• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Elariz Məmmədoğlu: “Aygünün nişanını qaytarması məni dilxor elədi” - Fotolar

Elariz Məmmədoğlu: “Aygünün nişanını qaytarması məni dilxor elədi” - Fotolar

Tabloid.az müğənni Elariz Məmmədoğlunun müsahibəsini təqdim edir:

- Elariz bəy, nə var, nə yox? Necəsiniz?

- Ümumiyyətlə, yaxşıyam. Hər şey qaydasındadır. İnsan biləndə ki, onun yorğanı hara qədərdir, ona yaşamaq da asan olur. Yorğanının ölçüsünü bilməyənlər üçün həyat çox çətindir. Çünki bilmir ki, ayağını hara qədər uzatsın. Yaxud da ayağını çox uzadır, ayaqlarına soyuq dəyir (Gülürük).

- Belə çətin deyil ki?

- Çətinlik odur ki, tanınmış adamsan. Yaşamaq bir az çətindir. Bax, sizinlə görüşdüyümüz bu məkana evim yaxındır. Maşınımla çıxmağa həvəs yoxdur. Dayanıb, taksi saxlamağa da adam bir az utanır. Məcbur olub, taksi saxladım, o da tanış çıxdı.

- Taksi sürücüləri sizə qiymət oxumurlar ki?

- Yox. Sürücü pul götürmək istəmirdi, güclə verdim. Mən müftəxorluğu xoşlamıram. Müftəxor insandan zəhləm gedir. Sənət adamlarının əksəriyyəti bir az müftəxordur. Mən sürücüyə, ev təmizləyənə iş gördürürəmsə, mütləq əziyyətinin pulunu verirəm. Hətta övladlarımın toyunda belə öz musiqiçilərimin zəhmət haqqını vermişəm.

- Demək istəyirsiniz ki, halal adamsınız?

- Çalışıram (Gülür).

- Yaradıcılıqda nə kimi yeniliklər var?

- Mənə yaradıcılıqla bağlı suallar verəndə xoşum gəlir. Özlüyümdə deyirəm ki, nəhayət ki, yaradıcılığım kimisə maraqlandırır. Bu, çox yaxşı haldır. Çünki axır vaxtlar hamını qalmaqallar, söz-söhbətlər, mübahisələr, qara piar maraqladırır. Bir neçə şair öz kitablarını mənə hədiyyə ediblər. Mən də ilham pərim gələndə royal arxasında oturub, baxıram, şeirləri gözdən keçirirəm. Artıq bir neçə mahnı bəstələmişəm. Bilirsiniz ki, bu il işıq üzü görən albomuma daxil olan mahnıların 7-nin də musiqisi mənə aiddir. Bununla yanaşı, yaxın zamanlarda Tahir Əkbərlə işbirliyinə başlayacağam. Eldar Mansurovdan 4-5 mahnı almışam. Onları da işləməliyəm. Mahnılarımdan birinə də klip çəkdirməyi düşünürəm.

- Maraqlıdır, bəstəkarlıq etmək fikrinə necə düşdünüz?

- Mən hələ 7-8 yaşımdan mahnı bəstələmişəm. Əsgərlik illərimdə yazdığım mahnılar isə ilk albomumda yer alıb. Həmin mahnıların da öz sevənləri, dinləyiciləri var. Mən həmişə bəstələmişəm, oxumuşam, royalda ifa etmişəm. Hər zaman incəsənətin içində olmuşam. Aktyor və rejissor kimi fəaliyyət göstərmişəm. Özümə təpədən-dırnağa qədər incəsənət adamıyam desəm, yanılmaram. Və bu sənətə də təsadüfi gələnlərdən deyiləm. Musiqi məktəbinin, Mədəniyyət və İncəsənət Universitetinin diplomu evdədir. Musiqi bəstələməyə nəyə görəsə vadar olmamışam. Söyləyəcəyim sözlərə görə mənə gülə bilərlər. Amma yatıram, birdən mənə musiqilər gəlir, sanki zümzümə edirəm. Tez onu nota köçürürəm. Mən bunu hansısa bəstəkarın acığına etmirəm. Heç bir bəstəkardan da narazı deyiləm. Ümumiyyətlə, qərəzlə mahnı bəstələmək, şeir yazmaq mümkün deyil. Bu sadəcə, Allahdan verilən vergi, istedaddır.

- Qeyd etdiniz ki, sənətə təsadüfi gəlməmisiniz. Necə düşünürsünüz, səhnədə təsadüfi müğənnilər çoxdur?

- Son 20 ildə sənətə gələnlərin arasında təsadüfi insanların sayı kifayət qədərdir. Təsadüfi gələnlərin arasında əməkdar və xalq artistlər də var. Halbuki bu ada layiq deyillər, amma biz onları qəbul etmişik. Çünki onlara ad veriblər. O adamların həyat tərzinə, yaradıcılığına fikir verəndə görürsən ki, bu insan sənətə təsadüfi gəlib. Sırf incəsənət adamı deyil. Çünki Mədəniyyət və İncəsənət Universiteti tələbəyə mədəniyyət və incəsənət öyrədir, aşılayır. Düzdür, istedad canda-qanda olmalıdır ki, bu sahəyə üz tutasan. Təbii ki, istedadın üzərinə təhsil də gəlməlidir. Sənə istiqamət verilməlidir. Səhnədə biabırçılıq edənlər də məhz təsadüfi adamlardır.

- Yeri gəlmişkən, könlünüzdən fəxri ad almaq keçir?

- Əməkdar və xalq artisti adları dövlət tərəfindən verilir. İndiyədək kiminsə qapısını döyüb, heç nə istəməmişəm. Belə bir fikrim də yoxdur. Amma dövlətimin qarşısında öz xidmətlərimi hər zaman göstərmişəm. Dövlət tədbirləri çərçivəsində bölgələrdə konsertlər vermişəm, çıxışlar etmişəm. Əlbəttə ki, umacağım var. Çünki məndən sənətdə qat-qat aşağı olanların bəziləri bu ada layiq görülüb. Mən də öz dövlətimin, möhtərəm prezidentimizin qarşısında xidmətlərimi göstərmişəm. Alnım açıq, üzü ağdır.

- Bir az da şou-biznesdən danışaq. Xəbəriniz oldu, Aygün Kazımova nişanlandı?

- Xəbərim yoxdur.

- Ümumiyyətlə, yerli şou-biznesdə baş verənləri izləyirsiniz?

- Çox nadir hallarda izləyirəm. O da təsadüf hallarda, vaxtım olanda, internetə girəndə, xəbər gözümə sataşanda baxıram, oxuyuram. Çünki buna gün ərzində ən az iki saat vaxtım gedəcək. Konkret olaraq hansısa xəbərlə maraqlanmıram.

- Bu günlərdə ən çox danışılan xəbərlərdən biri də Aygün Kazımovanın nişanlanması, daha sonra nişanını qaytarmasıdır. Xalq artistimizlə barışmısınız?

- Biz heç küsməmişdik ki (Gülür).

- Münasibətiniz salam-sağ olunuz var?

- Bəli. Siz nişanı qayıdıb dediniz, bununla da məni dilxor etdiniz. Ona görə bir az dilxor oldum (Gülür). Nə deyim vallah...

- Kinli insansınız?

- Yox. Amma yaxşılığı və pisliyi unutmuram. Söhbət konkret olaraq Aygün Kazımovadan gedirsə, onun mənə heç bir pisliyi dəyməyib. Onunla aramızda olan anlaşılmazlıq bir günün əhval-ruhiyyəsi idi. Həmin gün oldu və keçdi. O hadisədən sonra biz neçə dəfə rastlaşmışıq və salamlaşmışıq. Bu yaxınlarda bir hadisə oldu. Ümumiyyətlə, məni toyda stola dəvət edəndə getmirəm. Toy aparıramsa, ümumiyyətlə, iş başındayamsa, spirtli içki qəbul etmirəm. Çünki toy aparan müğənni ayıq olmalıdır. Amma bu yaxınlarda gördüm ki, bir insan toyda əyləşib. Və onun mənə cüzi də olsa yaxşılığı dəyib. Özüm onu yanına getdim, salamlaşıb, görüşdüm. Qucaqlaşdıq, qulağına dedim ki, sən mənə qarşı filan yaxşılığı etmisən. Yəni mənə kibrit qutusu boyda yaxşılıq edən adam onun hər zaman qarşılığını görməlidir. Pislik edən adam da imkan daxilində (Gülürük)...

- Bəs dostluğa necə, sadiqsiniz?

- Mən bu gün də məktəb, universitet yoldaşlarımla, əsgərlikdə olduğum dostlarımla görüşürəm. Təsadüfi deyil ki, ikinci qızımın qayınatası, qudam tələbə yoldaşımdır. Hər zaman ailəlikcə bir yerdə məclislərdə olduq. Uşaqlarımız da bir yerdə böyüdü, bir-birini sevdilər. Bunlar hamısı vəfalı dost olmaqdandır. Mənə həmişə deyirlər ki, halal olsun, sadə adamsan. Deyirəm ki, ay balam, mən kiməm axı, sadə olmayım da?! Niyə mən sadə olmamalıyam ki?!

- Bir çox sənət adamları iddia edirlər ki, bu aləmdə dost yoxdur. Həmkar var, sənət yoldaşı var. Bu fikirlə razısınız?

- İnsanlar bəzən neçə illər dostluq edirlər. Sonra xəbər tutursan ki, araları dəyib. Pul söhbəti, tamahkarlıq onların münasibətlərinin pozulmasına səbəb olur. Pul söhbəti olmasa, insan dostluq edər. Allah şeytana lənət etsin, araya girir, tamahkar ucbatından dostluq pozulur. İnsan birinci növbədə özündə tamahkarlığı boğmalıdır. Allah bizə çox hislər verib: Qısqanclıq, tamahkarlıq, qorxaqlıq, cəsarətli, xeyirxah olmaq, ya da kinli olmaq... Bu bütün insanlara verilib. İnsanın gücü ondadır ki, pis xüsusiyyətləri daxilində boğmağa çalışsın. İnsan gərək içindəki tamahkarlığı boğmağı bacarsın. Mənim sənətdə sözün əsl mənasında bir neçə dostum var. Arzu Rzayev yaxın dostumdur. Məni toya çağıranda məşğul olduğumdan toydan imtina etmişəm. Toy yiyəsi soruşub ki, kimi məsləhət görürsünüz? Demişəm ki, Arzu Rzayevi. İstəmişəm ki, dostum da qazansın. Mən qazanmıramsa, o, da qazanmasın kimi axmaq, səfeh fikirlər, məndən uzaqdır. Dostluq belədir, gərək çaşmayasan. Dostluğu pul korlayır, gərək pulu da bölməyi bacarasan. Bir əlin alırsa, digər əlin də verməyi bacarsın.

- Sosial şəbəkə istifadəçisiniz. Virtual aləm sizə necə təsir bağışlayır?

- Ümumiyyətlə, reallığı qəbul edən insanam. İnternet bizim həyatımızın bir hissəsidir. Avtomobil, mobil telefon və internet bizim həyatımıza elə daxil olublar ki, onlardan imtina etmək mümkün deyil. Təbii ki, hər gün saatlarla internetdə vaxt keçirməyi düzgün hesab etmirəm. Bu, ilk növbədə gözlərə və əsəbə, ümumilikdə sağlamlığa ziyandır. Amma istifadə etmək zəruridir. Məsələn mən dünyanın bir sıra ölkələrindən olan musiqiçilərlə dostlaşmışam. Yəni internetdən istifadə bu günün zərurətdir. Bundan imtina edə bilmərik. Əgər Azərbaycan xalqı olaraq ayağa qalxsaq və desək ki, bizə internet lazım deyil, o zaman bütün dünyadan təcrid olunarıq. Dünya ilə ayaqlaşmaq lazımdır.

- Adətən deyirlər ki, internet ailələri dağıdır. Sosial şəbəkədə qadınlarla tanışlıq edən evli kişilər evinin içində həyat yoldaşından xəbərsiz olur...

- Ailədə xəyanət uzun illər öncə, hətta şəhər telefonu olmayanda, küçədə taksafon olmayanda, mobil telefon, internet, “skype”, “Facebook”, “messenger” “viber”, “tango” olmayanda belə dədə-babadan olub. Kimsə əsrlər öncə minib atına, gedib qonşu kəndə xəyanət etməyə. Bu o demək deyil ki, insanlar bütün atlardan imtina edəydilər. Kimsə də uzunqulağa minərək, xəyanət etməyə gedib. Kimisi isə qonşu hasara boylanmaqla kifayətlənib... Bilirsiniz, xəyanət tərbiyədən asılıdır. Qadın da edə bilər, kişi də. Ümumiyyətlə, bunlar fərdi məsələlərdir. Xasiyyətdən asılıdır. Guya ata-babalar ata, arabaya, faytona minəndə xəyanət etmirdi? Bunlar hamısı yanlış fikirlərdir. Mobil və ev telefonu, internet olmayanda, insanlar bir-birinə salam verib, tanış olurdu. Kimisi tanış olub, dost münasibəti qururdu, kimisi isə xəyanət edirdi. Yəni bu insanın niyyətinə və tərbiyəsinə bağlıdır.

- Yeri gəlmişkən, son illər ölkədə boşanmaların sayı artıb. Sizcə bu nə ilə bağlıdır?

- Bir çoxları iddia edir ki, maddi sıxıntılarla əlaqədardır. Mən düşünürəm ki, indi ailələr maddi sıxıntılara görə yox, digər səbəblərə görə dağılır. Sadəcə, maddi sıxıntı da səbəblərdən biridir. Məsələn, xasiyyət düz gəlmir. Oğlanla qız ayrı-ayrı ailələrdə tərbiyə alıblar. Müəyyən məsələləri xırdalayıb, ortaq məxrəcə gələ bilmirlər. Evsizlik məsələsi də aktualdır. Hətta olur ki, boşanmağa geyim almaq, dükan-bazar məsələsi də səbəb olur.

- Maraqlıdır, Elariz Məmmədoğlunu nə təəccübləndirə bilər?

- Srağagün həyat yoldaşım yuxuda görür ki, qurban kəsirik. Səhər yuxudan oyanan kimi mənə dedi ki, yuxuda görmüşəm, mütləq qurban kəsilməlidir. Dedim ki, yaxşı. Üz tutduq, Mir Mövsüm Ağanın ziyarətgahına. Nəvəm Əlini də özümlə götürüm. Mənzil başına çatdıq. Deməli, bağlı yerdə təxminən 40-50 qoyun saxlanılırdı. Əli balam qucağımda qoyunlardan birini qırmızı rəngli olanını gözüm tutdu. Qoyuna baxdım ki, əsl qala cinsidir. Ürəyimdə düşündüm ki, bunu kəsdirəcəyəm. Nəvəm Əlinin 3 yaşı var. Məndən soruşdu ki, qoyunlar niyə burdadır? Dedim ki, bala, biz onlardan birini seçəcəyik, alacağıq. kəsəcəklər, hazır əti evə aparacağıq. Biz bu gün qurban kəsirik. Deməli, nəvəm xeyli baxdı, sonra əlini uzadaraq, ürəyimdə tutduğum qoyunu göstərərək, dedi ki, mən bunu istəyirəm. Təəccübləndim. Heyvanlar olan yerin qapısını açdım, girdim qoyunların yanına. Dedim ki, göstər görüm, hansını istəyirsən? Mən ürəyimdə tutduğum qoyunu göstərdi ki, bunu istəyirəm. Ürəyimdə buna çox təəccübləndim. Həmin qoyunu da kəsdirdim. Maraqlı hadisə budur. Başa düşürəm, ürəkdən-ürəyə yol var. Amma bu dərəcədə də yox.

- Baba olmaq necə hissdir? Bəzən deyirlər ki, nəvə övladdan daha şirindir.

- Nəvə sevgisi daha güclü olur. Çünki nəvə balacadır. İnsanın yaşa dolduğu bir dövrdə gəlir deyə, lap adamın ürəyi gedir (Gülümsəyir).

- Bir müddət öncə qardaşınızın şəhid olması ilə bağlı xəbərlər gündəmə gəldi. Niyə bu haqda indiyədək susmuşdunuz?

- Bilirsiniz, mən bu haqda uzun illər idi ki, danışmırdım. Sadəcə, olaraq, verilişin formatı belə idi. Onlar araşdırıb tapmışdılar. Mənə sual verməsəydilər, danışmazdım. Çünki mən bu kimi şeyləri istifadə etməyi xoşlamıram. Gedib, harasa ağız açmamışam. Tək mən deyil, ailəm, qohum-əqrəbam da elə deyil. Bunu açıb-ağartmaq istəməzdim. Orada hətta mənə elə suallar verdilər ki, kövrəldim. Azərbaycan tamaşaçısı məni hər zaman üzü gülər görüb. Verilişdə mənim kövrəlməyimi gördülər. Bu isə xoşuma gəlməyən haldır. Demirəm ki, kişilər ağlamır. Amma mən həmişə göz yaşlarımı gizlətmişəm. Lap pis olduğum vaxtlarda da qapı-pəncərəni bağlayıb, tək ağlamışam ki, heç kim- nə atam-anam, nə həyat yoldaşım, nə də ki, uşaqlarım görməsinlər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR