Birinci xanımları geyindirən modelyerin həyat hekayəsi - Fotolar
Bizi izləyin

Tabloid.az

Birinci xanımları geyindirən modelyerin həyat hekayəsi - Fotolar

Geyimləri ilə qadınlara zəriflik və şuxluq bəxş edən modelyerin həyat hekayəsi

Əfsanəvi moda evinin tarixi və üslubu haqqında yazmaq onun hər hansı geyimini öz üzərində daşımaqdan daha məsuliyyətli, daha çətindir. Çünki bu gözəlliyi üzərində məharətlə nümayiş etdirə bilərsən. Xanımların, hətta birinci xanımların sevimli dizaynerinin yaratdığı sənət əsərlərini sözlərlə ifadə etmək, həm də bu gözəlliyi dəqiq, aydın və mükəmməl şəkildə oxucuya çatdırmaq isə bir qədər çətindir.

Düzü bu gün haqqında danışacağım moda evindən nə vaxtsa geyinməyin mənə nəsib olacağı haqqında heç bir fikrim yoxdur. Amma ikincinin öhdəsindən mümkün qədər gəlməyə çalışmışam.

Uğurun tarixi xırdalıqlardan başlayır. Bütün günü zəhmət çəkərək heç yana çıxmadan işləmək olar, lakin bu zaman həmin insanın uğur əldə bilməsi sual altına düşür. Karyerada uğur əldə etmək üçün hər zaman balaca xoşbəxt hadisələrə ehtiyac var. Bu təsadüflər - qeyri-adi libaslar, yeni ideyalar ola bilər, hansı ki, onların lazımi vaxtda, lazımi yerdə olması labüddür. Oskar de la Rentanın da uğuru kiçik bir təsadüf nəticəsində baş verir. Bu kiçik uğuru onu dünya şöhrətli modelyerə çevirir.

Möhtəşəm ziyafət libasları ilə qadınların qəlbində taxt quran Oskar de la Renta birinci xanımların da sevimli brendləri arasında ilk yerdə dayanır. Onun müştəriləri arasında Jaklin Kennedi, Nensi Reyqan, Hillari Klinton və Lora Buş kimi ledilər olub.

Tabloid.az-ın “Moda inqilabları” layihəsi çərçivəsində bu həftə Oskar de la Rentan yaradıcılığına səyahətə yollanacağıq...

Oskar de la Renta 1932-ci ildə Dominikan Respublikasında anadan olub. Dahi dizayner ailənin yeganə oğlu, 6 bacının bir qardaşıdır. Uşaqlıqdan Oskar rəssam olmaq, öz qalereyasını yaratmaq və uzun səyahət etmək arzusunda idi. O, 18 yaşında İspaniyaya köçür, Madriddəki İncəsənət Akademiyasına daxil olur. Burada sənət tarixinin araşdırılmasına və rəssamlıq ixtisası üzrə təhsil alan Oskar nəticədə moda və dizayn sahəsində sərbəst rəssam olur. İlk vaxtlar Oskar məşğələlərdə abstrakt rəssamlıqla məşğul olur, amma sonralar moda jurnalları üçün illüstrasiyalar çəkməyə başlayır.

O, öz birinci uğurunun tarixçəsini şahmat partiyası kimi xatırlayır. Hadisə yarım əsr bundan əvvəl Oskarın 28 yaşı olanda doğma Dominikan Respublikasından Madridə təhsil almağa yola düşəndə baş verir. Gənc modelyer pul qazanmaqdan ötrü modelyerlər üçün eskizlər çəkir və varlı ailələrinin uşaqları ilə gəzirdi. Bir dəfə o, rəfiqəsi və ABŞ-ın İspaniyadakı səfirinin qızına buraxılış gecəsi üçün paltar tikir. Səfirin məşhur qızı buraxılış gecəsinə gözəl və qeyri-adi paltarda təşrif buyurmaq istəyirdi. Gənc de la Renta onun üçün buraxılış libasını yaratmağa həvəslə razılaşır. Paltarın müəllifi sayəsində səfir qızı jurnalın üz qabığına düşür. Oskar de la Rentanın ilk işi - qızın həmin paltarda fotosu təsadüfən "Life" jurnalının üz qabığında dərc olunur. Uğurlu debütdən dərhal sonra Oskar de la Renta İspaniyadakı “Balenciaga” moda evinə dəvət alır və orada fəaliyyətə başlayır. Bir neçə ildən sonra isə iş yerini və yaşadığı ölkəni də dəyişir. Bir müddət o, Parisdə “Lanvin” moda evinin rifahı naminə çalışır. Bundan başqa, eyni zamanda de la Renta "Christian Dior" moda evi ilə əməkdaşlıq edirdi. Amma bu, müstəqil yaradıcılıq yolunda atılan ilk zəruri pillələr idi.

Oskar de la Renta isə çox pul qazanmaq istəyirdi, bunun üçün o, ancaq öz imzasını daşıyan geyimlər hazırlamalı və öz işini qurmalı idi. Nəticədə, o, "Vogue" jurnalının baş redaktoru Dianaya Vrilanda müraciət edir. Baş redaktor isə ona Elizabet Ardenlə əlaqələndirir. Bundan sonra modelyer "Elizabeth Arden"-də işə düzələrək birdəfəlik Nyu-Yorka köçür. Baron de Qubçburqaun dəstəyi ilə isə 1965-ci ildə özünün ilk geyim salonunu açır. 60-cı illərin əvvəllərində dominikanlı dizayner nəhayət ki, özünün “Oscar de la Renta” moda evi yaradır. Bu moda evi artıq 50 ilə yaxındır ki, xanımların qulluğunda dayanır.

O dövrdə modelyerlər və dizaynerlər gündəlik həyat üçün etnik motivlərlə, parlaq və gözəl rəsmlər olan pret-a-portelər (Hazır geyim deməkdir. Bir dəb nəhənginin ölümü və sonra inkişaf edən hadisələri Parisdəki böyük dəb hadisəsi fonunda izah edən komediya-dram filmidir) yaradırdılar. Eyni zamanda, Oscar de la Renta "madam kutyur” - dəbdəbəli paltarlar hazırlayırdı.

Oscar de la Rentanın atlas və ipək, gur və əyinə oturan, uzun donlarını bütün kino və şou-biznes ulduzları sevirlər. Uzun donlardan başqa dizdə bitən daha sadə variantlar da var. Bu cür geyimlərdə iş görüşlərinə getmək qətiyyən ayıb deyil. Bundan əlavə bu brendin geyimləri heç zaman həddindən artıq qabarıq, həddindən artıq aşıb-daşan və kobud görünmür. Dizayner müxtəlif mədəniyyətlərin elementlərini birləşdirib, ən maraqlı geyim fakturalarından və quraşdırma üsullarından bəhrələnirdi. Onun 1967-ci ildə qaraçı üslubunda buraxdığı kolleksiya böyük uğur qazanmışdı.

70-ci illərdə Oskar de la Rentanın adı artıq moda sənayesində tanınmış ustalarla bir sırada dayanırdı. Onun modellərini cəmiyyət elitasının ən tanınmış nümayəndələri daşımağa başlayır. Qeyd edim ki, modelyer Parisdə tanınan ilk amerikalı olub. 1973-ci ildə Oskar "CFDA" prezidenti vəzifəsinə təyin olunub. Bundan başqa, o, "Coty Hall" şöhrət siyahısına daxil edilmişdir ki, "Coty American Fashion Critics Award"ın ikiqat qalibi seçilib.

1981-1985 ci illərdə modelyer Amerika boyskautların (hərbi-siyası təşkilatın üzvləri) uniformasının yeni modelləri üzərində işləyib. 1990-cı ilə Renta "CFDA"-nın “Lifetime Achievement Award” mükafatını alıb. 1984-cü ildən bəri bu mükafat hər il Amerika Moda Dizaynerləri Şurası tərəfindən moda sənayesi sahəsində nailiyyətlərə görə təqdim edilir.

1992-ci ildə Oskar de la Renta "Pierre Balmain" moda evinə "Haute Counter" kolleksiyanın hazırlamağa dəvət edilib. 2000-ci ildə modelyer "Qadın geyimlərinin ən yaxşı dizayneri" nominasiyasında yenə də CFDA mükafatına layiq görülür.

Təəssüf ki, bu həftə moda dünyası ən böyük itkisini yaşadı. Əfsanəvi modelyer Oskar de la Renta uzun müddət davam xəstəlik nəticəsində 82 yaşında ABŞ-da, Kentukki ştatındakı Kent şəhərində dünyasını dəyişdi.

O, xərçəng kimi ağır xəstiliyə düçar olsa da, ölümdən qorxmurdu. Müsahibələrinin birində söyləmişdi ki, "Bəli, mən xərçəng xəstəliyindən əziyyət çəkmişəm. İndi isə tamamilə sağlamam. Həyatın gerçəkliyi ondan ibarətdir ki, sən doğulursan sonra isə ölürsən. Biz həmişə elə güman ediriki ki, əbədi yaşayacağıq, ölüm aspektini isə heç zaman qəbul etmirik. Bu tipli xəstəlik, sizin həyatın hər bir anını necə qiymətləndirməyinizə dair xəbərdarlıqdır".

Bir qədər Oskar de la Rentanın dəsti-xətti haqqında

Oscar de la Rentanın modellərinin məğzi dəqiq, yığcam, yoxlanılmış silueti təşkil edir. Bu qayda kostyum, palto və şalvarlara da eyni dərəcədə aiddir. Oscar de la Renta xanımlara paltarlarda və ətəklərdə geniş seçim imkanı təqdim edir. Onun yubka modellərini "balıq quyruğu" adlandırırlar. Bu paltarlara çətinlik çəkmədən ayaqqabı və çanta seçmək olar, hətta sizin simanıza şuxluq, ya da əksinə zəriflik bəxş edən şlyapalar qoya bilərsiniz.

Oskar de la Renta hər il müntəzəm olaraq gəlinlik kolleksiyası hazırlayırdı. Onlarda da dəqiq silueti və təmtəraqlı parçalar hökm sürür. Dizayner bütün dəb tendensiyalarını nəzərə alır və istənilən zövqü təmsil edən gəlinliklər hazırlayırdı. Romantik, realist, yaxud xəyalpərəst olan hər bir qız bu kolleksiyada özünə uyğun geyim tapa bilər. Bu yaxınlarda təmtəraqlı və səs-küylü toy çaldıran məşhur aktyor, Hollivud ulduzu Corc Kluninin xanımı Amal Alamuddinin də gəlinlik paltarının müəllifi de la Renta idi. Amal məhz bu paltarda gələn qonaqlara gülümsəyir, onları salamlayır və jurnalın üz qabığına çəkilmişdi.

Geyim markası əlavə olaraq, Oscar de la Renta adı altında aksessuarlar buraxır. Şlyapa və bəzək əşyaları, çantalar, ayaqqabılar sizi 1970-ci, bəzən də XX əsrin əvvəllərinə qaytara bilər. Onlar geyimi canlandırır, eyni zamanda tarazlaşdırırlar, bu aksessuarlara hətta ən tələbkar tənqidçinin də deməyə sözü olmayacaq. Oskar de la Renta bahalı dəridən hazırlanan çantalardan başqa, müasir tələblərə cavab verən sadə kətandan tikilən çanta kolleksiyası da hazırlayırdı. Sonda isə zərif libası "doğma" ətriyyatla məsələn, məşhur ətir “Red Orchid”lə ("Qırmızı orxideya") uyğunlaşdırmaq mümkündür.

Geniş mallar təqdim edən kolleksiya yaradıcılıq üçün böyük imkanları açır. “Oscar de la Renta” moda evi təmkinli, incə zövqlə insanlar üçün geyim istehsal edir. Onun üslubu - ifrat və eyni zamanda köhnə və darıxdırıcı olmayan misilsiz klassik motivləri əsasında hazırlanır.

Dizayner söyləyirdi ki, “Qırmızı xalı üçün qüsursuz ziyafət geyimi hazırlamağın xüsusi resepti və toydakı kimi prinsipial fərqi yoxdur. Bütün sirr təbəssümdədir. Onu gizlətmək olmaz”.

Böyük sənətkarın hazırladığı hər bir geyim nümunələri tamamilə qadın moda tarixinin müasirliyini özündə əks etdirir. O, avanqardçı deyildi, kompozisiyanın qanunlarına hörmətlə yanaşır, biçimin qaydalarına dəqiqliklə əməl edir, parçanın keyfiyyəti və bədii sənətkarlıq baxımdan mükəmməl şəkildə işləyirdi. O, açıqlamalarında paltarın ilk növbədə gözəl və bundan sonra dəbli olmasını vurğulayırdı. Yalnız bu zaman paltar sahibəsinə sadiq qalacaq və mövsümlərdən asılı olmayacaq.

Oskar de la Renta sehrli güclərə inanırdı. Onun modelləri qadını başdan ayağı dəyişə bilər. "Böyük şəhərdə seks" serialında aşiq rus rəssamı Mixail Barışnikov personajı Kerri Bredşouya Brodskinin şeirini oxuyur. Onun "poeziyasının” cavabında Kerri “Vogue” jurnalının səhifəsindən qabarıq yubka haqqında “Tiffanidə səhər yeməyi” haqqında yazı oxuyur. Barişnikov isə “Oskar mənim ən yaxşı dostumdur” deyir və səhəri gün həmin paltarın surətini Kerriyə hədiyyə verir. Onlar da teatrda birlikdə rəqs edirlər və zavallı Kerri onu cuşa gətirən hisslər bolluğunda huşunu itirir. Oskar de la Renta burada opera ilə əbəs yerə qarşı-qarşıya qoyulmayıb. Balet, yoxsa poeziya – bunlardan hansının Kerriyə daha çox təsir bağışladığı anlaşılmazdır. Əfsanəvi modelyerin geyimini daşıdığından dolayı huşunu itirdiyini gizlətmək və pafosunu bir qədər azaltmaq üçün sehrbaz aşiqinə sadə amerikalı olduğunu, belə gözəl gecə gözləmədiyini və axşam şam yeməyinin ənənəvi olaraq fastfoodla bitdiyini bildirir.

Məşhur ulduzlar, hətta bu brendin geyimləri üçün xüsusi qarderob hazırlayır. Onlardan bu paltarları nə etdiklərini soruşanda, qızlarına miras saxladığını deyirlər. Şübhə yoxdur ki, De la Rentanın klassikası müəyyən vaxtdan sonra ideal vintaja çevriləcək. Bu dizaynerin işləri haqqında tez-tez “Onlar seksual deyillər, onlar klassikadır” deyirlər.

Oskar de la Renta hətta Ağ evdə hökmranlıq edib. Modelyer hələ 6-cı illərdə Ceki Kennedini geyindirir, daha sonra bu, eyni ilə krallıq geyimi kimi ənənə halını alır: Missis Cerald Forddan missis Ronald Reyqana qədər müxtəlif xanımları geyindirib. Hesab edilirdi ki, yalnız təcrübəli Oskar demokratik dövlətin birinci xanımlarının kraliça kimi göstərmək qabiliyyətinə malikdir. Oskar onların hamısını fotoqrafın sevimli modelləri kimi xatırlayır: “Hilari Klintonun qəşəng saçları var. Lora Buşun gözləri isə sapfir daşı kimidir. Yalnız Hillariyə heç bir halda qara geyinmək olmaz və Lora Buş isə Texasdan olduğunu unutsa, yaxşı olar”.

Oskar de la Rentanın qarşısında baş əymək ayıb deyil. Onun adı moda tarixinə qızıl hərflərlə həkk olunub, nadir geyim nüsxələri isə Amerikanın Smitsonovki tarix muzeyində saxlanılır. Oskar de la Renta ABŞ, Fransa, Dominikan Respublikası və İspaniyada bir sıra mükafatlar, fəxri adlar və ordenlərlə təltif olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm