməkdən bezir və şəxsən özü üçün yepyeni çanta modeli hazırlayır. Moda tarixinin sözügedən ən əlamətdar hadisəsi 1955-ci ilin fevralında baş verir. Şanel çiyində rahat gəzdirilən, zəncirli, bu gün qadınların səvərək daşıdığı "Chanel2.55." sırıqlı çanta modelini ərsəyə gətirir. Beləliklə də əfsanəvi çantanın yaranmasından çox az keçməsinə baxmayaraq, dünyanı heyrətləndirir.

Ola bilsin ki, Koko numerologiya (rəqəmlər haqqında miflər) pərəstişkarı idi. Çünki çantanın adı da "Chanel№5" ətri kimi məhz yaranma tarixi ilə bağlıdır. 2.55 rəqəmi çantanın yaranma tarixini simvolizə edir. Ümumiyyətlə, Şanelin çox gizli simvollar var. Bu mövzuya aşağıda bir daha qayıdacağıq.

Şanel çantanı özünə fikirləşmişdi, bu isə heyrətamiz və qəribə bir şey demək idi. "Chanel2.55" ilk çanta idi ki, onu çiynində asmaq mümkün idi və əlləri ağır yükdən azad edirdi. Məsələ burasındadır ki, əlcək geyinəndə, həmçinin eynək taxanda və başqa məqamlarda ridikülü əldə daşımaq qadınlara çətinlik yaradırdı. Kokoya qədər bu parlaq fikir heç bir moda evinin ağlına gəlməmişdi, çünki çiyinə taxılan kəmərlər ancaq ucuz mallarda istifadə olunurdu. Madmuazel Şanel üçün bu böyük yenilik idi, ona qədər bu detal yüksək moda tarixində istifadə olunmamışdı.

Bu hadisədən sonra Parisli modapərəstlər də "Chanel2.55" çantasının eynisindən özləri üçün sifariş vermək moda evinə cumurlar. "Chanel2.55" çantasının istək axını elə böyük idi ki, moda evi yeni sifarişləri qəbul etməkdən imtina etməyə məcbur qalır. Sifariş o qədər çox olurdu ki, yenilərini hazırlamağa macal tapmırdılar. Bu çantanın yaranma tarixi də beləcə baş verib.

Çantanın gizli şifrələri

"Chanel2.55" yarandığı tarixdən bu günə qədər demək olar ki, dəyişməyib. Çantada mobil telefon və ya siqaret üçün aralar yoxdur. Lakin qadın çantasına dikilən maraqlı baxışların əlçatmaz olması üçün Şanel çantaya gizli, başqa sözlə “klapan cib” əlavə edir. Deyilənlərə görə, birinci cib vizit kartlar üçün, ikinci cib isə sevgi məktublarını saxlamaq üçün nəzərdə tutulmuşdu. Arxa tərəfdə isə bilet, ya da pul qoymaq üçün cib əlavə etmişdi. Mütərəqqi Şanelin hər zaman rahatlığın tərəfdarı olduğunu yəqin ki, bilirsiniz. O, çantanın içindən əşyaları tapmağı əziyyət hesab edirdi. Elə buna görə də daxilində güzgü, pudra və pomada üçün xüsusi şöbələr də tikdirir. Qəribədir ki, 55 ilə yaxın bir zaman keçsə də, çantanın diqqətlə düşünülmüş daxili dizaynı dəyişməyib. Halbu ki, qadın qarderonunda olan hər bir aksessuar mövsümlərdən asılı olaraq dəyişikliyə məruz qalır.

Çantanın xarici görünüşündə əsas dəyişikliklər yaranandan 1 il sonra baş verir. "Chanel2.55"-in ilk modelləri cersi və ipəkdən tikilməsinə baxmayaraq, uzun zəncirli, çox da böyük olmayan çanta Şanelin digər kəşfləri kimi XX əsrin modapərəstləri tərəfindən çox sevilir. Daha sonra əfsanəvi modleyer daha ağıllı qərar qəbul edir və onları dəridən tikməyə başlayır. "Chanel2.55"-in tvid parçadan, timsah dərisindən hazırlanan versiyaları peyda olur.

Çantaların daha bir fərqli xüsusiyyəti çiyindən sallanan zəncirə dolanan dəridir. Belə qeyri-adi çanta saplarının – yaradılmasında dizayneri rahibələrin uzun zəncirdə daşıdığı açarlar ilhamlandırıb.

1980-ci ildən çantanın üzərində “Madmazel qəsri” adlanan dizaynerin baş hərflərin ibarət toqqa əlavə olunur. Çantanın bu cür bağlanması “Classic Flaps" adlanır.

Koko Şanel əbəs yerə demirdi ki, “Dəbdəbə və təmtərağın özündə bir rahatlıq olmalıdı, əks halda bu lüks hesab oluna bilməz”. "Chanel2.55" çantası sahibinin bu sözlərini tam təsdiqləyir. Çantanın iç hissəsi formasını yaxşı saxlamaq üçün göy rəngli buzov dərisindən tikilib. Tünd qırmızı altlığı isə gələcəyin dahi modelyerinin monastrda geyindiyi uniformanı həsr olunub.

İlk çantalar sırıqlı olub. Orijinal çanta üçün düşünülən ana effektə, yəni sırıqlara maşınla sapla tikmə sayəsində nail olunur. Lakin 2.55 Karl Leqerfeldin son mövsümi kolleksiyalarında klassik sırıqlar başqa üsullarla tikilir.

Pərəstiş edilən çanta modelinin müasir forması

Karl Laqerfeld işi davam etdirir və "Chanel2.55"-i pərəstiş edilən model halına gətirir. Hətta çəhrayı rəngli modeli hər bir xanımın əlində möhtəşəm görünür. O, bu çanta modelinin bir neçə dəfə məhdud sayda kolleksiyasını hazırlayıb. Hər bir çanta versiyası məhdud tirajla çıxır. Bir neçə il sonra isə o, kolleksiya üçün nadir nüsxə olur. "Chanel2.55"-in sonuncu məhdud sayda buraxılan modelləri idman tərzində hazırlanmışdı. Bu çanta təkcə skuterin ön hissəsini bəzəmir, eyni zamanda analoji sırıqlı dəridən hazırlanıb. Gümüşü loqotiplər isə skuterin yuvarlaq detallarını bəzəyib. Belə çantalar 1 300 avro - 20 000 avro dəyərindədir.

2005-ci ildə Karl Laqerfeld 2.55 "Chanel" çantasının 50 illik şərəfinə "yenidən nəşr edir". "Reissue 2.55" adlanan çantalar 50 illik yubiley münasibəti ilə məhdud sayda buraxılsa da, 2005-ci ildən sonra istehsal olunan modellər təqribən çox oxşadır.

"Chanel" moda evi öz çantalarının hüquqlarını qoruyur. Saxtaları rəhmsizcəsinə məhv edilir. Məsələn, əgər siz Parisin məşhur moda evlərinin bu butikini süni əl çantasıyla ziyarət etsəniz, onda menecer onu sizdən alıb hissələrə böləcək.

Biz çox yaxşı bilirik ki, indi dünyanın dörd bir tərəfində bu çantanın saxta modelləri satılır. Saxta çantaların qurbanı olmamaq əslini saxtasından fərqləndirən bir neçə maqəmı diqqətinizə çatdırmaq istəyirəm.

  1. Çantanın əsas hissəsi plastik ID kartı ilə bağlıdır. Hər bir "Chanel2.55" çantasının pasport məlumatları və identifikasiya nömrəsi unikaldır. Əgər sizin çantanız 2005-ci ilə qədər buraxılıbsa, onda ID 7 rəqəmdən ibarətdir. Əgər daha sonra istehsal olunubsa, onda 8 rəqəmdir. Bu kart çantanın daxili cibində saxlanılır.
  2. "Chanel2.55"-in fərdi mühafizə vasitəsi – holoqramasıdır, onun üstündə olan nömrə plastik kartının nömrəsi ilə üst-üstə düşür. O, çantanın daxilində yerləşir, onun fərqləndirici keyfiyyəti – davamlılığıdır. Əsl "Chanel2.55"-də siz onu bütöv görə, bilməzsini, o, hissələrə parçalanır.
  3. Qablaşdırması - "Chanel2.55" yalnız qara və ya ağ, birrəngli firma qutularında satılır. Bu qutuda imza təkcə "CHANEL "tipli yazılar ola bilər. Qutunun içindəki "Chanel2.55" çantası firma qınında durmalıdır. Çexolun üstündəki yazı da qutuya oxşardır.
  4. Çantanın üzərində metal loqotip onun əsas detalıdır. Markanın adının baş hərflərindən ibarət olan birinci sağ tərəfdəki C hərfi sol tərəfi örtür, sol tərəfdəki ikinci C hərfi isə sağ tərəfi örtür. Toqqası kimi digər metal elementləri də bir rəngdə olmalıdır.
  5. Daxili dizaynı: "Chanel2.55" çantasının daxilində cibin xarici tərəfində siz metal və ya dəri loqotipli etiket tapacaqsınız. Bundan başqa, çantanın daxilində onun harada istehsal olunduğunu göstərən yazılı dəri elementləri olmalıdır: "CHANEL MADE IN FRANCE" və ya "CHANEL MADE IN ITALY".

Hazırlanması haqqında:

Bir 2.55 çantanın hazırlanması 180 mərhələdən ibarətdir və bu, 18 saat vaxt aparır. Vaxtın 80 faizi dərinin sırıqlaırna gedir. Bir aksessuarın üzərində 6 nəfərdən 15-dək işçi qrupu çalışır.

Koko Şanelin yaradıcılığı əfsanəvi sırıqlı və zəncirbəndli çanta ilə yekunlaşır. Kokonun bu ixtirası qadınların əllərini həqiqi mənada artıq yükdən azad edir. Onlar nəhayət ki, çantaları əldə gəzdirməkdən azad olub, çiyində daşımaq fürsəti qazanır. O dövrdə bu çantaları ancaq yüksək zövqlü qadınlar daşıyırdılar. Artıq neçə onillikdir ki, tanınmış Hollivud ulduzları və dəb bloqqerləri də aksessuar bazarının bütün müxtəlifliyinə və bolluğuna baxmayaraq, seçimlərini "Chanel2.55"-in xeyrinə edirlər.

Sonda hər birinizə nəzakətli, igid pərəstişkarlar, səxavətli həyat yoldaşı və əfsanəvi kolleksiyadan bolluca əsl "Chanel 2.55" çantasının qismət olmasını arzulayıram!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm