Nigar İbrahimova: “Hərdən üsyan edirəm ki, sən niyə yoxsan?”, Müsahibə, Fotolar
Bizi izləyin

Tabloid.az

Nigar İbrahimova: “Hərdən üsyan edirəm ki, sən niyə yoxsan?”, Müsahibə, Fotolar

Vizajist Nigar İbrahimovanı tanıyanlar onun zəhmətkeşliyini xüsusi vurğulayır. Bacısı, müğənni İradə İbrahimova səhnədə ilk addımlarını atanda ən böyük dəstəyi Nigardan görüb

Vizajist Nigar İbrahimovanı tanıyanlar onun zəhmətkeşliyini xüsusi vurğulayır. Bacısı, müğənni İradə İbrahimova səhnədə ilk addımlarını atanda ən böyük dəstəyi Nigardan görüb. Bu gün xaricdən mütəxəssislər dəvət edib, vizaj sənətini öyrənmək istəyən xanımlar üçün seminarlar təşkil edən, gələcəkdə isə bu peşənin məktəbini yaratmağı qarşısına məqsəd qoyan Nigar xanım tezliklə ana olmağının sevincini də yaşayacaq.

Amma özü bu xəbərin ictimailəşməsinə ehtiyac olmadığını Tabloid.az-a müsahibəsində vurğulayıb:

- Əslində bunu gizlətmirəm. Müqəddəs bir hissdir. Sadəcə ana olacağım xəbəri mənə və ailəmə məxsusdur deyə, xəbər yazılmasını istəmədim.

- Yəqin ki, verilişlərdə çıxış etməməyin bununla bağlıdır...

- Həm bu, həm də işlərimin çox olması səbəbindən verilişlərdə iştirak edə bilmirəm. Çox çalışıram.

- Bu çalışmanın arxasında sadəcə xanımları makiyaj etmək dayanır, yoxsa böyük layihələr?

- Açığı həm işlərim çoxdur. Həm də məşhur bir kosmetika firmasının layihələri üzərində çalışıram. Hazırda peşəkar vizajistlər üçün seminarlar təşkil edilir. Bu seminarlar eyni zamanda, stilist olmaq istəyənlər üçün çox sərfəlidir. Sertifikat alıb, iş həyatına qatıla bilirlər. Hamının xaricdə təhsil almağa maddi imkanları yoxdur. Mən peşəkar mütəxəssisləri bura gətirirəm. Həmin kadrlara dərs keçirilir.

- Bunu salonun tərkibində deyil, məktəb formasında genişləndirməyi düşünmüsən?

- Təkliflər almışam və hazırda bunu gözdən keçirirəm.

- Bu gün müğənnilər qədər məşhur vizajistlərimiz də var. Cəmiyyətin çox hissəsi onları tanıyır. Kənardan məşhur həmkarlarının işin necə qiymətləndirirsən?

- Azərbaycanlı xanımları təəccübləndirmək bir az çətindir. Çünki hər şeyin ən yaxşısını bilirik. Bu gün eyni sırada əyləşib, bu peşə haqqında öz sözünü deyə bilən 5-6 nəfər var. Qalanları yerində sayır. Onlara peşəkar deyə bilmərəm.

- Şou-biznes nümayəndələri arasında rəqabət güclüdür. Bir-birinin ayaqlarını çəkirlər. Siz iş həyatınızda belə hallarla qarşılaşmısınız?

- Nadir hallarda ola bilər. Tanıdığım əksər saç və makiyaj ustaları mənə “sən bu işin divasısan”, - deyib, utandırırlar. Amma bəzən “Nigarın işi təkcə Şərq üslubludur”, - deyənlər də olub. Əslində mənim müştəri silsiləmin 70 faizi elə Şərq üslubunu seçən xanımlardır. 120-dən çox tələbə yetişdirmişəm və hazırda özləri sərbəst şəkildə çalışırlar. Məndən başqa bu qədər tələbə yetişdirən ikinci adam yoxdur. Bu cəsarət heç kimdə yoxdur! Hərdən tələbələrim mənim salonumda işləyib, sonra başqa məkana keçəndə, kənardan “çörəyi dizinin üstündə” kimi qələmə verilir. Elə bilirlər məni qoyub gedirlər. Əslində onlar yeni iş həyatına başlayırlar.

- Vaxtilə özündə də dəbdəbəli sayılan salonda çalışırdın. Sonradan öz biznesini qurdun.

- Bəli. Vallah insanın övladı özü ilə ömürlük qalmır. O ki qaldı yad bir insan. Tələbə püxtələşməlidir və təbii ki, sonra öz yolunu tapmalıdır... Ağıllı insanlar buna normal yanaşırlar.

- İradə İbrahimovanın sənətə gəlməyində Sizin rolunuz böyükdür. Sənətdə dəsti-xətti olan İradə İbrahimovanın əvvəlki qaynar günlərinə qayıtması nə dərəcədə mümkündür?

- İradə sənətində uzun zaman fasilə yaratsa belə, istənilən zaman sənətinə qaldığı yerdən davam etməsi onu zərrə qədər tamaşaçısına yadlaşdırmayacaq. İradənin sənətini sevən və onu səhnədə görməyi arzulayan və yaxud onun az dinləyən tamaşaçısı artıq dilə gəlib. Onlar İradənin səhnədəki yerinin boş olmasını dəfələrlə deyirlər. Hətta müğənnilər belə dilə gəlib. Bu sözü deyirlər. İradə bu sənətdə ayrıca yeri olan bir müğənnidir.

- Amma bəzi publika İradənin boş qalan yerinin Günay İbrahimlinin doldurduğu qənaətindədir. Hətta Günay sosial şəbəkəsində bəzi fotolarında İradəyə bənzədiyini söyləyib. Bu, bir ismarıc deyil ki?

- Mən Günayın bu hərəkətinə əsəbi münasibət bildirmək istəmərəm. Çünki onun bunu səmimiyyət və fəxrlə etdiyinə əminəm. Onu İradəyə oxşadanlar olur və özü də bəzən özünü hansısa fotoda İradəyə oxşada bilər. Hər birinin yeri başqadır. Hər ifadəni iki başlı qəbul etmək olar. Mən buna müsbət tərəfdən yanaşıram. Günayla təmasda olmuşam və bu kəlməni sevgi ilə bildirdiyinin şahidi olmuşam.

- İradə İbrahimovanın iki klip, fotosessiya, albom üzərində çalışdığını bilirik. Bakıda təqdimat nə vaxta planlaşdırılıb?

- İradə bu işləri şirkətdən təhvil aldıqdan sonra Bakıda təqdim edəcək. Məhərrəmlik ağır aydır, İradə bu ayda təqdimat etmək istəmir. Güman ki, təqdimat matəm ayı başa çatandan sonraya təsadüf edəcək.

- Sənətini çox sevdiyini dəfələrlə deyən İradə İbrahimova yəqin ki, bu qədər fasiləni sakit qarşılaya bilmir. Bu haqda hisslərini sizinlə bölüşür?

- İradə elə bu günlərdə belə bir söz işlətdi ki, “bacı sənətim üçün darıxmışam, burnumun ucu göynəyir”. Eyni zamanda Vətəni, doğmaları üçün də çox darıxıb. Sənəti üçün darıxmağı gözəldir. O, sənətini ata bilməz. Hər gün toylarda, mərasimlərdə olmaq önəmli deyil. Amma sənəti üçün darıxmaq o deməkdir ki, İradə yaxın günlərdə yenilikləri ilə hamını sevindirəcək. Mən özüm də bacı kimi başqa, onun ifası, mahnıları üçün çox darıxmışam. Arada “Skype”-da öz mahnılarımızı zümzümə edir. Gözüm dolur. Deyirəm “İradə səndən doğrudan da yoxdur”. İradə ilə bir evdə yaşamışam, sənəti gözümün önündə, səsi hər zaman qulağımda olub. Amma eyni səsi hər gün eşitmək məni yormayıb. Bilirəm ki, o səs üçün çox darıxıram. Ən xoş günümdə, kədərli, yorğun olanda İradənin mahnısına qulaq asıram və o gün olmur ki, mən kədərlənməyim, gözüm dolmasın. İradə üçün nəinki burnumun ucu göynəyir, sızıldayıram bəlkə də... Hərdən üsyan eləyirəm ki, sən niyə yoxsan.

- Bəs İradə bununla bağlı nə deyir?

- İradə ildə bir-iki mahnı təqdim edir, amma yüksək səviyyədə. Baxın uzun illərdi səsləndirdiyi mahnıları dinləyəndə insana eyni sevgi hissi aşılayır. Deyir ki, icazə verin ki, ortaya sanballı bir iş çıxarım. İnsanlar dinləyəndə üz çevirməsinlər. Tələsdirməyin mənir. Əslində düz də deyir. Hərdən onun qaynar günlərini xatırlayıram. İradə sanki bir müharibəyə atılmışdı, əsgər həyatı yaşayırdı. Gündə neçə çəkiliş, tədbir, səhnə proqramları və s. Ev çatıb 5 dəqiqə dincəlməmiş, o biri işinin dalınca qaçırdı. İradə mənim uğur böcəyim olub. Bacımın başqa havası var. Mənim həyatımda olması, mənim üçün uğurdur. Hərdən deyirəm kaş ki, 10 dəqiqəliyə yanıma gəlib, hava atıb gedərdi. Bacıyam, ürəyim istəyir onu hər gün. İradənin elə yaşlı deyil ki, sənətini dayandırsın. Birdə İradə müqavilə əsnasında işləyir.

- Bildiyimə görə, İradə sevilən sənətçi olmaqla yanaşı gözəl ev xanımı və anadır. Bəs, iş həyatında özünü doğruldan Nigar necə ev xanımıdır? Həyat yoldaşının qulluğunda özün dura bilirsən?

- Şükür işlə ailəni bir arada idarə etmək çətin olduğu qədər də, asandır, deyərdim. Salon işində elə məsələlər var ki, onu konkret özüm etməliyəm. Amma ev işlərində bir yardımçım var, bəzi işləri özüm görürəm, bəzisini isə köməkçiyə həvalə etmişəm. Əsas evin kişisinin yemək, geyim ehtiyacları vaxtlı-vaxtında hazır olur.

- Ailə münasibətlərin sosial şəbəkələrdə çox müzakirə edilir. Reaksiya verirsiniz?

- Bəzən oxuyuram. Son vaxtlar demək olar ki, heç oxumuram. Şəxsi “Facebook”,”İnstagram” səhifələrimə belə nadir hallarda daxil oluram. Çünki zaman ayıra bilmirəm. Əgər bir nüans gözümə dəyərsə, o qədər həmin insanın cümləsini, şəxsiyyətini incələyirəm. Hərdən elə cümlə oxuyuram, nə demək istədiyini heç özü belə bilmir. Məntiqsiz fikirlərə cavab verməyi özümü yaraşdırmıram. Mən cəmiyyət üçün yararlı işlər görmək istəyirəm, xanımlara, ailəmə xidmət edirəm. Xanımlara xidmət etmək çox məsuliyyətlidir.

- Həyat yoldaşınızdan dəstək alırsınız?

- Onun dəstəyini hər zaman hiss edirəm. Atasız böyümüşəm, yanımdakı kişi ancaq həyat yoldaşımdır. Hətta anama da lazım olanda bir oğul kimi köməyini göstərir. Sosial şəbəkələr bizim ailə münasibətlərinə, sevgimizə əsla təsir edə bilməz. Hərdən deyirəm kaş telefon, sosial şəbəkələr olmayaydı. Ağlı başında olan insan 24 saat bu şəbəkələrdə oturar?..

Oxumağa davam et
Reklam
Reklam

Gündəm