• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Aygünü Türkiyədə məşhurlaşdıran haqqındakı sərt ittihamlar oldu” - Fotolar

“Aygünü Türkiyədə məşhurlaşdıran haqqındakı sərt ittihamlar oldu” - Fotolar

Türkiyə vətəndaşları ilə ailə qurub həyatlarını qardaş ölkədə davam etdirən həmvətənlərimiz az deyil. Onların sırasında şou-biznes nümayəndələri də var. Tabloid.az Türkiyədə yaşayan müğənni, “Yeni ulduz” musiqi yarışmasının ən məşhur simalarından biri Aygün İsmayılova ilə eksklüziv müsahibəsini oxuculara təqdim edir.

- Vətəndən uzaq, qərib eldəsiniz. Darıxmırsınız ?

- Darıxmamaq mümkün deyil. Burnumun ucu göynəyir. Ailəm, dostlarım, yaxınlarım və Vətənim, səhnə üçün elə çox darıxıram ki… Ən son Bakıya bu ilin fevralında gəlmişəm.

- Həyat yoldaşınız Bakını bəyənir?

- Mənim yoldaşım əslində dünyanın hər bir yerində olub, bircə Azərbaycanda olmamışdı. Mənim sayəmdə vətənimi də gördü. Toyumuz üçün 30 avqustda Bakıya gəldi və 1 sentyabrda toyumuz oldu. Bakıda ancaq İçərişəhəri demək olar ki, tam gəzə bilib. Ona görə ki, toy fotosessiyamız orada baş tutdu. Yəni şəhəri çox gəzə bilmədi. İnşallah gələn il yaz aylarında ailəliklə Bakıya gəlməyi planlaşdırırıq. O zaman nəinki Bakını, Azərbaycanın bir çox görməli yerlərini - Qəbələni, Şamaxını, Qubanı, Lənkəranı, Gəncəni gəzəcəyik.

- Aygün xanım, bu yaxında ana olmusunuz. Sizi təbrik edirik...

- Təşəkkür edirəm. Analıq çox gözəl bir hissdir. Ana olandan sonra insan anasının qədir qiymətini bilir. (Gülür) Allah istəyənlərə qismət etsin. İstəməyələrə isə övlad verməsin. Çünki bir neçə günlük körpəsini atan analar var. O səbəbdən Allah arzusunda olanlara nəsib etsin. Şükür olsun, çox sağlamdır. Bir az mənə oxşayır, bir az da atası Haluka. Heç birimizin xətrinə dəyməyib. (Gülür) Əsas odur ki, ağlağan deyil. Hazırda 2 aylıqdır.

- Aygün xanım, yerli müğənnilərimiz Türkiyə şou- biznesinə qatılmağa can atırlar. Siz bu haqda nə düşünürsünüz?

- Bizim müğənnilərimiz qan-tər bahasına can atır ki, Türkiyə şou biznesinə qatılsınlar. Mənə elə gəlir ki, bizimkilər Türkiyə şou biznesini gözlərində çox böyüdürlər. Burada monopoliya hökm sürür. Hər adamı, həm müğənnini qəbul etmirlər. Bizim müğənnilərimiz bir kisə pul xərcləyirlər ki, klipləri onların musiqi kanallarında yayımlansın. Lakin onları bu pulla belə qəbul etmirlər. Çünki nə işlərini, nə kliplərini, nə mahnılarını, nə də ifalarını bəyənirlər. Türkiyədə pulla yanaşı sənət də tələb edirlər.

Əlbəttə ki, mən də Türkiyə şou-biznesinə qatılmaq üçün çox böyük məbləğdə pul xərcləməliyəm. Bunu isə mən heç Azərbaycanda etmədim. Mən heç Azərbaycanda toylara getməyə can atmırdım. Mən istəyirdim ki, prodakşn şirkətlə işləyim. Mənim sənətimə sərmayə qoysun, pul qazansın. Konsertlərdən pul qazanım, toylardan yox.

Həyat yoldaşım isə özü mənim yerimə musiqi yarışmasında qeydiyyatdan keçib və mənə sürpriz etmişdi. Mənə zəng edib yarışmaya dəvət edəndə artıq imtina edə bilmədim. Mən Türkiyədə şou biznesə qatılsam belə, mütləq hər hansı bir menecer və ya prokdakşn şirkəti ilə çalışmalıyam. İnşallah, qismət...

- Yarışmanın sonu nə oldu ?

- Acun Media ilə 1 illik müqavilə imzalamışam. Bir il müddətində yarışmadan ayrılsam da, heç bir şirkətlə müqavilə imzalaya bilmərəm. Yarışmanın isə birinci mərhələsindən keçmişəm. Əslində xəstə idim. Qulaqlarımda iltihab vardı. Səs imkanlarımı səhnədə tam olaraq göstərə bilməmişdim. Qarşıda hələ seçilən iştirakçılar arasında duellər var.

- Yerli müğənnilərimiz Aygün Kazımova, Röya və Rəqsanə Türkiyə şou biznesinə qatılmaq üçün kifayət qədər böyük pullar xərcləyirlər. Sıravi türk tamaşaçısı onları tanıyır?

- Adi türk vətəndaşları məsələn, mənim buradakı qohum-əqrəbalarım onları tanıyırlar. Mən onları tanıtmağa çalışıram. Amma sənətçilər arasında bildiyim qədər İradə İbrahimovanı, Aygün Kazımovanı və Röyanı tanıyırlar. Amma Rəqsanəni bilmirəm. Sənət aləmində onları tanısalar da, adi türk sakinlərinin 0,001 faizi onları tanıyar. Onlar heç öz sənətçiləri haqqında çox maraqlanmırlar. Bir də əlavə edim ki, Aygün Kazımovanın tanınmasına səbəb onun haqqında ağır ittihamlı şayə xarakterli, xoşagəlməz xəbərin çıxması oldu. Antireklam da olsa, Aygün Kazımova burada reklam olunmuşdur.

- Aygün xanım, Türkiyədə yaşayan həmkarlarınız İradə İbrahimova və Azəri qızı Günel ilə münasibətləriniz necədir ?

- Onların heç biri ilə əlaqəm yoxdur. Türkiyə vətəndaşları ilə ailə quran keçmiş televiziya əməkdaşları ilə əlaqəm var. İradə İbrahimovanı isə çox sevirəm. Azəri qızı Günellə isə ümumiyyətlə, şəxsən tanış deyiləm. Onlar İstanbulun Avropa bölgəsində, mən isə Asiya tərəfində yaşayıram. Könüllər istəsə heç bir məsafə bəhanə ola bilməz. (gülür)

- Və sonda, Sizi tanıyan və Sizin üçün darıxan oxuculara nə demək istəyərdiniz ?

- Vətənimin hər bir övladını öpürəm bağrıma basıram. Qürbətdəyəm... (kövrəlir) Uzaqda olsam da, bu sənətdə olsam da, azərbaycanlı olduğumu unutmayacağam. Öpürəm hamınızı.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR