• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Pişik” Günel: “Lütlənib, min hoqqa çıxarıb ərə gedən müğənnilərdən danışın” - Fotolar

“Pişik” Günel: “Lütlənib, min hoqqa çıxarıb ərə gedən müğənnilərdən danışın” -  Fotolar

Bir neçə ay öncə ana olan Günel Ələkbərova Tabloid.az saytına müsahibə verib. Yerli şou-biznesin “Pişik” Günel ləqəbli müğənnisi ilə telefonla olan müsahibəmizdə o, balaca qızı Məryəmxanımdan, onun atasından, özünü necə formada saxlamasından və səhnəyə qayıtmasından danışıb.

- Artıq səhnəyə, sənətə qayıtmışam. Hətta “Bu sevgidən yorulmadım” adlı yeni mahnı da oxumuşam.

- Günel xanım, ana olandan sonra yenə də gözəl bədən quruluşunuzu qorumağa necə nail oldunuz?

- Əslində, hamiləlik dövründə dəhşətli dərəcədə kökəlməmişdim. Hər ay müayinəyə getdiyim zaman həkim çəkimə nəzarət edirdi. Ana olmağa lap az qalmış tərəzidə çəkimi 73 kiloqram görəndə bir anlıq havalandım (Gülür). Amma sonra çalışdım ki, özümü formaya salım. Sizə deyim ki, gün ərzində çoxlu su içirəm.

- Hazırda neçə kilosunuz?

- Çəkim 55 kiloqramdır. Amma efir məni həyatda olduğumdan çox kök göstərir. Həyatda məni görənlər deyir ki, bir damcısan. Təəssüf ki, efir məni çox şişman göstərir. Uşağı dünyaya gətirəndən sonra pəhriz saxlamadım. Çünki övladıma süd verirdim.

- Qızınızdan söz düşmüşkən, Məryəmxanım necədir?

- Yaxşıdır, diş çıxarır. Noyabrın 24-də 6 ayına qədəm qoyacaq. Çox sakit qızıdır. Allah övladımı sağlam etsin. Qızım ağıllı uşaq olacaq.

- Güman ki, qızınız üçün mahnı zümzümə edirsiniz, lay-lay deyirsiniz. Onun musiqiyə reaksiyası necədir?

- Qızım hələ iki aylıq olanda oxuduğum mahnıya reaksiya verirdi, qığıldayırdı. Hətta video görüntüləri də var, özüm çəkmişəm.

- Artıq sənətə qayıtmışınız. Həm yaradıcılıq, həm də körpə uşağa baxmaq çətin deyil ki?

- Yox, qətiyyən. Mən hər zaman günorta saat 3-4-də yuxudan oyanardım. Məryəmxanımın sayəsində rejimə düşmüşəm. Səhər saat 8-də artıq ayaq üstdə oluram. Hamı bilir ki, qızıma özüm baxıram. Onu heç bir dayəyə etibar etmərəm. Çəkilişlərdə olduğum zaman isə qızım anamla olur. Təbii ki, müəyyən bir yaşdan sonra Məryəmxanım dil açıb danışdıqdan sonra onu dayəyə verməyi düşünürəm. Amma indi yox, uşağım körpədir. Haradan bilim ki, dayə ona yemək verir ya yox. Yaxud da bəlkə üstünə qışqiracaq, ya da vuracaq? Son zamanlar dayələrin uşaqlara qarşı zorakı münasibəti çox aktual mövzudur. Uşaqların dayələrin şiddətinə məruz qalması tükürpədici bir haldır. Ona görə də qızımı əsla heç bir dayəyə etibar etmərəm. Hətta Məryəmxanım yeni doğulanda yaxşı ailədə işləyən dayələr mənə müraciət etmişdilər. Mən razı olmadım, istəmədim.

- Günel xanım, avtomobilinizi niyə satdınız?

- Məni tanıyanlar bilir və səmimiyyətimə inanırlar. Yalandan asıb-kəsməyi, böyük danışmağı sevmirəm. Artıq iki aydan çoxdur ki, avtomobil idarə etmirəm. Bu da mənim üçün qlobal problem deyil. Əsas uşağımın canı sağlam olsun. Bir az borclar var idi. Mən elə bir insanam ki, xoşum gəlmir borcum olsun. Heç kim deyə bilməz ki, Günelin mənə borcu var. Hamının həyatında enişli-çıxışlı yollar olur. O maşını mən almışdımsa, təkrar yenə alacağam. Problem yoxdur.

- Bu yaxınlarda Amerikanın nüfuzlu “Forbes” jurnalı dünyanın ən uğurlu və çox qazanan müğənnilərinin reytinq cədvəlini dərc elədi. Dərgidə birinci yeri Beyons tutmuşdu. Onun 12 ay ərzində gəliri 115 milyon dollar göstərilib. Bəs sizin illik gəliriniz nə qədərdir?

- Mən şəxsən öz adıma deyirəm, 115 milyon dolları bir arada görməmişəm (Gülür).

- Bəs yaxşı, ana olmazdan əvvəl yaradıcılıqla mütəmadi məşğul olduğunuz zamanlarda illik gəliriniz nə qədər idi?

-Hesablamamışam, yalan deməyim. Amma deyim ki, mən çox bədxərcəm. Allah hər kəsin rusizini bol etsin. Nə qədər qazansam da, xərcləməyə yer tapmışam (Gülür). Mənim pul yığmaqla qəti aram yoxdur.

- Bəs pulu daha çox nəyə xərcləyirsiniz?

- Pulu ən çox geyimə, kosmetik vasitələrə, ətirə, salonlara və kremlərə xərcləyirəm.

Məryəmin qığıltısı gəlir...

- Deyəsən, Məryəm qucağınızdadır?

- Hə, qucağımdadır. O, da müsahibə vermək istəyir (Gülürük). Allah hamıya nəsib etsin. Çox gözəl hisdir. Mən hamilə olanda elə bilirdim ki, analıq hissi var məndə. İndiki ilə müqayisədə o hiss nədir ki?! Övlad dünyaya gələndə sevgi, istək daha da çoxalır. Allah gözü dolusu, sağlam canla böyütsün. Deyirlər ki, övlada daha çox ananın gözü dəyir. Qızımın bir gülüşü dünyalara, milyonlara dəyər.

- Heç bir 115 milyon dollar qızınızın gülüşünü əvəz edə bilməz...

- Əlbəttə. Qızımın gülüşünün qiyməti yoxdur. Onun gülüşünü heç nəyə dəyişmərəm. Mənə elə gəlir ki, bu bütün analarda belədir.

- Bir deyim var: qızın oldu, qırmızı donunu çıxar. Yəqin indi qızınıza daha çox pul xərcləyərsiniz?

- (Gülür) Vallah, özümə qıymıram ki, hər şeyi Məryəmxanıma alıram. İstəyirəm ki, hər şeyin gözəli qızımın olsun. Belə pis çıxmasın, onun qarderobunda o qədər paltar var. Hələ çoxunu heç geyindiməmişəm. Hətta olurdu ki, paltarların birini soyundurub, digərini geyindirirdik. Uşaq tez böyüyür deyə bəzi paltarlarını geyindirə bilmirik. Anam da Məryəmxanıma al-əlvan rəngli paltarlar alır. Alırıq, sonra da baxırıq ki, bu paltarlar Məryəmxanıma olmur. Bəs necə olacaq (Gülür)?!

- Arada Məryəmxanımın şəkillərini sosial şəbəkələrə qoyursunuz. Bir müddət öncə açıqlamışdınız ki, uşağın 40 günü çıxandan sonra fotosessiyasını yayımayacaqsınız. Nə oldu?

- İnşallah 1 yaşı tamam olandan sonra şəkillərini yayımlayacağıq. Əslində atası buna da razı deyil.

- Bir müddət öncə şəxsi həyatınız müzakirə olundu. Deyəsən, söz-söhbətlər səngiyib?

- Hərənin öz şəxsi həyatı var. Bundan kimə nə? Deməli, “Günaydın” verilişinə dəvət almışdım. Qoca bir şair verilişə gəlib. Heç bəlkə o, məni tanımır. Ağzına gələni danışır, deyir ki, lüt şəkilləri var. Ay balam, mənim lüt şəkillərim var? Ağsaqqal kişisən, ayıbdır vallah. Mən efirdə də dedim ki, ağsaqallarımızı belə görmək istəmirəm. Ona dedim ki, sizin ağ saçlarınıza hörmət edib, susuram. Adamın öz yaşıdı olsa, ya da 2-3 yaş böyük olsa onun cavabını necə lazımdırsa verərəm, yerində oturdaram. Babam yaşında olan bir insana nə deyəsən?! Nəsə də deyəndə ayıb olur. Hər kəsin də bir səbir kasası var. Böyük özünə hörmət etməlidir ki, kiçik onun üzünə ağ olmasın. Əstağfurullah, özümdən böyüklərə cavab qaytarmaram. Özümü maksimum dərəcədə sıxıram, söz qaytarmıram. Bilirsiniz, bu kimi lazımsız söz-söhbətlər adamın şəxsi həyatında da problemlər yaradır.

- Həyat yoldaşınız bu verilişlərə çıxmağınıza etiraz etmir?

- Deyir ki, çıxma. Mən bilmirəm axı. Zəng edib, başqa mövzu deyirlər, gedirəm. Orada görürəm ki, verilişin mövzusunun mənə heç bir aidiyyətı yoxdur. Lüt soyunub, min hoqqadan çıxıb ərə gedən müğənniləri müzakirə etmirlər. Amma mentalitetdən söhbət düşən kimi adımı hallandırırlar. Günelin yaradıcılığından danışan isə yoxdur. Günel Azərbaycanı dəfələrlə Türkiyədə, Rusiyada təmsil edib. Müxtəlif tədbirlərdə iştirak edib, birinci yeri tutmağımı heç kim müzakirə etmir. Mən Hadisə, Gülbən Ərgən, Gökhan Özənlə bir səhnəni paylaşmışam. Bu haqda danışan yoxdur. Ona qalsa, min oyundan çıxan aparıcılar var. Heç onların adını çəkən yoxdur. Elə aparıcılar var ki, geyindiyi qısa donunda əyləşəndə orası-burası bayırda qalır. Bundan danışan yoxdur. Hamı namus simvolu olub. Kim nə istəyir, onu da geyinir. Kimə nə yaraşır, onu geyinirsə burada qəbahət nə var ki? İnsan hansı geyimdə rahatdırsa, xoşuna gəlirsə, niyə də geyinməsin? Təbii ki, geyim də çərçivədə olmalıdır. Mən çox açıq geyinib, çərçivədən kənara çıxmaram. 13 ildir səhnədəyəm. Mənim də çox qısa geyindiyim vaxtlar olub. Uşaq olmuşam, topik, mayka geyinmişəm. Amma mənə yaraşıb deyə geyinmişəm. Bunun kimə nə aidiyyətı var? Vallah, adam var, abırlı geyinir, amma min oyundan çıxır. Mənim geyimlərim çərçivədə olub. Məni yox, açıq-saçıq geyinənləri, lüt şəkli olanları müzakirə etsələr yaxşıdır. Artıq bu kimi söhbətlərə fikir vermirəm. Çünki kimdə nə yoxdur, onu müzakirə edir. Kimsə çıxıb efirdə deyir ki, uşaqlar müğənnilərdən örnək götürürlər. Vallah, verilişlərdə adi siravi insanlar gəlib, problemlərindən danışanda tüklərim biz-biz olur ki, həyatda gör nələr var. Bunlar nə oyunlardan çıxırlar? Amma ara yerdə müğənnilərin adı çıxır.

Müğənnilər gündəmdədirsə, aparıcılar da eynilə populyardırlar. Müğənnilərdən daha çox teleaparıcılar efirdədir. Niyə onları müzakirə etmirlər? Bunu bütün aparıcılara şamil etmirəm. Hamının, hətta müğənni və teleaparıcının da pisi, yaxşısı var. Məgər bütün həkimlər, müəllimlər, digər peşə sahibləri namusludur? Hamısı abırlı gəzir? Biz azərbaycanlıyıq. Axı niyə bir-birimizi baltalamalıyıq? Günel açıq-saçıq geyinir. Olmaya mənim əskik işimi görmüsən, yoxsa yanlış nəyimisə tutmusan? Ana olub, ailə həyatı qurduğum üçün “xoşbəxt olsun” demək əvəzinə, qurdalayıb, problem axtarırlar . Kimisə ləkələməyə nə var ki?! Pislik etməyi hamı bacarar. İnsanın mənliyi, vicdanı olmalıdır. Məni həyatda görüb, tanımayan adamlar şəklimə, ya da müsahibəmə ağızlarına gələn şərhləri yazırlar. Bunu yazan insana üzümü tutub deyirəm ki, əgər belə yazmaqla rahatlanacaqsansa, buyur. Allaha şükür, mənim pis keçmişim yoxdur. Ya da nəsə pis işim yoxdur. Məndə nə varsa hamısı üzdədir. Normal ziyalı ailəsində doğulmuşam. Sonradan görənlərdən deyiləm, ailəm mənim üçün hər şey edib. Aparıcı çıxıb, müğənnini müzakirə edir. Ay balam, sən hələ bir get öz şəxsi həyatına, keçmişinə bax, sonra danış. Müğənni pisdir? Onda niyə pul verib, müğənnini toyunuza gətirirsiniz? Toyda da şəkil çəkdirmək üçün analarını-bacılarını sıraya düzürsünüz. Qoca anasını gətirir, şəkil çəkdirir, sonra da üstəlik, əlimi öpür.

Müğənni pisdirsə, niyə bunları edirsən? Və yaxud da hansısa bir aktrisa filmə çəkilir. Tutaq ki, filmdə o, əxlaqsız bir qızın obrazını canlandırır. Hətta filmdə yataq səhnələri yoxdur. Düşürlər aktrisanın üstünə... Bu roldur da. Əvvəllər də belə olub. Bizim tanınmış aktrisalarımız, dənizin kənarında filmə çəkilməyiblər? Bu demək deyil ki, aktrisa pozğundur. Xarici seriallarda elə səhnələrə baxırlar ki... Pis nəsə olanda ağlayırlar, kinonun qəhrəmanlarına görə depressiyaya da düşürlər. Amma bizimkilər bunu edəndə baltalayırlar. Niyə özümüz-özümüzü baltalayırıq? Sonra da başlayırıq ki, ermənilər saytlarında bizim qadınlar haqqında xoşagəlməz sözlər yazırlar. Bizimkilər axmaq, xoş olmayan nələrsə yazanda, erməni də bunu edəcək.

- İkinci dəfə ana olmaq istəyirisiniz?

- Əlbəttə. Düzdür, hələ yox. Çünki indi istəyirəm ki, övladımı imkan daxilində böyüdüm. Uşaq böyütmək, hər mənada qayğısına qalmaq asan deyil. Məryəmxanımı ürəyimizcə böyüdək. İkinci övlad haqqında düşünəcəyəm. Uşağı dünyaya gətirməklə iş bitmir. Birinin məsuliyyətini həll edək. Axı uşağın heç bir günahı yoxdur. Əgər uşağı dünyaya gətirirsənsə, onun bütün məsuliyyətini əvvəldən dərk etməlisən. Mən bunu ana olandan sonra dərk etdim. Amma əvvəl deyirdim ki, ildə bir dəfə uşaq dünyaya gətirəcəyəm. Çünki uşaqları çox sevirəm.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR