Aytən Səfərova: “Sanki “kim daha çox soyundu” yarışmasına qatılıblar”
Bizi izləyin

Tabloid.az

Aytən Səfərova: “Sanki “kim daha çox soyundu” yarışmasına qatılıblar”

Aparıcı Aytən Səfərova ilə müsahibə

Aparıcı Aytən Səfərova ilə müsahibə

– Aytən xanım, adətən, “necəsən?” sualına standart cavab verilir, yalan-gerçək deyirlər ki, “yaxşıyam”. Siz bu suala daha fərqli cavab verə bilərsiniz?

– Mən bu suala həmişə bir sözlə cavab verirəm: ƏLHƏMDÜLİLLAH. İstənilən halda şükür edirəm ki, sağ-salamatam, yaxınlarım salamatdır. Sağ-salamat olmaqdan böyük hansı xoşbəxtlik var ki, bu dünyada? Ümumiyyətlə, “pisəm” sözündən də heç vaxt istifadə etmirəm. Xoşlamıram neqativ enerjini kiminsə üstünə tökməyi. Belə insanları da xoşlamıram.

– Yeni dövr yazarlarımızı oxuyursunuz? Bəyəndiyiniz imzalar varmı?

– Tanımıram.

– Deyirlər, qadının gücü göz yaşındadır. Amma elə qadınlar var, ağlaya bilmirlər. Sizcə, ağlaya bilməyəndə qadın üçün ikinci güc nə hesab oluna bilər?

– Qadının susması. Susan qadın nadir hallarda tapılar, çünki bəzən kişilərdən fərqli olaraq biz öz hirsimizi, emosiyalarımızı danışmaqla, bəzən qışqırmaqla, bəzən deyinməklə soyuduruq. Amma... Qadın susursa, məncə, bu da əks cins nümayəndəsinə böyük psixoloji təzyiq göstərir. Susmaq və düz gözünün içinə baxmaq. Sonra isə kontrol atəş – susaraq gözünün içinə baxıb ağlamaq və... getmək. Uzaqlaşmaq. Bu silahlardan istifadə etdikdən sonra həmin yerə daha qayıtmamaq vacibdir, bu da güc və səbir tələb edir.

– Yazıçı Cəlil Cavanşirin “Qadın corabları” romanının birinci cümləsi belədir: “Bir gün bir kitab oxudum və bütün həyatım dəyişdi”. Heç sizə bu qədər ciddi təsir eləyən kitab olubmu?

– Bəli. Deyl Karneginin kitablarını oxuduqca özümdə, davranışımda, ətrafdakılarla ünsiyyətdə “iməclik” etmişəm, amma ən böyük dastanı həyat yazır. Burada üzləşdiyin müsbət və mənfi qəhrəmanları ilə, ikinci plan aktyorları və epizodik rollarda həyatında peyda olanlarla. Kitabımız bağlananadək səhifələr yazılır. Cismani baxımdan kitabda bir səhifə, məsələn, 50 sətirdən ibarətdirsə, həyati kitabda bir səhifə 24 saata bölünür.

– Tanınmış qadın olmağın problemləri nədir?

– İstədiyin məkanda istədiyini edə bilmirsən. Hamının diqqəti səndə olur. Bəzən tanınmış qadınlar barədə cəmiyyətdə o qədər fantastik informasiyalar dolaşır ki, insan mat-məəttəl qalır. Tanıdılar-tanımadılar, kimin xəstə fantaziyası nəyi isbat etsə, kim yuxuda nəyisə görsə, o da gedib bunu çayxanalarda, məhəllədə, tində danışır və bunlar bəzən ədəb-ərkanlı, abrını saxlamağa çalışan qadın barəsində xoşagəlməz şayiələrə gətirib çıxarır. Ümumiyyətlə, bir çox efir adamı, kişili-qadınlı, belə problemlərlə üzləşir. Daha bir mənfi cəhət ondadır ki, bəzi telekanallarda elə aparıcı qadınlar var ki, özlərini, yumşaq desək, cəmiyyətdə yaxşı aparmırlar. Açıq-saçıq geyinməklə yanaşı camaatın gözü qarşısında siqaret çəkirlər, söyüş söyürlər, bəzən efirdən özünü “ağır” aparan xanımlar var ki, restoranlardan çıxmırlar, adları kimlərləsə çıxır. Bu da, təəssüf ki, haradasa, bütün efir adamları barədə, xüsusilə qadın aparıcılar barədə mənfi rəy formalaşdırır. “Qurunun badına yaş da gedir” məsələsi kimi. Bax, bu da böyük problemlərdən biridir.

– Bəs tanınmış xanım olmağın yaxşı tərəfləri necə olur?

– İnsanların səmimi münasibəti. İnanın, bu, çox gözəl və izaholunmaz hissdir. Ağbirçək və ya ağsaqqal gəlib “a bala, Allah səni qorusun, dilin var olsun, özünü qoru, dualarımız səninlədir” deyəndə, sanki insana xeyir-dua verirlər. Belə ünsiyyətlərdən sonra mənə güc gəlir. Bundan başqa, bizdə əksər gənc və yeniyetmələrin, yaşlı insanların üzündən, az qala, zəhrimar yağır. Bu da müxtəlif problemlərdən, fikirli olmaqlarından irəli gəlir, yəqin ki. Qınamıram. Amma məni görəndə, fikir verirəm ki, bu insanların çöhrəsində yaranan təbəssüm, səmimi baxış nə dərəcədə müsbət enerji ötürür. Bu, çox müsbət haldır. Bir də, tanınmış xanım olmağın müsbət tərəfi – harasa gedəndə “şapka”, “hörmət”, “şirinlik” istəmirlər. Bu, zənnimcə, Azərbaycanda ən müsbət hallardan biridir.

– Böyük şairimiz Səlim Babullaoğlunun çox yaxşı bir sözü var. Deyir, “heç bir yaxşılıq cəzasız qalmır”. Səlim müəllim dediyi kimi, siz də elədiyiniz yaxşılıqların cəzasını çəkmisinizmi? Yəni yaxşılıq etmisiniz, ancaq qarşılığında pislik görmüsünüz.

– Yaxşılıq barədə danışılırsa, demək ki, onun qüvvəsi itir. Bircə onu deyə bilərəm ki, təmənnasız yaxşılıq əvəzində min qat yaxşı əvəzini görmüşəm. İnsanların bir xeyir-duası, əslində, gələcəkdə həyatında üzləşdiyin problemləri cılızlaşdırır. Məsələn, yaxşılıq etdiyim insan mənə pislik etsə belə, Allah onun əvəzində hər bir addımımın qarşılığını verib. Bu, belədir. Yaxşılıq da insanın özünə qalır, pislik də. İnsanlar bunu başa düşsələr də, qanmasalar da.

– Bildiyimə görə, kompleksiz bir xanımsınız. Maraqlıdır, sizin “olmaz”larınız nələrdir? Hansı hərəkətləri xanım adınıza yaraşdırmazdınız?

– Qadınların həddən artıq açıq-saçıq geyinməklərini anlamıram. Həddən artıq bağlanmalarını da. Qadın abrını saxlamalıdır. Davranışı ilə, əxlaqı ilə. Söyüş söymək, tüpürmək, təbiətə məlum olmayan iy vermək, başqasının ailəsini dağıtmaq, cadu-piti etdirmək, özünü kişi qarşısında gözdən salıb alçaltmağı qadına yaraşdırmıram. Bir də xoşlamıram bəzi qızlar-gəlinlər məktəbə, universitetə, işə uzun ətəkdə gedirlər, toylara isə həddən artıq açıq geyinirlər. Elə bil, ət kombinatına girmisən. Sanki “kim daha çox soyundu” yarışmasıdır.

– Adətən, xanımlar bəzək əşyalarının vurğunu olurlar. Heç qiymətli əşyalarla sınağa çəkilmisiniz?

– Mən açığını deyim: o qədər də qır-qızıl, daş-qaş hərisi deyiləm. Mənim rəfiqələrim arasında elələri var ki, əlinə pul düşən kimi qaçırlar qızıl əşyaları almağa. Mən onları “sağsağan” adlandırıram. Mən bir qədər tərki-dünya adamam. Əşyalara, maddiyyata çox bağlı deyiləm. “Risovkalıq”dan da uzağam. Mən hansısa ziyafətə qiyafə ilə yanaşı üç manatlıq aksessuarla da gedə bilərəm. Yeni il yolkası kimi bəzənmək mənlik deyil.

– Sizcə, Azərbaycanda niyə adam kimi boşanmaq olmur? Dostcasına, mehriban...

– Olur. Amma nadir hallarda. İntelligent insanlarda. Bəziləri isə sanki, mağaradan təzə çıxıb cins, kostyum geyiniblər. Boşanmada, az qala, iki ailə yox, iki qəbilətək yaba-kətmənlə bir-birlərinin üstünə gedirlər. Bir də ki, xüsusilə boşanan qadınları qınamıram. Bizim cəmiyyətdə o qədər murdar məxluqlar var ki, boşanmış və ya dul qadınlara pis gözlə baxırlar. Bəzən ağızdolusu dindən bəhs edən, vacib ziyarəti yerinə yetirmiş, imandan danışan, islami əxlaqdan söhbətlər edib, hədislərdən misal gətirən valideynlər, elə oğlan övladlar da boşanmış və ya dul qadınlarla evlənənlərə pis baxırlar, o qadınları, sanki, əxlaqsız kimi qələmə verirlər, “yaxşı olsaydı, boşamazdılar” deyirlər və s. Düzdü, qadından qadına fərq var. Amma... Peyğəmbərimiz də dul və ya boşanmış xanımlarla ailə qurub. Peyğəmbərdən artıq kim ola bilər ki?! Hər şey kişidən asılıdır. Qadını xanım edən kişidir, kişini də kişi edən qadındır. Səhv hər bir insanın həyatında ola bilər. Amma ikinci şansdan kimisə məhrum etmək olmaz.

– Gənc şair Fərid Hüseynin gözəl bir misrası var: “Əllərimi yandırır saçlarının həsrəti”. Görəsən, bu qədər nikbin və gülərüz Aytən xanım da, Fərid müəllim kimi, kiminsə və ya nəyinsə həsrətini çəkir?

– Şərhsiz.

– Sizi nə xoşbəxt eləyə bilər?

– Valideynlərimin, övladımın sağlamlığı, üzündəki təbəssüm. Bəzən isə çiskinli, dumanlı havada tüstüləyən samovarın qoxusu, bir fincan çay, yorğana bürünüb başımı sevdiyim insanın çiyninə qoyub susmaq. Bəzən isə adicə bir qar yağması məni xoşbəxt edə bilir. Bəzən isə pul, hansı ki, problemlərin həllində və şopping etməkdə böyük rol oynayır. Bəzən isə Novruz tonqalının üstündən tullanmaq, bəzən təzəcə bişmiş çörəyin qoxusu, bəzən isə anamın səsi və ya qızımın bir təbəssümü, sığalı mənə xoşbəxtlik hissini aşılaya bilir. Azan səsi eşidəndə isə izaholunmaz bir hisslər bürüyür məni. Özümü xoşbəxt sanıram. Nisbidir bu anlayış mənim üçün.

– Yeni dövrün çox intellektual şairlərindən olan Qismət Rüstəmov bir şeirində cəsarətlə deyir: “Əzizim, mən sənə fikrimdə də xəyanət eləməmişəm!”. Sizcə, Qismət düzmü deyir, kişinin və yaxud qadının fikrən də olsa, xəyanət etməməsi mümkündür?

Bunu yalnız Allah bilir. Fikirlər şəxsidir. Qapalıdır. Dil “mən sənə hətta fikirlərimdə xəyanət etməmişəm” söyləsə də, ürək və beyin bu an tamam başqa prosesləri yaşaya və yaşada bilər. Yəni Krılovun qu quşu, durnabalığı, xərçəngi kimi hərəsi bir tərəfə dartır, bəzən isə üçü də vəhdət təşkil edir – ya “hə”, ya da “yox” cavabı konkret olanda. Mənim başımda o qədər dolaşıq müxtəlif fikirlər var ki, onların açılması ilə məşğulam hələ. Yerbəyer edəndən sonra, bəlkə, cavab verə bildim bu suala.

– Heç olub ki, ən ağır dərdinizi gülər və mehriban üzünüzlə örtmüsünüz? Yəni bəstəkar-tənqidçi Əsəd Cahangir demişkən, öz bədbəxtliyinizi xoşbəxtcəsinə yaşamısınız?

– Mən həmişə edirəm. Əsas şüarım budur. Hansısa müdrik insandan soruşurlar ki, insan cəmiyyətdə hörmətini saxlatdırmaq üçün nə etməlidir, özünü necə aparmalıdır. O da cavab verib ki, çoxlu şikayət etməməli, problemləri barədə də hər addımbaşı danışıb insanların zəhləsini tökməməli və özünü gözdən salmamalıdır. Problem barədə yalnız onu həll etməkdə yardım edə biləcək şəxsə demək olar. Hər addımbaşı gəzib yeddi yaylıqla ağlamaq isə başucalığı vermir.

– Kitab sizin üçün nədir?

– Hər misrası ilə fantaziyamın gözüm önündə canlandırdığı səhnəciklərdi, bir filmdir, hansı ki, beyində canlanır, bitdikdən sonra isə sanki kaset kimi qabına qoyulub rəflərə yerləşdirilən arxivdir. Vikipedia kimidir. Beyindəki vikipedia. Məlumat bazası. Mənəvi baza. Mənəviyyat bazası.

– Sizcə, neçə dəfə sevmək mümkündür?

– Bir neçə dəfə. Övlad kimi sevmək. Valideyn kimi. Vətəndaş kimi. Sevgili kimi. İnsan kimi. Düzü, anladım hansı mənada bu sualı verirsiniz. Əslində, bu, individualdı. Kimsə hər addımbaşı sevir, kimsə birini tutub ürəyində saxlayır.

– Sizcə, “ən böyük arzunuz nədir” sualına niyə çox vaxt “Qarabağın geri qayıtması” cavabını verirlər? Bu cavab sizə qeyri-səmimi təsir bağışlamır ki?

– Xeyr. Sadəcə, bir şeyi çox eşidəndə bu, haradasa qıcıq yaradır. Bu, psixoloji amildir. Amma mən də o günü gözləyirəm.

– Görəsən, niyə yaşlı qadınların gənc oğlanlardan, gənc xanımların da yaşlı kişilərdən xoşu gəlir? Bu hissi necə izah edərdiniz?

– Mən o insanların əvəzinə niyə bunu izah etməliyəm ki? Sevgi yaşa baxmır. Əsas xoşbəxtlikdir. Yaş, çəki, boy, bunlar hamısı insanların qoyduğu qanunlardı. Yaşın nə fərqi var ki?

– Axırıncı dəfə hansı teatr tamaşasına baxmısınız?

– Rus Dram Teatrında. “Şəhər tramvayı”, səhv etmirəmsə. Belə də ki, gündə o qədər teatrallaşdırılmış səhnəciklər görürəm ki, o insanlara yaxınlaşıb bir buket gül verib əl çalmaq istəyirəm aktyorluq məharətlərinə görə.

– Aparıcılıq etdiyiniz verilişdə reklam olanda ən çox nə işlə məşğul olursunuz?

– Xəbərləri toplamaqla, bəzən çay içirəm, bəzən sevdiklərimi yuxudan oyadıram, bəzən isə dayanıb studiyadakı pəncərədən baxıram. Əhvalımdan asılıdır. Dinc durmuram bir sözlə.

– İnsanlar adətən, dildə daxili gözəllikdən danışır, ancaq zahiri gözəlliyə önəm verirlər. Sizdə necədir?

– Hər bir insanın daxili, əslində, onun zahirinə vurub çıxır. İnsan nə qədər də bədənini düzəltməklə, arıqlamaqla, bər-bəzək vurmaqla məşğul olsa da, onun bir baxışı hər şeyi bir andaca puç edir. İndi biz elə zəmanədə yaşayırıq ki, insanların əksəriyyəti zahiri gözəllik üçün saatlarla vaxt, minlərlə manat ayırırlar, özləri isə bəzən bir qəpiklik insaniyyətdən belə məhrum olurlar.

– Ən böyük maddi arzunuz nədir?

– Bir milyon manatım olsun. Xərcləməyə yer tapacam.

– Bəs mənəvi arzunuz nədir?

– Xoşbəxt və sağlam olmaq. Xoşbəxtlik, əslində, həm mənəvi, həm də maddi məfhumdur.

– Sizə görə, qadın necə olmalıdır?

– Xanım-xatın olmalıdır. Amma həddən artıq “ağır” da olmamalıdır. Baxırsan ki, az qala, ağırlıqdan sınacaqlar. Yüngül də olmamalıdır. Sadə və gülərüz olmalıdır xanım. Təmizkar olmalıdır. Sadə olduğu qədər də qəliz olmalıdır.

– Bəs kişi necə olmalıdır?

– Kişi elə kişi olmalıdır. Məncə, “kişi” sözü artıq özündə bir çox xüsusiyyəti birləşdirir.

– Ən çox nədən bezirsiniz?

– Darıxdırıcı məkanlardan və vaxtın gec getməsindən.

– Mən darıxanda sim nömrəmdən cin nömrəmə sms yazıb cavab gözləyirəm. Maraqlıdır, siz darıxanda nə edirsiniz?

– Musiqi dinləyirəm. Musiqi məni sakitləşdirir. Xəyallara daldırır. Bəzən isə qaldırır. Yıxılsam da. Təəccüblənməyin. Həyat yıxılmalar və qalxmalardan ibarətdir. Yıxılmasan, ucalmazsan!

kult.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm