Mirkamil: “Evlənməyə qız axtarıram” – Fotolar
Bizi izləyin

Tabloid.az

Mirkamil: “Evlənməyə qız axtarıram” – Fotolar

“Bəlkə də Gülayla ailə olardım...”

Gənc xanəndə, “Xalq ulduzu” televiziya layihəsinin iştirakçılarından olan Mirkamil Kamilov yenidən əməliyyat olunacaq.

Tabloid.az-ın əməkdaşı ilə söhbətində ifaçı ötən il İranda əməliyyat olunan zaman ürəyinə xüsusi cihazın yerləşdirildiyini xatırladıb. Daha sonra əlavə edib ki, yenidən əməliyyat olunmaq üçün bu dəfə Türkiyəyə yollanacaq:

- Səhhətimin tam normallaşması üçün təkrar əməliyyata ehtiyac var. Qismət olsa, xəstəliyimlə bağlı sənədlər Türkiyəyə göndərilməlidir. Bilirsiniz ki, ürəyimdə aparat var, İranda qoyulub. Türkiyədə yenidən müayinə olunacağam. Həkimlər ürəyimdəki aparat çıxarıldığı təqdirdə həyatıma davam edə biləcəyimə qərar verməlidirlər. Aparatsız yaşaya bilməsəm, ürəyimdə də qalacaq. Bununla da həyatıma belə davam edəcəyəm.

- Bakıda həkimlər nə deyirlər?

- Burada Rəşad həkimlə görüşmüşəm. Hamı onu yaxşı tanıyır. O, məni müayinə edib, deyib ki, hər şey yaxşıdır. Hər hansı bir problem yaranarsa, dərhal ona müraciət edə biləcəyimi söyləyib. Ona saytınız vasitəsilə təşəkkürümü bildirirəm.

- Sizin növbəti müayinə və müalicəniz, əməliyyatınız üçün nə qədər maddi vəsait tələb olunur?

- Məbləğ bəlli deyil. Amma təxmini bilirəm ki, çox pul lazımdır. 15-20, bəlkə də 25 min manat lazım oldu. Ola bilsin ki, Türkiyədə alınmasa, əməliyyat üçün İsrailə getdim.

- Mirkamil, sosial şəbəkələrdə aktivsiniz. Necə düşünürsünüz, sosial şəbəkələrin müğənninin populyarlaşmasında nə dərəcədə rolu var?

- “Facebook”da, “İnstagram”da varam. Düzdür, “Facebook” səhifəmdə çox vaxt özüm olmuram. Müəyyən insanlar var ki, mənim əvəzimdən sadəcə, paylaşımlar edirlər.

Hazırkı dövrdə sosial şəbəkələr bir çox insanlara ailəsindən daha yaxın olub... İnsanlar sosial şəbəkədə olduğu qədər ailəsi ilə ünsiyyət qurmurlar. Bu da bir bəladır, canımıza keçib... Çalışıram ki, hər gün sosial şəbəkələrə ən çox 15 dəqiqə vaxt sərf edim. Çünki bəzən baxırsan ki, 4-5 saatdır sosial şəbəkədəsən. Ancaq yazırsan... Yazışmağa başqa söz də yoxdur. Müzakirə etməli bir mövzu olsa söhbət daha maraqlı olar. “Facebook”da mənə ən yaxın olan insanlar var. Hərdən onlarla yazışıram, hal-əhval tuturam. Elə insanlar var ki, onlara telefon vasitəsilə çatmaq olmur. Amma o insanı sosial şəbəkədə rahat tapırsan.

- Bir çoxlarının fikrincə, sosial şəbəkələr ailələrin dağılmasına səbəb olur. Bu fikirlə razısınız?

- Əvvəllər sosial şəbəkələr olmayanda da boşanmalar vardı. Hətta mən deyərdim ki, boşanmalara əvvəllər 10 qat artıq rast gəlinirdi. Ailə zəminində davalar, qalmaqallar çox olurdu. Allah ailələri dağılmaqdan, boşanmaqdan qorusun. Sosial şəbəkələr informasiya ötürmək baxımından əvəzolunmaz vasitədir. İndi hansı hadisə olur, çox keçmir, “Faceboook”da paylaşırlar. Amma əvvəllər belə deyildi. Heç kimin hansısa hadisədən xəbəri olmurdu. Məhz sosial şəbəkə vasitəsilə insanlar daha da məlumat alırlar. Nəsə bir hadisə olan kimi insanlar xəbəri bir-birinə göndərir, ya da paylaşırlar. Hamı da hadisədən xəbərdar olur.

Boşanmalar, davalar həmişə olub. Bəşəriyyət yaranandan hamı bir-birini qırır. Bilirsiniz, boşanmadan heç kim sığortalanmayıb. Heç kim deyə bilməz ki, mən evlənəcəyəm və ailəm sağlam olacaq. Gedərsən, ağıllı bir adamı alıb, gətirərsən evinə. Amma sonradan elə bir problem çıxa bilər ki, sən də boşana bilərsən. Ona görə də boşanan insanları qınamaq olmaz. Bir də görürsən, xarakterlər düz gəlmir. Bəzən, boşanmalar qısqanclıqlar zəminində baş verir.

- Siz nə vaxt ailə qurmağı düşünürsünüz?

-Evlilik, ailə qurmaq mənim üçün müqəddəsdir. Allah-Təalanın qoyduğu qanuna mən nəsə əlavə edə bilmərəm. Ailə qurmağı 17-18 yaşından düşünmüşəm. Amma həyatı yaşadıqca, elə problemlər, çətinliklərlə üzləşirsən ki... Elə şeylər var ki, ailənin daxilidir, bunu bölüşmək olmur. Yəni ailə qurmamağımın səbəbinin 30-40 faizi ailə ilə bağlıdır. 70 faizi isə seçimimlə bağlıdır. Evlənməyə qız axtarıram, amma çətin məsələdir. Elə bir seçim etməliyəm ki, yanılmayım. Yarı yolda qalmayım.

- Seçim edərkən nələrə diqqət edəcəksiniz? Evlənəcəyiniz qız hansı meyarlara cavab verməlidir? Əsas görünüşdür, yoxsa xarakter?

- Düşünürəm ki, sevgi deyilən hiss, duyğu yalnız Allaha qarşı var. İnsanların bir-birinə hörmət edib, qovuşmağı, ailə qurmağı öyrəşməklə əlaqəlidir. Mən belə düşünürəm ki, insanlar bir-birinə öyrəşir.

- Sözlərinizdən belə çıxır ki, sevgi yoxdur?

- İnsanlar istəyi sevgi adlandırıblar. Bir ad tapıblar, ad qoyublar ki, sevgi... İnsanın daxilində hislər, duyğular, bir-birinə hörmət var. Kiməsə vurulursan, bununla hər şey bitmir. Sevginin içində çox şeylər olmalıdır. Böyük –kiçiyə hörmətə qədər.

- Yeri gəlmişkən, bir zamanlar sizin “Xalq ulduzu” yarışmasında birgə qatıldığını Gülayı sevdiyiniz deyilirdi...

- İstəmirəm ki, bu söhbətlər yenidən gündəmə gəlsin. Gülay xanıma böyük hörmətim olub. Onunla yalnız duet oxumuşuq. Başqa heç bir şey ola da bilməz. Olsaydı, bəlkə də mən Gülayla ailə həyatı qurmuş olardım. Axı belə bir şey olmayıb. Duetimizdən sonra insanlar arasında yayılıb ki, guya aramızda nəsə var. Amma həqiqətən də aramızda heç nə olmayıb. Mən ona bir xanım kimi hörmət etmişəm. Duet ortağım olub, sənətinə, ailəsinə də böyük hörmətim var. Allah xoşbəxt eləsin!

- Bir il öncə haqqınızda daha bir şayiə yayıldı. Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişanla sevgili olduğunuz iddia edildi. Hətta siz İranda əməliyyat olunandan sonra Aynişanla birgə çəkdirdiyiniz şəkliniz sosial şəbəkələrdə yayıldı, geniş müzakirə olundu...

- Aynişanla, Gülay xanımla, ya da başqa bir xanımla şəkil çəkdirəndə nədənsə, hamı mənim evlənməyimi istəyir. Məni istəyən insanlar evlənməyimi arzulayır deyə, bir şəkil görən kimi bu mövzu gündəmə gəlir. Mən indi sizinlə də şəkil çəkdirə bilərəm. Sizinlə şəkil çəkdirib, paylaşım, yaxud duet oxuyum, bu demək deyil ki, aramızda şəxsi hislər, münasibət var.

- “Facebook”da çox sevgi məktubları alırsınız?

- “Facebook”un mesajlar bölümünə gec-gec daxil oluram. İnanın ki, “inbox”umda hətta 2012-ci ildən yazılan, heç açıb baxmadığım məktublar var. Çünki buna vaxtım yoxdur. Bir nəfərlə yazışanda, digərlərinə də cavab verməyim gərəkdir. Orada 3 mindən çox dostum var. Mən neçə yerə bölünməliyəm? Vaxtım yoxdur ki, onların suallarına cavab verim, yaxud da onlarla ünsiyyətdə olum.

- Deyirlər ki, xalanız, xalq artisti Mələkxanım Əyyubova ilə münasibətləriniz yaxşı deyil...

- Yalan söhbətdir.

- Yaxşı, bəs haqqınızda niyə belə şayiələr yayırlar?

- Mələkxanım Əyyubova sənətdə ilk addımlarımı atanda mənə dəstək olub. Sənətə universitet illərindən başlamışam. Mən bunu itirə bilmərəm. “Xalq ulduzu” layihəsində isə mənə əsas dəstəyi Aybəniz Haşımova göstərib. Mələkxanım da mənə hər zaman dəstək olub. O, bizim böyük sənətkarımızdır. Ailəmizin fəxridir. Mənim dost-doğma xalamdır. O insanla münasibəti korlamağa haqqım da yoxdur. Ona sənətkar, şəxsiyyət, canlı bir əfsanə kimi hörmətim var. Allah onu hər zaman qorusun və başımızın üzərindən əskik eləməsin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm