Gülay Zeynalova: “Subay vaxtı belə şeylərə göz yummuşam...” - Fotolar
Bizi izləyin

Tabloid.az

Gülay Zeynalova: “Subay vaxtı belə şeylərə göz yummuşam...” - Fotolar

Gülay Zeynalovanın yaşı çox olmasa da, səhnə təcrübəsi, istedadı onun sənəti haqqında söz deməyə imkan verir. Tabloid.az-a müsahibəsində uşaqlığını doyunca yaşamayan, amma sənətdə yaşından irəli getməyi bacaran Gülay hərdən uşaqlaşmaq istədiyini boynuna a

Gülay Zeynalovanın yaşı çox olmasa da, səhnə təcrübəsi, istedadı onun sənəti haqqında söz deməyə imkan verir. Tabloid.az-a müsahibəsində uşaqlığını doyunca yaşamayan, amma sənətdə yaşından irəli getməyi bacaran Gülay hərdən uşaqlaşmaq istədiyini boynuna alır:

- Yolum uşaqlar oynayan məhəllələrdən keçəndə, əhvalım köklənir onların oyun ab-havasına. Hərdən düşünürəm ki, mən onlar kimi olmamışam. Hərdən uşaqlaşmaq istəyirəm. Bu, bir anlıq hissdir. Amma bu günümə baxanda, min şükür edirəm. Yaşıma görə nailiyyətlərim az deyil. Ona görə də, uşaqlığımı sənət nailiyyətlərimə qurban verməyə dəyərdi.

- Səhnə təcrübənə əsaslanıb müğənniləri necə xarakterizə edərdin? 10 il öncəki müğənnilərlə indikilər arasında hansı fərqi görürsən?

- Hər aşiqin öz dövranı var. Müşahidəmə görə, indikilərin bir-birinə münasibəti pis deyil. Ən əsası rəqabəti düşmənçiliyə çevirməmişik. Səsi olmayan insanın içində paxılıq hissi oyanır. Mən özümə, sənətimə arxayınam. Mən rəqabət aparıram, amma sağlam şəkildə. Günü-gündən müasirləşirik. Hər bir ifaçı özünü arşınına görə ölçür. Hərdən davasız da ötüşməyənlər olur. Bizdən öncəki nəsilə gəlincə, onların da dava-qırğınları olub. İctimailləşib, amma bu günümüzə ələnib gələn yaxşı ifaları olub.

- Estrada da özünü sınadın. Bu, estrada ifaçılarına rəqabət mesajı deyil ki?

- Mahnını təqdim edəndə dinləyicilərin fikrini gözləyirdim ki, necə qəbul olunacaq. Şükür allaha bəyənildi. Estrada da musiqinin bir janrıdır. Qeyri-adi heç nə etməmişəm. Sadəcə bu janrda ilk dəfə mahnı ifa etdiyim üçün insanlarda maraq yarandı.

- Bir-iki günlük gündəmdə olmaq üçün şəxsi həyatlarını gündəmə gətirən sənətçilər kənardan necə görünür?

- Kimin qara və ya ağ piar apardığının fərqində deyiləm. Birincinin təbliğatından uzağam. İnsanın öz düşüncəsi olmalıdır, bir saatlıq və ya üç günlük gündəm xatirinə nəyəsə əl atmaq gülünc bir şeydir. Əgər sən yaddaqalan ifaçısansa, onda qara piara məncə lüzum yoxdur.

- Sənətinə irad tutmaq çətindir. Özünə çox məhdudiyyət qoyursan?

- Geyimlərimə qarşı çox ciddiyəm. Qətiyyən açıq-saçıq libaslar geyinmirəm. Kənar şəxslərin geyimlərinə fikrim birmənalıdır, əgər orda açıq-saçıqlıq varsa... . Hərənin öz geyim zövqü var.

Eyni zamanda, retro mahnıları təzələyəndə ona çox ehtiyatla yanaşıram. Qınaq obyekti olmaq istəmirəm. Hərdən mənə elə yerlərdən zəng olur. Baxıram ki, geyimimdən tutmuş, nitqimi, mahnılarımı diqqətlə izləyirlər.

- Deyəsən, ictimai fikri ilə oturub-durusan?

- Deyirlər ki, böyük sözünə qulaq asmayan böyürə-böyürə qalar. Amma məndə əksinədir. Kiminsə fikrinə qulaq asanda peşmançılıq çəkirəm. Öz fikrimlə hərəkət edəndə, xeyirini tapıram. Bu ondan irəli gəlir ki, ağlım kəsəndən işdə-gücdəyəm. Uşaqlığımı yaşamamışam. Dünyagörüşüm var.

- Sənətçilər bu şou-biznesdə əsl dost yoxdur deyirlər. Öz ağlı ilə oturub-duran Gülayın necə, dostu var?

- Sənətçilər arasında ən çox tarzən Humay Qədimova ilə dostluq edirəm. Həftənin bir neçə günü birlikdə ya gəzintiyə çıxırıq, ya geyim alırıq, dərdləşirik. Efirdə olanda mütləq bir-birimizi izləyirik. Mənfi və müsbət tərəfləri deyirik ki, bir də təkrarlamayaq.

- Sənətdəki çevikliyini ailədə də müşahidə olunur?

- İkisini bir arada yürütmək çox çətindir. Bacardığım qədər ikisinin də öhdəsindən gəlirəm. Sənətə 1-2 il deyil ki, gəldiyim, üç məktəb keçmişəm. Bunları hədər verə bilmərəm. Ailə də əvəzolunmazdır.

- Həyat yoldaşınla kəsişməyən tərəfləriniz hansıdır?

- Mən sənətdəki kimi ailədə də öz yerimi bilirəm. Ailədə üstünlük kişidədir. Buna təbii baxıram. Heç vaxt geyimim, getdiyim məkanlar və s. görə, ailəmdə söz-söhbət olmayıb.

- Qayınana-gəlin münasibəti həmişə aktualdır, siz necə yola gedirsiniz?

- Yaxşı. Qayınanamla bir evdə yaşayıram. Sağ olsun uşağın qayğısını çəkir. Mən el şənliyində olanda uşağı ona etibar edirəm.

- Uşağın deyəsən tez-tez nəzərə gəlir?

- Demirəm mənim uşağımdan yoxdur. Uşağı tez nəzər götürür, mən həssas insanam, ona bir şey olanda özümü yaxşı hiss etmirəm. Bu günlərdə xəstələnmişdi, həmişəki kimi çox narahat idim. Mən də valideynəm, narahat oluram. Sənətimdə vacib işim yoxdursa, boş vaxtımı yersiz məşğuliyyətlərə ayırmıram. Həmin gün mütləq övladımla maraqlanıram. 50 dayə bir ananın əvəzini verməz. Ona görə, valideyn sevgisini artıqlaması ilə verməyə çalışıram.

- Gülayı tanıyandan eyni bədən ölçüsündə görürük. Deyəsən, artıq kilo problemin olmur.

- Toyumda 49 kilo idim. Ana olanda isə 79-a çatmışdım. Sonra tədricən arıqladım. İndi 51 kiloyam. Hədəfim yenidən 49-a düşməkdir. Efir bir az dolu göstərir deyə, iki kilonu atmalıyam. Həyatda məni görənlər bilirlər ki, çox incə və arığam. İştahalı qadın deyiləm. Günlərlə ac qalım, yadıma düşməz, amma çay, su içməsəm dayana bilmərəm.

- Toy bazarında xüsusi yeri olan sənətçisən. Pul xərcləməkdə necəsən? Qazandığının qədrini bilirsən?

- Ehtiyat pulum hər zaman olub. Sabahımı düşünən qadınam. Səhnə üçün heç vaxt bahalı geyim almamışam. Əgər bir geyimi ən azı iki dəfə geyinəcəyəmsə, niyə israflıq etməliyəm? Subay vaxtı göz yummuşam belə şeylərə. Əl çantama və ayaqqabıma yetərincə pul verdiyim anlar olub. Eləsi var 6 ildir geyinirəm. Kifayət qədər pul xərclədiyim üçün qədrini də bilirəm. Bir də ətrafımdakı insanları da düşünürəm. Məsələn, ansamblla toya gedim, musiqiçilərin pulun artıqlaması ilə verirəm. Köməkçimin pulunu heç vaxt kəsməmişəm. Halallığı sevənəm. Yəqin ona görədir ki, Allah ruzimi kəsmir. Dar günümdə də, pulum olub. Bu gün ən çox pul xərclədiyim övladımdır. İki gündən bir paltar almıram. Amma alanda bahalısını alıram. Gec xərcləyirəm, amma kifayət qədər xərcləyirəm. Bir az əvvəl dediyim kimi, uşaqlığımı doyunca yaşamamışam deyə, övladımı bundan məhrum eləmək istəmirəm. Onu yaşına görə, ehtiyac olan nə varsa almağa çalışıram.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm