“Fransaya heç bir borcum yoxdur” – Jerar Departye
Bizi izləyin

Tabloid.az

“Fransaya heç bir borcum yoxdur” – Jerar Departye

Fransa mətbu orqanı olan “XO Editions” Jerar Departyenin “Belə alındı” adlı kitabını dərc edib. Avtobioqrafik məzmunlu bu kitabda dünya şöhrətli aktyor öz həyatının müxtəlif mərhələlərindən bəhs edir.

Fransa mətbu orqanı olan “XO Editions” Jerar Departyenin “Belə alındı” adlı kitabını dərc edib. Avtobioqrafik məzmunlu bu kitabda dünya şöhrətli aktyor öz həyatının müxtəlif mərhələlərindən bəhs edir.

Kitab Departyenin doğulduğu gündən bu günə qədər, demək olar ki, onun həyatını bütünlükdə özündə birləşdirir. “Belə alındı” kitabı olduqca səmimi və ürəkdən qələmə alınıb. Amma, necə deyərlər, həddindən artıq səmimiyyət bəzən xoşagələn olmur.

Jerar dünyaya göz açanda onun anasının artıq iki övladı var idi və o, üçüncü bir övlad dünyaya gətirmək haqqında düşünmürdü.

Xanım Lilett Jerara hamilə olduğunu öyrənəndə birmənalı şəkildə bu uşağı dünyaya gətirməyəcəyini qərara alır və ondan yaxa qurtarmaq üçün müxtəlif vasitələrə əl atır. Xanım Lilett hətta toxuculuq zamanı istifadə edilən şişlərlə də övladının doğulmasının qarşısını almağa çalışır. O, çoxsaylı iynə və dərmanlardan sonra öz istəyinə müvəffəq ola bilmir, böyük aktyor Jerar Departye doğulur. Gələcəkdə Lilett bu haqda oğluna söz açarkən belə deyir: “Biz, az qala, səni öldürəcəkdik!”

Buna baxmayaraq, Jerar heç vaxt anasını olanlara görə qınamamış, onu başa düşməyə çalışmışdır. Xanım Lilett Jerardan sonra da düz üç övlad dünyaya gətirdi. Və hər birinin doğumunda Departye anasının yanında olub, ona dəstək çıxdı. Jerar hətta anası ilə doğuma da girdi.

Gələcəyin ulduz aktyoru öz tətillərini nənəsigildə keçirirdi. Jerar nənəsi ilə birgə yaşayan və aeroportda işləyən Orlini hələ də xoş xatirələrlə yad edir: “Mən ayaqyolunda oturub radioda elan olunan uçuşların səsini dinləməyi çox sevirdim: Yola düşən təyyarə Rio-de-Janeroya uçur. Bunu eşidəndə həyəcandan dəli olurdum. Camaat Rioya uçur! Bir gün mən də o təyyarədə uçacam! Və mən həmin təyyarənin necə göyə qalxacağını izləmək üçün tez qaçıb özümü həyətə çatdırırdım...”

Departyenin atası çox fərqli şəxsiyyət olub. Onun ləqəbi Dede idi. O, oxumağı və yazmağı bacarmırdı. Yaza bildiyi bir hərf var idi – “D”. Bunu da o, imza ata bilmək üçün öyrənmişdi. Dedenin danışığı da heç yazma bacarığından fərqlənmirdi. Departyenin sözləri ilə desək: “O elə hey “Muff! Uff! O lya lya!” deyirdi”.

On bir yaşı tamam olandan Dede çəkməçi işləyirdi. O, zibillikdən tapdığı maşın təkərlərindən başmaqlar düzəldir və onları satmaqla çörək pulu qazanırdı. İşdənsə evə adətən içkili halda qayıdırdı. Və həmişə oğlunun üstünə qışqırırdı: “Mən işləyirəm, sənsə ancaq yeməyi bacarırsan!”

“Mən insanları sevirəm! Mən yaşamağı sevirəm!” – cümləsini tez-tez vurğulayır aktyor.

Memuarda yazılanlara görə, Departyenin ana vətəninə olan duyğuları heç vaxt dəyişməyib: “Mən Fransadan imtina etmədim, fransızlar məndən üz döndərdi. Onlar tədricən “azadlıq” anlayışını itirməyə başladılar, tezliklə həyatın və xoşbəxtliyin nə demək olduğunu unutdular. Onlara “qorxu” adında böyük bir bədbəxtlik üz verdi. İndi onları öz gələcəkləri və başlarına gələ biləcəklər narahat edir. Xarici vətəndaşlardan, qonşulardan, sabahdan qorxmaq...”

Bu yazdıqlarından sonra Jerar əlavə edir: “Əgər mən anamın “toxuculuq şişləri ilə” mübarizədə qalib gəlib doğulmuşamsa, nədən qorxa bilərəm bu həyatda?”

Kitabın böyük bir hissəsi son illər Departyenin həyatında baş verən ciddi dəyişikliklərə həsr olunub. Burda onun Rusiya Federasiyasının vətəndaşlığını qəbul etməsi, Mordoviya Respublikası ərazisində yaşaması, Saransk şəhərində keçirdiyi günlər də öz əksini tapıb.

“Niyə mən həmişə özümü rus hesab etmişəm?” – deyə aktyor özü-özünə sual verir.

Departye özünü rus hesab edir çünki özünün də qeyd etdiyi kimi o, hələ yeniyetməlik illərindən rus ədəbiyyatını mütaliə etmiş və bu ədəbiyyata aşiq olmuşdu: “Karamazov qardaşları mənə çox şey öyrətdi”.

“İnsanın gücü, gözəlliyi və faciəsi – hər biri insana bu qədər mükəmməl şəkildə yalnız Dostoyevskinin dili ilə belə möhtəşəm izah oluna bilərdi. Dostoyevskinin bütün sevdiyim qəhrəmanları Rusiya ərazisində dünyaya göz açdı. Mən bu obrazlarla özüm arasında mövcud olan fiziki yaxınlığı hiss edə bilirəm. Kitabdan təsirlənib, Rusiya torpaqlarını görmək arzum baş qaldıranda hələ on üç yaşım var idi. Sankt-Peterburqdan Novosibirskə, Krasnoyarskdan İrkutska – ölkəni qarış-qarış dolaşmaq istəyirdim. Fransada mən artıq canımı tapşırırdım, havam çatmırdı. Bu havanı mən Rusiyada tapdım”.

“Rusiyanın qapılarını mənim üzümə Vladimir Putin açdı. İndi mən, nəhayət ki, özümü rus hesab edə bilir və ölkə ərazisində rahatlıqla istədiyim kimi hərəkət edə bilirəm. Mənim yaşadığım şəhər – Sarans Moskvadan 700 kilometr uzaqlıqdadır. Mən küçədə gəzərkən bəzən ayaq saxlayıb musiqi sədalarını dinləyirəm və öz-özümə deyirəm: Bura qadınların həmişə mahnı oxuduğu məkandır”.

Departye Putinlə görüşünü xatırlayır. Onlar 2008-ci ildə Sankt-Peterburqda tanış olublar: “Putin o saat mənim xuliqansayağı şəxsiyyətimi bəyəndi. Biz Fransa inqilabından, Dantondan danışdıq. Qərara gəldik ki, mütləq bir gün görüşək”.

“Mən Rusiyanı sevirəm, mən Putinin dostuyam. Mən özümü Fransanın və ya Rusiyanın vətəndaşı olaraq yox, dünyanı vətəndaşı olaraq görürəm. Mən harda yaşamaq istəyirəmsə, orda yaşamalı, kimi sevmək istəyirəmsə, onu sevməli, nə etmək istəyirəmsə, onu da etməliyəm...”

“Mənim 65 yaşım var və qazancımın 87 faizini vergi vermək istəmirəm. Mən öz boynuma düşəni etmişəm – Fransa hakimiyyətinə 150 milyon avro pul ödəmişəm və heç vaxt qarşılığına onlardan bir şey istəməmişəm. Heç vaxt öz məşhurluğumdan istifadə etməmişəm: həkimlərdən, əməliyyatlardan tutmuş, ən kiçik xərcə qədər hamısının pulunu özüm ödəmişəm. Mən Fransa qarşısında özümü borclu hesab etmirəm. İndi imkan versinlər, rahat yaşayım”.

kult.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm