Məşhur Hollivud aktrisası: “O, indiyədək həyatımda yeganə kişi olaraq qalır”
Bizi izləyin

Tabloid.az

Məşhur Hollivud aktrisası: “O, indiyədək həyatımda yeganə kişi olaraq qalır”

İlk dərs günü. Qısasaçlı Vaynona ağlayır. Onu döyüblər. Elə öz sinif yoldaşları. “Sən oğlansan, yalan demə”. Qız göz yaşlarını silməyə imkan tapmır, növbəti zərbəni alır.

lk dərs günü. Qısasaçlı Vaynona ağlayır. Onu döyüblər. Elə öz sinif yoldaşları. “Sən oğlansan, yalan demə”. Qız göz yaşlarını silməyə imkan tapmır, növbəti zərbəni alır.

Valideynləri onu məktəbdən çıxarmağa məcbur olurlar. Qız bütün ili evdə dərs alır. Bununla belə, Vaynona məktəbi əla qiymətlərlə bitirir...

Onun valideynləri Rusiya və Rumıniyadan mühacirət etmiş yəhudilərin əcdadlarıdır. Vaynona aktrisa kimi fəaliyyətə başladığı vaxtlarda Conni Depplə qızğın məhəbbət romanı yaşayır. Depp aktrisaya o qədər vurulur ki, qoluna onun adını döydürür - “Winona Forever”. Yəni həmişə Vaynona. Düzdür, sonda ayrılılırlar. Amma Depp indiyədək də qolunda bu döyməni saxlayır, lakin... cüzi redaktəylə. “Həmişə Vaynona” “Həmişə şərab”a çevrilir. Amma bunun məsələyə elə bir dəxli yoxdur.

Çünki söhbət elə gözəlliyi və istedadıyla tamaşaçını şərab kimi məst edən Vaynona Rayderdən gedir.

Ceyran gözlü, incə bədən formalı, şümal dəriyə malik olan istedadlı aktrisa bu gün 43-cü doğum gününü qeyd edir.

Hollivud aktrisasının müsahibələrindən maraqlı çıxarışları diqqətinizə çatdırır.

...Məni hippi kimi təqdim edəndə xoşum gəlir. Yeri gəlmişkən, o nə olan şeydir?

Mən bir çox məşhur insanların bioqrafiyasını oxumuşam. Və belə başa düşürəm ki, əgər bu insanların həyatı bu qədər dolaşıq və çətin keçibsə, məndə də bu cür olmalıdır...

Mənim Culiya Robertsə yazığım gəlir. “Gözəlçə” filmi uğur qazandıqdan sonra aktrisa pul mənbəyinə çevrildi. İndi onun iştirak etdiyi hər bir filmin yaradıcları yalnız pul güdürlər. Allaha şükür ki, bu, mənim başıma gəlməyib...

Məktəb vaxtı mən Ceyms Bondun sevgilisi kimi geyinməyi və özümü ona oxşatmağı sevərdim...

İnanmıram ki, özümdən başqa kiməsə təsir edə bilim...

İlk filmimdə mənim personajımın xarakteri cəmi iki sözlə ifadə olunurdu: çirkin və ağıldankəm. İlk film qəhrəmanlarımın üzərinə sanki “kifir qız” damğası vurulub...

Anam buddizmə sitayiş edir. Atam isə ateistdir. Onlar mənə dindən ən yaxşı şeyləri götürməyi öyrədiblər. Bəzi mərhələlərdə mən də buddizmə sitayiş edirəm. Hər halda, karmanın mövcudluğuna inanıram...

Hər şeyin ilkini Conni Depplə dadmışam: gerçək öpüş, seks, dostluq, sevgililik... Onun mənim qəlbimdə həmişəlik qalması üçün bunlar kifayətdir.

Həbs olunmazdan 2 ay öncə (Vaynona bahalı mağazalardan birində alış veriş edərək 5000 dolları ödəmədən çıxıb gedərkən həbs olunub – red.) mən əlimi iki yerdən sındırdım. Ağrı dözülməz idi, həkim mənə güclü ağrıkəsicilər yazdı. O dərmanların təsiri altında mənə elə gəlirdi ki, başım bədənimdən ayrılaraq müstəqil həyat yaşayır. Elə bu dövrlərdə mağazalardan əşyalar oğurlamağa başladım...

Mən 3 illik sevgilim Conni Depplə ayrılarkən dərin bir depressiyaya düşdüm. O, indiyədək həyatımda yeganə kişi olaraq qalır. Lakin biz hələ də dost münasibətlərini saxlayırıq. Mağazada oğurluq məsələsindən sonra o, mənə gül dəstəsi və məktub yolladı: “Narahat olma, əzizim. Belə hadisələr bizim də başımıza gəlir. Məhkəmədə sənə uğurlar! Mən sənə inanıram!”. Bu hadisələrdən sonra uzun müddət heç kim mənimlə ünsiyyət qurmadı. Bundan böyük bir dərs götürdüm...

Çox yaşlı kişiləri xoşlamıram. Mənim ən seksual kişilər siyahımda Riçard Gir hətta ilk iyirmiliyə də düşməyib...

Mənim 18 yaşım olarkən Şon Pennlə mərcə girdim. O dedi: “500 dollardan mərcə gəlirəm ki, sənin 30 yaşın olanda aktrisa karyerası ürəyini bulandıracaq”. İndiyədək ondan bu pulları ala bilmirəm...

Mənim həyatım heç zaman qəzet və jurnal səhifələrində yazıldığı kimi maraqlı olmayıb...

Jurnalistlərə nifrət edirəm. Onların sənin haqqında yaza biləcəyi iki şeyi var: açıq-aşkar böhtan və hamıdan məxfi saxlamaq istədiyin hər hansı bir məlumat...

Mən heç vaxt indiki kimi xoşbəxt olmamışam...

Həyatda daha çox xəsislikdən qorxuram...

Nə zaman aktrisa olmaq qərarına gəldiyimi xatırlamıram. Lakin nə zaman yazıçı olmaq istədiyimi tam aydınlığı ilə xatırlayıram...

Ən çox sevdiyim əsər Selincerin “Çovdarlıqda uçurumdan qoruyan” kitabıdır... İyirmi yaşım olarkən sevdiyim oğlan Milad bayramında mənə 1950-ci ildə Selincerin kiməsə göndərdiyi açıqcanı mənə hədiyyə etdi. Orada “Milad Bayramınız Mübarək” cümləsindən başqa heç nə yox idi. Mən onu bir neçə il qoruyub saxladım. Lakin sonda onu geri qaytarmaq qərarına gəldim. Belə bir cavab yazdım: “Əziz cənab Selincer, mən bu açıqcanı nə zamansa hədiyyə kimi almışdım. Lakin indi açıqcanı geri qaytarmaqla sizin şəxsi həyatınıza sonsuz hörməti nümayiş etdirmək istəyirəm”. Sonra isə o mənə “Çox sağ ol” yazıb göndərdi. Bu, inanılmaz idi...

Bir dəfə dostlarımla barda oturmuşduq, onlar mənə dedilər: “Sən bilirsən ki, burada, Amerikada sənin həyatın haqda heç nə bilməyən kişiyə rast gəlməyəcəksən?”...

Mən həddindən artıq çox düşünürəm. Gələcək haqqında çox düşünürəm. Arxamda qoyduğum keçmiş haqda çox düşünürəm. Mən hər şey haqda düşünürəm, əgər bir şey hələ dünyada peyda olmayıbsa belə, lənətə gəlsin, elə onun haqqında da düşünməyə başlayıram. Bilirəm ki, axırda mənim beynim buna dözməyəcək...

“Qəribə”- bax bu sözə nifrət edirəm. Mənə qəribə deyən insanların hamısını güllələmək istəyirəm.
Həmişəlik... İlahi, bu necə də qəribə sözdür...

Mən aktrisa olmağımdan uzun müddət utanmışam. Mənə elə gəlirdi ki, aktrisalıq qeyri-ciddi peşədir...

Kino çəkilişləri üçün keçirilən sınağın tən ortasında rejissor birbaşa dedi: “Qulaq as, ay qız. Yaxşısı budur ki, aktrisa olmayasan. Sən kifayət qədər gözəl deyilsən. Sən evə qayıdıb məktəbə getməlisən ”. O zaman mənim 15-16 yaşım vardı. Valideynlərimin sayəsində mən bu sözlər qarşısında sınmadım...

Mən heç vaxt özümü kiminləsə müqayisə etməmişəm. Mənə həm ədəbiyyat, həm də kinoda bir çox insanlar ilham verib. Ancaq mən heç zaman kiməsə oxşamaq istəməmişəm...

Mən qəribəyəm, dəlisovam, təhsilliyəm, vəhşiyəm, yumşağam, qapalıyam, qənaətciləm, darıxdırıcıyam, romantikəm, eqoistəm, qürurluyam, qəddaram, qaşqabaqlıyam, mehribanam. Amma ən əsası, müsahibəni uğurla başa vura bildim”.

Ümumiyyətlə, kinoulduzun şəxsi həyatı jurnalist və tamaşaçıların daim diqqət mərkəzindədir. O, müxtəlif səbəblərdən insanların diqqətini çəkə bilib. Məsələn, 20 yaşında suda boğulub öləcəkdi. O vaxtda etibarən Vaynona sudan çox qorxur.

2001-ci illərdə aktrisa mağazadan oğurluq etməkdə və narkotik istifadədə ittiham olunaraq həbs edildi. Sən demə, Vaynona kleptomaniya (və ya oğurluq xəstəliyi) kimi psixi pozuntudan əziyyət çəkirmiş.

Vaynona, sanki, yuxulu insan kimi özündən asılı olmadan əlini piştaxtaya qoyulmuş saç sancaqlarına uzadar, qiymət kağızını qoparıb atar, oğurlanmış malı isə çantasına qoyardı. Bu hələ harasıdır? Əvvəllər, o, qaldığı mehmanxanalardan da oğurluq edərdi. Mehmanxana işçisi deyib: “Nəinki xələt və dəsmallar, hətta gümüşü qaşıqlar və güldanlar da yoxa çıxıb”...

Qotik imicinə görə ona tez-tez ölü, qatil və ağıldankəm rolları verilir...

Rayder uşaqlıqdan televizora baxmazdı, ölmüş əcdadlarının ruhu ilə danışardı. Hətta aktrisa bir dəfə pis yuxu gördükdən sonra rejissor Attenboroya təyyarəyə minməməyi tövsiyə edir. Həqiqətən də, rejissorun imtina etdiyi təyyarə qəza törədir.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm