Bu gün xalq artisti, bəstəkar Tofiq Quliyevin doğum günüdür
Bizi izləyin

Tabloid.az

Bu gün xalq artisti, bəstəkar Tofiq Quliyevin doğum günüdür

Bu gün xalq artisti, bəstəkar Tofiq Quliyevin doğum günüdür.

Bu gün xalq artisti, bəstəkar Tofiq Quliyevin doğum günüdür.

Tabloid.az xəbər verir ki, Quliyev Tofiq Ələkbər oğlu 1917-ci il noyabrın 7-də Bakıda mühəndis-iqtisadçı Ələkbər Quliyevin ailəsində anadan olub.

Unudulmaz sənətkar 14 yaşında olarkən Asəf Zeynallının tövsiyəsi ilə M.Ə.Sabirin “Uşaq və buz” şerinə “Dərsə gedən bir uşaq” mahnısını bəstələyir. 1934-cü ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olan Tofiq Quliyev, eyni zamanda iki fakültədə – professor İ.S.Aysberqin sinfində fortepiano və professor S.Y.Ştrasserin sinfində dirijorluq sənəti üzrə təhsilini davam etdirir.

1935-ci ildə tanınmış tarzən Mirzə Mansur Mansurovun ifasında “Rast”, “Segah-zabul” muğamlarını nota köçürüb. 1935-ci ildə M.Əzizbəyov adına Azərbaycan Dram Teatrında orkestrin rəhbəri, dirijor vəzifəsində çalışıb. 1936-cı ildə Azərbaycan Xalq Maarif Komissarlığı tərəfindən Ü.Hacıbəyovun şəxsi təşəbbüsü və təklifi ilə bir qrup istedadlı gənc musiqiçilərlə birlikdə Tofiq Quliyev P.İ.Çaykovski adına Moskva Konservatoriyasının dirijorluq fakültəsində təhsilini davam etdirmək üçün yola düşür.

Qəbul imtahanları zamanı onun fortepianoda qeyri-adi ifaçılığı H.Y.Neyqauzun diqqətini cəlb edir və o, bir müddət bu böyük sənətkardan fortepiano dərslərini alır. 1941-ci il sentyabrın 7-də Bakı Filarmoniyasında Tofiq Quliyevin rəhbərliyi ilə çıxış edən Dövlət Estrada Orkestri milli cazın yaranma tarixinin təməlini qoydu. Tofiq Quliyevin adı musiqi tariximizə Azərbaycan estrada və caz musiqinin banisi kimi yazılıb.

1941-ci ildə “Səbuhi” filminə musiqi bəstələmiş Tofiq Quliyev bütün yaradıcılığı boyu bu janra müraciət etmiş və 40-dan artıq kinofilmin musiqisinin müəllifi olub. 1944-cü ildən məşhur caz ustası Eddi Rozerlə yaradıcılıq əməkdaşlığı edib və onun orkestri üçün “Avara” hind kinofilminin, “Qara gözlər” romansının və uşaq mahnılarının mövzuları əsasında caz kompozisiyalarını işləyib.

1946-47-ci illərdə Rəşid Behbudovla birlikdə həm pianoçu, həm də təkrarsız mahnıların müəllifi kimi çıxış edən bəstəkar Sovetlər Birliyinin bir çox şəhərlərində milyonlarla dinləyicinin rəğbətini qazanıb. 1954-59-ci illərdə T.Quliyev Azərbaycan Dövlət Konservatoriyasında orkestr sinfinə rəhbərlik edib. M. Maqomayev adına Dövlət Filarmoniyasının bədii rəhbəri, 1961-ci ildən direktoru vəzifəsini icra edib.

Sənətindəki uğurlara görə Tofiq Quliyev 1958-ci ildə əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb. 1959-cu ildə Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olunub və Azərbaycan Ali Sovetinin deputatı seçilib. 1964-cü ildə görkəmli sənətkar Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə xalq artisti fəxri adına layiq görülüb.

1966-cı ildə bəstəkar Çexoslovakiyada keçirilən Azərbaycan incəsənəti günlərinin iştirakçısı olub. Bu səfərdən yazılmış “Praqa haqqında mahnı”, “Bratislava haqqında mahnı” Çexoslovakiyada nəşr olunaraq geniş populyarlıq qazanıb. 1968-ci ildə Tofiq Quliyev Azərbaycan Bəstəkarlar İttifaqının katibi, 1973-cü ildə birinci katibi seçilib. 1974-cü ildə Həsən Seyidbəylinin ssenarisi əsasında çəkilmiş “Nəsimi” filmi VII Ümumittifaq kinofestivalında mükafatlandırılır, filmin bəstəkarı Tofiq Quliyev Dövlət mükafatına layiq görülüb.

1990-cı ildə Tofiq Quliyev Bəstəkarlar İttifaqının VII qurultayında ittifaqın sədri seçilir və ömrünün sonuna kimi bu vəzifədə çalışır. Tofiq Quliyevin Bəstəkarlar İttifaqına rəhbərlik etdiyi illərdə ölkənin musiqi sənətinin inkişafında mühüm rol oynayan musiqi festivalları, Ümumittifaq və respublika müsabiqələri, “Musiqi baharı”, “Bakı payızı” festivalları keçirilib. Bu tədbirlərdə Tofiq Quliyev həmişə münsiflər heyətinin üzvü, sədri olub. 1998-ci ildə Tofiq Quliyev “İstiqlal ordeni” ilə təltif olunub.

Tofiq Quliyev 2000-ci il oktyabr ayının 4-də dünyasını dəyişib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm