Amaliya Pənahova: “Yaşım 40-ı haqlamışdı, amma mən...”
Bizi izləyin

Tabloid.az

Amaliya Pənahova: “Yaşım 40-ı haqlamışdı, amma mən...”

Xalq artisti, Dövlət Mükafatı laureatı Amaliya Pənahova ilə müsahibə

Xalq artisti, Dövlət Mükafatı laureatı Amaliya Pənahova ilə müsahibə

– Amaliya xanım, bu il aktrisalıq fəaliyyətinizin 50 illiyi tamam oldu. İlk olaraq bu barədə danışaq.

– Birinci dəfə ölkəmizdə yeni teatr layihəsi həyata keçirdik. Fəaliyyətimin 50 illiyi ilə bağlı Avropanın çox məşhur rejissoru Kşiştof Zanussi mənim baş rolunu oynadığım iki hissəli dram əsəri yaratdı. İyun ayında həmin tamaşanın geniş premyerası keçirildi. Hətta paytaxt Varşavada Polşa ictimaiyyətinin, eləcə də, Azərbaycanın ordakı səfirliyinin iştirakı ilə həmin tamaşanın premyerası baş tutdu. Bu, Azərbaycan teatr tarixində bir ilk idi. Fəaliyyətimiz davam edir. Hazırda yeni tamaşalar və yeni layihələr üzərində işləyirik. Teatrın 23-cü mövsümünü biz “Diaqnoz D” tamaşası ilə Şabranda açdıq. Yaxın vaxtlarda xarici ölkələrə bir sıra qastrol səfərləri gözlənilir. Yeni tamaşalarla həmin qastrol səfərlərinə hazırlaşırıq.

– Roldan-rolda, dondan-dona girmək çətin olmurdu ki?

– Hər tamaşanın öz auditoriyası var. Kimisi komediya, kimisi də vətənpərvər ruhda tamaşa izləməyi sevir. Mən 50 illik fəaliyyətim müddətində 200-dən artıq qadın surətləri canlandırmışam. Onların heç birindən auditoriyamdan mənfi rəy eşitməmişəm. “Təhminə və Zaur”, “Büllur sarayda” min anşlaq verdi. “Sən həmişə mənimləsən”, “Unuda bilmirəm”, “Qanlı Nigar” axı hansını deyim hamısı bir-birindən yüksək qiymətləndirildi. Mən Avropa, rus və yerli dramaturqların yaratdığı ən mürəkkəb qadın obrazlarını yaratmışam. Təsadüfi deyil ki, həmin tamaşaların bir çoxu televiziyanın qızıl fondunda qorunur. Tamaşaçı üçün maraqlı deyil ki, mən həmin tamaşanı oynayanda xəstə idim, ayağım yanıb, həyatda faciə yaşayıb komik obraz ifa etmişəm, yaxud da tam tərsi şən auradan gəlib faciəvi rol oynamışam. Bu auditoriyaya maraqlı deyil. Tamaşaçıya yekun nəticə maraqlıdır və həmin yekuna qiymət verir.

– Tamaşaçılarınız arasında hansı yaş həddi üstünlük təşkil edir?

– Sevinirəm ki, mənim tamaşaçımın yaş həddi yoxdur. Hələ Bakını demirəm, mən buna bölgələrimizi səfər edərkən, xarici ölkələrdə qastrol səfərlərində olarkən şahid oldum. Bu indiki zaman üçün çox böyük göstəricidir ki, aktrisanın tamaşaçısının hər yaşda izləyicisi olsun, istər yeddi yaş, istər ahıl, istərsə də orta yaş fərq etmir. Həmin tamaşaçılar məni ruhdan düşməyə qoymur, məni yeni-yeni nailiyyətlərə sövq edir. Heç kimə maraqlı deyil bir iş hansı əziyyətlərlə başa gəlib. Ac qaldıq, susuz qaldıq bu heç kəsə maraqlı deyil, yekuna baxırlar. Mənim üçün səhnədə, tamaşada yaş məhdudiyyəti olmayıb. Bir gün cin obrazını canlandırmışam, o biri gün şahzadə. Bir gün hökmdar qadın olmuşam. Başqa bir vaxt 70 yaşlı 5 övlad itirmiş yaşlı qadın obrazını ifa etmişəm. Səhəri gün musiqili, rəqsli tamaşada şən bir rolu canlandırmışam. Mənim yaşım 40-ı haqlamışdı, amma mən 17 yaşlı qız rolunu ifa edirdim. Tamaşaçı da qəbul edirdi.

– Bir az da rejissorluq fəaliyyətiniz haqqında danışaq...

– Rejissorluğa meyil etdim. Bu gün Azərbaycan Televiziyasında altı seriya olmaqla üç tamaşam var ki, həmin qızıl fondda saxlanılır. Mən quruluşçu rejissor kimi həmin tamaşalara quruluş verdim, eyni zamanda baş rollarda çıxış etdim.

– Bəs rəhbəri olduğunuz teatrın fəaliyyəti nə yerdədir?

– 23 ilə yaxındır ki, Bələdiyyə teatrı fəaliyyət göstərir. 1992-ci ilin noyabrında teatr haqqında sərəncam verilib, dekabrın 27-də isə “Medeya” tamaşası ilə teatr öz pərdələrini tamaşaçıların üzünə açdı. Repertuarı olduqca rəngarəng və genişdir. Bu illər ərzində “Tomris”, “Vətənə igidlər gərəkdir”, “Sönmüş ocağın ağrısı”, “Nadir şah”, “Dəli Domrul” kimi 50-dən çox tamaşa səhnələşdirilib. Teatrımız Azərbaycanı qarış-qarış gəzib. Eyni zamanda Türkiyənin bütün bölgələrində olmuşuq. Çox sayda qastrol səfərlərimizlə yanaşı, Beynəlxalq Teatr festivallarında da iştirak etmişik və mükafatlar qazanmışıq. Yaxın vaxtlarda Qurban Səidin “Əli-Nino” əsəri ilə biz Azərbaycan teatr tarixində ilk dəfə Moskvada Çexov Beynəlxalq Teatr Festivalının iştirakçısı olduq, həmin festivaldan mükafatlarla qayıtdıq. Ukraynada keçirilən Beynəlxalq Teatr Festivalında birinci yerə çıxdıq. Ən gözəl qadın obrazını yaratdığı üçün aktrisamız birinci yerlə mükafatlandırıldı. Demək olar ki, həmin festivaldan Bələdiyyə Teatrı üç diplomla qayıdıb. Bundan əlavə Fransa, Almaniya, Rusiya, Yunanıstanda səfərlərimiz olub. Gürcüstana iki dəfə qastrol səfəri etmişik.

– Bələdiyyə Teatrının yaranması çətin dövrə təsadüf etdi. Bütün bir heyəti ayaqda saxlamaq çətin olmadı?

– Doğrudur. Teatrın yaranışı müharibə dövrünə təsadüf etdi deyə, bizim ilk məqsədimiz o idi ki, vətənpərvərlik ruhunda gənclərimizi mübarizliyə öyrədən tamaşalar hazırlayaq. Buna da nail olduq. 1993-cü ildə ölkəmizdə çaxnaşma olan zaman, ən çətin vaxtlarda “Tomris” tamaşası səhnəyə qoyuldu. Həmin tamaşa ilə biz bütün cəbhə bölgələrini gəzdik. Əsgərlərimizi qələbəyə inama, döyüşə səsləyirdik. Təsadüfi deyil ki, həmin zəhmətlərin müqabilində Müdafiə Nazirliyi Bələdiyyə teatrına “döyüşən teatr” adı verdi. Müdafiə Nazirliyinin polkovniki şair Abdulla Qurbani haqqımızda kitab yazdı və həmin kitabı teatrımızın 5 illiyində bizə hədiyyə etdi. Bundan əlavə, Müdafiə Nazirliyinin fəxri “Şah Xətai” fərmanına layiq görülmüşük. Teatrın 15 illiyində akademik İbad Kərimov bizim teatrın tarixinə və fəaliyyətinə dair çox dəyərli bir kitab həsr etdi. Türkiyə hərbi akademiyasının qızıl medallarına layiq görülmüşük.

– Bələdiyyə Teatrı yaratmaq ideyası hardan ağlınıza gəldi?

– Mən Akademik Milli Dram Teatrından çıxdım və Bakı Bələdiyyə teatrını açdım. Türkiyədə – İstanbulda qastrol səfəri zamanı orda biz İstanbul Bələdiyyə Teatrının rəhbəri Gəncel xanımla tanış olduq. İstanbulda təxmini 10-a yaxın Bələdiyyə Teatrı var idi. Qayıdanda artıq bu barədə fikirlərimi qətiləşdirdim ki, Azərbaycanda da Bələdiyyə Teatrını açmaq vaxtıdır. . Tamaşalarımızı müxtəlif teatr səhnələrində nümayiş etdiririk. Həmin teatrın səhnələrini icarəyə götürürük.

– Bələdiyyə teatrında ilkin dövrlərdə kimləri topladınız əhatənizə?

– İlk dəfə mən qocaman aktyorları dəvət etdim teatra. Muxtar Avşarov, Sofa Bəsirzadə, Məhluqə Sadıxova, Mirvari Novruzova kimi sənətkarlar, Dram Teatrından, Opera və Balet Teatrından Firudin Mehdiyev kimi o vaxt kənarlaşdırılmış sənətkarları topladım Bələdiyyə Teatrına. Firudin Mehdiyev “Nadir Şah” tamaşasında, Sofa Bəsirzadə, Məhluqə Sadıxova “Tənha qadınlar” tamaşasında iştirak etdilər, hansı ki həmin tamaşalar bu gün qızıl fondda qorunub saxlanılır. Mən elə gəlir ki, teatrda üç nəsil – qocaman, orta nəsil və gənclər birlikdə, çiyin-çiyinə çalışmalıdır.

– Amaliya Pənahovanın bu qədər sevilməyinin sirri nədədir?

– Mən səhnə təcrübəmi Tofiq Kazımov, Adil İsgəndərov, Mərahim Fərzəlibəyov kimi peşəkarlardan almışam. İşimə də peşəkar yanaşıram. Elədir, xoşbəxtəm ki, mənə hər zaman ehtiyac olub. Dramaturqlar və rejissorlar, eləcə də, tərəf-müqabillər – aktyorlar tərəfindən. Mən yeganə aktrisayam ki, mənim oyunuma məxsus obrazlar yazılmışdı. İlyas Əfəndiyev 15 tamaşasının 13 qadın surətini məhz mənim ifam üçün yazmışdı. Bu, mənim üçün fəxrdir. Anar, Bəxtiyar Vahabzadə kimi sənətkarlar həmişə istəyiblər ki, mən onların tamaşalarında çıxış edim və çıxış da etmişəm. Mən istənilən obrazı yaradanda peşəkar yanaşıram. İnsani, vicdani duyğularımla yanaşsam, obrazlarımı təkrarlayaram.

– Hazırkı fəaliyyətiniz nələrdən ibarətdir?

– Uzun müddətdir ki, rejissor kimi fəaliyyətdəyəm. Bələdiyyə teatrında 20-yə yaxın tamaşaya quruluş vermişəm. 2014-cü ilin yanvarından “Amalfilm Production”da artıq müştərək işlər haqqında sövdələşmələr gedir. Mənim rəhbərliyimlə Hindistan-Azərbaycan arasında hər iki ölkənin iştirakı ilə ortaq film çəkiləcək. Həmin filmdə baş rolda çıxış edəcəm, eyni zamanda filmin rejissoruyam. Mövzu Azərbaycan gözəlliklərinin təbliğinə həsr olunacaq. Həmin filmin dünyanın səkkiz ölkəsində nümayişi nəzərdə tutulur. Təklif Hindistandan gəlib. Layihəyə imza atılıb, artıq hazırlıq işləri gedir. Amma hələ ki mətbuat konfransı keçirməmişik.

– Bu qədər uğur, şöhrət, bu qədər sevilmək necə hissdir?

– Xoşbəxtlikdən 17 yaşımdan mənə tələbat olub. Heç bir zaman da diqqətsizlik görməmişəm. Mənim işim o qədər çox olub ki, illərin necə gəlib-keçdiyini bilməmişəm. Günüm o qədər zəngin və rəngarəng keçir. İrəlidə o qədər planlar var ki, geriyə boylanmağa heç vaxtım da yoxdur. Bəlkə, buna görə mənə bu gün də o şöhrət duyğusu yad gəlir. Bu mənim sevdiyim sənət olub. O vaxt Adil İsgəndərovun seçdiyi bizim kurs seçmə idi sanki, bütün peşəkarlar bir araya toplanmışdılar – həyat yoldaşım, Xalq artisti Yusif Muxtarov, Xamis Muradov, Elxan Qasımov, “Yuxu” filminin rejissoru Fikrət Əliyev, Zirəddin Tağıyev, “Salnamə”nin direktoru Tofiq Məmmədov kimi peşəkarlar bu gün sənətimizə fayda verən və hər biri öz layiqli yerini tutan sənətkarlardır. Sadəcə, mən onlardan tez parladım. Mən institutun ikinci kursunda idim. 18 yaşımda teatra dəvət olunmuşam. Akademik Dram teatrında çıxış etdim. Və ilk tamaşadan da böyük uğur qazandım. İlk tərəf müqabillərim də xalq artistləri idi.

– Tərəf müqabilləriniz kimlər olub?

– 18 yaşımda teatra dəvət olunandan tamaşada ilk tərəf müqabillərim xalq artistləri idi. Bu böyük məsuliyyət idi. Əksər tərəf müqabillərim Fuad Poladov, Rəfael Dadaşov, Nurəddin Mehdixanlı, Əliabbas Qədirov, Yaşar Nuri, Həsən Turabov, Füzuli Hüseynov olublar. Amma diplom tamaşasında, bir sıra teatr tamaşalarda Yusif Muxtarovla tərəf müqabili olmuşuq.

– Bu gün teatrın auditoriyası, tamaşaçı tutumu sizi qane edirmi?

– Əslində, razıyam, amma bəzi xoşa gəlməyən məqamlar da olur. Bu gün teatrın bileti üçün 8-10 manatından keçməyənlər, xaricinin əldə-ayaqda qalmış müğənnisi üçün 100-300 manat bilet pulu ödəyirlər. Bu gün bölgələrə tanınmayan bir türk müğənnisini gətirsələr, ona pul tökməyə razı olurlar. Bölgələrdə belə hallarla çox rastlaşmışıq. Biletin qiymətini deyəndə “Aaa, nə bahadı, nə bahadı” deyirlər. Düşünmürlər ki, bəs teatr nə ilə dolanmalıdır? Elə vaxtlar olub ki, cəbhə bölgələrində, sərhəd zonalarına yaxın kəndlərdə biz bilet satmamışıq, pulsuz oynamışıq tamaşaları. Pula görə teatrı gözardı edənlər teatrın verdiyi mənəviyyatı anlamaq istəmirlər.

– Peşəkar aktrisa, eləcə də, pedaqoq kimi bugünkü gənclərin fəaliyyətindən razısınız?

– Gənclərimiz çox istedadlıdırlar. Əgər bu gəncliyə inanmasaq, o zaman yaşamağa dəyməz. Razılaşmadığım məqamlardan biri test imtahanları ilə qəbuldur. Bizdə şüur hələ o dərəcədə inkişaf etməyib ki, öz üzərimizdə çalışaq. Test imtahanı ilə qəbulun tərəfdarı deyiləm. Əgər bir insanın qabiliyyət, bacarığı varsa, o xarici dili və ya tarixi bilmirsə, aktyor ola bilməməsi anlamına gəlməz. Mən ilk tamaşanı ifa edəndə heç də peşəkar deyildim, savadlı deyildim, çünki tələbə adını yeni qazanmışdım, amma indi professoram və mənim də indi öz tələbələrim var. Mən rus dili bölümünü bitirmişdim, dili o qədər də güclü bilmirdim. İnstitutun o vaxtkı rektoru Rahib Hüseynov mənə mane olsaydı, desəydi ki, get dil öyrən gəl. O zaman hər şey gördüyümüzdən tam fərqli olardı. Dil öyrənməyə zaman lazım idi. Deməli, bu itən zaman kəsiyində teatr özü də, hardasa, itirəcəkdi. Hər dövrün güclü ya zəif aktyorları olur. Bizim də vaxtımızda zəif aktyor və aktrisalar olur. Elələri rollarını ifa edəndə yerdən söz atırlar. Yumurta da atan olub aktyora. Bilirsiniz, aktrisa istər mənfi, istərsə də müsbət obrazı fərq etməz, hətta ən sürüşkən obrazda belə gərək elə çıxış etsin ki, ona səhnədən kənarda da hörmətlə yanaşsınlar.

– Tamaşaçılara və oxuculara hələlik son sözünüz...

– Gözəl arzular diləyirəm sizə və oxucularınıza. Demək istəyirəm ki, teatrı sevsinlər və sənətkarları qorusunlar.

kult.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm