• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Azərbaycan səhnəsinin ən yaraşıqlı kişi ifaçısının doğum günüdür – Fotolar, Video

Azərbaycan səhnəsinin ən yaraşıqlı kişi ifaçısının doğum günüdür – Fotolar, Video

Bu gün populyar Azərbaycan repçisi və müğənnisi Miri Yusifin doğum günüdür.

Tabloid.az xəbər verir ki, Miri Yusif 1977-ci ilin oktyabrın 27-də doğulub. Məqsədyönlülük, lap uşaq çağlarından musiqiyə olan sevgi və bağlılıq Miri Yusifin uğurunun əsasını təşkil edib. Fövqəladə xarizması və səmimi ifa tərzi onun mahnılarına xüsusi çalar qatıb.

Başlanğıc – “Dəyirman”

Vaxtilə hər şey tamamilə fərqli idi. Boz Bakı küçələri, audio pleyerlər, qeyri-peşəkar səsyazmalar və nəhayət, “Dəyirman” qrupundakı ilk addımlar... Bu qrupun üzvlərini yalnız səhnə deyil, gerçək həyatda da möhkəm dostluq birləşdirirdi. Qrupun populyarlığı, yeniyetmə həyatının çılğınlığı, dəlisov sevgi macəraları Miri Yusifin həyatını yeknəsəklikdən azad etmişdi. Halbuki, təbiət etibarilə o, ciddi və tək məhəbbətə bağlı birisi idi. Elə məktəb skamyasından başlayan bu məhəbbət onu Amerikaya apardı…

“Avara”…

Böyük və eyni zamanda, cavabsız məhəbbət. Onu uzaq bir ölkənin hava limanında öz hissləri ilə təkbətək qoyan bir eşq. Onu burada gözlədiyi, uğrunda hər şeyi atıb gəldiyi deyil, yad insanlar qarşıladı. Bu ölkədə onun yeganə dəstəyi hər zaman minnətdar olduğu dostu Teymur Nuriyev oldu. Beləcə, əsl həyat dərsləri başlandı. Miri Yusifin qarşısında 2 seçim vardı - Bakıya qayıdaraq qayğısız həyata davam etmək. Ya da hər şeyi yenidən, bəmbəyaz səhifədən başlamaq. Yusifi tanıyanlar bilir, o, sakit və stabil bir yaşam tərzini seçə bilməzdi. Ona dəyişikliklər, yeni zərbələr, yeni təkanlar lazım idi. Və o, Amerikanı seçdi. Düz yarım il demək olar, küçələrdə qaldı, heç bir işdən çəkinmədi, ofisiant da işlədi, qabyuyan da... Nə qalmağa yeri vardı, nə normal işi. Ancaq “karantin” adlandırdığı bu dönəmdə belə, ürəyi yeni mahnılarla dolub-daşdı, sözlər, mahnılar yazıldı. Daha sonra bu mahnılar “Avara” adlı ilk albomunda yer aldı. Hər bir mahnı onun bu qərib ölkədəki sınaq kimi davam edən həyatından və ən əsası, bir kişilik məktəbi keçməsindən xəbər verirdi. Özünün də yazdığı kimi “cahandan çıxan sözüm sınaqdır”.

“Karma”

Vaxt keçdi, hər şey yavaş-yavaş öz yoluna düşdü, axarını tapdı. İndi o, arada bir Bakıya, yaxınlarının, xiffətini çəkdiyi əzizlərinin yanına da gələ bilirdi. Və elə o gəlişlərin birində konsertdə bir qızla qarşılaşdı. Taleyin qəribə bir yazısı ilə ertəsi gün həmin qız özü ailə dostları ilə xalq artisti Fidan Qasımova ilə birlikdə onların evinə gəldi. Yəqin elə budur qismət. Özü öz ayağı ilə qapıya qədər gəlmişdi. İlk zamanlar bir macəra kimi başlayan hisslər daha sonra güclü bir məhəbbətə çevrildi. Cəmi 1 ay sonra onların artıq öz ailəsi vardı. Bu eşq hekayəsinin ilk töhfəsi “Sənin üçün” hiti, ən böyük barı isə 9 ay sonra dünyaya gələn Mir Hüseyn oldu. Mir Hüseyn də atası kimi səlis duyumlu, musiqiylə doludur. Qızı Adel də musiqini sevir. Ümumiyyətlə, ailənin yaranması Miri Yusif üçün dönüş nöqtəsi oldu, ona yaşamağa, yaratmağa ilham qanadları bəxş etdi. O, qayğıkeş ata, sevən həyat yoldaşıdır.

2010-cu il dekabrın 1-də “Karma” albomunun tanıtımı Miri Yusifin qısa solo konserti ilə müşayiət olundu. Bu böyük səhnədəki konsertə yönəlmiş ilk addım idi.

“Karma” ürəkdə çırpınan hissləri azadlığa buraxdı. Qəlbin ətraf aləmlə harmoniyası isə “Nirvana”ya yüksəlişə yol açdı. Məhz bu ovqat yeni albomun ana mövzusudur. “Heç kiməm” adlı yeni sinql da bu fəlsəfi axtarışın ilk müjdələrindəndir.

Konsertlər…

Miri Yusif bir-birinin ardınca konsertlər verməyə başladı. “Adınla Bağlı” (2010), “Səndən Olmaz” (2011), “Deja Vu” (2011), “Nirvana” (2012), “Miri Yusif & Nikki Jamal” (2012), “Karvan” (2013), “Yaşıl Teatr” (2014)… Və bu konsertlərin ardı-arası kəsilmir. Miri Yusifi sənət aləminin ən məhsuldar və çalışqan ifaçısı adlandırmaq yerinə düşər. Hər zaman qəlbinin səsini dinləyən Miri Yusifin Azərbaycandakı ikinci solo albomunu “Karma” adlandırması da təsadüfdən doğmadı. Jazz və “blues” elementləri daşıyan və “reggae” tərzində yazılmış bu albomun hər bir mahnısı onun daxili aləminin əksi, hisslərinin aynasıdır.

Diskoqrafiyası

Azərbyacanda “reggae”, estrada və konsert mədəniyyətinə yeni nəfəs verən xarizmatik ifaçının indiyədk xeyli sayda albomu işıq üzü görüb: “Avara” (2006) , “Karma” (2010), “Karvan” (2011), “Nirvana” (2012), “Ağ Qarğa” (2013).

Ailəsinə və övladlarına bağlı olan Miri Yusif bu gün də durmadan, dayanmadan öz üzərində çalışır. Yeni yaradıcılıq işlərinə imza atır.

Biz də sevilən sənətçini doğum günü münasibətilə təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!

Xəbər lenti

DAHA ÇOX XƏBƏR