Afaq Aslan: “Aytac Bərdəli çaşıb...”
Bizi izləyin

Tabloid.az

Afaq Aslan: “Aytac Bərdəli çaşıb...”

Bir müddət öncə “Azəri star” yarışmasının qalibi Günel Məhərrəmova ilə qalmaqal edən müğənni Afaq Aslan bu dəfə həmkarı Aytac Bərdəli ilə dalaşıb. “Hər bir havada” verilişində söz davasına çıxan müğənnilərin nəyi paylaşa bilmədiyi isə heç kimə bəlli deyi

Bir müddət öncə “Azəri star” yarışmasının qalibi Günel Məhərrəmova ilə qalmaqal edən müğənni Afaq Aslan bu dəfə həmkarı Aytac Bərdəli ilə dalaşıb. “Hər bir havada” verilişində söz davasına çıxan müğənnilərin nəyi paylaşa bilmədiyi isə heç kimə bəlli deyil... Güman ki, onlar yalandan qalmaqal yaratmaqla gündəmə gəlmək, diqqət çəkmək istəyirlər.

Afaq Aslan Tabloid.az-a müsahibəsində dalaşdıqlarını deyib, amma hansı səbəbdən bunu etdiklərini ciddi cəhdlə gizlədib:

- İstəmirəm ki, münasibətlərimizin nəyə görə pozulduğunu bilsinlər. Yalnız onu deyə bilərəm ki, şəxsi söhbətdir. Sənətə aidiyyatı olan məsələ deyil. Şəxsi həyatla bağlı dava-qırğındır.

- Bir müddət öncə mətbuata açıqlama verdiniz ki, Günel Məhərrəmova sizin sevgilinizlə münasibətdə olub. Olmaya, bu dəfə də Aytacla sevgiliniz arasında nəsə münasibətin olmasından şübhələnirsiniz?

- Yox, belə bir şey yoxdur. Verilişdə gözlənilmədən rastlaşdıq. Onunla eyni verilişdə iştirak etmək heç mənə də xoş deyil.

- Afaq, bəlkə siz Aytac Bərdəli ilə belə şou yaradıb gündəmə gəlmək istəyirsiniz? Sizcə, bu “qalmaqalda” hansı tərəf məşhurlaşacaq?

- İstəmirdim ki, bu söhbət hamıya bəyan olsun. Mən onunla dava edən günü mətbuat katibim Türkana zəng edib dedim ki, bu söhbət mətbuata qətiyyən çıxmasın. Mənim onunla davam var, özümüz bilərik, aramızda da həll edəcəyik. Bu söhbət eyni verilişdə təsadüfən qonaq olmağımızdan açıldı. O, məni görəndə şoka düşdü, mən də təəccüb elədim ki, bu nədir, ikimiz də eyni verilişdəyik. Məncə qadın güclü olmalıdır. İstər sənətdə, istərsə də şəxsi həyatında. Mübarizə aparmağı bacarmalısan. Aytacın verilişi yarımçıq tərk etməsi onun acizliyidir. Mən də verilişi tərk edə bilərdim. Amma bu hərəkət tamaşaçılara qarşı böyük hörmətsizlik olardı ki, onu da Aytac etdi. Son zamanlar belə qərara gəlmişəm ki, insanlar arasında baş verən xoşagəlməz hadisələr pərdə arxasında qalsa yaxşıdır. İstəməzdim Aytacla aramızda baş verən münasibət hər kəsə bəlli olsun. O, verilişi tərk etdi, daha sonra kənarda ağlamağa başladı, bu da onun gücsüz olmağından xəbər verir.

- Dediniz ki, aranızda dava-qalmaqal olub. Aytacı hətta ağlatmısınız. Barışmağa “əl yeri” qoymusunuz, yoxsa bütün körpülər yanıb?

- Bilmirəm, hər şey ola bilər. Amma o insan mənə qarşı çox səhv addım atıb.

- Şou-biznesdə artıq ikinci müğənnidir ki, dalaşırsınız. İlk dəfə Günel Məhərrəmova ilə savaşdınız. İndi isə Aytac Bərdəli ilə... Nə baş verir, problem kimdədir?

- Problem onlardadır. Onlardadır ki, ilişəndə qabağındakı adamın kimliyinə baxmırlar. Adam var ki, kimsə ona ilişir, ya da çaşıb nəsə bir hərəkət edir, o isə susur. Xaraktercə emosional insanam, susmağı bacarmıram. Mənə qarşı səhv addım atan insana qarşı sərtəm. Ona öz fikirlərimi bildirməliyəm ki, sən bu söhbətdə səhvsən. Bu da mənim çox çılğın insan olmağımdan irəli gəlir.

- Siz Günelə qarşı çox amansız oldunuz, Aytac Bərdəliyə qarşı da eyni münasibəti göstərəcəksiniz?

- Açığı, verilişdə aramızdakı soyuqluğu bildirmək istəmirdim. Düşündüm ki, efir xətrinə, tamaşaçılara hörmətsizlik olmasın, bunu büruzə verməyək. Heç kim bilməsin ki, küsülüyük, 10 gün əvvəl dava-qırğın eləmişik. Amma gərginliyi o, özü yaratdı. Başladı danışmağa və vadar elədi ki, mən də danışım. O, başlayandan sonra ona cavab verməliydim axı. Başladı ki, bəs Afaqla aramızda münasibət pozulub, biz yola getmirik. Aytac verilişdə bu haqda danışmasaydı, mən dalaşmağımızla bağlı bir cümlə də deməyəcəkdim.

- Afaq, necə düşünürsünüz, Aytac gözəldir, yoxsa siz?

- Onu mən deyə bilmərəm, kənardan baxanlar söyləsinlər. Özüm-özümə necə deyim ki, mən gözələm?

- Amma Günel Məhərrəmova ilə aranızda qalmaqal olanda deyirdiniz. Hətta onun fiziki göstəricilərini bəyənmədiyinizi dəfələrlə vurğulamışdınız.

- Siz qalmaqal yaratmaq istəyirsiniz. Amma mənim Aytacla qırğın eləmək fikrim yoxdur. Mən ona əsəbiləşmişdim. Əsəblərimi cilovlaya bilmədim, onun evinə getdim. Davamız da onda olmuşdu. O, ilk dəfə məni görəndə dedi ki, Afaq, mən səni həmişə efirdən izləmişəm. Demişəm ki, çox gözəl bir xanımdır. Kaş ki, mən də onun kimi gözəl olardım. Bu sözləri Aytac özü deyirdi. Hətta deyirdi ki, inanmaram, sənin kimi sevgilisi olan bir kişi hansısa başqa bir qıza baxsın. Aytac dedi ki, səni hər zaman efirdə görəndə anamı çağırıb söyləyirəm, gör nə gözəl qızdır. Aytac bu sözləri hətta verilişdə qonaq olan zaman da söylədi. Bildirdi ki, mən hər zaman Afaq Aslanın gözəlliyinə “balet” eləmişəm. Bilirsiniz, o qızın adamı qıcıqlandıran sözləri var. Dünən özü verilişdə məni acıqlandırmasaydı, ona heç nə deməyəcəkdim. Özü məni qıcıqlandırdı, danışdırdı, sonra da verilişi tərk eləyib, ağladı.

- Bu şounuzdan sonra kim kimin sayəsində özünə reklam qazanacaq?

- Mən kifayət qədər tanınıram. Mənim reklama heç bir ehtiyacım yoxdur. Hazırda öz mahnılarım üzərində işləyirəm. Növbəti klipimin çəkilişlərinə başlamışam. Yəni mənim bu gün qalmaqal edib, tanınmağa ehtiyacım yoxdur. Çünki Afaq Aslan deyən kimi, hamı bilir ki, söhbət kimdən gedir. Amma Aytac Bərdəli deyəndə görək onu kim tanıyacaq? Hər halda kim tanınmırsa, onun da reklama ehtiyacı var. Mənim sayəmdə reklam olunan müğənni o, özü olacaq. Axı Aytac Bərdəlini heç kim tanımırsa, mən necə tanınmayan bir adamla özümü reklam edə bilərəm?

- Aytac Bərdəli mərhum müğənni Vidadi Bərdəlinin qızıdır. Onu da tanımırsınız? Sənətdə sizdən daha əvvəl olub. Çətin ki, onu tanımayan ola...

- Atasını tanıyırdım. Amma özünü yox.

- Yeri gəlmişkən, sevgilinizlə barışdınız?

- Barışmışıq, hər şey çox gözəldir. Xoşbəxtəm, sevirəm və sevilirəm.

- Münasibətlərinizi nə zaman rəsmiləşdirməyi düşünürsünüz?

- Hələ tezdir. Bu haqda düşünmürəm.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm